2023-ci ilin iyul ayı ərzində plastik kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4 milyard 556 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb. Həyata keçirilən nağdsız ödənişlərin 3583 mln. manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 965 mln. manatı POS-terminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 53 faizini təşkil edib.
Azərbaycanda hələ 2001-ci ilin əvvəllərində Real Vaxt Rejimində (onlayn) Banklararası Hesablaşmalar Sistemi yaradılaraq istifadəyə verilib. Bunun nəticəsində banklar arasında əvvəllər günlərlə və bəzən həftələrlə çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində həyata keçirilməsinə imkan yaranıb. 2002-ci ilin sonlarından etibarən isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi yaradılaraq istifadəyə verilib. Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş əməliyyatları aparan qurumların Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradılıb. Daha sonra Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi ilə bu proses daha da genişləndirilib. Buradan irəli gələrək 2005-ci ildən əmək haqlarının, pensiyaların və sosial müavinətlərin plastik kartlarla verilməsi və bankomat şəbəkəsinin yaradılması prosesi sürətləndirilib, 2006-cı ildən satış nöqtələrində POS-terminalların quraşdırılmasına başlanılıb. Həmçinin 2008-ci ildən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) istismara verilməsi ilə abonentlərə istənilən ödəniş xidməti nöqtəsində (bankların və "Azərpoçt" Dövlət Müəssisəsinin filial, şöbə, xidmət bölmələri) kommunal xidməti borcları ödəniş mexanizmləri (nağd yolla, ödəniş kartları, bank köçürmələri, "İnternet Banking") vasitəsilə ilə ödəniş aparmaq imkanı yaradılıb.
Bir sözlə, bütün bunlar Azərbaycanda elektron ödəniş imkanlarının yaradılmasına xeyli müddət bundan əvvəl başlanıldığından xəbər verir. Hazırda isə bu proses elektron ödənişlərin yeni üsullarının inkişafı və ümumilikdə sistemin daha təhlükəsiz fəaliyyəti istiqamətlərində davam etdirilir.
İqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, elektron ödənişlər əhaliyə vaxta qənaət, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qorunmaq, saxta əskinaslarla hesablaşmamaq, internet üzərindən mal almaq və ya kommunal xərcləri ödəmək imkanları yaradır. Həmçinin ticarət və xidmət obyeklərinə də saxta pullarla hesablaşma riskinin aradan qaldırılması, qalıq məbləğin müştəriyə qaytarılması üçün kiçik əskinaslara ehtiyacın yaranmaması üstünlüyü verir.
İqtisadçı deyir ki, ölkədə nağdsız ödənişlərin artmasını şərtləndirən bir neçə amil var: "Əlbəttə ki, bu amillərin başında ilk növbədə İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki Dövlət Vergi Xidmətinin konkret olaraq nağdsız ödənişləri stimullaşdırmaq və genişləndirmək üçün atdığı addımlar gəlir. ƏDV-nin geri alınması ən çox effekt verən tədbirə çevrilib. Faktiki olaraq, ölkə üzrə bütün əhali bu xidmətdən istifadə edir. Burada nağdsız ödənişlər vasitəsilə qaytarılan ƏDV-nin payı nağd ödənişlərdə qayıdan ƏDV-lərdən də çoxdur. Nəticə etibarilə, əhali bu məsələdə nağdsız ödənişlərə üstünlük verir".
Ekspert qeyd edib ki, ikinci əsas amil də turizmin inkişaf etməsidir: "Yəni ildən ilə xaricdən gələn turistlərin sayının artması, istər daxili turizmin genişlənməsi nağdsız ödənişlərin artımını zəruri edən ikinci əsas amildir. Üçüncü amil isə banklar tərəfindən istehlak kreditlərinin kredit kartları vasitəsilə verilməsidir. Kredit kartlarının genişlənməsi, şərtlərin insanlar üçün nisbətən uyğunluğu və güzəşt faktorunun olduğunu qeyd etmək lazımdır. Həmçinin həmin kredit kartları ilə ödənişlərdən sonra ödənişin müəyyən faizinin kəşbek olaraq karta geri qayıtması da əhali tərəfindən nağdsız ödənişlərə marağı artıran əsas amillərdir. Yəni həm hökumətin dəstəkləyici addımları və banklar tərəfindən müəyyən güzəştli şərtlərlə verilən kredit kartları, həm kredit kartlarından kəşbek qazanılması, həm də daxili və xarici turizmin artması ölkədə nağdsız ödənişlərin payını artıran əsas amillər sırasındadır".
İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, nağdsız ödənişlər iqtisadiyyatın liberallaşmasında önəmli rola malikdir: "Bank kartları nağdsız ödənişlərin səviyyəsinin yüksəlməsinə rəvac verir. Onların sayının çoxalması, əhali arasında populyarlaşması müsbət haldır. Çünki nağdsız ödənişlər iqtisadiyyatın liberallaşmasında və kölgə iqtisadiyyatının aradan qaldırılmasında müstəsna rol oynayır. Ümumiyyətlə, virtual, nağdsız ödənişlər vergidən yayınmanın qarşısını alır. Buna görə də əhaliyə təbliğ etməliyik ki, bank kartlarından daha çox istifadə etsinlər. Azərbaycanda əhali cibindəki pula kartdakından daha çox etibar edir. Ona görə də həmin kartların güvənlilik məsələsini yüksək səviyyədə təmin etmək lazımdır ki, əhali onlara etibar etsin".
Hüquqşünas Əkrəm Həsənov deyir ki, plastik kartlardan istifadənin genişlənməsinin, nağdsız ödənişlərin artmasının həm vətəndaşlara, həm də bankalara faydası var: "Nağdsız ödənişlərin həcminin artması müsbət haldır, vətəndaşların rahatlığını təmin edir. Vətəndaşların üstlərində artıq pul gəzdirmirlər. Pulların oğurlanma, korlanma təhlükəsi də olmur. Sadəcə Azərbaycanda bankların xidmət keyfiyyətinin zəif olması problemdir. Bəzən kartlardan vəsait oğurlanır, itir. Banklar da buna görə məsuliyyətdən yayınır. Bəzi hallarda isə belə problemlər vətəndaşların öz günahından baş verir, kartın nömrəsini başqasına göndərirlər. Bu kimi problemlər həll olunmalıdır. Bankların kifayət qədər etibarlı və effektli ödəniş sistemləri, informasiya təhlükəsizliyi sistemləri yaradılmalıdır. Dünyanın hər yerində kağız pullar hələ də istifadə olunur".
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə əsasən, əksər qonşu ölkələrdə mobil telefon vasitəsilə təmassız ödəməni nəzərdə tutan NFC texnologiyası tətbiq olunur: "Bu, nağdsız ödənişləri stimullaşdıran, təşviq edən ən maraqlı texnoloji həllərdən biridir. Bu mənada Azərbaycanda telefondan istifadəyə maraq yüksək səviyyədə olsa da, bu sistem tətbiq olunmur. Mobil operatorlar nə qədər buna cəhd etsələr də, konservativ bank siyasətimiz hələlik buna imkan vermir. Halbuki bunun tətbiqi nağdsız ödənişlərdə çox böyük dəyişiklik yarada bilər".
Onun dediyinə görə, Azərbaycanda nağdsız ödəniş sistemlərinin payı durmadan artır. Səbəblərdən biri rəqəmsal innovasiyalar dövründə qlobal maliyyə bazarlarının transformasiyaya məruz qalmasıdır. Bu isə öz növbəsində yeni nağdsız ödəniş həllərinin tətbiqi ilə nəticələnir ki, ölkəmiz də bu trenddən kənarda qalmayıb: "Azərbaycanda ilk rəqəmsal həllərin tətbiqinə 2019-cu ildən etibarən başlanılıb. Tokenizasiyanın tətbiqi ilə atılan ilk addımlar bu gün kifayət qədər ciddi uğurlarla müşayiət olunur. Hesablamalar göstərir ki, 2022-ci ildə kartlarla ölkə daxilində ödənişlərin həcmi 55,980 milyon manat təşkil edib. Bu rəqəm 2023-cü ildə daha da artıb. İlin ilk 3 ayının göstəricilərinə əsasən, ölkədaxili kart ödənişlərinin ümumi dəyəri 17,556 milyon manata çatıb ki, bu da ölkənin rəqəmsal ödəniş ekosistemində əhəmiyyətli artımın göstəricisidir. Nağdsız ödənişlərin həcminin artması rəqəmsal həllərin də çeşidinin çoxalması deməkdir. Göründüyü kimi, Azərbaycanda 2022-2023-cü illər arasında nağd ödənişlər hələ də əhəmiyyətli paya malik olsa da, nağdsız əməliyyatların davamlı artımı müəssisələr və fiziki şəxslər tərəfindən rəqəmsal ödəniş üsullarının getdikcə daha çox mənimsənilməsindən xəbər verir. Nağdsız ödənişlərə keçid rahatlıq, təhlükəsizlik və gücləndirilmiş şəffaflıq da daxil olmaqla çoxsaylı üstünlüklər təklif edir, ümumi səmərəliliyinə töhfə verir".
Sevinc QARAYEVA