525.Az

20 il Amerikada


 

20 il Amerikada<b style="color:red"></b>

Mühacirlik mənə ağır gələn  sözlərdən biri olub, çünki onun arxasında həmişə qərib insanlar dayanıb. Əgər bir vaxtlar hər hansı bir təqib üzündən Vətəni tərk edib mühacir olmaq lazım gəlirdisə, Azərbaycan müstəqillik qazanandan, qapalı sərhədlər açılandan sonra səbəblər müxtəlif oldu. Amma səbəbindən asılı olmayaraq, mühacir baxışlarında Vətən həsrət birdəfəlik donaraq qaldı. Və bu buz kəsmiş baxışları heç nə əridə bilmir, çünki kiçik bir kəlmə olsa da, mənasının da dünya boyda çəkisi olan Vətən adı var onlarda.

Zaman keçdi, dövran da, baxışlar da dəyişdi. İndi bu mühacirlər dünya azərbaycanlıları adını daşısa da, Vətən naminə dünyanın hər yerində bu ad uğruna çalışıb nailiyyətlər qazansalar da, o donuq baxışlarda qəriblik onlarla qoşa addımlayır. Günün sonunda Vətəndən çox uzaq diyarda qurduğu evinin astanasından daxil olanda onun eşitdiyi: "Salam, xoş gəldin, necəsən, günün necə keçdi" sözlərini eşidəndə, mətbəxdən gələn ləzzətli milli bir yeməyin qoxusunu duyanda, çətin, ağır gün keçiribsə də, bu doğmalıq ani də olsa ona hər şeyi unutdurur. Azərbaycanlı olmaq bax budur.

Yeri düşdükcə qərib ellərdə yaşayan həmvətənlərimizlə əlaqə yaratmaq fürsəti yarananda, bunu əldən qaçırmırıq. Olub ki, onlarla ya Vətəndə, ya da sosial şəbəkə üzərindən söhbətləşib, bu həmvətənlərimizi oxucularımızla görüşdürmüşük. Şənbə gününün bugünkü qonağı isə bir qədər fərqlidir. 18 yaşında ailəsi ilə okeanın o tayına - Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçən və 20 ildən sonra həyat yoldaşı, iki oğlu ilə Vətənə qayıdan bu gənc xanımla görüşüb söhbətləşmək imkanı yayın əvvəlindən yaransa da, bunu payızın gəlhagəlində gerçəkləşdirə bildik. Və beləliklə, qarşımda bir fincan çay, masanın o biri tərəfində mənimlə üzbəüz əyləşən, çöhrəsində kiçik saflıq cizgilərini qoruyub saxlaya bilən müsahibim Mehriban Əfəndi ilə söhbətə başladıq.

 

 

- Elə Əfəndi sözündən başlayaq...

- Soyadım Əfəndiyevadır. Amerika üçün bu, çox uzun səslənir, heç adımı da deyə bilmirdilər. O səbəbdən mən soyadımı Əfəndi elədim, lakin adımı heç zaman dəyişmədim. Yalnız orada bir qələm  adım yarandı - Meri. Həmin adla da mənə müraciət olundu.

- Özü kimi adı da fərqli səslənən mühacirət...

- İlk dövrdə mühacirlik tənhalıqdır. Mühacirlik yeni bir insanın sıfırdan yığılmasıdır. Gələcəyinin məlum olmadığı, keçmişinin isə heç kəsi maraqlandırmayan bir yer. Mən müqayisəni özümlə etsəm, fikrimi daha aydın bildirmiş olaram. Öz Vətənində isti bir mühitdə böyüyən, hamı tərəfdən qayğı ilə əhatə olunan biri özünün, xarakterinin mühit tərəfindən necə formalaşdığını hiss etmir. Bu, bir növ fundamentdir və sən onun üzərində rahat gəzə bilirsən. Mühacirət elə bir yerdir ki, orada yol yoxdur, hardansa tutmağa yer yoxdur. Bunun mənfi tərəfi özünü itirmiş, heç kəsə lazım olmayan bir yerdəsən. Müsbət tərəfi isə nə istəsən qura bilərsən, fərqli bir insana çevrilə bilərsən, xasiyyətinə kimi dəyişmək imkanın var orda. Əgər hansısa mənada üzərində yürüməyə adət etdiyin özül səni öz yerində sıxırdısa, mühacirlikdə həmin sıxıntı yoxdur. Lakin illər sonra dərk edirsən ki, əslində insanlar eynidir. Onları sevindirən də, güldürən də, kədərləndirən hisslər də eynidir. Yaşadığımız emosiyalar bizim ortaq yerimizdir. Yəni əgər bir yerdə çox qalırsansa, orada da özünə bir həyat qura bilirsən və tənhalıqdan da uzaqlaşa bilirsən.

- Amerikanın müsbət və mənfi tərəflərinə bir də toxunaq...

- Amerikada bir neçə il yaşayandan sonra inanırsan ki, arzularını tam reallaşdıra biləcəksən. O cəmiyyətdə inam o qədər güclüdür ki, bu, sanki bir yoluxucu xəstəlikdir. İstəyin varsa, onu etmək mümkündür. Düzdür, çox işləyəcəksən, lakin inam hissin tab gətirməyə böyük köməklik edir. Amerika məhz bu inamı dəyərləndirən bir ölkədir. İnam üstəgəl, istək - bu, artıq nəticə deməkdir. Mənfisi tənhalıqdır. Çox individual və mədəniyyətə sahib ölkədir. Onlarda insanlarla məsafə saxlanılmasına böyük hörmət var. Orada birinə sual vermək üçün sözün həqiqi mənasında yüz ölçüb bir biçirlər. Qonşularla tanış olub ünsiyyət qurmaq mədəniyyəti yoxdur. Hamı ayrılıqda özü üçün yaşayır. Bunun özünün də yaxşı tərəfi odur ki, əsəblərini tarıma çəkən səbəb yoxdur. Amma digər tərəfdən isə özünü çox tənha hiss edirsən. Amerika çox böyük ölkə olduğundan orada məsafələr də böyükdür və ona görə də hər şey orada planlaşdırılmış şəkildə baş verir. Əgər biri ilə görüşmək niyyətindəsənsə, iki-üç həftə əvvəlcədən bunu planlaşdırmaq lazımdır. Bu, onların həyat tərzidir, lakin adama darıxdırıcı gəlir.

- Amerikalı azərbayanlı...

- 20 il əvvəllə müqayisədə bu tamam fərqlidi. 2000-ci ildə biz Amerikaya köçəndə Azərbaycan icması çox kiçik idi. Sırf imiqrant icması kimi işlə təmin olunmağa xidmət edirdi - dayə, assistent, mexanik və bu kimi işlər. İlk vaxtlar kassir də işləmişəm, dayə də, stomatoloqun yanında da. Mən 13 il Hyustonda yaşadım və xüsusi vurğulamaq istərdim ki, oradakı icma çox professional şəkildə fəaliyyət göstərir. Mühəndislər, geoloqlar, həkimlər, hüquq işçiləri, maliyyəçilər, müxtəlif şirkətlərdə vakansiyalarla təmin olunmaq mümkündür. 44 günlük müharibə dövründə sayca bizdən qat-qat üstün olan erməni icmalarının qarşısında da durduq, sözümüzü də deyə bildik. Amerikalı azərbaycanlı olmaq budur -  Şərq ölkəsindən gəlib Qərbdə özünü təsdiq edə bilən, öz mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənəsini qoruyub saxlayandır amerikalı azərbayanlı.

- Çətinliklər də yox deyil...

- Mənim üçün ən böyük çətinlik mühafizəkar mühitdən çıxıb birdən-birə sərbəstliyə alışqanlığın olmaması, işləmək və oxumaq oldu. Mən Amerikaya tələbə kimi gəlməmişdim. Başlanğıcda maddi çətinliklərimiz çox idi və mən gələndən on gün sonra işləməyə başladım, çünki birbaşa təhsil almaq imkanım olmayıb. Amerikada səni qoruyacaq, kömək əlini uzadacaq deyə, bir cəmiyyət yoxdur. Amma mən buna tez uyğunlaşa bildim. Bilirsiz niyə? Bizim aldığımız tərbiyə insana daxili güc verir. Məhz həmin gücə söykənib çox çətinlikləri dəf edə bilirsən.

- Söhbətimizin əvvəlində bir qələm adım yarandı dediz. Yəni əlinizdə qələm adlı bir dostunuz var...

- Dostluğumuz əvvəl bir hobbi şəklində idi. Qısa hekayələr, səyahət etdiyim ölkələr haqqında qayıdandan sonra not şəklində məqalələr yazırdım və bir bloqum vardı. Yazdıqlarımı sosial şəbəkələrdə paylaşırdım. Dostlarımdan, tanıdıqlarımdan xeyli şərhlər alırdım. Deyirdilər ki, bu, səndə çox gözəl alınır. O zaman Amerikada "Azərbaycan international" adlı jurnal buraxılırdı, təsisçisi Betti Bler adlı bir amerikalı xanım idi. Uzun illər Azərbaycanda yaşayıb sonra Amerikaya köçsə də, bu işi davam etdirib. Bu xanım mənim hekayələrimi oxumağa başladı. Bir neçə dəfə mənə yazdı ki, sən kitab yazmağa hazırsan. Bundan həvəsləndim və bir layihə kimi kitab üzərində işləməyə başladım.

- Bir həvəskar kimi...

- Əvvəl hə... Sonra mənə yazmaq çox maraqlı gəldi və hər həftənin şənbə günü yoldaşımın razılığı ilə səhərdən günortaya qədər mən düşündüyüm roman üzərində işləməyə başladım. Buna iki il vaxt sərf etdim. Bitirəndən sonra müxtəlif nəşriyyatlara göndərsəm də, cavab almırdım. Bu da normal bir haldır. Bir neçə ildən sonra mənə cavab gəldi ki, kitabınızı nəşr etmək istəyərdik. Təklifi qəbul etdim, müqavilə bağlandı və hərəkətə keçdik. Böyük proseslərdən keçmək lazım olduğundan buna xeyli vaxt ayırmaq tələb olunurdu. Bu səbəbdən mən işdən bir illik icazə aldım. Kitab üzərində işlər gedərkən həyat yoldaşıma Vətəndən iş təklifi gəldi və ötən il biz Azərbaycana qayıtdıq. Kitab Amerikada satışa çıxanda mən artıq Bakıda idim. Özüm böyük bir turne hazırladım. 21 gün ərzində altı şəhərdə tədbirlər keçirilirdi. Azərbaycanlılar, türklər, digər mühacir qrupları ilə görüşlər keçirilirdi, yüksək rəylər söylənildi, elə indi də davam edir ki, bu da məni çox sevindirir.

- Haqqında danışdığınız romanın adı...

- "I Sat Alone by the Gate". Tərcümədə bu çox uzun və qəliz görünür, çünki öz qərarıma əsasən mən yalnız ingilis dilində yazıram, amma yenə də təqribi də olsa kitabın adıını deyim. "Darvazanın yanında tənha oturmuşam".

- Yəni...

- Romanın mövzusu mühacirlik həyatının ilk ilinə aiddir. Əsərin qəhrəmanı 18 yaşlı gənc bir qızdır.

- 20 il əvvəlki siz...

- Bu personaj müxtəlif insanların ümumi obrazıdır. Düzdür, öz həyatımdan, təcrübəmdən elementlər olsa da, əsər bioqrafik deyil. Qəhrəmanım azərbaycanlıdır, xüsusi qayğı, sevgi, diqqətlə əhatə olunmuş bir ailədə böyüyüb. Bütün bunlardan sonra o, tamam fərqli, təsəvvürü belə olmayan bir mühitə düşür. Və kitabda onun fikirləri, hissləri, yeni mühitə adaptasiya olması, hazırlıqlı olmaması, daxili monoloqlar əksini tapıb. Həmin darvaza bir keçid mənasını daşıyır. Əhvalat hava limanında başlayıb, elə orada da bitir. Kitab Bakıda da ingilis və türk dillərində nəşr olunacaq və çox çalışıram ki, mükəmməl, səlis tərcümə ilə doğma Azərbaycan dilində də işıq üzü görsün.

- Ömrümüzdən keçən 44 gün...

- Bir əhvalat danışım. Vaşinqtona təzə köçmüşdüm. Bir dəfə metroda gedirdim və biri ilə söhbət etməyə başladım. Soruşdular ki, hardansan? Mən Azərbaycandan deyəndə, vaqonun o biri başından bir erməni mənə yaxınlaşıb emosionalcasına danışmağa başlayıb dedi ki, siz elə hey Qarabağ bizimdir deyirsiz.  İndiyə qədər belə bir mübahisə yaşamamışdım və onda mən məğlub bir ölkənin vətəndaşı olmağın acısını hiss etdim... Müharibə başlananda bizi çox uzaq məsafə ayırsa da, bir an belə sakit dayanmadıq. Bizlər də orada söz savaşına qalxdıq. Hər qələbə xəbərindən qamətimiz dikəlirdi, sözümüzü nəinki deməyi bacarır, onu sübuta yetirib haqqımıza nail olurduq. Qələbə xəbərindən sonra bir daha anladım ki, haqq incəlsə də, heç vaxt üzülmür.

- Qürbətdən görünən Vətən...

- Başlanğıcda bu, çox ağır bir hissdir. Elə bil içində nəsə çatışmır. Lakin zaman yaranı sağaldan kimi, bu ağrı azalsa da, yoxluğu həmişə səninlədir. Mən Bakıya qayıdanda doğulub boya-başa çatdığım şəhərimi tapmadım, əvəzində tamam başqa bir Bakı gördüm və çox da xoşuma gəldi. Amma nə gizlədim, uşaqlığımın Bakısı daxilimdə bir yer olaraq qalır və gözümü bağlasam, həmişə onu görə bilirəm. Onu da etiraf edim ki, bəlkə mənim özümə qalsaydı, geri qayıtmazdım. Lakin bu qərarı qəbul edib qayıtmağıma heç də peşman deyiləm və bu günün yetirmələri, gəncləri ilə həyata davam etmək inanıram ki, maraqlı olacaq. Qazandığım təcrübəni Vətənimdə davam etməyin özü də bir uğurdur.

SÖZARDI: Mehriban Əfəndi ilə ayrıldıqdan sonra yolboyu B.Vahabzadənin misralarını xatırladım:

Vətənçün burnunun ucu göynəyən,   Adamlar görmüşəm nə qədər desən. Bu Vətən nisgilli mühacirlərin, Acı taleyinə acımışam mən.

Taleləri acıdır demirəm, amma ölməyə Vətən yaxşı!..

Tamilla M-zadə

 

 





18.09.2023    çap et  çap et