(Əvvəli ötən şənbə sayımızda)
Ordunu Frants İosif şəxsən özü istiqamətləndirirdi. Lakin onu islahata uğrada bilməmişdi. Orduya ayrılan illik büdcə üç ay ərzində xərclənmişdi.
Rusiya çarı I Nikolay Avropanın inqilabdan xilas etdiyinə görə bunun kompensasiyası kimi Türkiyəyə qarşı qitə dövlətlərinin dəstəyini umurdu. O, hətta Frints İosifə də perspektivdə əldə edəcəklərinə şərik olmağı təklif etmişdi. Lakin Avstriya imperatoru bundan imtina etdi. O deyirdi ki, Türkiyənin qalması Avstriyanın marağına uyğundur. İmperator qeyd etmişdi ki, "Bütün dünyanın üzərində avstriyalı olmalıdır".
Rusiya Krım müharibəsində (1853-1856-cı illər) əmin idi ki, Avstriya ona kömək edəcəkdir. Lakin Avstriya tam nankorluq göstərərək, uzun müddət neytrallığını saxladı. Avstriya siyasi xadimləri hətta bu yolverilməz nankorluğu etiraf etməli olmuşdular.
Sonralar, 1911-ci ildə yenə belə hadisə baş verəndə, İkinci Mərakeş böhranı vaxtı Avstriya xarici işlər naziri demişdi: "Mən nə edə bilərəm. Biz heç bir Weltpolitik-ə (yumşaq siyasətə) əməl edə bilməzdik".
Avstriya vuruşan Rusiyadan uzaqlaşdı. Müharibədə sonra qalib gələn tərəf isə Britaniya və Fransa oldu. Müharibə Rusiyanın alçaldılması ilə başa çatdı. Avstriya öz keçmiş başlıca müttəfiqi Rusiyanı tərk etməklə yanaşı, Britaniya və Fransanın olduqca azacıq hörmətini qazandı.
Frants İosifin imperalist ambisiyaları çox böyük idi, adətən nəticənin necə olacağını düşünmürdü. 1855-ci ildə Pyemonta müharibə elan etməklə tələyə düşdü. Frants Pyemonta müdaxiləyə özü dirijorluq edirdi. Döyüşləri uduzan Frants İosifin yeni mütləqiyyət rejimi süqut etdi. Məğlubiyyət imperiyanı İtaliyadakı varlı əyalət olan Lombardiyasız qoydu, cənubda isə nəhayət İtaliya milli dövləti meydana gəldi. Sonralar Bosniya-Hersoqvinanı anneksiya etməkdə də səhvə yol vermişdi və milli azadlıq hərəkatının daha da qızışmasına şərait yaratmışdı. Bu vaxt yada, XVI-XVII əsrlərdə yaşamış böyük ingilis filosofu və siyasi xadimi Frensis Bekonun sözləri düşür. Bekon York Hauz Qardendə olanda, öz torlarını çaya atan balıqçıları görüb, onlardan xahiş etdi ki, tutduqları nə olsa, ona satsınlar... Balıqçılar öz qiymətlərini dilə gətirdilər, lord onlara cavab verdi ki, o qədər çox yox, ancaq qoy onun dediyi qiymətə də baxsınlar. Balıqçılar razılaşmadı. Onlar torlarını çıxaranda, onda iki-üç xırda balıq olduğunu gördülər. Lord onlara dedi ki, balıqçılar onun təklifini qəbul etsəydilər, indi evlərinə on şillinq aparardılar. Cavab verdilər ki, onlar öz ovlarının yaxşı olacağına ümid edirdilər. Bunun müqabilində filosof onlara dedi ki, ümid yaxşı səhər yeməyidir, lakin çox pis şam yeməyidir. Frants İosif də çox şeyə nail olacağına ümid edirdi, lakin arzularının çoxu puç olurdu.
Frants İosif yalnız könülsüz qaydada konstitusiyonalizmin anafemasını qəbul etdi, onun heç bir çıxış yolu yox idi. Maliyyə böhranı baş vermişdi, çoxu yəhudilər olan Vyana bankirlər qrupunun, axı fondların həqiqi mənbələri məhz onlar idi, münasibətini Anselm Rotşild 1860-cı ildə bildirərək demişdi: "Konstitusiya yoxdursa, pul da yoxdur". Bu, həmçinin effektli yəhudi emansipasiyası ili idi, yəhudilər öz real mülkiyyətlərinə malik oldular və yaşayış yerlərini dəyişmək hüququ qazandılar.
1864-cü ildə Frants İosif yenidən siyasət kursunu dəyişdi, onu daha mühafizəkar strategiyaya uyğunlaşdırdı. Xarici siyasətdə Prussiya kansleri Bismarkla birlikdə hərəkət etdi və Prussiyanın Danimarkanın idarə etdiyi əyalətə 1864-cü ildə müdaxilə etməsində ona köməklik göstərdi.
İmperiyanın xəbərdar olunması
Habsburq Monarxiyası tezliklə Avstriya-Macarıstan Dual (ikili) monarxiyasına çevrildi, bu monarxiya da yarım əsrdən sonra yoxa çıxdı, parçalanmaqla Şərqi Mərkəzi Avropanın sifətində milli-dövlətlərin yaranmasına səbəb oldu. Bu vaxt son yarım əsr ərzində monarxiya hökmən süquta uğrayacaq kimi görünürdü və sülalə ağalığına əsaslanan yüksək-dövlət, millətçilik dalğasına dözməyərək süqut etdi. İkili monarxiya hələ 1867-ci ildə yarandığı vaxtda məhz "xəbərdar olunan imperiya" adlanmışdı.
Tarixdə mövcud olmuş bütün imperiyalar kimi Avstriya-Macarıstan imperiyası da, I Dünya müharibəsində biabırçı uduzmasına görə məğlubiyyətlə üzləşmiş Osmanlı imperiyası kimi dağıldı, onlar birbaşa müvafiq olaraq əsasən avstriyalı almanlara və türklərə məxsus olan əraziləri saxlayıb, nəhəng valideynləri ilə müqayisədə yetim uşaq kimi nisbətən kiçik bir ərazidə öz yeni, müstəqil dövlətlərini yaratdılar. Rusiya imperiyasını 1917-ci ilin Fevral və Oktyabr inqilabları məhv etmişdi. Almaniya imperiyası məhv olsa da, Afrikadakı müstəmləkəsini və Asiyadakı torpaq ərazilərini itirsə də, onun doğma qitədə 1871-ci ildə meydana çıxmış öz ərazisinə xələl gəlməmişdi, çünki Almaniyanın öz torpaqlarına düşmən ayağı dəyməmişdi. Alman ordusunun Baş Qərargah rəisi Lyudendorf kayzer I Vilhelmi məcbur etmişdi ki, ordunun məhv olmaması naminə Almaniya gecikmədən sülh bağlamaq təklifini etsin.
I Dünya müharibəsinin xarabalıqlarında dörd imperiyanın simvolik qəbri nəzərə çarpırdı, onlarda uyuyanların hesabına çox sayda Avropa və Asiyanın Yaxın Şərq dövlətləri müstəqillik və mandat altındakı yarımmüstəqillik qazanmışdılar. Avropada Britaniya imperiyası mövcudluğunu saxlamaqla, orada olan İsveç, Belçika, Niderland, İtaliya, İspaniya və Yunanıstan dövlətlərində yenə də krallar özləri üçün taxt-tacı qoruyub saxlamışdılar. 1930-cu illərdə İspaniya kralı qaçmağa məcbur oldu və II Dünya müharibəsindən sonra isə İtaliyada və Yunanıstanda kral hakimiyyəti xalqın iradəsi ilə ləğv olundu. 1952-ci ildə inqilab nəticəsində devrilən Misir kralı Faruq qeyri-ciddi şəkildə peyğəmbərlik edərək demişdi ki, dünyada az sonra cəmi 5 kral qalacaqdır, bunlardan biri Britaniyanınkı olmaqla, dördü isə oyun kartına məxsus olacaqdır. Lakin bir sıra Avropa ölkələrində dövlətə yenə də krallar başçılıq edir, Yaponiyada isə imperator kimi mikadonun mövcudluğu davam edir.
Avstriya imperiyasına daxil olan italyan torpaqlarındakı vətənpərvər qüvvələrin mübarizəsi, nəhayət, uğurla nəticələndi və Avstriya Milanı, Lombardiyanı və digər əraziləri tərk etməli oldu. Etel Lililan Voyniçin romanının məşhur qəhrəmanı Ovod - Artur avstriyalılara qarşı mübarizənin qurbanı olmuşdu, lakin nəhayət, onun və digər mərd mübarizlərin arzusu həyata keçdi və Avstriya işğalçıları italyan ərazilərindən qovuldu.
Cəmi 51 yaş yaşamaqla, 11 noyabr 1918-ci ildə son nəfəsini verən Avstriya-Macarıstan imperiyasının yerində yeni müstəqil dövlətlər - indi altı dövlətdən ibarət olan Yuqoslaviya krallığı (bu adı həmin dövlət 1929-cu ildə qəbul etmişdi), Macarıstan, indiki iki dövlətdən ibarət olan Çexoslovakiya yarandı. Polşa öz ərazilərini bərpa etməklə müstəqil dövlətə çevrildi. Osmanlı imperiyasına daxil olan Yaxın Şərqdəki ərəb dövlətləri İngiltərənin və Fransanın mandatları altında olan dövlətlərə çevrildilər. Fələstində isə 1948-ci ildə qısa müddət ömür sürən ərəb dövləti və yəhudilərin yaşamaqda davam edən İsrail dövləti yarandı.
Tarixdəki imperiyalar daim bir adı daşımaqla mövcud olmuş, öz tərkibinə daxil olan heç bir ölkənin adını özünə qoşmamışdı. Yeganə imperiyadır ki, 1867-ci ildə öz çoxəsrlik adını dəyişdirib, ona Macarıstan sözünü də əlavə etmişdi. Rusiya Avstriya imperiyasını 1840-ci illərin sonundakı ağır təhlükədən xilas etsə də, 1917-ci ildə öz imperiyasını qoruyub saxlaya bilməmiş, bir inqilab çarı devirmiş, digəri isə səkkiz ay sonra Rusiyada yeni sosialist dövləti yaratmışdı. Buna qədər Krım müharibəsindəki və Yaponiya ilə sonra, XX əsrin başlanğıcında baş verən silahlı münaqişədəki (əsasən dəniz döyüşündəki) ağır məğlubiyyətlər Rusiyanın da Avstriya kimi kövrək, qeyri-möhkəm vəziyyətdə olduğunu göstərmişdi. Ona görə də I Dünya müharibəsində ağır itkilər verən Rusiya daxildəki siyasi qarışıqlığa əncam tapmayıb, bura ordudakı düşmənlə "qardaşlaşma" şüarının əsgərlər arasında intizamı pozması şəraitini də əlavə etmək lazımdır, mütləqiyyət rejimini itirməli oldu.
Krım müharibəsindəki məğlubiyyət Rusiyaya baha başa gəlmişdi. Rusiya Qara dənizdə hərbi donanma saxlaya bilməzdi. I Nikolayın "Avropanın xəstə adamı" adlandırdığı Osmanlı Türkiyəsi ilə münaqişəni, onun müttəfiqlərinin ciddi kömək göstərməsi hesabına uduzdu. Çar I Nikolay ağır dərdə dözə bilməyib xəstələndi, müharibə başa çatmamış, 1855-ci ildə öldü. Təhkimli kəndlilərdən ibarət olan Rusiya ordusu daha müasir orduların təzyiqinə davam gətirə bilməmişdi. Nəhayət, 1861-ci ildə Rusiya onun üçün yaralı məsələ olan təhkimçiliyi ləğv etdi, lakin onun bəzi xüsusiyyətləri müxtəlif yollarla qüvvədə qalırdı. Rusiya Avropada yeganə dövlət idi ki, orada təhkimçilik XIX əsrin yarısına qədər mövcud olmuşdu, hansı ki, avropalıların quldarlığın başqa bir növü hesab etdiyi təhkimçilik hələ XV əsrdə İngiltərədə ləğv olunmuşdu. Nisbətən iradəli imperatriçə II Yekaterina da ölkəsindəki bu "xərçəng şişini" kəsib atmağa cəsarət etməmişdi.
Krım müharibəsində yaralı əsgərlərin həyatını qorumağa xidmət edən mühüm bir hadisə də baş verdi. Bu müharibəyə qədər və onun gedişində döyüşdə yaralanan əsgərlər üçün lazaretlərdə yaxşı müalicə və lazımi sanitariya şəraiti olmadığından, az qala onların kütləvi şəkildə ölməsi baş verirdi. Maraqlı məsələlərdən biri odur ki, bu vəziyyəti canıyanalıqla anlayan ingilis könüllüsü Florens Naytingel adlı qadın Krıma gəlib, lazaretlərdəki və hospitallardakı sanitariya vəziyyətini və xəstələrə qulluğu kökündən yaxşılaşdırmağa nail oldu və bu, yaralılar arasında ölüm hallarını xeyli azaltdı. Naytingelin təşəbbüsü ilə şəfqət bacıları institutu meydana gəldi və onlar yaralı əsgərlərin həyatının xilası üçün əsl fədakarlıq nümunəsi göstərirdilər. Bu təşəbbüs sonra beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yaranmasına yol açdı. Naytingel böyük nüfuza yiyələndi, özünün "bülbül" mənasını verən soyadına, həlak olmaq təhlükəsi ilə üzləşən yaralı əsgərlərin həyatını hifz etmək cəhdinə görə, əlavə şərəf gətirdi.
Avstriya-Macarıstan dual imperiyasının taleyi də, müstəsna dərəcədə mürəkkəb oldu. Monarxiya son dekadalarda Yanus sifətinə yiyələnmişdi (Qədim Roma mifologiyasına görə Yanusun iki üzü var idi). Dual imperiya da bir üz kosmopolitliyə məxsus olmaqla, yüksək modern bir mədəniyyətə malik idi. Digər sifəti isə etnik mübarizə ilə, siyasi müxalifətlə, avtotarizmlə, irqçiliklə əlaqədar idi. Liberal olmayan gələcəyində isə labüd şəkildə hətta Hitlerin Üçüncü Reyxinin dəhşətli ölüm düşərgələri ilə də əlaqədə olacaqdı. Hər iki üz avstriyalıların XX əsrə keçməsinin "nəhəng" kombinasiyasının bir hissəsi olacaqdı.
Prussiya tərəfindən fəlakətli məğlubiyyətdən sonra Frants İosif tezliklə macar rəhbərliyi qarşısında şərtlər qoydu. Nəticə, 1867-ci ildəki kompromisdən ibarət oldu, Dual Monarxiya meydana gəldi. Bu, alman-macar razılaşması idi, konstitusiya ilə monarxiya hissələrə bölündü, Avstriya özünün rəsmi adını itirdi, başqa sözlə, bu söz rəsmi ad kimi qeybə çəkildi. Macarıstan isə rəsmi olaraq Macarıstan idi, imperiyanın macar olmayan "yarısının" əhalisi ümumi əhali sayının 57 faizini təşkil edirdi.
(Ardı var)