525.Az

UNEC mütərəqqi yeniliklər silsiləsini davam etdirir


 

UNEC mütərəqqi yeniliklər silsiləsini davam etdirir<b style="color:red"></b>

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır. Yarandığı gündən ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması, onların ixtisaslarının artırılması missiyasını öz üzərinə götürən, həm də bu işi şərəflə yerinə yetirən UNEC daim yeniliklərə imza atır.

Bu baxımdan UNEC-də rəqəmsal universitet modelinin daha bir seqmenti kimi təkmil sertifikatlı gücləndirilmiş elektron imza tokeninin istifadəsinə başlanıb.

UNEC rektoru, professor Ədalət Muradovun sözlərinə görə, DocNet ESDS-də 1 avqustdan başlayaraq bütün çıxış sənədləri elektron imza ilə imzalanır. UNEC istənilən təşkilatla kağızsız sənəd dövriyyəsini tətbiq etməyə hazırdır.

Ədalət Muradov deyir ki, dünya səviyyəli universitetə çevrilmək hədəfi özünəməxsus həll yollarının, ənənəvi və yeni yanaşmanın özünəməxsus kombinasiyasının hər bir universitetin özü tərəfindən müəyyən etməsini tələb edir. Yeni meyarlar həm də hər bir universitetin özünəməxsus imkanlarını və məhdudiyyətlərini, ən vacibi isə onların istəklərini əks etdirir.

Rektorun dediyinə görə, müasir universitet quruculuğunda olduqca vacib olduğu kimi, həm də olduqca çətin olan məsələlərdən biri də böyük və xüsusilə postsovet dövlət universitetlərində köklü mədəni dəyişikliklərə nail olmaqdır.  Ənənəvi strukturun aradan qaldırılması illər tələb edir və istənilən sual yarandığı halda, çox təəssüf ki, ilk olaraq, əvvəllər mövcud olmuş köhnə həllər alternativsiz "yenilik" kimi israrla önə çıxarılır.

Ədalət Muradovun söylədiyinə görə, həqiqət ondan ibarətdir ki, cəmiyyətdə universitetlər istisnasız olaraq iqtisadi meyarlar əsasında qiymətləndirilir: "Bu yanaşmanın yanlış olduğu fikrindəyik. Universitetlərin rolunun artırılması baxımından zəruriliyi və əhəmiyyətini nəzərə alaraq onların sosial və mədəni qiymətləndirilməsinin də aparılmasına ciddi ehtiyac var".

Rektor bildirib ki, məzunlarının əmək bazarında çevikliyini artırmaq məqsədilə UNEC öz tələbələrinə dörd ildə iki diplom qazanmaq imkanı verir. UNEC UDİD (Univetsitet Daxili İkili Diplom) Proqramını seçən tələbələrin sayı keçən illə müqayisədə 2 dəfə artıb. Eləcə də UNEC MİNOR təhsil proqramını da davam etdirir. MİNOR proqramı tələbələrin maraq göstərdikləri digər bir ixtisas üzrə müəyyən olunmuş sayda kredit toplamaqla həmin sahə üzrə sertifikat təmin edən proqramdır.

2023-2024-cü tədris ilinin payız semestrindən "Marketinq" ixtisası üzrə 3 dildə (Azərbaycan, türk, rus) olmaqla I-III kursların qruplarında "Çevrilmiş" tədris  metoduna uyğun tədris prosesi təşkil edilib. İlk olaraq "Çevrilmiş" tədris metodu 2022-2023-cü tədris ilinin payız semestrindən pilot layihə kimi seçilmiş 4 fənn üzrə, yaz semestrində isə 36 fənn üzrə tətbiq edilir. Həmin metodla təhsil alan tələbələrin biliklərin mənimsənilməsində və yeni bacarıqların əldə edilməsində uğurlu nəticələri və eynilə metodun tətbiqi ilə əlaqəli tələbə məmnuniyyəti nəzərə alınaraq, "Marketinq" ixtisası üzrə dərslərin "Çevrilmiş" tədris metodu ilə aparılmasına qərar verilib: "Çevrilmiş" tədris metodu Harvard, Kaliforniya, Vaterloo kimi dünyanın aparıcı universitetlərində tətbiq olunur. Metodun tətbiqinin əsas məqsədi tələbələrə ixtisasları üzrə bilikləri, praktiki vərdişləri, bacarıqları daha çox aşılamaqdır. "Çevrilmiş" tədris metodu zamanı mövzular üzrə bilik və bacarıqların tələbələr tərəfindən daha rahat mənimsənilməsi üçün audio, video, infoqrafik və yazılı formadan istifadə edilir. Elektron resurslarla yanaşı, dərsdənkənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC "EDUMAN" sistemi üzərindən kommunikasiya paneli də yaradılıb. Platformadan müəllim və tələbələr keçilən mövzular üzrə müzakirələr apara biləcəklər".

UNEC rektoru əlavə edib ki, 2023-2024-

cü tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) magistratura səviyyəsinə qəbul 19 ixtisas və 56 ixtisaslaşma üzrə aparılıb. Qəbul olanların 360 nəfəri 70-80, 297 nəfəri 80-90, 43 nəfəri 90-100 aralığında bal toplayıb, 1 nəfər isə maksimal 100 bal toplayaraq BMDM-i seçib.

BMDM-ə qəbul olanların topladıqları balların respublika üzrə faiz göstəriciləri 70-80 bal aralığında 12.5 faiz, 80-90 bal aralığında 31 faiz, 90-100 bal aralığında 26.7 faiz, 100 balda isə 100 faiz olub.

Minimum ballar üzrə ixtisaslaşmaların say göstəriciləri 80-100 bal aralığında 16 ixtisaslaşma, 70-80 bal aralığında 35 ixtisaslaşma olaraq formalaşıb: "BMDM-də proqramlara qəbul olanların ölkə üzrə faiz göstəriciləri 21-ci proqram üzrə 72.4 faiz, 20-ci proqram üzrə 39.5 faiz, 26-cı proqram üzrə 35.3 faiz olub. Ümumi qəbul faizi 99.1 faizdir. Respublika üzrə 6, 14, 19, 20, 21, 23, 26 və 53-cü proqramlarda magistraturaya qəbul zamanı ixtisaslaşmalar üzrə yüksək bal toplayanların böyük faizi BMDM-in payına düşür".

UNEC-ə 2023-2024-cü tədris ili üzrə tələbə qəbulunun nəticələrinə əsasən, ən yüksək nəticə informasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası üzrə 675 baldır. Keçən illə müqayisədə 600 və daha yüksək balla qəbul olanların sayı 16,7 faiz (217 nəfər) artıb. 500-599 balla qəbul olanların sayı 20,2 faiz çoxdur. 400-499 balla qəbul olanların sayı 13,7 faiz, 300-399 balla qəbul olanların sayı 2,3 faiz artıb. 200-300 balla I kurs tələbələrinin sayı isə 38 faiz azalıb.

Rektor qeyd edib ki, Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti dünya universitetlərinin ilk 10 %-liyində yer alaraq ilk dəfə olaraq ölkə üzrə birinci yerə yüksəldi. Dünyanın 32 minə yaxın universitetlərinin reytinqini hazırlayan Webometrics-də UNEC son illərdə 15 min universiteti geridə buraxıb və hazırda da inamla irəliləməkdədir. UNEC 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutmuşdursa, cəmi 6 ay sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisidir: "Sevindirici məqamlardan biri də odur ki, Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzinin 16 məzunu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın qalibi olub. Məzunlardan 14 nəfəri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, 2 nəfər isə İtaliyanın nüfuzlu universitetlərində magistratura təhsili alacaq".

Ədalət Muradovun sözlərinə əsasən, UNEC-də yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması istiqamətində növbəti addım atılıb.

Belə ki, UNEC müəllimləri Türkiyənın Marmara, Yıldız Texniki, Hacəttəpə, Ankara, İstanbul, Qazi, Artvin Çoruh universitetlərinin professorları ilə birlikdə 18 yeni fənn üzrə dərsliklərin hazırlanmasına başlayıblar. Dərsliklər Azərbaycan və türk dillərində yazılacaq. Yeni dərsliklər İqtisadi dinamikanın əsasları, Rəqəmsal iqtisadiyyat, Beynəlxalq ticarət hüququ, İdarəetmə iqtisadiyyatı, Təşkilat davranışı, Brendinqin əsasları, Sosial pedaqogika, Texnologiyaların idarəedilməsi, Mobil tətbiqlər, Keramika emalı, Davamlı və inklüziv inkişafın idarə edilməsi, Sənaye mühəndisliyi, İxtisasa giriş, Polimer mühəndisliyi, Sosial işdə nəzəriyyələr və təcrübələr, Ekoloji biotexnologiya, Davranış iqtisadiyyatı, Təbii sərvətlərin iqtisadiyyatı və Əmək qanunvericiliyi fənləri üzrə hazırlanacaq".

Rektor vurğulayıb ki, UNEC-də tələbələr arasında rəqabətin stimullaşdırılmasına xüsusi diqqət verilir. Rəqabət qalibləri hər ay 625 manat (Prezident təqaüdü 275 manat + əlaçı təqaüdü 175 manat + "UNEC TOP 15" təqaüdü 175 manat) təqaüd qazana bilərlər. Bundan əlavə, 600 və daha yüksək balla UNEC-ə qəbul olan tələbələrə, beynəlxalq və respublika fənn olimpiada qaliblərinə 100 manat təqaüd verilir.

"EY Azərbaycan" şirkəti və UNEC Karyera mərkəzinin birgə əməkdaşlığı ilə tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunan "Audit School" proqramı başa çatıb. Proqrama qatılan 39 iştirakçıdan 29 nəfəri UNEC tələbəsi olub. Proqram çərçivəsində tələbələrə audit fəaliyyəti barədə məlumat verilib, eləcə də praktiki məşğələlər vasitəsilə komanda şəklində işləmək bacarıqları aşılanıb. Tələbələr "EY Azərbaycan" şirkətində iş prosesini müşahidə etmək imkanı da əldə ediblər. 8 günlük təlimin sonunda tələbələrin IQ və Accounting üzrə bilikləri test üsulu ilə qiymətləndirilib. "EY Audit School" proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Təlimlərdə UNEC tələbələri ilə yanaşı, ADA, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbinin, həmçinin Türkiyənin Koç Universitetinin tələbələri də iştirak ediblər.

Sevinc QARAYEVA

 





18.09.2023    çap et  çap et