525.Az

Məmləkətim - Günel Mehrinin yeni essesi


 

Məmləkətim - <b style="color:red"> Günel Mehrinin yeni essesi</b>

Azərbaycan!

Hər fəsli ilə bir ayrı rəngdə gözəlləşən məmləkətim!

Səndən bir zərrə olmaq, sənlə yaşamaq, sənlə yaşlanmaq,

Gün keçdikcə birgə böyümək, böyümək və bütövləşmək nə gözəl!

Bu Yerin üstündə, göyün altında yeganə, doğma, əziz yuvam,

Hansı tərəfə üz tutsam da, təkrar-təkrar qoynuna qayıtdığım sevimli məkanım mənim.

Səni vəsf etməyə sözlər yetərmi?

Ağ qızılınımı deyim, qara qızılınımı? Buz bulaqlarınımı, mineral sularınımı? Qızılı zəmilərinimi, barlı bağlarınımı deyim?

Başıqalmaqallı Qarabağındanmı söhbət açım? Küləklər şəhəri Bakındanmı? Hər nöqtəsi tarix qoxan Gəncəndənmi? Yoxsa qədim-qayım elm-ədəbiyyat mərkəzi Şamaxındanmı?

Nəyindən başlayım, harda nöqtələyim ki, fikrim tam olsun?

Sən - tükənməz sərvətlər, gözəl ləzzətlər diyarı!

Sən - qədim adətlər, təkrarsız musiqilər, füsunkar rəqslər oylağı!

Sən - şeir-sənət ocağı!

Nizaminin, Füzulinin, Nəsiminin Vətəni!

Sən neçə-neçə imperiyalar, xanlıqlar, fatehlər görmüş, ötürmüş,

Sən - tikələrə ayrılmış, hissə-hissə birləşmiş, misqal-misqal bölünmüş  - sinəsi çalın-çarpaz dağlımsan.

Sən - nənəmin təndir yapan xəmirli əllərində, babamın təsbeh çevirən qırışmış barmaqlarında, körpəmin hay-haraylı nəfəsindəsən.

Sən ayrı-ayrı dindən, fərqli-fərqli dildən olan minlərlə insanı bağrına basan, köksünə sığdıranımsan.

Sabahları sənin havana açmaq, axşamlar səma qırmızısı Günəşini uğurlamaq,

gecələr bədirlənmiş ayının işığına sevinmək nə gözəl!

Kükrəyən Kür də sənsən, ikiyə parçalanmış Araz da, qürurla boylanan Qız Qalası, Gövhər ağa məscidi də...

Səni Azanın həzin harayında, anamın pıçıltıyla söylədiyi laylalarda duyuram.

Səni körpələrin şirin-şəkər dilində, qocaların, ahılların müdrik məsəllərində yaşayıram.

Səni qız-gəlinlərin naxışlı örpəyində, toy-büsatların zurna-qavalında, muğamın avazında, aşıq havalarının dəlisov ritmlərində tapıram.

Mavigözlü Xəzərinlə, şəfalı çiçəkərin, başıqarlı Kəpəzinlə, Xəzrin, Gilavarınla, hər daim azad, firavan yaşa!

Arxanda Xıdır peyğəmbər kimi dayanan ordunla güclən!

Şanına dastanlar yazan övladlarınla qüdrətlən, səni sevən millətinlə mətinləş.

Əllərimi yana açıb, hüdudsuz üfüqlərinə gözlərimi zilləyib, ismin gələndə dünyanın dörd bir yanında içi titrəyən bütün soydaşlarım adından deyirəm, deyirəm ki,

Salam olsun sənə, eyyy odlar yurdu! 

Hər daim var ol, ey Azərbaycan!

Harda olsaq da, sənin varlığındır bizi isidən!

Hər hecası dilimin əzbəri olanım,

Hər qalibiyyəti, uğuruyla qəlbimi fərəhləndirənim,

Anam, balam, dostum, sirdaşım, sevgili Vətənim!

Azərbaycan!

 





18.09.2023    çap et  çap et