525.Az

Üzeyir bəy eşqinə!.. - Təranə Arifqızı yazır


 

Üzeyir bəy eşqinə!..<b style="color:red"> - Təranə Arifqızı yazır</b>

Neçə illər gəlib keçib Üzeyir bəy adından,

Neçələri köz götürüb bu ürəyin odundan,

Çox içiblər o çeşmənin yanğı salan suyundan,

Nur səpiblər nəğməmizə Günəşlə Ay eşqinə.

 

Şərqdə ilkin operadı "Leyli- Məcnun" zirvəsi,

"Ər və arvad" musiqili komediya müjdəsi,

Mahnıların, muğamların olubdu pərvanəsi,

Alışıbdı, yanıbdı o, ölməz bir ney eşqinə.

 

Arşın əldə Arşınmalçı yol itirmir haçandı,

Gülçöhrənin ariyası ürəkləri açandı,

Süleyman bəy Asiyanı səhv götürüb qaçandı,

Gül bülbülü oda saldı, sar ilə ley eşqinə.

 

Alagözlü Gülnazına Sərvər yarı yar olsun,

Soltan bəyin sözü sözsə, qoy məhəbbət var olsun,

Məşədi İbad naçar qaldı: "O olmasın, bu olsun",

"Sevgili canan" dedi o, "Sənsiz " il, ay eşqinə.

Üzeyirin Leylasına Harun eşqi dərmandı,

Yarım qalmış "Firuzə"nin ariyası tamamdı,

"Şah Abbas və Xurşidbanu" bizlərə ərməğandı,

Kərəm yandı Əsli üçün sevdayi- mey eşqinə.

 

"Şeyx Sənan "da sahib oldu opera səhnəsinə,

Rüstəm Söhrabı öldürdü igidliyin bəhsinə,

Dahi Üzeyir səs verdi Koroğlunun səsinə,

İgidliyin himnin yazdı xəlqi-haray eşqinə.

 

Muğam coşdu, pərdələndi , dalğalandı bu axşam,

Ulduzlar da dövrə tutdu sonsuz bir göy eşqinə.

Könüllər də pərvazlandı, nəğmələndi bu axşam,

Azərbaycan nəğmə dedi Üzeyir bəy eşqinə!

Üzeyir bəy eşqinə!..

 





18.09.2023    çap et  çap et