525.Az

Hər gün dağılan 60 ailə! - Maya İmran yazır


 

Hər gün dağılan 60 ailə! - <b style="color:red"> Maya İmran yazır</b>

Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin yanvar-iyul aylarında 29191 nikah və 12610 boşanma halları qeydə alınıb. Bu isə günə 60 boşanma faktı deməkdir.

Günə 60! Bu, gün boyu saata 2-3 dağılan ailə deməkdir. Təbii ki, səbəblər müxtəlif, tərəflər hər biri özünə görə haqlı, uşaqlar isə istənilən halda normal ailə mühitindən məhrum sayılır.

Bəlkə də bəzi ailələrin davamlılığı bitməsindən daha zərərli və faydasızdır. Təkcə tərəflərin özü üçün deyil, elə cəmiyyət üçün də, o "ailə"də yetişdirilib cəmiyyətə ötürülən uşaqlar üçün də.

Həyatı qəliz edən insanlardır...

Deməli, bu günlərdə, təsadüfən, qarşıma ədabaz bir blogerin şəkli çıxır. Altına minlərlə bekar, anasına ildə bir dəfə də demədiyi sevgi, rəğbət dolu sözlər yazıblar. Bloger də əməlli-başlı "uğur" düsturunun sirrini açıqlayır onlara. Bir "ağıllı" yazıb ki, "mən də boşanmaq fikrindəyəm, amma risk edə bilmirəm. Sizin kimi mən də öz ayaqlarımın üstündə durmağı bacararam, görəsən?"

"Başbilən" də deyir: "Əlbəttə, əsas özünə inamdır".

Bu insanlar, görəsən, nə ilə qidalanır? Görəsən, arabir çevrilib kimliyinə, soy-kökünə, millətinin ailə dəyərlərinə, dədə-nənəsinin ailəyə olan qibtə-ibadətinə baxırmı?! Tamam! Anladım! Boşanmaq da insan üçündür! Təbii ki, ailə həyatı uğursuzluqla nəticələnən və boşanmaqdan başqa yolu olmayan qadınlarımız var və bu, həmişə TƏƏSSÜFlə qarşılanıb. "Gül kimi qadındı, ailəsi dağıldı" kimi ifadələr heç də boşanmış qadını qınaq obyektinə çevirmir!

Amma..! Nə zamandan boşanmaq dəbə, azadlığa atılan ilk "möhtəşəm addım"a, qadın hünərinin, cəsarətinin göstəricisinə çevrildi ki?! Özü də bu dəbdəbəli, ayaqqabından, saç aksessuarına qədər gözə soxulan, reklam edilən, "star"ların iştirakı, yüz minlərlə pul tökülən toyun üstündən heç bircə il keçmədən baş verirsə! Xahiş edirəm, boşanmağı dəbə çevirməyin, ailə məfhumunu cılızlaşdırmayın, ailə qurmağı asanlaşdırmayın! Bir ailənin dağılması olsa-olsa TƏƏSSÜF OLA BİLƏR! Qurtuluş, azadlıq, öz ayaqları üzərində dura bilmək falan, əsla, ola bilməz! Ayağı üzərində duran qadın öz həyat yoldaşı ilə əl-ələ verib, 4 ayaq üzərində dayanmış olur və bu iki ayağın edə biləcəklərin daha böyük əmək deməkdir! Yəni qadın öz ayaqları üzərində dayanması üçün boşanması mütləq deyil...

Əgər səbrinizə, iradənizə, ən əsas sevginizə əmin deyilsinizsə, "ailə qurub", üçcə ay sonra da boşanıb, güc, cəsarət, hünər, "qadın azadlığı"ndan dərs keçməyin. Onsuz da ağzını açıb parıltılı geyimə, maşına, pula, qır-qızıla, bir-iki dənə də bahalı restoranda çəkdirilmiş şəkilə "ailə" adlı zəncirini qoparıb qaçmağa hazır olanlar çoxdur! Lap çox! Ayaqlar altında qalmış ailə dəyərlərini dirçəltməyə çalışanlara qara tikan olmayın! Ən azından, o ailə olmadığı müddətdə, cəmiyyət yeni beyinlərdən məhrum, çürük insanlara məhkumdur!

 





18.09.2023    çap et  çap et