Ordunun son iki həftədə Nigeriyanın şimal-şərqində keçirdiyi əməliyyatlarda terror təşkilatı "Boko Haram"ın 151 üzvü zərərsizləşdirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba həftəlik mətbuat konfransında bildirib ki, ordu son iki həftə ərzində ölkənin şimal-şərqində Adamava, Borno və Yobe əyalətlərində "Boko Haram"a qarşı əməliyyatlar keçirib.
Buba əməliyyatlarda 151 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun isə yaralandığını qeyd edib.
Əməliyyatlar zamanı 456 terrorçunun ələ keçirildiyini və terrorçulara məxsus xeyli miqdarda sursatın ələ keçirildiyini bildirən Buba, terrorçular tərəfindən girov götürülən 38 nəfərin xilas edildiyini açıqlayıb.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan "Boko Haram"ın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Malik Atilay