|
|
|
|
Azərbaycan Dövlət Kukla Teatrı 92-ci mövsümü açıq elan edib. İlk günü balaca tamaşaçıları üçün daha da yaddaqalan etmək istəyən yaradıcı heyət "Melisa" adlı tamaşanı teatrsevərlərin ixtiyarına veriblər.
Premyerada azyaşlılarla yanaşı, Azərbaycan uşaq ədəbiyyatının tanınmış təmsilçiləri, sahə üzrə mütəxəssislər də iştirak ediblər.
Balacaların sevimli yazıçısı Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.
Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.
Rəngarəng səhnə həlli - dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın hakim olduğu uşaq tamaşası 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.
Tamaşanın ardınca teatrın nəzdindəki "Oyuq" teatr-studiyası yetirmələrinin ifasında konsert proqramı da təqdim olunub.
Şahanə MÜŞFİQ