|
|
|
|
Son günlər bütün dünyada yeni COVİD dalğası müşahidə olunmaqdadır. Xüsusilə payız fəsli ərəfəsində yoluxma və xəstələnmə halları artıb. Eyni zamanda COVİD-19-un yeni ştamları sürətlə yayılır. Artıq Eg.5 ERİS, BA.2.86 və s. ştamlara yoluxmalar qeydə alınıb və mütəxəssislər yoluxmaların artacağı barədə xəbərdarlıq edirlər. Məlumata görə, bu növlərin xarakterik xüsusiyyəti daha sürətli yoluxma qabiliyyətinə malik olmasıdır. Yeni ştamın nə dərəcədə ölümcül olması, ümumiyyətlə ölüm faizi ilə bağlı araşdırmalar aparılır.
ÜST-ün məlumatına görə, son ayda dünya üzrə yoluxanların sayı 38 faiz artıb. Avropada yoluxmada artım 39 faiz, Sakit okeanın qərbində 52 faiz, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir. Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb
Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq COVİD-ə yoluxma aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5 faiz artıb.
Son həftə ərzində ABŞ-da COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.
Latviyada yayda test nəticələrinin 5-10 faiz pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25 faizə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur
Rusiyanın Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb, yenidən maska rejiminə keçid müzakirə olunur. ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.
Qeyd edək ki, koronavirusun Eris variantı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "izlənməli variant" olaraq təyin edilib. Bunun simptomları digər ştamlarla demək olar ki, eynidir - boğaz ağrısı, öskürək, burun tıxanıqlığı və ya axan burun, baş ağrısı, nəfəs darlığı, dad və qoxu itkisi, asqırmaq, zəiflik, yorğunluq, əzələ və bədən ağrıları, iştahsızlıq və sair. Virusdan qorunmaq üçün COVİD-19 digər variantlarında olduğu kimi, şəxsi gigiyenaya diqqət yetirmək çox vacibdir. Eyni zamanda, məsafə saxlanılması, immuniteti gücləndirmək, sağlam qidalanmaya üstünlük verilmək tövsiyə edilir. Mütəxəssislərin açıqlamalarından bəlli olur ki, yeni ştamlara yoluxanlar arasında 65 yaşdan yuxarı olanların sayı üstünlük təşkil edir. Bu da immun sisteminin zəif olması ilə bağlıdır. Özündə əlamətləri hiss edən hər kəs təcrid olunmalı, test verərək yoluxub-yoluxmadığını müəyyənləşdirməlidir, vaksinasiyadan keçməyənlərin isə peyvənd olunması məsləhət görülür. Xüsusilə risk qrupunda olanlar daha diqqətli davranmalıdır, müvafiq tədbirlər görməlidir, vaksinasiyadan keçərək immun sistemindəki zəifliyi aradan qaldırmalıdır. Çünki immun sistemi zəif olanlarda həmin ştam ağırlaşma verə bilər.
Azərbaycanda vəziyyətə gəlincə, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, koronavirusun yayıldığı dönəmdə və ondan sonrakı mərhələlərdə koronavirusun müxtəlif mutasiyalarının meydana çıxa biləcəyinə dair suallar gündəmə gəlirdi və müzakirələr aparılırdı: "Bu müzakirələr hətta stabilləşmə mərhələsinə daxil olduğumuz zaman da davamlı şəkildə tibb mütəxəssisləri tərəfindən aktiv müzakirə edilirdi. Eyni zamanda bu prosesdə yenidən geri dönüşün mümkünlüyü də nəzərdən keçirilirdi. Burada bir neçə variantlar nəzərdə tutulmuşdur. Təbii ki, biz sonrakı mərhələlərdə mutasiyaların virusun daha çox xəstəliyin ağırlaşması istiqamətində yox, daha çox insan orqanizminin adaptasiyası və insan orqanizmində yuxarı tənəffüs yollarında rutin infeksiyaları törədiləcək şəkildə getdiyinin şahidi olduq. Bu, müsbət ssenari idi və bundan sonra da təbii ki, müxtəlif mutasiyaların meydanaçıxma ehtimalı hər zaman var".
Deputat deyib ki, hazırda müzakirə etdiyimiz Eris mutasiyası da bir qədər riskli və bir qədər də yoluxma sayının artması istiqamətində gedən mutasiyalardandır: "Ona görə də biz bu prosesi izləməliyik və müvafiq əks epidemik tədbirlər görülməlidir. Prosesin gedişində artıq onun hansı istiqamətdə irəliləyəcəyi barədə proqnozlar vermək olar. Hal-hazırda yoluxucu xəstəliklər, ümumiyyətlə, Azərbaycanda nəzarət altındadır. Amma havaların soyuması və xüsusən, pandemiyadan sonrakı dövrdə bu cür mutasiyaların meydana çıxması bizi bir qədər ehtiyatlı hərəkət etməyə məcbur edir. Bu baxımdan, dövlət orqanları da müvafiq tədbirlər görür".