|
|
|
|
Bu ayın əvvəllərində Bakıda, Milli Gimnastika Arenasında Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ölkə üzrə 6-cı Robot Olimpiadasının final mərhələsi keçirilib. 8 yaşdan 19 yaşadək məktəbli, tələbə və gənclərin 4 kateqoriya üzrə bu yarışı hər il keçirilən Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim mərhələsi xarakteri daşıyıb.
Respublikanın 6-cı Robot Olimpiadasına 20 bölgədən olan 160 komanda tərkibində ümumən 450 nəfər iştirakçı qatılıb.
Olimpiadada Gəncə şəhərinin məktəbli təmsilçiləri də uğurla öz işlərini təqdim ediblər. Yarışların "Future İnnovators Junior" kateqoriyasında Gəncə şəhər Fizika Riyaziyyat və İnformatika təmayüllü Liseyin şagirdləri Əli Hüseyinli, Musa Süleymanov, eləcə də İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin şagirdi Azərin Tahirzadədən ibarət "RoboRevolusion" komandasının "TechoShip" layihəsi 3-cü yerə layiq görülüb. Onların işi gəmi naviqasiyası və təhlükəsizliyinə aiddir.
"Layihəmizin 2 məqsədi var. Birincisi, gəmini təhlükəli dəniz dalğalarından daha etibarlı qorumaq, ikincisi isə təkmil bir radar sistemi quraraq, gəmilərin naviqasiya qabiliyyətini hər zaman maksimum səviyyədə saxlamaqdır. Gəmiləri dalğaların gözlənilməz təhlükəsindən qorumaq üçün öz stabilizatorumuzu da yaratmışıq. Onun müvafiq elektron sisteminin hesabına gəmi suda yellənmədən, sabit kurs ilə üzür. Həmçinin radar sistemi də öz elektron tənzimləyiciləri vasitəsilə istənilən hava şəraitində görmə və istiqamətlənməni təmin edir", - deyə komandanın üzvü Əli Hüseynli izah edir.
"Bu cür yarışların keçirilməsində məqsəd gənclərdə mühəndislik üzrə yaradıcı düşüncə, tənqidi təfəkkür, komanda ilə işləmək və bu kimi digər bacarıların inkişaf etdirilməsidir. Bizim Gəncə STEAM mərkəzdə şagirdlər həm dərs prosesində həm də dərsdən sonra müxtəlif sahələrdə biliklərini təkmilləşdirirlər. Həmçinin qeyd etməliyəm ki, məktəbli komandamızın üzvləri Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının Gəncə filialında Nicat Cəfərovun mentorluğu ilə də təlim görmüşlər", - deyə uşaqları yarışlara hazırlayan müəllim Mətləb Alıyev bildirir.
Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar noyabr ayında Panamada keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Zakir MURADOV
Gəncə