|
|
|
|
Elxan Şükürlü, politoloq:
- ABŞ-ın bütün dünyanı idarə etmək iddiasında olan prezidenti Bayden öz evində 53 yaşlı oğlunun əlində aciz və çarəsiz qalıb.
Narkotik aludəçisi olan Hanter Baydenə dünən ABŞ-da növbəti rəsmi ittiham irəli sürülüb. Bu dəfə o, silah almaq üçün narkotik istifadəçisi olduğunu gizlətməkdə və qanunsuz silah əldə etməkdə ittiham olunur.
Hanter Bayden əvvəllər vergidən yayınmaqda və atasının əlaqələrindən sui-istifadə edərək, Ukrayna və Çində qanunsuz sövdələşmələrdən milyonlarla dollar gəlir əldə eməkdə də suçlandırılırdı və bu mövzu 2020 seçkilərində də gündəmdə idi.
Hazırda isə ABŞ respublikaçıları, xüsusən də Tramp tərəfdarları Baydenin ən zəif yerinin oğlu ilə bağlı məsələ olduğunu düşünərək, 2024-cü ilin seçki kampaniyasına da Bayden ailəsinin Ukraynadakı fəaliyyətini yenidən diqqətə gətirmək və daha dərindən araşdırmaqla başlamaq niyyətindədilər.
Xatırladaq ki, prezident Bayden 2009-2017-ci illər ərzində - Obama dövründə ABŞ-ın vitse-prezidenti olmaqla yanaşı, Ukraynada aparılan siyasətə də əsas cavabdeh şəxs sayılıb. Onun oğlu Hanter isə 2014-cü ildən Ukraynadakı "Burisma" Qaz Şirkətinin İdarə Heyətinin üzvləri sırasına daxil edilib və bu Şirkətlə bağlı Ukraynada qaldırılan, böyük ajiotaj yaratmış məşhur cinayət işində adı keçən əsas isimlərdən biri olub.
Belə görünür ki, Ukrayna mövzusu 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində respublikaçılarla demokratlar arasında yenidən əsas toqquşma nöqtəsi olacaq. Ancaq bu dəfə daha ciddi və yeni kompromatların ortaya tökülməsiylə...
Fərid Pərdəşünas, texnobloger:
- "Tosu Zəngilanlı" əqli və qismən fiziki qüsurları olan biri idi. Qısa zamanda hərəkət və davranışları ilə sosial media fenomeni olmuşdu.
"Baboş" homoseksual davranış və danışıq tərzi ilə məşhurlaşdı və milyon izləmələri əldə edir.
"Hikmət Sovetski" narkoman və lotu davranış tərzi, əyləncəli oğlanlıq söhbətləri ilə Nail Kəmərli sayəsində sosial media fenomu oldu.
Təkcə bu 3 nümunə cəmiyyətimizin əyləncə formasını göstərir. Homofobiyanın, narkomaniyanın tavana dirəndiyi cəmiyyətdə 2 homoseksual fenomenin (Bayram Nurlu) olması və narko həyat tərzinin bu qədər sevilməsi nələrinsə düz olmadığından xəbər verir.
Əziz Əlibəyli, jurnalist:
- Xankəndidən gedən erməni: "Bir daha geri qayıtmayacağam"
lll
Ukrayna Bayden hökumətini bitirəcək. Tramp sürətlə revanşa doğru irəliləyir.
lll
Nə gözəldir, Bakı Metrosunun bütün stansiyalarında dahi Üzeyir Hacıbəyovun simfoniyalari səslənir.
Səhər-səhər zövq üçün təşəkkürlər!
Elxan Şahinoğlu, politoloq:
- Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklifi bölgədə sülhə və əməkdaşlığa xidmət edir. Rusiya Prezidenti Vladimir Putinin bu təklifə qarşı çıxacağını zənn etmirəm. Putin üçün əsas olan ABŞ-la Avropa İttifaqını Ermənistandan və bölgədən uzaq tutmaqdır. Əlbəttə, Kreml Türkiyənin Cənubi Qafqazdakı fəallığından, Azərbaycanla strateji müttəfiqliyindən məmnun deyil. Ancaq Putin ABŞ-la Türkiyə arasındakı seçimdə şübhəsiz, ikinciyə üstünlük verər. Problem Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlıdır. Ərdoğan dördlü görüş təklifini telefon söhbətində Paşinyana bildirib. Nikol Paşinyan son bir ildə Fransa prezidenti Emmanuel Makronun iştirakı olmadan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərdən çəkinir. Dördlü görüş perspektivi Paşinyanı daha çox qorxudur, çünki masanın bir tərəfində ermənilərin illərdir düşmən gözüylə baxdıqları Türkiyənin lideri, digər tərəfində də münasibətlərini pozmağa başladığı Rusiya prezidenti oturacaq. Vaşinqtonla Paris də dördlü görüş təklifindən məmnun qalmadıqlarından görüşün reallaşmaması üçün Paşinyana təzyiq edəcəklər.
Səxavət Məmməd, jurnalist:
- Ermənistan və Azərbaycan arasında yeni müharibənin olması üçün münbit şərait yaradılıb. Tərəflərin vəziyyətin bu həddə gəlib çıxmasında günahı ən az faizlə hesablana bilər. Burada ən çox pay regionda maraqları olan güclərin üzərinə düşür.
Rusiya
Rusiya regionda qalmaq, Ermənistan və Azərbaycana təzyiq rıçaklarını əlində saxlamaq üçün münaqişənin bitməsini istəmir. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, sürətli sülhün tərəfdarı deyillər. Rusiyanın bu regionda, ümumiyyətlə, postsovet ölkələrində qalmaq üçün istifadə etdiyi əsas vasitəsi münaqişələrdir. Bu münaqişələrin bəziləri aktiv, bəziləri isə passivdir. Rusiya lazım olanda münaqişələri passiv fazadan aktiv fazaya keçirir və regionun sahibinin kim olmasını xatırladır.
Ukrayna müharibəsi fonunda Rusiya zəifləyir, Cənubi Qafqaz qarışıq digər regionlardakı dövlətlərlə nisbətdə olmasa da, böyük güclərə nisbətdə zəifləyir. Bizi düşündürən region Cənubi Qafqaz olduğu üçün Rusiyanın zəifləməsi və regiondan çıxma ehtimalına qarşı bəzi güclər bu regiona sahib çıxmaq istəyir. Təbii ki, Rusiya hər vasitə ilə regionu əldən vermək istəmir. Əgər vermək istəsə belə, onu elə bir ölkəyə vermək istəyəcək ki, maraqlarını həyata keçirə bilsin. Belə bir ölkə hazırda Türkiyədir. Türkiyə ilə Rusiya tarixdə fərqli ad altında müharibələr etsələr də, ən kritik məqamda bir-birilərinə dəstək olublar.
Fransa
SSRİ dağılandan sonra Fransa məhz Cənubi Qafqazda Rusiya ilə birgə söz sahibi idi. Fransanın dünyadakı imperiya dayaqları zəifləməkdədir. Ruslar demək olar ki, Mərkəzi Afrikadan fransızları çıxarmağa nail oldular. Fransa həm Afrikanın qisasını almaq üçün, həm də uzun zamandır təmsil olunduğu regiona tamamilə sahib olmaq üçün Cənubi Qafqaz regionu uğrunda savaşa girişib. Fransanın əsas dayağı Ermənistandır. Yeri gəlmişkən, tarix onu göstərir ki, Fransanın bu regiondakı cəhdləri həmişə uğursuz olub. Gülüstan və Türkmənçay müqaviləsi ilə yekunlaşan müharibələr zamanı Fransa İranla birgə İngiltərə və Rusiyaya qarşı savaşmışdı və nəticədə məğlub olmuşdu. Proseslər onu göstərir ki, Fransa yenə məğlub tərəfdə yer alacaq.
İran
İran hər nə qədər, "Sərhədlərin dəyişməsi qırmızı xəttimizdir", - desə də, əslində proseslərin qızışmasında həmişə maraqlı olub. İran münaqişə başlayandan Azərbaycanın qarşısında yer alıb. Rəsmi Tehran bir dəfə də olsun sülh üçün təşəbbüs göstərməyib. İranın vasitəçiliyi ilə cəmi bir dəfə münaqişənin dinc yolla həll olması üçün saziş imzalanıb, o sazişdən bir neçə saat sonra da Şuşa işğal edilib. İran 44 günlük müharibə zamanı da tərəfləri sülhə çağırıb, ancaq Ermənistana gedən silahları öz ərazisindən buraxıb. Ona görə də, regiondakı ən qeyri-səmimi və güvənilməz ölkə elə İran sayıla bilər.
Azərbaycan 44 günlük müharibədən sonra beynəlxalq hüquqa dayanan beş prinsip irəli sürüb prosesin bitməsini gözlədi. Ancaq müsbət cavab almadı. Əksinə, hər dəfə yeni təxribatlar, yeni tələblərlə üz-üzə qaldı. Azərbaycan masada qazanmaq istədiklərini yalnız sahədə qaza bildi. Rəsmi Bakı artıq anlayır ki, sülh sazişi imzalanmayacaq, məğlub tərəfin tələbləri və şərtləri bitməyəcək. Ermənistan silahlanmağa davam edir, revanşist fikirlər daha da artır, Orta Dəhlizin keçəcəyi Zəngəzur dəhlizinin taleyi isə sual altındadır. Bu azmış kimi, Qarabağdakı separatçı rejim də "seçki" keçirir. Qarabağdakı separatçı rejimin seçki keçirməsi Azərbaycan dövlətçiliyinə təhqir sayıla bilər. Rəsmi Bakının bunu bağışlayacağı heç inandırıcı görünmür.
Ermənistan varlığını, təhlükəsizliyini qorumaq üçün hər addımı atır. Bunun üçün hətta Ermənistan dövlətini yaradan Rusiyanın, daim sərhədlərini qırmızı xətti sayan İranın üzünə ağ ola bilir. Paşinyanın ABŞ-ni ölkəsinə dəvət edərək təlimlər keçirməsi ilə sanki dövlətinin sonunun başlanğıcını gətirmiş oldu. Bu addımlardan sonra Ermənistanın cəzalandırılmaması sürpriz olacaq.
Bütün sadalananlar və arxa fonda qalanlar regionu yeni müharibənin bir addımlığına gətirib çıxarıb. Heç kəsə sirr deyil ki, hər iki ölkənin orduları üz-üzədir və gərginlik pik həddədir. Hər şey ali baş komandanların dodaqlarının arasından çıxacaq bir sözə bənddir.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Nəhəng dövlət qurumlarımız niyə kurslarla məşğul olmalıdır? Nə qədər öz-özümə dedim ki, bu məsələyə baş qoşmayım, yenə də sektorda daşıdığım ictimai yük buna imkan vermədi.
Ötən gün məlumat verildi ki, bir neçə nəhəng dövlət qurumlarımız, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və "Coursera" qlobal təhsil kursları şirkəti müqavilə bağlayıblar.
Düzü, məəttəl qalıram, anlamıram nə baş verir.
Doğrudur, bunlar faydalı addımlardır. Amma düşünürəm ki, adı çəkilən qurumlarlıq deyil axı bu işlər.
Həm ETN, həm TİF, həm də 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi qarşısına ciddi vəzifələr, strateji hədəflər qoyulan qurumlardı.
Rəhbərləri də yetərincə dərin biliyə və savada sahib olanlardı, intellekti olan və beynəlxalq təcrübəni bilənlərdi.
Dünyada, elə qonşu ölkələrdə aparıcı xətt süni intellekt və digər müasir texnologiyalar, ekosistemin inkişafı, münbit şəraitin yaradılması prioritetdir.
Belə olan halda, inkişafa cavabdeh qurumlarımızın hansısa kurslar səviyyəsinə gedib çıxmağı nə deməkdir?
Axı bunlar bizim hansısa bir şirkətimiz, hansısa bir təhsil-repetitor kursumuz, lap dərinə getsək, universitetlərimiz və ya Tech Akademiyalarımız səviyyəsində görüləcək işlərdi.
Xatırlayıram ki, bir neçə il öncə UNEC bu işi görmüşdü və səhv etmirəmsə, 7000 tələbəyə "Coursera"ya giriş təmin etmişdi. UNEC tələbələri minlərlə kurslar, sertifikatlar əldə etdilər, hətta bildiyim qədər onlar uyğun istiqamətdə imtahanlardan da azad edilmişdilər.
İndi bizib bu nəhənglərimiz eyni bir layihə üzrə 10 mini hədəfləyiblər. Nə olsun?
Məncə, nəhəng dövlət qurumları və tənzimləyicilər kurslar səviyyəsinə, təhsilin təşkili səviyyəsinə, hansısa müsabiqələrin və ya oyunların, kursların təşkilinə enməməlidir.
Bu, doğru bir yanaşma deyil.
Elə UNEC, yaxud AzTU, Təhsil Akademiyalarımız və kurslarımız, ya digərləri bunu yenidən edərdi, yaxud bəlkə də edirlər bunu.
Cənablar, məncə, siz öz dəyərli potensialınızı, resurslarınızı, beynəlxlaq tədbirlərdə topladığınız faydalı təcrübəni daha dərin işlərə, strateji hədəflərə, mühitin inkişafına yönəltsəniz daha məntiqli və ağlabatan olardı.
Nə bilib, Vallah. Bəlkə də, mən çox ifrata varıram. Bəlkə qərar qəbul edənlərimiz daha yaxşı bilirlər və uzağı daha yaxşı görürlər.