525.Az

Tanınmışlarla bağlı məzəli əhvalatlar - Elxan Əzizov yazır


 

Tanınmışlarla bağlı məzəli əhvalatlar - <b style="color:red"> Elxan Əzizov yazır </b>

(Müəllif 1991-1999 və 2002-2021-ci illərdə Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin dekanı olub)

 

HARAM

 

Dünya şöhrətli şərqşünas və ilahiyyatçı alim, İraq, Misir və İslam Əməkdaşlığı Təşkilatı Akademiyalarının üzvü, AMEA-nın akademiki, Ərəb filologiyası kafedrasının müdiri, BDU İlahiyyat fakültəsinin dekanı, professor Vasim Məmmədəliyev çox hazırcavab insan idi. Onun dedikləri bəzən lətifə xüsusiyyəti daşıyır.

Bir dəfə universitetin həccə getmiş köhnə ateist müəllimlərindən biri Vasim müəllimə yaxınlaşıb soruşdu:

- Hacı, mənə de görüm, hacı olandan sonra bir az spirtli içki içsəm, haram sayılır?

Vasim müəllim çox ciddi şəkildə tez cavab verdi:

- Hacı, spirtli içki əgər müftədirsə, özgəsinin hesabınadırsa, nə qədər içirsən iç, haram sayılmaz. Amma nəbadə öz hesabına ola, bax, o, ən böyük günahdır.

Yenicə "hacı" olmuş köhnə ateist "çox sağ ol" deyib, sevinə-sevinə uzaqlaşdı. Mən təəccüblə Vasim müəllimə baxdım:

- Müəllim, bu nə məsləhətdir verdin?

Vasim müəllim gülümsədi:

- Ay Elxan, elə sualın belə də cavabı olar.

 

AĞZIBÜTÖV

 

Bir gün Fəlsəfə kafedrasının müdiri, öz sahəsinin tanınmış mütəxəssisi, yeri gələndə ötkəm sözlü, həm də həyatda baməzə xasiyyətli, məclislərin yaraşığı professor Həmid İmanovla universitetin qarşısında rastlaşdıq. O, Vasim müəllimdən giley-güzar etdi:

- Elxan, bu Vasim bizimlə oturub-durmur. Qabaqlar tez-tez məclislərdə görüşərdik, yaxşı günlər keçirərdik. İndi olub əsl hacı. Gül kimi oğlan çıxıb əlimizdən. Amma mən inanmıram, o, tək qalanda xəlvəti bir yüz qram vurmaya.

Mən özümə ciddi görkəm verib dedim:

- Həmid müəllim, otuz ildən çoxdur ki, bu kişi ilə dostluq edirəm. Vasim müəllimin həyatda da, dostluqda da, elmdə də sözü ilə əməli eyni olub. O, üzdə bir cür, arxada başqa cür olan adamlardan deyil. Ona görə də iman gətirdiyi dinimizin haram buyurduqlarını eləmir.

Vasim müəllim söhbətimizin üstünə çıxdı. Həmid müəllim fıkrini ona da bildirib, əlavə etdi:

- Vasim, bilirsən ki, xudmani bağım var. Gəl, bir quzu alım, gedək bağda kəsib, sənə əla kabab verim. Köhnə vaxtları yada salıb, əlli-əlli vuraq.

Vasim müəllim özünəməxsus şəkildə gülümsədi:

- Həmid müəllim, əvvəla, mən içmirəm və belə şeylər heç yadıma da düşmür. O ki qaldı səninlə xəlvəti vurmağa, bu, televizorda "Haqqın dərgahı" verilişini əlimdə rumka aparmağımla eyni şeydir. Hər iki halda içməyimi bütün Azərbaycan biləcək.

 

HƏR KƏSİN KÖNLÜNDƏKİ

 

Yaxın dostum, Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı, professor Xəlil İsmayılov Fransaya on günlük ezamiyyətdən qayıtmışdı. İşdən sonra öz təəssüratlarını mənimlə bölüşmək üçün "Qəbələ" yeməkxanasında oturmağı təklif etdi. Sifariş verməzdən əvvəl əl telefonu ilə professor Həmid İmanovu məclisə dəvət etmək istədi. Həmid müəllim artıq bağa getdiyini bildirib, əlavə etdi:

- Xəlil, Elxana de ki, mən içəndə yadıma gözəl xanımlar düşür, siz içəndə isə Həmid İmanov.

 

FAKÜLTƏ HEYSİYYATI

 

Azərbaycanın tanınmış dilçisi, AMEA-nın həqiqi üzvü, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, professor Nizami Cəfərov elmdə tutarlı sözü olduğu kimi, dostluqda da möhkəm, hazırcavab bir şəxsdir.

Filologiya fakültəsində dekan olduğu vaxt auditoriyalara baş çəkərkən Nizami müəllimin həmyaşıdı fəlsəfə müəllimi şəstlə tələbələrə deyir:

- Uşaqlar, universitetdə oxuduğumuz zaman hərbi təlimlərdə olanda sizin bu dekanınınızla o qədər qumar oynamışıq ki.

Belə söhbəti gözləməsə də, Nizami müəllim halını pozmadan aram-aram dillənir:

- Əzizlərim, amma bir şeyi bilin ki, mən heç vaxt Filologiya fakültəsinin başını aşağı salmamışam, həmişə sizin müəllimi udmuşam.

 

QAZAXDAN KİM GƏLİR?

 

Professor Nizami Cəfərov Filologiya fakültəsində dekan olduğu zaman kabinetindən professor Həmid İmanova zəng vurur:

- Qağa, Qazaxdan yanıma bir aşıq gəlib, özü də yaxşı şairliyi var. Bizim tərəfə baş çək. Səninlə onu tanış etmək istəyirəm.

Həmid müəllim həmişəki adətinə sadiq qalaraq deyir:

- Nizami, burada təəccüblü bir şey yoxdur. Qazaxdan ya aşıq gələr, ya da şair. Daha kosmonavt gələsi deyil ki.

 

FƏRƏH VƏ KƏDƏR

 

İsti yay günlərinin birində yaxın dostluq edən professor Həmid İmanovla professor Nizami Cəfərov universitetin həyətindəki skamyada oturub söhbətləşirmişlər. Bu vaxt artıq ahıllaşmış və ayağı sındıqdan sonra əsa ilə gəzən ucaboy, elmi ateizm müəllimi Pənah Mahmudov onlara yaxınlaşıb, Nizami müəllimə müraciət edir:

- Vallah, səni görəndə cavanlığım yadıma düşür, fərəhlənirəm.

Dilini dinc qoymayan Həmid müəllim özünü saxlaya bilmir:

- Ay Pənah, elə Nizami də səni görəndə qocalığını təsəvvür edir, amma kədərlənir.

 

"PUVUD"

 

Azərbaycanın ən görkəmli ədəbiyyatşünaslarından biri aka-demik Bəkir Nəbiyev istər yazılarında, istərsə də çıxış-larında öz fıkirlərini elə bəlağətlə, həm də sadə və səlis şəkildə ifadə edirdi ki, adam ədəbi Azərbaycan dilinin gözəlliyinə heyran qalmaya bilmirdi. Bəkir müəllim həmçinin şairlər, ədiblər, incəsənət xadimləri və tanınmış alimlərlə bağlı baş vermiş çoxlu gülməli hadisələrdən xəbərdar idi. Onları da elə duzlu dillə və yumorla danışırdı ki, dinləyəndə ləzzət alırdın.

Mərhum valideynlərimin istəklisi, evimizin ağsaqqalı Bəkir müəllim mənə belə bir məzəli əhvalat danışmışdı:

"Cavanlığımda aspirant dostlarımdan bir dəstə qəzet və jurnallarda çap olunmuş yazılarımıza görə qonorar alanda yeyib-içməklə qeyd edərdik. Aramızda ən yaşlısı və artıq evlənmiş bir ləzgi balası var idi. O, az-maz vuran kimi dəmlənirdi. Yay günü yenə kiminsə hesabına yığışmalı olduq. Ləzgi dostumuz boyun qaçırdı. Soruşanda bildirdi ki, uşaqlar, arvad məni dəng edib. Deyir ki, "puvudsuz-muvudsuz" yaman içirsən.

Mən dostumuzu sakitləşdirdim:

- Ölməmişik ki, sənə "puvud" təşkil edərik.

Dükandan 3 rubla ağ parusin kepka alıb, keçirtdim onun başına.

- Al, bu da sənin üçün "puvud".

Sonra xudmani bir yeməkxanaya girib, kişinin təzə kepkasını yumağa başladıq. Dostumuz sevincək olub, normasını da keçdi. Məclis dağılışanda artıq o, əməlli-başlı hallanmışdı. Qoluna girib, zarafatlaşa-zarafatlaşa evinə apardıq. Bilirdik ki, dostumuzun mənzili birinci mərtəbədədir. Onu blokdan içəri salıb, bayırda gözlədik ki, nə baş verəcək.

Bir azdan mənzilin qapısı açıldı və bir cavan qadının uca səsi eşidildi:

- Ədə, sənə deməmişəm ki, "puvudsuz-muvudsuz" içmə?

Dostumuz məzlum-məzlum dilləndi:

- Al, bax, lutular mənə "puvud" alıblar.

 

TƏCİLİ YARDIM

               

Müasir dövrdə Azərbaycanda ərəbşünaslığın banisi, orta və ali məktəblər üçün 30-a yaxın dərsliyin müəllifi, uzun illər BDU-nun Ərəb dili kafedrasının müdiri olmuş, şöhrəti vətənimizin hüdudlarından kənarda da yayılmış Əməkdar elm xadimi, professor Ələsgər Məmmədov çox zarafatcıl bir insan idi. Bir gün o, Şərqşünaslıq fakültəsinin 13 il dekanı işləmiş, görkəmli iranşünas professor Həsən Mahmudov və fars ədəbiyyatı sahəsində tanınmış mütəxəssis dosent Ağadadaş Dadaşovla dəniz kənarındakı kafedə hansı münasibətləsə yeyib-içirmişlər. Məclisin başa çatması ərəfəsində bir nəfər onların stoluna yaxınlaşıb, özünü təqdim edir:

- Axşamınız xeyir. Mən Lənkərandanam, sizin fakültənin məzununun atasıyam. Şəkillərinizi oğlumun vinetkasında görmüşəm. Nə vaxtdır ki, sizə öz minnət-darlığımı bildirmək istəyirdim, imkan olmurdu. İndi bu xoş təsadüf yerinə düşüb.

Sonra o, çantasından iri bir qabda qara kürü çıxarıb, stolun üstünə qoyur və oturanların etirazına baxmayaraq, yemək-içmək sifariş verir. Məclis yenidən qızışır. Bir qədər keçəndən sonra xidmətçi yaxınlaşıb, daha nə lazım olduğunu soruşur. Ələsgər müəllim ciddi şəkildə bildirir:

- Zəhmət olmasa, mənim üçün bir təcili yardım.

 

ÜRƏKDƏ QALAN ARZU

 

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin kafedra müdiri, tanınmış ədəbiyyatşünas, xüsusilə aşıq ədəbiyyatı üzrə məşhur mütəxəssis professor Qara Namazovla həcc mərasimi ərəfəsində görüşdüyümüz zaman təəssüflə bildirdi ki, o da bu müqəddəs ziyarətə can atır, amma nəticəsi qabağını kəsir. Təəccüblə soruşdum:

- Niyə?

O, dərindən ah çəkdi:

- Axı, qayıdandan sonra hamı mənə "Hacı Qara" deyəcək.

 

PAPAQ

 

Bakı Dövlət Universiteti Tətbiqi-riyaziyyat fakültəsinin professoru Niyaz Məmmədov həm gözəl pedaqoq idi, həm də klassik poeziyamızdan, xüsusilə Nizami, Füzuli yaradıcılığından çoxlu şeirlər əzbər bilirdi. Niyaz müəllim eyni zamanda baməzə bir insan idi.

Bir gün eşitdim ki, onun norka papağını küçədə başından götürüb qaçıblar. Görüşəndə zarafata saldım:

- Niyaz müəllim, bir papağı da başında saxlaya bilməmisən.

O da gülümsəyərək dedi:

- Əşi, mən başqa şeyin dərdini çəkirəm. Papağı o qədər qoymuşdum ki, bəzi yerlərində tükü tökülüb dərisi qalmışdı. Onsuz da təzəsini almalı idim. İndi o zalım balası, Allah bilir, məni necə söyüb ki, vid-fasonuna bax, qoyduğu papağa bax.

 

BARMAQ

 

Azərbaycanın iki görkəmli alimi, Bakı Dövlət Universiteti Filologiya fakültəsinin kafedra müdirləri professor Əkbər Ağayev və professor Abbas Zamanov öz aralarında çox mübahisə aparardılar.

Bir gün fakültə Elmi Şurasında hansı məsələ barəsindəsə Əkbər müəllim əsəbi şəkildə danışaraq, çıxışını belə bitirir:

- Bu işdə aranı qatan Abbas Zamanovdur.

Abbas müəllim öz etirazını bildirir:

- Ay canım, bu məsələdən mənim heç xəbərim də yoxdur. O vaxt mən Gəncədə iki həftəlik ezamiyyətdə olmuşam.

Əkbər müəllim isə fikrindən dönməyib israr edir:

- Özün orada olmusan, amma barmağın burada.

 

SOYĞUNÇUNUN İRADI

 

Əsərləri oxucular tərəfindən sevilə-sevilə oxunan, romanları yüz min tirajlarla buraxılmış görkəmli yazıçımız Əlibala Hacızadə səmimi insan, gözəl dost, həmçinin çətinliklərlə qarşılaşanda belə nikbinliyini itirməyən bir şəxsiyyət idi.

Bir qış günü axşamçağı Əlibala müəllim baş redaktoru olduğu "Şəhriyar" qəzetindən aylıq maaşını alıb evə qayıdırmış. Yaşadığı binanın tininə çatanda iki nəfər qolu zorlu cavan oğlan ona yaxınlaşır. Onlardan biri soruşur:

- Day-day, odun olmaz siqaret yandırmağa?

Əlibala müəllim əlini cibinə salanda o birisi onun böyrünə bıçaq dirəyir:

- Əmi, yaxşılıqla nəyin var, ver.

Əlibala müəllim maaşını paltosunun döş cibinə qoyduğu üçün arxayınlıqla deyir:

- Yanımda xırda-para pulum var, götür.

Lakin digəri özü qoyubmuş kimi əlini salıb, döş cibdəki pulları çıxarır və məzəmmətlə:

- Ağsaqqal kişisən, utanmırsan, yalan danışırsan - deyib, Əlibala müəllimin gözünün üstündən bir yumruq ilişdirir.

Soyğunçular ağrıdan gözünü tutan yazıçının üstəlik papağını da qapıb, aradan çıxırlar.

Ertəsi günü qançır olmuş gözlərinə qara eynək taxmış Əlibala müəllimlə rastlaşanda o, başına gələnləri mənə danışdı və əlavə etdi:

- Ay Elxan, məni nə pul, nə də papaq yandırır. Mənə o əclafın yalan danışmağımı irad tutması od qoyub.

 

ZARAFAT

 

Dünyada tanınmış kamanç

a ustadımız, Xalq artisti Habil Əliyevin duzlu-məzəli söhbətləri incəsənət adamları, musiqişünaslar arasında lətifələrə çevrilib, geniş yayılmışdır. O, mənim əmim oğlu mərhum Rasim Əzizovla doğma xalaoğlu idi. Bundan əlavə, onlar dostluq edirdilər.

Bir gün Habil Əliyev Rasimgilə zəng vurur. Dəstəyi onun çox avam və sadəlövh, hamımızın Məmə çağırdığımız qayınanası götürür:

- Bəli, eşidirəm.

- Salam, Habildir danışan. Rasim evdədir?

- İşə gedib, evdə heç kəs yoxdur.

Sağollaşandan sonra Habil Əliyev bir də zəng edir. Səsini dəyişərək, həyəcanlı şəkildə bildirir ki, telefon stansiyasında yanğın baş verib və xətlər vasitəsilə sizin mənzilə də keçə bilər, ehtiyatlı olun. Məmə əlini dizinə vuraraq çığırır:

- Vaxsey, ay bala, mən evdə təkəm. Bəs neyləyim?

- Ay xala, tez bir vedrə su gətir.

Məmə tələsik hamamxanadan su gətirir.

- İndi neyləyim?

- Telefon dəstəyini onun içinə sal ki, alov gələndə orada sönsün.

Məmə deyilən kimi də edir.

Bu arada Rasim nə qədər mənzilinə zəng vurmaq istəyirsə, telefonun məşğul olduğunu öyrənir. Nigaran qalıb, evə gedir. Məmə qapını açanda soruşur:

- Ay arvad, bu qədər telefonla danışmaq olar?

Məmə sevincək halda olanları kürəkəninə söyləyir. Rasim telefon dəstəyinin bir vedrə suya salındığını görüb, qəhqəhə çəkərək gülür:

- Habil, zərər yoxdur, bunun hayıfını səndən çıxmaq mənə borc olsun.

 

KÖMƏKLİK

 

Tanınmış dilçi, dövlət mükafatı laureatı Ağamalı Həsənov yay vaxtı vətəni Naxçıvana gedir. Bir kolxoz sədri onu qonaq çağırır. Dost-aşnanın yığıldığı gözəl məclisin qızğın vaxtında ev sahibi Ağamalı müəllimə müraciət edir:

- Yadındadır, uşağın imtahanını səndən xahiş etmişdim?

Nədən söhbət getdiyini xatırlaya bilməyən Ağamalı müəllim özünü o yerə vurmur:

- Əlbəttə, əlimdən gələn köməkliyi göstərdim.

Kolxoz sədri də hal əhli imiş, müəmmalı şəkildə gülümsəyərək deyir:

- Ay Ağamalı müəllim, yəni deyirsən sənin köməkliyin olmasaydı, mənim uşağım heç öz gücünə iki də ala bilməyəcəkdi?

 

GƏNƏGƏRÇƏK YAĞI

 

Fars dili və ədəbiyyatının tanınmış bilicisi, Şərqşünaslıq fakültəsində 10 il İran filologiyası kafedrasının müdiri işləmiş dosent Tofiq Cahangirovun atası gəncəli, anası buzovnalı olsa da, otuzuncu illərin repressiyaları nəticəsində İrana köçmək məcburiyyətində qalmışdılar.

Atası İmran kişi Tehranda aptek açmışdı. Səhər tezdən onun yanına başında şlyapa pəhləvan cüssəli bir nəfər gəlir:

- Doxtur, qəbz olmuşam, mənə bir əlac qıl.

İmran kişi müştərinin boy-buxununu süzüb, belə vəziyyətdə başqalarına bir-iki qaşıq məsləhət bildiyi halda, onun üçün balaca bir şüşəyə gənəgərçək yağı doldurur:

- Al bunu, evə çatan kimi çək başına.

Ertəsi gün yenə həmin şəxs aptekə daxil olub, narazılığını bildirir:

- Doxtur, sənin dərmanın mənə kömək etmədi.

İmran kişi təəccübünü gizlədə bilmir:

- Ay bala, sən nə danışırsan? O şüşəni başına çəksəydin, sən ayaqyolunda qalardın.

Pezəvəng:

- Çəkmişəm də, bax - deyib, şlyapasını çıxarır. İmran kişi onun qıvrım, sıx, qara saçlarından damcılayan yağı görəndə ürəkdən gülür. 

 

 

 





19.09.2023    çap et  çap et