525.Az

"Boz zona"da antiterror tədbirləri


 

"Boz zona"da antiterror tədbirləri<b style="color:red"></b>

Azərbaycan sentyabrın 19-da separatçı rejimin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin hələ də mövcud olduğu ərazilərində antiterror tədbirlərinə başlayıb. İkinci Qarabağ müharibəsindən ötən üç ilə yaxın müddət ərzində Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə silah-sursat, canlı qüvvə və minalar daşınıb. Nəticədə erməni silahlıları mütəmadi olaraq Azərbaycana qarşı təxribatlar törədib, ərazilərimizi kütləvi şəkildə minalamağa davam ediblər. Müharibədən ötən müddət ərzində çoxsayda insanımız ermənilərin basdırdığı minaların qurbanı olub. Dünən baş verən mina terroru nəticəsində polislərimiz həlak oldu. Bütün bunlar ona görə baş verir ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatındakı müddəları yerinə yetirməkdən imtina edir, bütün qanunsuz addımlarına, separatçılara dəstəyinə baxmayaraq, beynəlxalq müstəvidə hər hansı təzyiqlə qarşılaşmır.

Üçtərəfli bəyanata görə, qanunsuz erməni silahlı dəstələri rus sülhməramlıların bölgəyə daxil olmasından sonra Azərbaycan ərazisini tərk etməli idilər. Amma bu, ötən müddət ərzində baş vermədi.

Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin fəaliyyəti dövründə ölkəmizin işğal altında olan ərazilərində həm də milli-mədəni və təbii sərvətlərimiz talanıb. Bunun müqabilində də bir qrup siyasətçi, oliqarx daha da varlanıb. Yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı isə heç bir iş görülməyib. Bölgə cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət və narkotiklərin tranziti, silah alveri və digər qanunsuz fəaliyyət üçün münbit şərait olan, nəzarətsiz, qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi "boz zona"ya çevrilib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problemlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürüb. Eyni zamanda dialoq təşəbbüsü ilə çıxış edib. Lakin Ermənistan və onun Qarabağdakı uzantıları bu təkliflərin reallaşmasına imkan verməyiblər. Onlar bütün addımları, dialoqdan imtinaları, təxribatları ilə bölgədə gərginliyin davam etməsinə, kənar qüvvələrin regiona cəlbinə çalışıblar. Hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar. Müharibədən ötən 3 il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər ediblər, həmçinin ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstəriblər. Azərbaycan bütün bu fəaliyyətlərə son qoyulması, sülh istiqamətində real addımlar atılması, sülh müqaviləsinin imzalanması ilə bağlı dəfələrlə çağırışlar edib, öz təkliflərini verib. Bakının irəli sürdüyü digər təşəbbüslər kimi, bu tipli fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı haqlı tələblərini də qulaq ardına vurulub.

Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüşü zamanı regionda kommunikasiyaların açılması istiqamətində əldə edilmiş razılaşmaların reallaşmasına Ermənistan və Qarabağdakı kriminal xunta tərəfindən maneçilik törədilib. Bunun nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya Qızıl Xaç Komitəsinin eyni vaxtda Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə sentyabrın 1-də Xankəndinə göndərilməli ərzaq yükü uzun müddət hərəkət edə bilməyib. Yalnız Azərbaycanın prinsipial mövqeyi və ABŞ, Fransa kimi ölkələrin güclü təzyiqlərinə müqaviməti sayəsində sentyabrın 17-də 16 günlük gecikmədən sonra hər iki istiqamətdə yüklərin hərəkəti mümkün olub.

Göründüyü kimi, Bakının bütün addımları regionda sülhün, barışın bərqərar olmasına yönəlib. Lakin 

Azərbaycanın sülh təşəbbüslərinə, regionun inkişafı ilə bağlı planlarına və gördüyü real işlərə, bölgədə birgəyaşayışın, sülh və sabitliyin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş siyasətinə rəğmən, Ermənistan Silahlı Qüvvələrinin bölmələri pozucu fəaliyyətini davam etdirib. Ardıcıl şəkildə həyata keçirilən təxribatların davamı və "zirvəsi" kimi sentyabrın 19-da da 6 nəfərin ölümünə səbəb olan iki terror aktının gerçəkləşdirilməsi Azərbaycanın Qarabağ iqtisadi regionundakı "boz zona"dan gələn təhlükələrin zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu.  

Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan Silahlı Qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, Ermənistan hərbçilərinin tərksilahı və neytrallaşdırılmasına yönəlib.   

Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatlarının qorunması üçün tədbirlər görür, mülki əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olmur. Azərbaycan XİN-in Qarabağın erməni sakinlərinə müraciətində də qeyd olunub ki, heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır.

Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərinin həlli ilə bağlı hərbçilərə müraciət edilmək tövsiyə olunur, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər həyata keçirilir.   

Qarabağdakı erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal xuntanın qurbanıdır. Azərbaycan bu "boz zona"da bütün hərbi dəstələrin və hərbi obyektlərin məhv edilməsi, hərbçilərin tərksilah olunması, Konstitusiya normalarının tətbiqi, bölgədə əmin-amanlığın bərqərər edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək.

 

 





20.09.2023    çap et  çap et