525.Az

Talış dağlarının faunası rəvayətlər və tarixi qeydlər işığında


 

Talış dağlarının faunası rəvayətlər və tarixi qeydlər işığında<b style="color:red"></b>

XX əsrin əvvəllərində dünyada yüz mindən bir qədər çox pələngin olduğu qeyd edilir. Mütəxəssislər nəsli kəsilməkdə olan müasir pələng növlərinin hazırda yer üzündə cəmi dörd min qaldığını hesablayırlar. Bəzi mənbələrdə bu rəqəm 6 min göstərilir.

Azərbaycanda pələnglərin varlığı haqqında müxtəlif fikirlər var. Pələnglərin bu yerlərdə mövcudluğu barədə mütəxəssislər qəti fikir söyləyə bilmirlər. Həqiqət budur ki, Azərbaycan meşələrində son vaxtlar pələngə rast gəlinməyib. Mütəxəssislər səbəbini meşə yırtıcılarının həddindən çox ovlanmasında və zəruri təbii yaşayış yerlərinin məhv edilməsində görürlər.

Talış dağlarının, Lənkəranın fauna və florası tarixən zooloq və bioloqları, coğrafiyaşünasları maraqlandırıb. Müxtəlif tarixi kitablardan, ovçularla söhbətlərdən aydın olur ki, Talış dağlarında pələng, bəbir, şir kimi müxtəlif növ vəhşi heyvanların olması istisna edilmir. Mütəxəssislər qaya qaplanı bəbirlərə, "meşələr şahı" pələnglərlə üz-üzə dayanmağa cürət edən qabanlara bu gün də təsadüf edildiyini yazırlar.

Zooloq K.A.Satuninin məlumatına görə, Talış zonasında pələnglər olub və onlar öz böyüklüyü ilə Benqal pələnglərindən fərqlənmirmiş. Alim bildirir ki, buranın iqlimi Hindistanın iqliminə oxşadığına görə Benqal pələnginə Talışda rast gəlməsi təəccüblü deyil. Ötən əsrin 50-ci illərinə aid qeyddə göstərilir ki, Benqal pələngləri bu yerlərə İrandan, ya Xəzərin cənub sahillərindəki meşələrdən köçmüş ola bilər.

Azərbaycan faunasının yorulmaz tədqiqatçısı Blaramberq Rusiya İmperator coğrafiya cəmiyyətinə yazdığı məktubda qeyd edirdi ki, o, 1836-cı ilin yazında Talış xanlığında olub, iki ay Lənkəran qalasında qalıb. Həmin günlərdə orada qara zolaqları olan iri dişli bir pələng öldürüblərmiş. Qalabəyi pələngin dərisini qalanın komendantına bağışlamışdı. Akademik Safonovun 1847-ci il mayın 27-də Rusiya coğrafiya cəmiyyətinə Lənkəran qəzasında pələngin olması haqqında yazdığı məlumat da maraq doğurur: "O (pələng - müəl.), Talış meşələrinin daimi sakini olub, orada doğub törəyir. Bu heyvanı Lənkəran qəzasında müəyyən etmək çətindir, lakin hər bir dişi pələngin ildə 2-3, bəzən 4 bala doğduğunu nəzərə alsaq, təxmin etmək olar ki, burada xeyli pələng vardır" ("Elm və həyat", 1976).

 

Pələnglə üz-üzə

 

Adətən pələnglər payızın sonu və qışda dağlardan, keçilməz meşələrdən aşağılara enirmişlər. Belə vaxtlarda təcrübəli ovçular ehtiyatı əldən verməzmişlər. Yaşlılar bu gün də pələng barədə çoxlu hadisə danışırlar.

1842-ci ildə lənkəranlı Cahangir bəy qızılquşla ova çıxır. O, qızılquşu qırqovul ardınca buraxır. Quşu axtararkən görür ki, oğlu bir pələnglə əlbəyaxadadır. Cahangir bəy özünü itirməyib oğlunun köməyinə atılır. Pələng oğlanı buraxaraq onun üstünə cumur və güc gələrək bəyi öz altına alır. Vəhşi heyvan atəş açmağa imkan verməyib bəyin silahını biləyiqarışıq ağzına alır. Pələng əllərini yerdən yuxarı qaldıraraq bəyi sinəsinin altına çəkir. Cahangir bəy özünü itirməyib güclü ayaqlarıyla pələngin ağır bədənini saxlayıb boş qalan əli ilə xəncəri çıxararaq vəhşi heyvanın qarnını cırır (Səidəli Kazımbəyoğlu. Səidiyyə, B., 2005, səh. 103).

1959-cu ildə Lənkəranın dağ kəndi Tüədoda Kazım Məmi oğlu meşədə ov edərkən pələnglə üz-üzə gəlir. Yırtıcı heyvan ovçunun üstünə şığıdığı anda tüfəngi açılır. Yaralı olsa da, heyvan nəriltiylə onu sinəsinin altına alır. Kazım bu dəfə də özünü itirmir, uzunboğaz çəkməsindən çıxartdığı bıçağı pələngin böyrünə sancır. Vəhşi heyvanın nəriltisi meşəni lərzəyə salır. Ancaq pələng təslim olmaq fikrində deyilmiş. O, var-gücünü toplayıb yenidən ovçunun üstünə atılır. Kazım özünü ağacın arxasına verən anda sağ qolu pələngin ağzında qalır. Ölümünü gözünün altına alan Kazım artıq sağ qalmaq ümidini itirir. Pələng onu özünə tərəf çəkib sinəsi üstünə çökür. Sanki bununla demək istəyir ki, ey insan, meşələr şahına güc gəlməkmi istəyirdin? Bu da axırın! Ağrıdan qıvrılan Kazım bu dəfə hərəkətsiz qalır, taleyi ilə barışır. Elə bu anda sanki ətrafda şimşək çaxır, nəriltidən az qala gəncin qulağı tutulur. Pələngin başından, böyründən axan qan Kazımın boyun-boğazını, üst-başını al rəngə boyayır.

Gənc ovçu başı üstündə dayanmış meşəbəyini görəndə ilk baxışdan nə baş verdiyini anlamır. Bir onu bilir ki, artıq ölümdən qurtarıb.

- Cavan oğlan, - meşəbəyi deyir, - anan namaz üstə imiş. Şükür elə, bir az da geciksəydim, o dünyalıq idin. Buradan keçirdim, pələngin nəriltisinə yolumu bu yerdən saldım.

Kazım Şıxcanov ondan sonra xeyli yaşayır və 2002-ci ildə dünyasını dəyişir, təbii ki, pələnglə vuruşduğu o dəhşətli anlar sonadək yadından çıxmır.

Ağabəy Qənbərov danışardı ki, 1942-ci ildə belə bir hadisə olmuşdu: "Tüədodan olan Balakişi Soltan oğlu Heydərov öküzləri üçün meşəyə yarpaq tədarükünə gedibmiş. Yarpaq tökərkən ayağı sürüşüb, yuxarıdan yuvarlanaraq ağacın oyuğuna düşüb. Sən demə, pələng oyuqda ovunu gözləyirmiş... İgid, cəsur bir gənc olan Balakişi cəmi üç gün yaşayır, bütün kənd ona ağlayır.

Lerikin Cəngəmiran kəndində "Pələngkıştə" (talışca: pələng öldürülən - müəl.) deyilən yer var. Fransız yazıçısı Aleksandr Düma bu yer haqqında "Qafqaz səfəri" əsərində məlumat verir. Yazır ki, bir kişi meşənin başlanğıcında işləyirmiş. Təsadüfən bir pələngin ona tərəf gəldiyini görür. Kişi pələngdən yayınmağa çalışır. Qəzəbli pələng onun üstünə yeriyir. Xoşbəxtlikdən, əlində balta olan arvadı ərinin ardınca gəlirmiş. Vəhşi heyvanın ərinin üstünə tullanmağa hazırlaşdığını görən arvad əlindəki balta ilə onun başına zərbə endirir, kişini xilas edir. O vaxt Qafqaz canişini S.M.Vorontsov həmin qadını Tiflisə çağırtdırır, cəsarətinə görə on min manat pul və xatirə nişanı verir (A.Düma. Qafqaz səfəri, Şamil Zamanlının tərcüməsində, B., 2010, səh. 203).

Uzun illər Lerik meşə təsərrüfatının direktoru işləmiş Hacı Sadıq Kərimov danışardı ki, Ağasən adında bir həmyerlimiz 70-ci illərin əvvəllərində Rəzgov meşəliyində üstünə şığıyan pələngi sərrast atəşlə yerə sərmişdi.

Ekoloq-jurnalist Bəxtiyar Hüseynovun məlumatına görə, bu yerlərdə pələng axırıncı dəfə 1962-ci ildə, Lənkəranın dağ kəndi Sinovlinin Şonəkon deyilən ərazisində ovlanıb. Deyilənə görə, onun nəriltisi 500 metrdən eşidilibmiş. Təcrübəli ovçulardan Qurbanəli, Sərdar, Mirzəbala, Adıgözəl, Xurşud və başqaları dəstə ilə dağa qalxaraq pələngi öldürüb nəhəng leşini kəndə gətirmişdilər.

 

Qaya qaplanı - bəbir də, iti dişli qaban...

 

Qaban iti dişləri ilə çox təhlükəlidir. Maraqlıdır ki, pələng də qabanın iti dişindən ehtiyatlandığı üçün ona yaxınlaşmağa cürət etmir. Ancaq cəldliyi ilə seçilən bəbirlər qabanın öhdəsindən gəlirlər. Bəbirin ayaqları qısa olsa da, pəncələri güclüdür, cəld hərəkətlə bir neçə metr hündürlüyündə qabanın üzərinə sıçrayır, onu hərəkətsiz hala salır. Deyilənə görə, bir dəfə Mirhüseyn xan dəstəsi ilə Gamışavan (indiki Göyşaban - müəl.) kəndinin qamışlığında qaban sürüsünə rast gəlir. Qabanlardan biri dəstədən ayrılaraq ovçulara hücum edir. Qızmış erkək qaban ortalıqda quyruğunu "bayraq" edir, bir anlığa dayanıb onu əhatə edənlərə tərəf boylanır. Mir Həsən xan buyurur ki, qabanı qılıncla öldürənə nə istəsə verəcək. Kərbəlayı Şahverdi bəy qılıncını çıxarıb, ərəb nizəsini də bir əlində tutur. Vəhşi qaban pingələrini (uzun dişlər - müəl.) çıxarıb sürətlə hücuma keçəndə Şahverdi bəy ərəb nizəsinin arxa ucunu yerə söykəyib bir ayağını irəli, digər ayağını dala qoyub qılıncı o vəhşi qabanın kəlləsinə elə çalır ki, qılınc qabanın boynuna qədər işləyir (Səidəli Kazımbəyoğlu. Səidiyyə, B., səh. 105).

Bəzən bəbiri pələngdən ayırd etməkdə çətinlik çəkənlər olsa da, təcrübəli ovçular onları yaxşı ayırd edirlər. Məlumatlara görə, bəbirin bədəninin uzunluğu 91-180 sm, quyruğunun uzunluğu 75-110 sm, çəkisi 32-40 kq, bəzən 100 kq-dan artıqdır. Onlar gecə və ya səhər tezdən, tək halda ova çıxır, lakin ehtiyatlı tərpənir. Pələnglər isə gün çıxanda və ya gün batanda fəallaşır. Bəbirin şahanə yerişi var, addımını yüngül atır, ildə 2-4 bala verir.

Nəsli kəsilmək təhlükəsində olan bəbir Hirkan Milli Parkında qeydə alınıb. Parkın direktoru Azər Mirzəyevin sözlərinə görə, Qırmızı Kitaba düşmüş bəbirlər Şindan meşəliyində yaşayır, sayı 5-ə çatır. Kameralardan onları izləmək mümkündür.

 

Heyvanların şahı olan şirin sorağında

 

Adətən şir mərdlik, şücaət, qorxmazlıq rəmzi sayılır. Qarnı tox olanda sakit olur, insanlara hücum etmir. Müşahidələr göstərir ki, şirlər yatmağı sevir, sutkanın 20 saatını yuxuda keçirir.

Vaxtı ilə Yunanıstan, Hindistan, İran ərazilərində daha çox yayılmış şirlərə bu gün Afrikanın şərqində və cənubunda rast gəlmək mümkündür. Talış dağlarında da şirlərə təsadüf olunmuşdu. Bu gün Azərbaycanda şirin nəsli kəsilsə də, haqqında söz-söhbətlər kəsilmir, bu mövzuda çoxlu rəvayətlər, əfsanələr dolaşır.

Rəvayətə görə, Miryəhya bəyin oğlu Mirməhəmməd bəyin nökəri Şəfəqqət mahir ovçu kimi tanınırmış. Mirməhəmməd bəy 1832-ci ildə qışda Lənkəran meşələrində ovda olarkən nökəri Şəfəqqət gözlənilmədən şirlə üzbəüz gəlir, onu sərrast atəşlə vurur. Talış xanı Mirhəsən xan deyərmiş ki, əgər Şəfəqqət kimi min nəfər nökərim olsaydı, dünya şahlarına baş əyməzdim (S.Kazımbəyoğlu. Səidiyyə, B., 2005, səh. 106-107).

Bir məlumata əsasən, vaxtilə Veravul kəndinin "Qızıl Avdıl" deyilən hissəsində şir görünmüş və cəsur ovçu Şəkər izinə düşərək onu öldürmüşdü. Bu gün ora "Şəkəri şir kıştə vırə" (talışca Şəkərin şir öldürdüyü yer - müəl.) adı ilə tanınır. Kənd sakini Şahrza Abdullayev danışırmış ki, hərbçilər gəlib şirin leşini aparıblar. Adətən, rus zabitləri pələng, bəbir, şir kimi vəhşi heyvanların dərisinə maraq göstərirmişlər. Belə dərilər rus knyazlarının, zadəgan ailələrinin saraylarının bəzəyi idi.

Təbiət Talış dağlarından gözəllik əsirgəməyib, zəngin bitki və heyvanlar aləmi var buranın. Onları qorumaq bu gün bizim, sabah isə yeni nəsillərin öhdəsinə düşən mühüm vəzifə, mənəvi borcdur.

 





20.09.2023    çap et  çap et