Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olublar. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həyatlarını itiriblər.
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Azərbaycanın regionda antiterror tədbirləri keçirməsi kifayət qədər hüquqi əsaslıdır. Məsələn, Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu antiterror tədbirləri üçün əsl səbəblərdəndir. 10 noyabr razılaşmasının 4-cü bəndi hələ də icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər.
Eyni zamanda, ərazilərimizdə həyata keçirilən ekoloji terror, sərvətlərin talan edilməsi antiterror tədbiri üçün mühüm əsaslar yaratdı.
Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu.
Son zamanlar erməni silahlıları həm şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlı missiyasının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində tez-tez ordumuzun mövqelərinə atəş açırdılar. Əlbəttə ki, həmişə onlara layiqli cavab verilib. Amma bütün bunlar qeyri-qanuni erməni hərbi dəstələrinin Qarabağdan tamamilə çıxarılmasını zərurətə çevirdi. Bu, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının tələblərindən biridir. Ermənistanın hərbi birləşmələrinin müəyyən hissəsinin hələ də Qarabağda qalması bu sənədə ziddir.
Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Ordumuz bütün lazımi xəbərdarlıqları edib. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Bununla belə, ölkəmiz hər zaman olduğu kimi, sülhün tərəfdarı qismində çıxış edir. Azərbaycan qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyini önə çəkir - 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Azərbaycan mövqeyində qətidir - Qarabağla bağlı heç bir məsələ müzakirə predmeti ola bilməz. Əksinə, bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Cənab Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziyalara müsahibəsində bildirmişdi ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər.
Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilir, onlar içməli su və ərzaqla təmin olunur. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
çap et