525.Az

Təvazökar insan, vətənsevər ziyalı - Bayram Məmmədov yazır


 

Təvazökar insan, vətənsevər ziyalı - <b style="color:red"> Bayram Məmmədov yazır</b>

Zaman, tarix öz axarındadı. Dünənlərin fidan ağaclarının kölgəsinə el sığışır, cığırlar yola dönür, yol böyük yola qarışır. Böyük yol dünənləri sabahlara bağlayır. Bu bağlılıq həyat, yaşam fəlsəfəsidir...

Sərdar Firid oğlu 1937-ci il yanvarın 5-də Zəngilanın Cahangirbəyli kəndində anadan olmuşdu. Atası Firid kişi baytar kimi camaatın sevgisiylə əhatələnmişdi. Firid kişi İkinci Dünya müharibəsində, Kerç şəhərində həlak olanda Sərdarın beş yaşı vardı. Üç yaşlı qardaşı Eldarla anası Firəngizin, nənəsi Sayadın himayəsində qaldılar. Sayad nənə ömrünü böyük səbrlə nəvələrinin ömrünə çıraq elədi. Atasızlıq çətin olsa da, böyüdülər. Uşaqlığı nənə dizlərinin üstündə keçənlərin düşüncələrində həmişə bir kövrəklik, bir canıyananlıq görmüşəm. Yaşlaşsa da, Sərdar kişi həmişə bu xasiyyətiylə seçilirdi, sevilirdi. Sərdar Firid oğlu da ömrün sabahlarına niyyətlərlə, murazlarla yol almışdı. Bu iki qardaş nənə söhbətlərinin işığında böyümüşdü. Belə söhbətlər həyat dərsi idi. Ölüm bu dünyanın gözəlliyini də, özəlliyini də, gərəkliyini də Sərdara, Eldara çox gördü. 1945-ci ildə Sayad nənə dünyadan köçdü. Ana himayəsində yaşadılar. Ayları il elədilər. Hər ayı, hər ili Sayad nənənin öyüdlərini ana-ana yaşadılar.

50-ci illərdə müharibədən çıxmış ölkədə, həm də əyalətdə (adı müttəfiq olan respublikalar Mərkəz üçün əyalət idi) güzəranın çətinlikləri illərin ümidini qırmağa qadir deyildi; yeniyetmə Sərdar kişi ömrü yaşayırıdı...

1946-cı ildə Cahangirbəyli kənd 7 illik məktəbində oxuyurdu. Sinif müəllimi Sara xanım idi. Oxudu, öyrəndi. 1953-cü ildə 7 illik məktəbi bitirdi. Təhsilini Mincivan kənd orta məktəbində davam etdirdi. Sərdar Cahangirbəylidən Mincivana hər gün 6 kilometr yol gedirdi. Yorulurdumu? Yollar niyyətliləri heç zaman yora bilməz. Mincivana gedəndə, Mincivandan gələndə hərdən Sayad nənəsinin qayibanə səsini eşidirdi: "Oxu, a bala, yetimliyin ağrılarını özün azaldacaqsan..."

Orta təhsilini 1956-cı ildə bitirdi. Bir il kolxozda çalışdıqdan sonra hərbi xidmətə getdi. Ömrünün üç ilini Moskva hərbi dairəsində hərbi xidmətdə keçirdi. Cahangirbəyli yuxularında gecələyirdi. Tez qayıtmaq, ailənin güzəranının yaxşılaşması üçün bir işin qulpundan yapışıb anasına kömək eləmək üçün ayların ilə, illərin tarixə dönüşünü gözləyirdi. Komandirləri intizamından razı qalırdı. Komandirləri həm də onun atasının döyüşlərdə həlak olduğunu bilirdi, bəlkə də bu səbəbdən Sərdarın hərbçi olmasını tövsiyə edirdilər. Sərdar ürəyindən keçənləri komandirindən gizlətməmişdi. Komadirinin əli sevimli əsgərinin çiyininə enmişdi: "Haqlısan...", - demişdi...

1960-cı ildə ordu sıralarından tərxis edildi. Kənddə çox qalmadı. Anası onun istəyinə yox demədi; xoş niyyətlərə, yaxşı arzulara yox demək günahdı...

Sərdar Bakıya gəldi. Leytenant Şmidt (sonralar Səttarxan) adına zavodda poladəridən işlədi. Polad iradəli gəncin xarakteri polad əridə-əridə daha da poladlaşdı. Əsgəri nizam-intizamı onu yaxşılar sırasına çıxartdı. Partiya sıralarına qəbul edildi. Sex rəisi Sərdar Firid oğlunun işə münasibətini, məsuliyyətliyini bəyənirdi. Ali təhsil almaq niyyətinə də xeyir-dua vermişdi. Sərdar 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsinə daxil oldu. Niyə bu fakültəni seçmişdi? Sinif müəllimi Saranın bir vaxtlar dediyi kəlamlarını xatırlamışdı ("Həyatı kitablarla da öyrənmək olar"), nənəsi Sayadın bir deyimini ("Kitablarla dost olanın sıxıntısı olmur"), Cahangirbəyli 7 illik məktəbinin direktoru Azadalı müəllimin dediklərini ("Kitabxana dünyanın ən zəngin xəzinələrindəndir") heç kim bilmədi.

Sərdar Cəbrayılov 1970-ci ildə universiteti kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə bitirdikdən sonra Cahangirbəyliyə qayıtdı. Hərbi xidmətdə olanda yaşadığı duyğuları gerçəkləşdirməyə, ailənin maddi imkanlarını artırmağa, atası Firidin yoxluğunu unutdurmağa, ailənin "başıpapaqlısı" olmağa. Onu qınayanlar da olmuşdu: "Şə-hərdən kəndə qayıdırsan?" Sex rəisi onun əlini sıxmışdı, bağrına basmışdı, "Ailəsini düşünməyən dövlətini də düşünməz. Sərdar öz taleyini ailəsinin taleyi üçün yaşamağa gedir. Get, uğurun xeyir olsun!", - demişdi...

1970-ci il avqustun 13-də Zəngilan  kənd mədəniyyət evinə müdir təyin edilib. 1971-ci il fevralın 1-dən isə Zəngilan rayon  Mərkəzi Kitabxanasının abonoment şöbəsinin müdiri işləyib. Yenə işə sevgilərlə, məsuliyyətlə.

1971-ci il iyulun 22-də Cahangirbəyli kənd XDS İcraiyyə Komitəsinin sədri seçilib. Qısa müddətdə təşəbbüskarlığı və işgüzarlığı ilə sovetliyi əhatə edən əhalinin böyük hörmət və rəğbətini qazanıb. Əhali əsasən rayonun ən qabaqcıl təsərrüfatlarından biri olan "Kommuna" kolxozunda çalışırdı (təsərrüfata 1956-cı ildə Cahangirbəyli kənd XDS İK-nin sədr vəzifəsindən kolxozun sədri  seçilmiş Azərbaycan SSR Ali Sovetinin deputatı Allahverdi Allahverdiyev rəhbərlik edirdi. Təsərrüfat nəinki Zəngilanda, həm də respublikada tanınırdı. "Kommuna" kolxozu 12 dəfə Azərbaycan SSR-in Keçici Qırmızı bayrağına layiq görülmüşdü).

Sərdar müəllimin işgüzarlığı və gənc təbliğatçı kimi apardığı geniş təbliğat-təşviqat işləri diqqətdən yayınmadı. 1978-ci il fevralın 13-də Zəngilan rayon Mərkəzi Kitabxanasına direktor vəzifəsinə irəli çəkildi. Həmin illərdə mədəniyyət evləri və kitabxanalar sovet ideologiyasının əsas və aparıcı vasitələrindən hesab edilirdi. Sərdar ixtisasını dərindən bilirdi, idarəçilikdə kifayət qədər təcrübəsi vardı. İdeologiyanın tələbləri baxımından siyasi dünyagörüşü ilə fərqlənirdi. Bunların əsasında təcrübəli və işini sevən insanları ətrafına toplayaraq kitabxanaları əsl ideoloji mərkəzə çevirdi. Onun peşəkarlığı, rayonun kitabxana sistemində yenidənqurma işlərini uğurlu başa çatdırması və tapşırılan işlərin öhdəsindən vaxtında, layiqincə gəlməsi rayon rəhbərliyinin diqqətindən yayınmadı...

Mən orta məktəbdə oxuyurdum. 1972-ci ilin dekabr ayının sonuncu on günlüyü idi. Yeni il bayramı münasibətilə ardıc (yolka bəzəmək üçün yaşıl ağac) gətirmək üçün  rayonun Sarıqışlaq yaşayış məhəlləsi istiqamətinə dəmiryolla piyada gedirdik. Yolda ucaboylu, mehriban, ünsiyyətcil bir kişi ilə tanış olduq. Sərdar müəllim imiş. Öyrəndim ki, Cahangirbəyli kənd sovetinin sədridir. Yolboyu təhsildən danışdıq. Ədəbiyyatdan və tarixdən söhbətləşdik. Bu səmimi görüş ikimizin də yaddaşına hopdu.

Onunla görüşlərim ali məktəbi bitirib rayona qayıtdıqdan, hərbi xidmətdən sonra rayon komsomol komitəsində şöbə müdiri işləyəndə müntəzəm olaraq davam etdi. Boş vaxtlarımda kitabxanaya gedər, yeni kitablarla tanış olar, mütaliə üçün bədii və tarixi kitablar götürərdim. Sərdar müəllimlə ikimizi də maraqlandıran mövzularda söhbətlərimiz olurdu, düşüncələrimizi böyük səmimiyyətlə bölüşürdük. Ağsaqqal sözü düşüncələrimə hopurdu. O söhbətlər, ümumiyyətlə, ağsaqqallardan eşitdiklərim indi də gərəyim olur; ağsaqqal sözü ilə ağsaqqallaşmaq səadətmiş...

Sərdar müəllim son dərəcə ədalətli, təkəbbürdən çox-çox uzaq, sadə və dərin düşüncəli bir ziyalı idi. İstər ədəbi, istərsə də siyasi düşüncələrimiz arasında oxşarlıq da vardı, uyarlıq da, eynilik də. İnsanların ən yaxın dostu olan kitabları sevən Sərdar müəllim həyatda necə dost olmağın və cəmiyyətdə düzgün mövqe tutmağın əsl əvəzolunmaz nümunəsi idi...

Mən Zəngilan rayon ərazi özünümüdafiə taborunun komandiri olanda taborun komplektləşdirilməsində lazımi məsləhət və tövsiyələr verərdi. Sərdar müəllim Rusiyada zabit kimi qulluq edən hər iki oğluna məktub yazıb onları Vətənə çağırmışdı. Oğulları onsuz da bu haqda qərarlı imiş. Vətənə qayıtdılar.

1989-cu ildə Blaqoveşensk Ali Tank Komandanlıq Məktəbini bitirmiş baş leytenant Xəqani Cəbrayılov da, qardaşı 1991-ci ildə Sverdlovsk Ali Hərbi Siyası Məktəbi bitirmiş leytenant Sərvər Cəbrayılov da xidmətlərini Zəngilan ərazi özünümüdafiə taborunda, Azərbaycan Ordusunda davam etdirməyə başladı. Ata nəsihəti hər iki oğulun düşüncələrini Vətənə ad elədi.

Xəqani rayonun Qazançı, Sərvər isə Rəzdərə istiqamətində düşmən qüvvələri ilıə üzbəüz döyüşlərdə həmişə əsl komandirlik nümunəsi göstərdi. Onların komandirliyi altında neçə-neçə uğurlu döyüş əməliyatı keçirildi, düşmənə ağır zərbələr vuruldu. Zabit qardaşlar sonralar Murovdağ, Ağdam və Füzuli istiqamətində gedən döyüş əməliyyatlarında dəfələrlə fərqləndilər. Xəqani Cəbrayılov briqada komandiri, Ordu korpusunun qərargah rəisi, Ordu korpusunun komandiri vəzifələrində xidmət etdi. Yüksək orden və medallarla təltif olundu. İndi ehtiyatda olan general-mayordur. Polkovnik Sərvər Cəbrayılov hərbi xidmətini davam etdirir. Kiçik qardaş Cəbrayıl Cəbrayılov Hərbi Akademiyanının (indiki İdarəetmə İnstitutu) dinləyicisi olanda onun müəllimi olmuşam. Xidməti müddətində xəstəliyi ilə əlaqədar    tərxis edilib. Ehtiyatda olan polkovnik-leytenantdır. Dörd oğlundan üçü hərbçi olan Sərdar müəllimin böyük oğlu Aslan 1984-cü ildə Leninqrad (indiki Sankt-Peterburq) Yüngül Sənaye İnstitutunu bitirib və həmin şəhərdə Çörək zavodun-da mühəndiş işləyir. Sərdar müəllimin yeganə qızı Ruhəngiz xanımın həyat yoldaşı Vüqar Rzayev ehtiyatda olan mayor və 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Onların dörd oğlundan ikisi alitəhsilli hərbçidir. Böyük oğlanları Rzazadə Həsən Vüqar oğlu 2020-ci il oktyabrın 29-da Vətən müharibəsində şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad edilməsinə görə", "Qubadlının azad edilməsinə görə", "Laçının azad edilməsinə görə" medalları ilə təltif edilib. Rzazadə Bəhmən Hərbi Dəniz Qüvvələrində baş leytenant rütbəsində xidmət edir.

Sərdar müəllim vətən qarşısında əsl vətənpərvər, yüksək əqidəli azərbaycanlı kimi xidmət edib. Azadlıq hərəkatı başlayanda onun önündə gedənlərdən olub. Bakı şəhərində törədilən 20 yanvar faciəsinə görə partiya sıralarından çıxmış, imperiya siyasətinə etiraz edən xalqın önündə gedənlərdən olmuşdu. Siyasi bütövlüyü, saf əqidəsi və ağsaqqallığı nəticəsində ən çətin anlarda düzgün qərarlar qəbul edilməsində o da fəal iştirak edib. O da rayon rəhbərliyi ilə birlikdə Zəngilanın müdafiəsində həmişə öndə olub və əmin-amanlığın yaradılmasında fəal iştirak edib.

1992-ci ili iyulun 9-da rayon mədəniyyət şöbəsinin müdiri təyin edilən Sərdar müəllim 2007-ci il avqustun 9-dək - təqaüdə çıxana kimi Zəngilan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində layiqincə çalışıb. Zəngilan rayon XDS-nin deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Zəngilan rayon xalq məhkəməsinin xalq iclasçısı olan Sərdar Cəbrayılov sadəliyi, təvazökarlığı, nəfsitoxluğu, vətənsevərliyi və azərbaycançılığı ilə həmişə seçilib, örnək olub.

Sərdar müəllimin uzun müddət  rəhbər vəzifələrdə çalışmasına baxmayaraq, yaşadığı Cahangirbəyli kəndində yararsız və susuz torpaqda öz zəhməti bahasına əsl laləzar yaratmışdı, müxtəlif növ meyvə ağacları əkmişdi, onlara həvəslə, şövqlə qulluq edərdi...

2009-cu il fevralın 16-da Bakı şəhərində haqq dünyasına qovuşan Sərdar Firid oğlu dəyərli ziyalı, yudsevər və işıqlı insan kimi zəngilanlıların yaddaşında əbədi qalıb.

Zəngilanın, Cahangirbəylinin işğaldan azad edilməsini necə arzulayırdı, necə!

Ruhun şad olsun, kişi ömrü yaşayan kişi, torpaqlarımız işğal sıxıntısından azad edildi!..

 

 





21.09.2023    çap et  çap et