|
|
|
|
Rəşad Məcid, Mətbuat Şurasının sədri:
- Tarixi şərait təsadüfən, öz-özünə yaranmır. Bu şəraiti dahi siyasətçilər, nəyi nə zaman, necə etməli olduğunu dəqiq bilən böyük liderlər yetişdirirlər. Addım-addım, səbrlə, qətiyyətlə, əzmlə...
Bugünkü tarixi şərait də Azərbaycanın böyük liderlərinin - Ulu öndər Heydər Əliyevin başlatdığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi düzgün, inamlı, əzmkar siyasətin sayəsində mümkün olub.
Şəbnəm Uğurlu, müəllim:
- Mən 6 yaşımda Laçından bir gecə yarısı çıxarılmışdım... Böyük yük maşınının üstündə, atamdan başqa, bütün ailəmiz çıxmağa məcbur edildik. Atam da öz təkidi ilə qaldı. Evimizdən bir çöp də götürməmişdik... Ürəksiz, əlacsız idik. Çünki bizə arxa duran dövlət, bizim güvənəcəyimiz müasir silahlara malik nizamlı ordumuz yox idi... Xocalıdakı faciə də gözü elə qorxutmuşdu ki, hamı qadınları çıxarırdı. Bugün isə, ürəklə evimizdəyik, bu ürəkli olmağımızın səbəbi sizin kimi qətiyyətli liderimizin olması, güvəndiyimiz güclü nizamlı ordumuzun olmasıdır. Tanrı sizi qorusun, tanrı sizi bu xalqa çox görməsin!
Vətən uğrunda şəhid olan qardaşlarımın ruhu qarşısında baş əyirəm! Ailələrinə səbr diləyirəm. Torpaq, uğrunda ölən varsa, vətəndir!
İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:
- Dünəndən videolara baxıram. Dronlar Xankəndini tərk edən əhalini izləyir və çəkir. Qıllarına zərər vermədən.
Erməni sivillərin toplu halda yığışdıqları yerlərə toxunulmur. Hətta Xankədidəki ermənilərin paylaşdıqları videolardan görürsən ki, əhali olan istiqamətlər vurulmur.
Azərbaycan Ordusu dünənki hərbi əməliyyatı zərgər dəqiqliyilə apardı. Video-foto sübutlarla. Ermənilərə burcutmağa yer qoymadı.
Ay nə bilim bizi qırdılar, öldürdülər söhbətini indi heç kim eləmir. Hər şey ortadadı.
Budəfəki əməliyyatlarda gic-gic videolar, "Beyləqana salam de" söhbətləri də olmadı. Ordu kölgə kimi girdi, işini gördü və bitirdi məsələni.
Çox peşəkar, qüsursuz. 2020-dəki Şuşa əməliyyatından sonra daha bir "master class" keçdilər, rəsmən.
lll
Meydan TV gecəni sığınacaqda keçirən Qarabağ ermənilərinin şəklini paylaşıb. Baxdım, yazığım gəldi. Yaşlı arvadlar idi.
Yadıma özümüzün, ailəmizin yaşadıqları düşdü. Amma bizim yaşadıqlarımızı çəkəcək xarici media yox idi yanımızda.
Dədəm və 3 qardaşı Ağdamda 2 mərtəbəli, 11 otaqlı evi yenicə tikib qurtarmışdılar ki, işğal başladı.
Mən onda körpə idim, heç nə xatırlamıram. Gecəylə atam anamla bizi Ağdamdan çıxarıb Mingəçevirə aparıb qoymuşdu, özü qayıtmışdı Ağdama.
Sonra Ağdam alındı. Mingəçevirdə BMT-nin gətirdiyi ərzaq növbələri, un növbələri. Məktəbin kiçik sinif otağında keçən körpəlik.
Sonra Gəncəyə gəldik, Gəncəni artıq dumanlı şəkildə xatırlayıram. Bizi barmaqla göstərib "qaçqın" deyirdilər. Atam bütün gücüylə işləyirdi, korluq çəkmirdik, amma bizdən qat-qat kasıb adamların "qaçqın" tənəsini yeyirdik.
Mən o erməni qadınlarının yaşadıqlarını çox gözəl anlayıram. Amma, bizim yanımızda yaşadıqlarımızı çəkəcək xarici media yox idi...
Müsəllim Həsənov, jurnalist:
- "Jivoy qvozd" proqramında politoloq Fərhad Məmmədova qulaq asıram.
İrina Babloyana dərs keçir...
Politoloq belə olar. Yoxsa yerindən duran özünə politoloq deyir...
Eşq olsun!
Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:
- 90-larda 1 milyon azərbaycanlıya bu aqibəti yaşadıblar. Bizi ayağı yalın qovurdular, bizə kömək edən yox idi.
Bunlara heç olmasa kömək edən var.
Tarix təkrarlanır.
Bizim günahımız yox idi, amma bunların günahı var.
Adama deyərlər sənə dəfələrlə deyirik ki, silahı yerə qoy, silahsız adam balası kimi yaşa, beynindən at axmaq hülyaları, nağılları, artsax zad bunları.
Bu gün ağlayan erməni anaları 100 illik bu faciənin əsas günahkarıdırlar. Onlar övladlarını axmaq arsax, böyük Ermənistan, türkə düşmən ideologiyası ilə böyütməsəydi, bu nağıllar ilə yetişdirməsəydilər, bu qədər faciə yaranmazdı
Yaşasın Azərbaycan Ordusu!
Səxavət Məmməd, jurnalist:
- Gözdən qaçan bir şey var idi. İndi yaza bilərəm, əslində dünənki video çıxışımda anonsunu vermişdim. Ordu ilə yanaşı, polis də bu əməliyyata hazırlanmışdı. Mülki əhali ilə davranma və digər məsələlərə bağlı. Dolayısı ilə Azərbaycan bilirdi ki, lazımi səviyyədə sıxsa, təslimçilik gələcək. Gəldi.
The end!
Elxan Şahinoğlu, politoloq:
- Azərbaycanın Qarabağda antiterror əməliyyatını "etnik təmizləmə" kimi qiymətləndirməyə çalışan ermənipərəst mərkəzlər yenə iş başındadırlar. Yaxın tarixdə ən böyük etnik təmizləmə 1995-ci ildə Xorvatiyada həyata keçirilib. Xorvatiya 250 minə yaxın serbin yaşadığı bölgəni yerlilərdən təmizləyib və Qərb dövlətləri buna etiraz etməyiblər. Bunun iki səbəbi var idi. Birincisi, keçmiş Yuqoslaviya 1990-cı illərdə dağıldıqdan sonra Serbiyadan fərqli olaraq Xorvatiya Qərblə yaxınlıq etmək istəyirdi. İkinci səbəb isə Xorvatiya serblərin Bosniyada olduğu kimi, burada da separatçılığa başlayacağını proznozlaşdırır və buna yol vermək istəmirdi. Qərb mətbuatı Xorvatiya ordusunun əməliyyatını "ərazilər serb separatçılarından təmizləndi" başlığı ilə yayırdı. Xorvatiya rəhbərliyini anlamaq olardı, qonşusu Serbiya Ermənistan kimi serbləri silahlandırmağa və separatizmə başlamağa həvəsləndirirdi. Ona görə də Xorvatiya separatizmi beşiyində boğdu. Xorvatiyaya olarsa, bizə niyə olmaz? Biz də bölgəni separatçılardan təmizləyirik.
Vasif İsmayıl, jurnalist:
- Şuşa yolunda mina haqqında.
Bu gün gecə saat 3 radələrində Əhmədbəyli-Füzuli-Şuşa yolunda tankəleyhinə mina partlaması nəticəsində 2 nəfər avtomobil yolları agentliyi işçisi həlak oldu.
Mina yeni yerləşdirilib.
Yeni çəkilən yola yerləşdirilib. (Zəfər yolu deyil)
Yolun 58-ci kilometrliyində 1-ci viyadükdən 500 metr irəlidə yerləşdirilib. Bu, Tağaverd kəndinin istiqamətinə uyğun gəlir.
Erməni tərəfi nə etmək istəyir? Ey, məni FB-da bloklayıb sonra öz aranızda məsxərəyə qoyan tayfa, səsiniz çıxmayacaq, bilirəm, çünki siz, heç vaxt azərbaycanlıya ürək yandırmamısınız.
Heydər Oğuz, jurnalist:
- Ermənilər YUNESKO-da Azıx və Tağlar mağaralarının Azərbaycanın siyahısına salınmasına etiraz ediblər. Onların sözündən belə çıxıb ki, 100 min illər bundan əvvəl həmin mağaralarda ermənilər yaşayıblar.
Qeyd edək ki, tarixçilər Azıx mağarasından tapılan insan çənəsinin 350-400 min yaşı olduğu bildirirlər. Tağlar mağarasında yaşayanlar isə daha "gənc nəsil"lər olub. Burada insanlar 64-24 min il bundan əvvəl məskunlaşıblar.
Bir sözlə, hər iki mağaranın insanların dövründə yəqin ki, dillər də müasir anlamda formalaşmamışdı. O insanlar hansısa toplumun yox, bütün bəşəriyyətin ibtidai babaları idi.
Eldar Tağıyev, tarixçi:
- Şair Qaçay Köçərlinin oğlu Elcan da Daşaltı əməliyyatında həlak olub, Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Şəhid atası dərdini başı müsibətlər çəkmiş millətin dərdi ilə bir araya gətirərək yazırdı:
İnsan kimi ağaclar da şəhiddi,
Yurda gələn hər bahar da şəhiddi,
Yağan yağış, düşən qar da şəhiddi,
Şəhid yurda şəhid qanı axarmış,
Bu millətin taleyində nə varmış?
Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi yeri olan əməkdar jurnalist şair Qaçay Fərman oğlu Şirinov (Köçərli) 1936-cı il avqustun 27-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Azərbaycan Dövlət Univesitetinin ədəbiyyat fakültəsini bitirmişdir (1976-cı il). 1984-cü ildə Yazıçılar Birliyinə üzv qəbul edilib. Qaçay Köçərli 20 yanvar 2015-ci ildə vəfat edib və Köçərli kənd qəbiristanlığında dəfn edilib.
Ülviyyə Heydərova jurnalist:
- Bizim "Məhəbbət əfsanəsi" kimi milli sərvətimiz ola-ola 45 ildir ki, öz səhnəmizdə baxa bilmirdik. Dünyanın 60-dan çox səhnəsində oynanılan balet nəhayət ki, bu gün Milli Musiqi Günündə, əsərin müəllifi böyük bəstəkarımız Arif Məlikovun 90 illik yubileyində öz vətənində nümayiş olundu. Bu gün musiqi tariximizə düşdü. Sözün əsl mənasında əfsanə geri qayıtdı. Biz bu gün mədəniyyət hadisəsinin canlı şahidi olduq. Arif müəllimin ruhu indi nücə də şaddır. Sağlığında bu günü görmək qismət olmadı. Bu neməti doğma səhnəmizə geri qaytaranlara və tamaşanı idarə edən maestro Yalçın Adıgözəlova təşəkkür edirəm!
Aslan İsmayılov, hüquqşünas:
- Həyat çox ədalətlidir!
Məhşur deyim kimi - Bu dünyada yaşatdığını yaşamadan getdi yoxdur!
Erməni əsilli insanların təhlükədən sığortalanmaq üçün Xocalı hava limanında yığışması səhnəsinin paylaşılmasını, bəzi "insanpərvərlər"in bu səhnəyə üzülməsini görüb fikirlərimi bölüşürəm. Əlbəttə, istənilən müharibə faciədir. İnanmıram ki, kimsə müharibə, insanların ölümlərini, yurd-yuvalarından didərgin düşmələrini arzulasın. Ancaq bu müharibəyə, bu səhnələrin yaranmasına biz məcbur edildik.
1990-cı illərin əvvəllərində dəfələrlə cəbhə bölgəsində olub bugünkülərdən dəfələrlə dəhşətli səhnələrin şahidi olmuşam, həmin faciələri öz gözlərimlə görmüşəm. Şahidi olmadığım, ancaq şəkillərini, videolarını gördüyüm daha dəhşətli faciələr bizim heç bir günahı olmayan, rahatca dədə-baba yurdlarında yaşayanlarla bağlı baş verib. Hər dəfə belə səhnələri görəndə 1993-cü ilin aprelində erməni silahlılarından canlarını qurtarmaq üçün qarlı-boranlı havada Qoşqar dağından aşıb Daşkəsən rayonuna qaçan Kəlbəcər qaçqınları yadıma düşür. Vertolyotlara minməyə can atan uşaq, qadın, qocalar da heç vaxt yadımdan çıxmayıb...
Bu gün sosial şəbəkə iştirakçılarından çox xahiş edərdim ki, bizim 1990-cı ilin əvvəllərində yaşadığımız faciələri əks etdirən səhnələri paylaşsınlar. Qoy, heç olmasa indi Dünya görsün ki, biz nələri yaşamışıq. Bəzi "insanpərvərlər" isə yaddan çıxartmasınlar ki, bu gün ermənilər arxalarında Diasporalarının, Rusiyanın, Qərbin durduğunu bilirlər. Bizimkilərin isə o vaxtlar heç kimə, o cümlədən, öz hakimiyyətlərinə də ümidləri yox idi. Bax, əsl faciə də o idi.
Asif Nərimanlı, jurnalist:
- Qarabağdakı terrorçuların sayı və malik olduqları hərbi texnikanın miqdarı açıqlanıb: 10 mindən çox qanunsuz silahlı erməni, yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem; separatçılar radio-elektron mübarizə sistemləri vasitəsilə mülki təyyarələrin uçuşuna da problem yaradır.
Rəsmi Bakı bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə açıqlayıb. Beləliklə, faktlar beynəlxalq ictimaiyyətə təqdim edilir və əməliyyat zərurəti yaranacağı təqdirdə, "Qarabağ xalqına hücumu qəbul etməyəcəyik" deyən ABŞ və onun timsalında qarşı çıxanlara terrorçuların konkret sayı, malik olduqları hərbi potensial göstərilir.
10 minlik silahlı və yüzlərlə hərbi texnikası olan dəstəyə qarşı mümkün əməliyyatın miqyası da kiçik olmayacaq.