525.Az

SSRİ-nin novxanılı Qaz sənayesi naziri - Misir Mərdanov yazır


 

MİR CƏFƏR BAĞIROVUN "QARA SİYAHISINA" DÜŞƏN FƏXRİMİZ

SSRİ-nin novxanılı Qaz sənayesi naziri - <b style="color:red"> Misir Mərdanov yazır</b>

Sabit Orucov ictimai-siyasi fəaliyyəti ilə böyük işlər görmüş və bütün etimadları şərəflə doğrultmuş görkəmli mütəxəssis, xalqımızın səmimi məhəbbətini qazanmış cəsur neftçi və müdrik nazirdir".

Heydər Əliyev

 

Neft Daşlarının qurucularından biri, SSRİ yanacaq-energetika kompleksinin yaradıcısı, Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Volqa-Ural hövzəsi, Türkmənistan, Özbəkistan, Sibir və başqa yerlərdə neft və qaz yataqlarını kəşf edən bir həmyerlimiz var. Onu layiq olduğu qədər tanıyırıqmı? Bilirikmi ki, bu həmyerlimiz o zamanın ən yüksək mükafatlarına - Lenin və Stalin mükafatlarına layiq görülüb, 1953-1981-ci illərdə SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi və nəhayət, 10 il SSRİ kimi nəhəng bir ölkənin Qaz sənayesi naziri olub?!

Sabit Orucov! Mən bu böyük  azərbaycanlı haqqında qeydlərimi  yaradıcısı olduğu Novı Urenqoy (Şərqi Sibir) şəhərinin saytlarında və qəzetlərində 2018-ci il noyabrın  15-də çap olunmuş "Rusiyanın nəhəng şəxsiyyətləri" seriyasından yazılmış məqalədən bəzi hissələri  tərcümə etməklə başlamaq istəyirəm: "Urenqoylular fəxr edir ki, görkəmli dövlət xadimi, tanınmış alim, SSRİ-nin Qaz sənayesi naziri, texnika elmləri doktoru, professor Sabit Orucovun adı Novı Urenqoy hava limanının adlandırılması üçün nəzərdə tutulan məşhurların qısa siyahısına daxil edilib.

...Orucov təkcə Urenqoyun təkində nəhəng qaz kondensat ehtiyatlarının olduğuna inanmırdı. O, Sibirin nəhəng qaz layları haqqında öz nəzəriyyəsinin əsaslarını dəqiq hesablamalarda, dərin elmi proqnozlarda müəyyənləşdirmiş, yüksək dairələrdə bu fikri qətiyyətlə müdafiə etmişdi.

60-cı illərin ortalarında Sabit Atayeviçin təkidi ilə bir-birinin ardınca geoloji ekspedisiyalar tundraya gedir və Urenqoyda "böyük qaz" olduğuna dair getdikcə daha inandırıcı sübutlarla geri dönürdülər. O zaman Neft sənayesi nazirinin birinci müavini olan Orucovun şəxsi qələbəsi isə 1966-cı il iyunun 6-da onun şəxsən rəhbərlik etdiyi usta Polupanovun briqadasının Urenqoyda ilk istismar quyusunu qazması xəbəri oldu.

Beləliklə, nəhəng ölkənin xəritəsində yeni - Urenqoysk adlı  unikal yataq peyda oldu. Orucovun 1973-cü ildə Yeni Urenqoyun gələcəyi üçün söylədiyi məşhur "Burada Urenqoy adlı qaz işçiləri və inşaatçılar şəhəri qurulacaq", - tarixi sözləri həqiqətə çevrildi. 

...Onunla işləyənlər xatırlayırlar ki, Sabit Atayeviç təkcə rəislərlə deyil, həm də ustalar, növbə rəhbərləri, fəhlələrlə şəxsən tanış olmuşdur. Köhnə Urenqoy sakinləri unutmayıblar ki, Sibir qışının sərt üzünə baxmayaraq, iş bir dəqiqə belə dayanmadı. O, insanlara çox diqqətlə yanaşırdı. 1978-ci il yanvarın lap əvvəlində "Urenqoyqazdobiça" İstehsalat Birliyi yaradıldı və mayın 30-da Sabit Orucov şəxsən Kremlə Urenqoy qazının ilk milyard kubmetrinin hasil edildiyi barədə məlumat verdi.

Yaxşı ki, Sabit Orucov böyük arzusunun gerçəkləşdiyini görə bildi - ölümündən bir il əvvəl, 1980-ci ilin yayında Novı Urenqoya şəhər statusu verildi. Artıq qırx ildən artıqdır ki, Novı Urenqoy yaşayış üçün müasir və rahat şəhər olan Yamalda yeni qaz ehtiyatlarının işlənməsi üçün baza mərkəzinə çevrilmişdir".

Sabit Kərbəlayi Atababa oğlu Orucov 1912-ci il mayın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Sabit Orucov Bakıdakı 33 nömrəli ikinci dərəcəli Sovet məktəbini bitirir və 1927-ci ildə onu Qərbi Azərbaycanın (indiki Ermənistan) İrəvan quberniyasının Vedi rayonundakı Şirazlı kəndinə əhalinin savadsızlığını ləğv etməyə göndərirlər. Ancaq xalqımıza qarşı daim düşmənçilik edən ermənilər insanların savadlanmasını istəmədiklərinə görə Bakıdan gələn gənc müəllimi öldürmək istəyirlər. Sabit Orucov çox çətin anlar yaşayıb. Ermənistanda milli-şovinist əhvali-ruhiyyənin tüğyan etdiyi bir zamanda şagirdlər öz müəllimlərini quyuda gizlədib onun həyatını erməni quldurlarından xilas etmişlər.

Bakıya qayıdan Sabit 1928-1930-cu illərdə Azərbaycanın Xızı kəndində kolxozçu gənclər məktəbində müəllimlik etməyə başlayır. 1930-cu ildə Sabit Orucov Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olur. O, institutu Neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə əla qiymətlərlə (fərqlənmə diplomu ilə) bitirərək, dağ mühəndisi diplomunu alır. 1936-1939-cu illərdə Sabit Orucov Orcenikidzeneft trestində, kompressor stansiyasında mexanik, neft mədənində usta, baş mühəndis və müdir vəzifəsində işləmişdir. 1940-cı ilin dekabrında Sabit Orucov İ.V.Stalinin yanında keçirilən müşavirədə iştirak edir. Müşavirədə SSRİ-nin neft sənayesinin cari vəziyyəti müzakirə olunurdu. Moskvadan qayıdandan sonra Sabit Orucov yeni həvəslə və qüvvə ilə işə girişir, dərin neft quyularını mənimsəmək üçün orijinal aerasiya üsulu tətbiq edir ki, bu da sonralar onun namizədlik dissertasiyasının mövzusu olur. Həmin ilin yekunlarına görə 28 yaşlı Sabit Orucov "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunur.

Neft hasilatının artırılması, müdafiə üçün neft məhsulları və hərbi sursatların istehsalı üzrə dövlət tapşırıqlarının nümunəvi yerinə yetirilməsinə görə 30 illik yubileyində (1942-ci ildə) ona Lenin ordeni verilir. O dövrdə SSRİ Neft Nazirliyinin "narkomu" ("narodnıy komissar" - Xalq komissarı - indiki nazir) işləyən əslən bakılı Nikolay Konstantinoviç Baybakov Sabit Orucovu "Neft Bakısının ən görkəmli şəxsiyyətlərindən biri" adlandırırdı.

Sabit Orucov müharibədən sonra Orcenikidzeneft, 26 Bakı Komissarı, Buzovnaneft trestlərinin müdiri işləmiş və onları geridə qalanlar dəstəsindən qabaqcıllar sırasına çıxarmışdır. O, 1945-1947-ci illərdə Azneftkombinatın rəis müavini, Azneft və Krasnodarneft birliklərinin baş mühəndisi işləmişdir. 1947-ci ildə Azərbaycanın həm dənizdə, həm də quruda olan perspektivli sahələrində kəşfiyyat işlərinin cəmləşdirilməsi məqsədilə Azərneftkəşfiyyat birliyi yaradılır və onun rəisi Sabit Orucov təyin edilir. Birliyin əsas məqsədi bütün qüvvələri yeni perspektivli neft və qaz yataqları aşkar etmək, açıq dənizə çıxmaq və oradakı iri strukturlarda neft və qaz axtarışına başlamaq idi. Bu baxımdan Neft Daşları sahəsindəki dənizin səthinə çıxan və çoxdan geoloqların diqqətini cəlb edən təbii neft sızmaları olduqca maraqlı idi.

Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci il noyabrın 14-də olmuşdur. Həmin gün hava şəraiti çox pis - fırtınalı, bərk küləkli və yağışlı  idi. "Pobeda" adlı kiçik kəşfiyyat gəmisini idarə edən matroslar belə havada dənizin ortasında heç bir yanalma şəraiti olmayan kimsəsiz adaya yaxınlaşmağı təhlükəli hesab edirlər və geri qayıtmağı məsləhət bilirlər. Gəmidə üç görkəmli insanın -  Azneftkəşfiyyat təşkilatının rəhbəri Sabit Orucovun, respublikanın Əməkdar mühəndisi, SSRİ Dövlət Mükafatı laureatı, professor Ağa Qurban oğlu Əliyevin və tanınmış Azərbaycan geoloqu Əli Əliyevin olması gəmini idarə edənləri daha çox narahat edir. Ancaq işinin məsuliyyətini hər şeydən üstün tutan Sabit Orucov "biz bu gün fırtınadan qorxub geri qayıtsaq, sabah burada çalışan neftçilər necə işləyəcəklər?", - deyib gəmini  qayalara tərəf sürdürür və böyük çətinliklə mütəxəssislər kiçik bir adaya düşə bilirlər. Onlar mürəkkəb hava şəraitinə baxmayaraq, burada 1 saylı ilk quyunun yerini təyin edirlər, ilk qazma qurğusunu və qazma briqadası üçün ölçüsü 14 kvadratmetr olan evcik tikib,  radiostansiya qurub dənizlə sahil arasında müntəzəm əlaqə yaradandan sonra geri qayıdırlar.

Bir qədər sonra eksperiment kimi  həmin yerdə ilk quyunu qazmağa başlayırlar və 7 noyabr 1949-cu il tarixində Neft daşlarında 942 metr dərinlikli bir nömrəli quyu (Qala lay dəstəsindən) istismara daxil olur və bununla da, dənizdə neftçıxarmanın əsası qoyulur. Quyudan neft fontan vurur, gündəlik neft hasilatı 100 tondan artıq olur. Sabit Orucovun təklif və təkidi nəticəsində 1949-cu ildə dənizdə neft və qazçıxarmanın intensiv inkişafinı nəzərə alaraq, Dənizneft- qazlayihə DETLİ, Dərnəgül metal-konstruksiya zavodu, Zığda stasionar özül və estakadaların quraşdırılması bazası, dənizdə tikinti və təchizat məsələlərinin təşkilinə kömək məqsədilə Xəzərdənizneftdonanma tresti yaradıldı. Onun göstərişi əsasında İzmayıl neftdaşıyıcı kranquraşdırma gəmisi kimi istifadə edilməsi Neft Daşları rayonunda dənizin dərinliyi 10-20 metr olan sahələrində estakada və özüllərin tikilməsini sürətləndirməyə imkan vermişdir. 1949-cu ildə Sabit Orucov mühəndis Yusif Səfərovla birlikdə dənizin 20 metr dərinliyi üçün MOS sisteminin özlüyünü, dayaq blokunu layihələndirirlər, layihə dərhal tətbiq olunur.

1950-ci ildə "Azneft"in donanması artıq 32 ədəd üzən vasitələrindən ibarət idi. Neft Daşlarında zəruri bütün sənaye və yaşayış infrastrukturlu mədən tikintisi başlandı, Sabit Orucov və onun həmfikir həmkarlarının təklif etdikləri texniki yeniliklər o qədər orijinal və ölkəyə lazım idi ki, onlar görkəmli nailiyyətlər kimi qəbul edildilər. Dənizdə neftçıxarmanın pioneri olan Azərbaycanda bu sahənin infrastrukturunun inkişafına yönəldilmiş elmi-praktik ideyaların həyata keçirilməsinə geniş meydan açılmışdı.

Lakin dövr çox mürəkkəb, hadisələr gözlənilməz idi. 1937-ci ilin qanlı repressiyaları yeni qurtarmışdı, onun abu-havası isə hələ də qalırdı. İnsanlar hələ də səksəkə içində yaşayır, döyülən qapılardan, gələn dəvətlərdən, harasa, xüsusən də "yuxarılara" çağırılmaqdan çox ehtiyatlanırdılar. Belə hadisələrdən biri də Sabit Orucovun başına gəlib.  1945-ci ilin aprel ayında "Azneft" İstehsalat Birliyində işləyən Sabit Orucov Mərkəzi Komitəyə çağırılır. Mircəfər Bağırovun Azərbaycana rəhbərliyi dövründə gözlənilmədən və qəfil Mərkəzi Komitəyə "dəvət olunmaq" adətən xoşməramlı olmurdu.

Beləliklə, qeyri-müəyyən bir vəziyyətdə Sabit Orucov o dövrdə artıq ənənəvi sayılan "kiçik çanta"sına zəruri olan əşyalarını yığıb ("kiçik çanta"ya həbsxanaya, yaxud sürgünə göndərilən adamlar bəzi əşyaları toplayardılar) Mərkəzi Komitəyə yollanır. Onu bir neçə yüksəkçinli məmurun kabinetindən keçirirlər, sorğu-suala tuturlar. Nəhayət, qərar verilir ki, Sabit Orucov Moskvaya göndərilməlidir. Sabit Orucov başa düşür ki, onun "işi" Bakılıq deyil, "məsələ"sinə Moskvada "NKVD" baxacaq. Bəli, zaman belə idi, sərt və amansız. Moskvaya çatana kimi keçirdiyi iztirablar, həyəcanlar onun sonralar vaxtsız dünyasını dəyişməsinə gətirib çıxarır.

Yalnız bir neçə gündən sonra həyəcanlı anlar arxada qalır. Moskvada Sabit Orucova bildirirlər ki, o, SSRİ paytaxtına tarixi Qələbə paradında iştirak etmək üçün dəvət olunub...

Ancaq onun adı nəhayət, Mir Cəfər  Bağırovun qara siyahısına düşür. 1946-cı ildə "Azneft" birliyinin baş mühəndisi vəzifəsində işlədiyi zaman gözlənilmədən adı "xalq düşmənləri" sırasında hallanmağa başlayır. Gənc ikən aldığı yüksək mükafatlar, fəxri adlar, titullar çoxlarını qıcıqlandırırdı, Mir Cəfər Bağırov da bunlardan biri idi. Yalnız o vaxtlar SSRİ-nin cənub-qərb rayonlarının neft sənayesi "narkomu" olan Nikolay Baybakovun işə qarışmasından sonra Sabit Orucov Moskvada "Baş cənub-qərb neftçıxarma" şöbəsinə keçirilir və beləliklə, onun həyatı xilas edilir.

İkinci dəfə kinli, intiqam ala bilmədiyini unutmayan Mir Cəfər Bağırovun hiddətinə 1949-cu ildə düçar olur. Neft daşlarına görə Bakıda işləyən Sabit Orucov dənizdə baş vermiş şiddətli fırtına zamanı bir neçə özülün  dağılmasına görə ittiham edilir. Mir Cəfər Bağırov əlinə düşən imkandan yararlanmağa çalışır və baş vermiş hadisədə Sabit Orucovu günahlandırır. Moskvadan gəlmiş Neft Sənaye nazirinin müavininin  rəhbərlik etdiyi komissiya Sabit Orucovun günahsızlığını müəyyən edir. 1949-cu ilin dekabr ayında Xəzər dənizində neft və qaz yataqlarının kəşfiyyatı, neft-qaz çıxarılması və mədənlərin yaradılması məsələlərinin həlli üçün Bakıda Azərdənizneft birliyi, Moskvada SSRİ Neft Sənayesi Nazirliyi nəzdində "Başdənizneft" İdarəsi yaradılır və onun rəisi, eyni zamanda nazir müavini olan Sabit Orucov təyin edilir. Dörd il ərzində Xəzərdə neft hasilatı 1949-cu ildəki 797 min ton əvəzinə 2 milyon 984 min ton olur. Neft Daşları yatağının kəşf olunması və mənimsənilməsinə görə 1951-ci ildə böyük bir qrup mütəxəssislə birlikdə 39 yaşlı Sabit Orucova I dərəcəli Dövlət mükafatı (Stalin mükafatı) verilir.

Bu illər ərzində o, neft və qaz yataqlarının işlənməsi sahəsində tədqiqat işləri aparmış, hava vurmaqla (aerasiya ilə) dərin neft quyularının mənimsənilməsi üsulunu işləyib hazırlamış, dəniz neft yataqlarının, o cümlədən, Neft Daşlarındakı yataqların kəşfi və mənimsənilməsində bilavasitə iştirak etmiş və bir sıra iribloklu dəniz qazma əsaslarının konstruksiyasını təklif etmişdir. Onun fəal iştirakı ilə Qərbi Sibir, Orenburq vilayəti, Türkmənistan və Özbəkistanda bir sıra neft və qaz yataqları istifadəyə verilmişdir. SSRİ-də qaz sənayesinin yeni texnika ilə təchiz olunmasında, qaz hasilatının sürətlə artmasında onun böyük xidməti olmuşdur. Sabit Orucovun rəhbərliyi altında ölkənin qaz ilə təmin edilməsində vahid sistemin inkişafı və yüksəlməsi üçün böyük işlər aparılmışdır.

Təşkilatçılığı və dərin biliklərə malik olması ilə həmişə diqqət mərkəzində olan Sabit Orucov 1947-1949-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-1953 və 1955-1957-ci illərdə SSRİ neft sənayesi nazirinin müavini, 1957-1959-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-1962-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-1965-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və Qaz sənayesi üzrə baş idarənin rəhbəri, 1965-1972-ci illərdə SSRİ neft sənayesi nazirinin birinci müavini, 1972-1981-ci illərdə SSRİ qaz sənayesi naziri olmuşdur.

1957-1959-cu illərdə Sabit Orucov Azərbaycan SSR-nin Xalq Təsərrüfatı Şurasının sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyir. O, iki il müddətində ağır maliyyə vəziyyətində olan, öz inkişafında geridə qalmış bəzi sənaye sahələrinin fəaliyyətini canlandırır, tikintisi başa çatdırılmamış və konservasiyada olan müəssisələrin istehsalı nizama salınır, Sumqayıt sənaye kompleksinə, xüsusən sintetik kauçuk və boru prokatı zavodlarına çox diqqət yetirirdi. 1959-1962-ci illərdə Sabit Orucov SSRİ Nazirlər Soveti nəzdində Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifəsində işləyir. Mətbuat materiallarından məlumdur ki, hələ neft sənayesi nazirinin müavini olduğu dövrdə o, yanacaq-energetika kompleksinin tərkibinə dair dəqiq dövlət siyasətinin zəruriliyinə qəti əmin olmuşdu və hesab edirdi ki, neft sənayesinin "Sovnarxoz" mənzillərinə bölünməsi onun inkişafına böyük maneədir. Onun bu əsaslı fikri təsdiq olunur və bütöv bir nəhəng sahə dağıdılır. Onun yenidən bərpası üçün isə neftçi Sabit Orucovun biliyi və təcrübəsi, analitik düşüncəsi, perspektivi proqnozlaşdırma bacarığı lazım gəlir.

1965-ci ildə Qərbi Sibir yataqlarının mənimsənilməsində ciddi problemlərin olduğu bir vaxtda, həmin ərəfədə SSRİ neft sənayesi nazirinin birinci müavini vəzifəsində çalışan Sabit Orucov mövcud problemlərin həllini öz üzərinə götürmüş və qısa müddət ərzində onun rəhbərliyi altında yüzdən artıq yataq istismara verilmişdir. Artıq 1970-ci ildə Qərbi Sibir yataqlarından 250 milyon tondan artıq neft çıxarılmışdı. Tümen vilayətində neft hasilatının yüksək göstəricilərinə görə Sabit Orucov Lenin mükafatına layiq görülmüşdü.

1965-1972-ci illər Sabit Orucov SSRİ-nin Neft Sənayesi nazirinin birinci müavini işləyir. O, bu illər ərzində öz ideyalarını geniş tətbiq etmək imkanı qazanır, neftçıxarma sənayesinin inkişafi üzrə elmi əsaslandırılmış proqram və layihələr işləyib hazırlanır, neft və qaz yataqlarının işlənməsi üzrə vahid Mərkəzi komissiya yaradılır. Onun rəhbərliyi altında kəşflər və layihələr olmuş, Şimali Qafqazda, Tatarıstanda, Başqırdıstanda, Volqa-Ural hövzəsi ərazisində, Qərbi Sibirdə neft laylarının işlənməsi təkmilləşdirilmişdir. Orucovun ideyaları indi də Azərbaycanda, Qazaxıstanda, Ukraynada, Belarusda, Qərbi Sibirdə həyata keçirilir. O, 1967-ci ildə neftçilərin Meksikada keçirilən Ümumdünya Konqresində  "Dünyada neftçıxarma sahəsində inkişaf" mövzusunda əsas məruzəçi kimi çıxış etmişdir. Sabit Orucov məruzəsində dünyanın 43 ölkəsində neftçıxarmanın vəziyyətinin dərin analizini vermiş, dünya üzrə bütünlükdə ümumiləşdirilmiş göstəriciləri nümayiş etdirmişdir.

Arxiv sənədləri, şəxsi yaradıcılıq irsi, onun elmi əsərlərinin müasirləri tərəfindən qiymətləndirilməsi belə nəticə çıxarmağa imkan verir ki, Sabit Orucov üçün hər bir əvvəlki nailiyyət onun təbiətinin novatorluğunu izah etməkdən ötrü start meydançası idi. Baxmayaraq ki, bu, bəzi hallarda risklə əlaqədar idi. Onun bilavasitə iştirakı və rəhbərliyi altında öz geoloji quruluşuna görə iki müxtəlif işləmədə olan neft-qaz yatağında müxtəlif vaxtlarda təcrübi-sənaye yeraltı nüvə partlayışı həyata keçirilmişdi. Bu eksperimentin nəticələri sovet və dünya elmi üçün yeraltı nüvə partlayışlarının karbonatlı kollektorlara və onlarda olan karbohidrogenlərə, fəaliyyətdə olan mədənlərin qurğularına və kommunikasiyalara təsirinin xarakteri haqqında qiymətli elmi-texniki informasiya almağa imkan verdi. Sabit Orucovun Sibir uğurları Kremlin diqqətindən yayınmamışdı. Həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri olan Aleksey Nikolayeviç Kosıgin Orucova böyük ümidlər bəsləyirdi. O, ölkə üçün çox vacib sayılan bu sahənin ən iri və mürəkkəb layihələrini Sabit Orucova həvalə edəndə və Siyasi Büroda bu cür mürəkkəb məsələlərin həllinə ümidsiz yanaşılanda azərbaycanlı mütəxəssis bütün etimadları doğrultmağı bacarıb və təşkilatçılıq qabiliyyəti ilə ümidsizliyə qapılan Kreml məmurlarını təəcübləndirməyə də nail olmuşdu.

Bütün bunların nəticəsi olaraq 1972-ci ildə Kosıgin Sabit Orucovu Kremlə dəvət edib və onlar birlikdə Leonid İliç Brejnevin kabinetinə təşrif buyurublar. Bu görüşdə uzun-uzadı müzakirə olmadan Sabit Orucov SSRİ-nin qaz sənayesi naziri vəzifəsinə təyin olunur və ömrünün axırına kimi bu vəzifədə işləyir. Sabit Orucov ölkənin bütün qaz təsərrüfatını öyrənərək, sahənin köhnə idarəetmə sistemini dağıdır, nazirliyin bütün strukturlarında və bölmələrində inqilabi dəyişikliklər edir, beləliklə, ölkənin bütün qaz sənayesi əsaslı elmi-texniki yeniliklərə nail olur.

Sabit Orucovun rəhbərliyi ilə Qərbi Sibirin, Tümenin və Orenburqun nəhəng qaz yataqlarının istifadəyə verilməsi, çox güclü magistral qaz xətlərinin çəkilməsi, qazın emalı və saxlanılması müəssisələrinin inkişaf etmiş strukturunun, həmçinin mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması ilə öz miqyasına və istehsalat həcminə görə SSRİ-nin dünyada analoqu olmayan vahid qaz-təchizat şəbəkəsi yaradılır.

Uzun illər Novxanı kəndində sovet və kolxoz sədri, sovxoz direktoru işləmiş Hacı Əlikövsər Əlimədət oğlu öz həmyerlisini belə xatırlayır: "İnsanın yaxşısı xalqına xeyir verəni, onun qayğı və təəssüb çəkənidir. Rəhmətlik Sabit bu cür kişi idi. Yüksək dövlət kürsülərində əyləşdiyi vaxtlarda belə öz el-obasını unutmurdu. Respublikamızın xalq təsərrüfatına rəhbərlik etdiyi illərdə Sumqayıt şəhərinə gedərkən hər dəfə yolunu kənddən salar, camaatla görüşüb hal-əhvallaşar, nədən korluq çəkdikləri ilə maraqlanardı. Belə görüşlərin birində ehtiyaclarımız barədə ona məlumat verdim. Bir neçə müddətdən sonra kəndimizdəki yeganə səkkizillik məktəb təmir olunub orta məktəbə çevrildi. Sonra 640 yerlik ikimərtəbəli geniş və yaraşıqlı yeni orta məktəb binası ucaldıldı. Və ona Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüseynzadənin ("Mixaylo") adı verildi. Kəndimizin qız və gəlinlərini işlə təmin etmək məqsəd ilə köhnə məktəb binası 250 nəfərlik tikiş sexinə çevrildi. Aşağı məhəllədə yaşayan, evlərini və həyət-bacalarını su basmış 80 ailəyə kəndin yuxarı hissəsində, bağ yolunun kənarında yeni sahələr ayrıldı, onlar münbit torpaqlara köçürüldü və təbii qazla təmin olundu. "Əhəng yandırılan" sahədən kəndə 4 kilometr uzunluğunda boru kəməri vasitəsilə içməli su gətirildi.

İkinci Dünya müharibəsində həlak olmuş igid həmyerlilərimizə xatirə abidəsinin qoyulması, iki mağazanın, bir məişət pavilyonunun (12 yerlik) tikilib istifadəyə verilməsi, küçələrin və qəbiristanlıq yolunun asfaltlaşdırılması və s. o dövrdə görülən işlərdəndir.

Novxanı camaatı böyük həmyerlimizin xatirəsini əziz tutur. Əhalinin xahiş və təkidi ilə kəndin ən uzun və yeni küçəsinə Sabit Orucovun adı verilmişdir".

O, öz xalqı, həmyerliləri üçün də böyük işlər görməyi bacarmış vətənpərvər insan, unudulmaz şəxsiyyətdir. Məsələn, həmkəndlim olan Dilican Mirzəyev danışırdı ki, Moskva İnşaat İnstitutunun IV kursunda oxuyarkən bu institutda SSRİ-nın Neft Sənaye Nazirinin birinci müavini Sabit Orucovun tapşırığı ilə "Dənizneft sənayesi hidrotexniki qurğuları" adlı yeni ixtisas yaradılmışdı. Dilican Mirzəyev və bir neçə azərbaycanlı Sabit Orucovun köməyi ilə həmin ixtisasa keçirilmiş və 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Sabit Orucov onlara dərsləri öz kabinetində keçərmiş və ona görə də həmin qrupa "Nazirin qrupu" deyirmişlər. Sabit Orucovun dəstəyi ilə, 1968-ci ildə Moskvada aspiranturaya qəbul olunur, 1973-cü ildə onun rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edir. O dövrdə Moskva şəhərinə qeydiyyata alınmaq və işə düzəlmək çox çətin məsələ olsa da, Sabit Orucovun köməyi ilə Dilican VNİİQAZ adlanan (Ümumittifaq elmi-tədqiqat qaz institutu) böyük bir instituta laboratoriya müdiri vəzifəsinə təyin olunur. Həmin dövrdə Sabit Orucov SSRİ-nin Qaz sənayesi naziri vəzifəsində işləyirdi. Dilican Mirzəyev sonralar doktorluq dissertasiyası da müdafiə edib və VNİİQAZ-ın texniki mərkəzinin direktoru, Baş direktorunun Elmi İşlər üzrə müavini vəzifələrində çalışıb. İndi də həmin institutun dəniz şöbəsinin müdiri vəzifəsində çalışan Dilican Mirzəyev deyir ki, xəyalıma gəlməyən hadisələr oldu, Qərbi Azərbaycanın ucqar bir kəndində doğulmuş insan üçün  Moskvaya getmək özü problem olduğu halda mən Moskvada nəinki qeydiyyata düşdüm, hətta şəxsi mənzil aldım, dissertasiya müdafiə etdim, yüksək vəzifələrdə işlədim.  Hamısı o vətənpərvər və millət təəssübkeşi olan böyük insanın - Sabit Orucovun qayğısı ilə mümkün oldu. Sabit Orucovun qayğısı ilə ayaq üstdə durmuş həmvətənlərimizin sayı onlarla, yüzlərlədir.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan ailə dəyərlərinə yüksək qiymət verən Sabit Orucov vətənimizdən xaricdə ali mənsəb qazanmağı bacarmış nadir şəxsiyyətlərdəndir ki, nə valideynləri tərəfdən, nə də həyat yoldaşı və uşaqları baxımından başqa xalqlarla qohumluq əlaqəsi olmamış, təmiz türk qanı və istedadı, zəhməti, bacarıqları ilə SSRİ-nin ən yuxarı eşalonlarına  ucala bilmişdir. Dünyanın bütün ölkələrinə həyat yoldaşı Fatma xanımla birlikdə gedən böyük həmyerlimiz Sosialist Əməyi Qəhrəmanı fəxri adını alanda yüksək tribunadan qeyd etmişdir ki, bu adın yarısı Fatma xanımın payına düşür. Ailəsində Fatma xanımın dünyaya gətirdiyi beş qız böyümüşdür: Dilarə, Gülarə, Eleanora, Yuliyana, Rəqsanə. Həyatı qədər sevdiyi qızları onu dünyalarca sevər, bütün dünyanın tanıdığı ataları ilə fəxr edərdilər.

Azərbaycan mətbəxini çox sevən Sabit müəllimin incə zövqünü Fatma xanımın hazırladığı dadlı Bakı yeməkləri, xüsusən də düşbərə, qutab məmnun edərdi. Milli musiqimizin xiridarı olan görkəmli şəxsiyyət Bakıda olarkən mütləq Rəşid Behbudovun konsertlərinə gedər, Opera və Balet teatrında çox sevdiyi "Koroğlu", "Şah İsmayıl" tamaşalarına dəfələrlə baxarmış. Qızğın futbol azarkeşi, 60-cı illərdə Bakının "Neftçi" komandasının təəssübkeşi kimi onun bütün oyunlarına stadionda tamaşa edərmiş. Bakıya yolu düşəndə ilk getdiyi yer isə Novxanı kəndi, valideynlərinin dəfn olunduğu köhnə kənd qəbiristanı olurmuş.

Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, Sabit Orucovun ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətləri unudulmur. Dövlət başçımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il sentyabrın 20-də böyük həmyerlimizin 100 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalamış, həmin yubiley Gülüstan sarayında böyük təntənə ilə keçirilmişdir.

Bu gün Rusiyanın ən böyük qurumlarından biri olan Urenqoyqazprom onun adını daşıyır. İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin xüsusi uğurları olan əlaçı tələbələrinə Sabit Orucov təqaüdü verilir.

Onu bütün keçmiş Sovet İttifaqında əfsanəvi nazir, böyük insan, əsl peşəkar, xeyirxah ürəyə malik azərbaycanlı kimi xatırlayırlar. Bəli, məhz əfsanəvi... Sıravi ustalıqdan nazir kürsüsünə qədər pillə-pillə qalxan Sabit Orucov bu titulu gərgin əməyi, bacarığı, öz biliyinə və təcrübəsinə güvənməyi ilə qazanmışdı.

 





22.09.2023    çap et  çap et