525.Az

Rəşad Məcid də "əllinin qatarını" gözləyir...


 

Rəşad Məcid də "əllinin qatarını" gözləyir...<b style="color:red"></b> Əlli yaşın xəbərini gətirən çapar artıq yoldadır, sanılı günlər qalıb ki, o müjdənin mübarək sədasını sahibinə çatdırsın. Təzadlı, təlatümlü, bəzən hamar, bəzən də həzin ömür qisməti yaşayan qəhrəmanım ovqat, ruh adamıdır. Onun gündəlik əhval-ruhiyyəsini ətraf mühit, təbiət hadisələri müəyyən edir. Adicə bir sözdən alına, bütün günü o sözün təsiri altında yaşaya, ovqatı həmin o sözdən asılı ola bilər.

Söz yolunu illərdir ki, əriş-arğac edən, sevincini, xoşbəxtliyini, bir hovur dincliyini bu ünvanda tapan insan öz havasında yaşayır. Bundan gözəl nə ola bilər ki?! Ruhunun havası olmayan adamın başqasına da fayda verəcəyi, simsar olacağı mümkünsüzdür. İndiyə qədər sözün əlindən tutub, bir an da olsa əlini əlindən çəkməyib.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev səhər planlaşmada mənə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, yazıçı-şair, publisist, ictimai xadim Rəşad Məcidin əlli illik yubileyi ilə bağlı yazı hazırlamaq tapşıranda, nə gizlədim, əvvəlcə tərəddüd etdim. Rəşad Məcidin əlli yaşının olduğuna inanmadım. Onu həmişə gənc saymışam. Bu da yəqin ondan irəli gəlir ki, Rəşad müəllim həmişə cavanların arasında olur, həyatı, taleyi gənclərlə bağlıdır.

Deyirlər əlli yaş kişi həyatının ikinci baharının başlanğıcıdır. Bu da onu deməyə əsas verir ki, kişilərin ömrünün bir neçə baharı olur. Təbii, bu yanaşmaya münasibətlər fərqli ola bilər. Düşüncəmə görə, Rəşad Məcidinin ömrünün ikinci baharı başlayır. Mübarəkdir!

Rəşad Məcidin əlli yaşı avqustun 21-də tamam olacaq. Yubiley olduğu üçün ad günündən əvvəl onunla beş-on kəlmə kəsmək istədim, söhbətimiz telefon vasitəsilə baş tutdu. Üzbəsurət danışa bilməsək də, sözlərinin istiliyini, səmimiliyini telefonda da duymaq çətin olmadı. Emosiyaların idarə etdiyi Rəşad Məcid hiss-duyğu adamı olduğu üçün söhbətimiz səmimi ovqat üzərində kökləndi.

Rəşad müəllimdən soruşdum ki, əlli yaşı kişilərin ömrünün ikinci baharı sayırlar, Siz bu barədə nə düşünürsünüz?

Rəşad Məcid bildirdi ki, qırx yaşının tamamında yaşla bağlı daha dərin kompleks yaşayıb:

"Qırx yaşım tamam olanda daha çox kompleksim vardı. Düşünürdüm ki, artıq gəncliyi bada vermişəm, qocalıq qapımı döyür, demək qocalmışam. Bunu böyük ağrı ilə qarşılayırdım. Ancaq qısa müddətdən sonra baxıb gördüm ki, xeyr, belə deyil, qocalmamışam. İndi də əlli yaşım olur. Ancaq bu yaşa heç bir kompleksim yoxdur. Bəzən dostlarım mənə "əlli yaşında cavan" deyirlər, hətta barəmdə yazdıqları yazıları bu ovqata kökləyirlər. Özümü bu yaşda müxtəlif hallarda hiss edirəm. Bəzən mənə elə gəlir ki, 20-25 yaşım var, gəncəm. Ancaq elə hallar da olur, yaşlı-başlı, dünyanı yorub gəlmiş 1500 yaşlı qoca kimi hiss edirəm özümü. Bu, ovqatımdan asılıdır. Bir əsimlik meh də, uçan bulud da, günəş zərrəsi də, insanlardan gördüyüm kiçik bir sevgi də, yaxud hiss etdiyim pislik də, paxıllıq da ovqatımı müəyyən edə bilir. Daha çox emosiyalara bağlıyam. Hər şeydən tez təsirlənirəm".

Rəşad Məcid iki ailəyə başçılıq edir-öz ailəsi və "525-ci qəzet" ailəsi. Dediyinə görə, hər ikisinə sevgi və səmimiyyətlə yanaşır. 22 yaşında ailə həyatı quran, 28 yaşında isə "525-ci qəzet"i təsis edən Rəşad Məcid çox ləyaqətli ailə başçısı kimi borcunu yerinə yetirməkdə davam edir:

"Ailə mənim üçün çox qiymətlidir. 22 yaşımda ailə həyatı qurmuşam. Əvvəlcə düşünürdüm ki, tez evlənmişəm.

Ancaq sonra gördüm ki, lap vaxtında ailə qurmuşam. Üç oğlum var, bu yaxınlarda baba olmuşam. Birdən özümü oğlanlarımla yaşıd hesab edirəm. Həmişə bizə elə gəlirdi ki, baba olmaq üçün yaşlı olmalısan, qocalmalısan, elə deyil, yaşıdlarıma da baxıram, çoxu mənim kimi baba olub, ancaq cavandırlar. Ailə insanın möhkəm söykəndiyi, istinad etdiyi bir yerdir. Ailəmdə özümü güclü və xoöbəxt sayıram. Onu deyim ki, mən özüm də övladam və ata-anama uşaq kimi qayğı ilə, sevgi və ehtiramla yanaşıram. Onlar xəstələnəndə çox narahat oluram. Həm övladlarıma, həm də valideynlərimə həsslıqla yanaşıram. Özü də ki, bu işdən böyük zövq alıram. Ailədə hamıya sevgi və ehtiramla yanaşıram və qarşılığını da eyni cür alıram. Diktatorluğun tərəfdarı deyiləm, hər şeyi sevgi və ehtiramla etməyi sevirəm. Belə olanda səmimiyyət olur və işlər qaydasında gedir. Mülayim xarakterli adamam, qarşılıqlı hörmətlə, sevgi ilə idarəetməni sevirəm. İşim sevgi üzərində qurulub".

Rəşad Məcidi məhsuldar yazar olmasından daha çox gənclərin, gənc istedadların, ədəbiyyat adamlarının himayədarı kimi tanıyıram. O, indiyə qədər çoxlu sayda gənc istedada arxa-dayaq olub, "525-ci qəzet"in səhifələrində gənclərə meydan verib, bu gün də bir sıra gənclər öz maraqlı layihələri ilə qəzetdə görünür. Rəşad müəllim deyir ki, bu işdən zövq alır və gənclərin uğurlarına sevinir:

"1992-ci ildə "525-ci qəzet"in ilk sayını buraxanda təsisçi kimi gənclərə bir neçə cümləlik müraciət etmişdim.

Müraciətimdə üzümü gənclərə tutub bildirirdim ki, bu qəzet yaradıcı, istedadlı gənclərin qəzetidir və gənclər bizimlə əməkdaşlıq etsin. Həmin vaxtdan indiyə qədər istedadlı gənclərlə işləyirəm. Azərbaycan Yazıçılar Birliyində də gənclər üzrə katib vəzifəsində çalışıram. Burada da işim sırf ədəbi gəncliklə, istedadlı cavanlarla bağlıdır. Bu işə şövqümlə, sevgimlə, qayğımla bağlanmışam. İstedadlı adamlara dayaq olmaq lazımdır ki, onlar öz istedadlarını üzə çıxara bilsin. Bu işdən zövq alıram".

Söz aləminə şeirlə gələn Rəşad Məcidin ilk poeziya toplusu "Hələ ki, vaxt var" kitabıdır. Çoxsaylı publisistik məqalələrlə gündəmdə olan Rəşad Məcidin yazıçılığı da hər kəsə bəllidir. Məşhur "10 Sentyabr" hekayəsi ilə ədəbi mühitə səs salan yazarın bir müddət əvvəl "Dəlicəsinə" adlı esselər, publististika, hekayələr kitabı da çap olunub.

Rəşad müəllimlə söhbətimiz zamanı ona "siz özünüzü məhsuldar yazıçı sayırsızmı" sualını da verdim. Suala özünəməxsus səmimiyyətlə cavab verən yazıçı etiraf etdi ki, bir sıra bəlli məsələlər üzündən özünü yazıçılığa həsr edə bilməyib:

"Xeyr, özümü məhsuldar yazıçı hesab etmirəm. Yazıçı ömrü fərqli bir ömürdür. Gərək bütün gücünü, vaxtını yazıçılığa sərf edəsən. Bilirsiz ki, mənim ictimai fəaliyyətim də var, vaxtımın çoxu ora gedir.

Yazıçılar Birliyində də işim çoxdur, Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnforamsiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Müşahidə Şurasının, Mətbuat Şurasında isə İdarə Heyətinin üzvüyəm.

Mən öz həyatımı yazıçılığa həsr etmədim. Vaxtımı, zamanımı istedadlı yaradıcı gəncliyə dayaq olmağa, onları himayə etməyə, uğurlarına dəstək olmağa həsr etdim. Bu da mənim yaradıcılığımdır, işimdir".

Hörmətli qələm dostumuzu, gənc istedadların sarsılmaz dayağını, "525-ci qəzet"in baş yazarını - Rəşad Məcidi qarşıdan gələn 50 illik yubileyi münasibəti ilə "Bakı-Xəbər"in baş redaktoru Aydın Quliyevin və kollektivimizin adından təbrik edirəm. Rəşad müəllim, həmişə cavan qalasınız, ovqatınızı xoş, könül açan hadisələr, işlər təzələsin. Yubileyiniz mübarək!

Baki-xeber.com
İradə SARIYEVA
 





16.08.2014    çap et  çap et