Payız deyəndə çox vaxt adamı kədər ovqatı bürüyür. Payız aylarında havanın dəyişməsi, yarpaqların saralıb tökülməsi, gündüzlərin qısalıb gecələrin uzanması, günəş şüalarının istiliyinin zəifləməsi kimi dəyişikliklər istər-istəməz insanlara da təsir göstərir, mövsümi depresiya yaradır. Mütəxəssislər qeyd edirlər ki, payız depressiyası enerji itkisi, iştahsızlıq, yuxu pozğunluğu, halsızlıq kimi hallarla özünü büruzə verir. Bəzi hallarda dəyişikliklər daha da şiddətlənir. Adətən payız depressiyası simptomları payızın sonunda və ya qışın əvvəlində başlayır, yaz ayların doğru isə get-gedə azalır.
Psixoloqlar böyüklərdə payız depressiyasının köklərini müxtəlif nəzəriyyələrlə əsaslandırırlar. Lakin ən əsas səbəb kimi insanların yayda günəş işığının çox qəbul etməsi və payızda bunun azalması göstərilir. Günəş işığı beynin hipotalamusda yerləşən, yuxu rejimi, ürək və qan təzyiqi, iştah, çəki tənzimləmə kimi funksiyalarda mühüm rol oynayır, nüvə sahəsinə müsbət təsir göstərir. Mövsümi affektiv pozğunluğunda yuxuya təsir edən əsas kimyəvi maddənin - melatonin də rol oynaması istisna olunmur. Araşdırmalar göstərir ki, gənclərin mövsümi depressiyalarla qarşılaşmaq ehtimalı daha yüksəkdir. Soyuq havalarda insanlar daha çox qapalı məkanlarda vaxt keçirir, ətraf mühitlə az təmasda olur ki, bu da sosial izolyasiya və tənhalıq hisslərinin yaşanmasına gətirib çıxarır. Eyni zamanda belə havalarda insanlarda fiziki aktivlik az müşahidə olunur. Qidalara gəlincə, payız aylarda insanlar daha çox karbohidrat və ya şəkərli yeməklərdən imtina edirlər ki, bu da emosionallığın artmasına səbəb olur. Bəzi insanlar isə genetik olaraq mövsümi duyğusal dəyişikliklərə meyillidirlər.
Arizona ştatı Tibb Universitetinin tədqiqatçıları qeyd edirlər ki, nəmişlik, küləkli hava depressiyaya gətirib çıxarır. Mikroskopik göbələklərin rüşeymləri torpaqdan isti otaqlarda yığılır və evin mühitini dəyişdirir. Bu, allergiyaya, təngnəfəsliyə, baş ağrısına, göz və dəri xəstəliklərinə gətirib çıxara bilər. Nəmişlik yuxuya mənfi təsir göstərir, iştahı azaldır və insanın əhvalını pozur. Bunlar isə depressiyanı yaradan əlamətlərdəndir. Payız depressiyası həyat fəaliyyətinə ciddi şəkildə təsir göstərəndə psixoloq və ya psixatra müraciət etmək lazımdır.
Payız depressiyasından qurtulmaq üçün hər gün açıq havada gəzmək, xüsusilə səhər saatlarında günəş şüaları qəbul etmək məsləhətlidir. İdmanla məşğul olmaq da depressiyadan qurtulmağın əsas vasitələrindən sayılır.
Dietoloqlar bildirirlər ki, belə anlarda yüksək kalorili şəkərli yeməklərdən imtina edib təbii və sağlam qidalara fokuslanmaq lazımdır.
Stressi azaltmaq üçün meditasiya və ya yoqa ilə məşğul olmaq məsləhətlidir.
Psixoloq Samirə Bağırova "525"ə açıqlamasında payız depressiyasının psixi pozğunluqdan deyil, emosional əhval-ruhiyyənin, sevinc hissinin azalması nəticəsində baş verdiyini bildirir: "Sevinc hissinin azalması serotanin hormonunun səviyyəsinin aşağı düşməsi ilə əlaqəlidir. Buna səbəb isə yay ayında dərimizin D vitamini ilə qidalanması və anidən yağışlı, tutqun hava mühitinə keçid etməsidir. Bəzi həssas insanlarda depressiv hal daha da dərinləşir. Məsələn, sürətli ürək döyüntüsü, təzyiqin artması, tərlənmə, mədə və bağırsaq funksiyasının pozulması, iştahsızlıq, çəkinin qəfil dəyişməsi, baş ağrıları, gecə tez-tez oyanma halları ola bilir. Bu vəziyyətdə qidanı tənzimləmək, pəhrizə keçmək, kofein tərkibli və energetik içkilərdən uzaq durmaq, fiziki aktivliyi artırmaq, iş saatını azaldıb istirahət etmək mütləqdir. Əlbəttə ki, bu sadalananlar yalnız hiper həssas insanlara aiddir".
Havar ŞƏFİYEVA