525.Az

Sabahın şairi


 

MURAD QOÇUOĞLUNUN 60 YAŞINA

Sabahın şairi<b style="color:red"></b>

Hər hansı bir şair haqqında yazanda, çətinlik onda başlayır ki, ilk abzası seçə bilmirsən. Yazının əsas girişi abzasdı və o da ola ki, əlində bir neçə abzas ola, sən də seçim qarşısında qalasan.

Murad Qoçuoğlu abzasının biri odur ki, gənclik illərində (İmişlidə yaşadığımız vaxtlar) Muradgilə gedəndə gərək uzun və həm də hündür dəmir yol körpüsündən keçəydim. Bu da bir kənd uşağı kimi mənim üçün maraqlıydı. Xüsusən, körpünün tən ortasında dayanıb ilan kimi şütüyən qatarlara baxmaq və qəfil qatarların birinin belinə tullanmaq hissi məni heç vaxt tərk etmirdi. Mənim üçün Murada yol bu körpüdən başlayırdı.

O üzdə Muradın atası vardı, qardaşı - adaşım Qəşəm vardı, ata evindən bir az aralı, Muradın muzeyə oxşayan kiçik bir otağı vardı, mənim üçün bu otaq əsl yaradıcılıq məbədi idi.

İkinci bir abzas o idi ki, mən Muradı təkcə körpüdə yox, rayon qəzeti redaksiyasının giriş qapısında da gözləyə bilərdim. Bu da körpü kimi bir şey idi, yəni burda da Murad bizə körpü rolunu oynayırdı, şeirlərimizi qəzetdə çap etdirirdi.

Bir abzas da bu idi ki, Murad həmişə məsul vəzifələrdə işləyib, məmur qapısını ürəklə döyməyi də bizə o öyrədib, deyirdi, mənim qapımı həmişə döymədən girin içəri. Biz kənd uşaqları qürur hissi keçirirdik ki, bizim də yuxarıda tanışımız var, biz də artıq dövlət idarələrinə sərbəst gedib-gələ bilirik.

İstər körpünün o üzü olsun, istər bu üzü, istərsə də kabinetlər, hamısı bizə doğma idi, çünki orda şair vardı, şairin şeiri vardı və biz də həmin şeirin bir hissəsi idik. Ona görə indiyə kimi, nə Murad ayrıldı bizdən, nə də biz Muraddan.

Muradı bizə sevdirən səmimiyyəti, saflığı, qayğıkeşliyi idi. Ən başlıcası, şeirlərində yenilik, axtarış, orijinallıq bizi ona daha çox bağlayırdı, Murad şeirdə özünü mükəmməl şair kimi təqdim edə bilirdi. Həyatda öz yerini bilən adamlar şeirdə də öz yerini dəqiq tapa bilirlər. Murad harda dayanırsa, demək, ədəbiyyat ordadı, heç vaxt ondan sənə ziyan gəlməz, yəni sənə o tərəfdən soyuq dəyməz.

Açığını deyim ki, mən insandan, yəni dostdan tez ayrılanam, yəni mənim ipimin üstündə odun çox dayanmır. Ancaq Murad kimi dostdan ayrılmaq mümkün olmadı. Çünki Murad ruh adamıdı, şeir adamıdı, hətta onun yaradıcılığının və həyatının, yuxarıda dediyim kimi, bir neçə abzası var ki, heç vaxt ondan keçə bilməzsən. Birincidən keçsən də, ikincidən keçə bilməyəcəksən. Yəni dostluq, etibarlılıq Muraddan başladı. O, sanki bu abzasları ona görə çox qoyub ki, birində mümkün olmayanda, o birisində hökmən mümkün olsun. Elə şair, elə dost var ki, bir dənə də olsun abzası yoxdu, qapı-bacanı bağlayıb oturub içəridə.

Murad Qoçuoğlunun həm şeirlərini, həm də abzaslarını əyrü-üyrü küçələrə bənzədərdim. Çünki onun şeirlərinin hər misrasında ayaq saxlayıb dayanmaq olur. Metoforalar, təşbehlər, senexdoxalar, litotalar, təkrirlər, frazeoloji, ismi və feili birləşmələr o qədər zəngindir ki, istər-istəməz dayanmalı olursan. Şeirin həm fiziki quruluşu, həm də daxili enerjisi başını elə qatır ki, nəticədə sən də həmin duyğulara qarışıb gedirsən.

Muradın şeirlərində Azərbaycan dili morfologiyası və sintaksisinin zəngin bazası var. Bu şeirlərdən tələbələr kurs işi yaza bilər, gənc alimlər namizədlik dissertasiysı da yaza bilər, hələ doktorluq işi də. Onun yaradıcılığı elmi işlərə, tənqidi məqalələrə, təhlilə, tədqiqə imkan verir, çünki şeirlərində, təhlil, tədqiq etmək üçün külli miqdarda mətnlərarası əlaqə və abzaslar var.

Zaman və məkan anlayışları Muradın şeirlərində qabarıqdı, hətta şeirin harda və günün hansı saatında yazılmasını hiss edə bilirsən. Bu, hissin reallığı və həqiqətidir. Burada romantikadan söhbət gedə bilməz, hisslər riyaziyyatdır, vəssalam.

Lap yadımdan çıxmışdı... Bu il əziz dostum, gözəl şair Murad Qoçuğlunun 60 yaşı tamam olur. Şair qardaşımı bağrıma basıb ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!

 

 

 





22.09.2023    çap et  çap et