525.Az

Ölümsüzlərin abidəsi


 

Ölümsüzlərin abidəsi<b style="color:red"></b>

Qarşımda bir kitab var... Üç gündür ki, bu kitaba baxa-baxa dünyanın gəlimli, gedimli olduğunun fərqinə varıram... Elə bil ki, dünyanın məhz bu cür etibarsız olmasında bir az mənim də günahım var... Təbii ki, bu, mənim daxili yaşantımın qənaətidi... Əslində isə dünyanın öz sahibi var və nə mən, nə də mənim kimi milyardlar bu dünya ilə bacarmayıb, onun yolunu, qayda-qanununu dəyişməyib... Çünki o qüdrət, o haqq bizə aid deyil... Biz sıradan olah bəndələrik!

Əslində üç gündür məni düşünməyə vadar edən kitab barəsində azacıq məlumatım var. Onu da əzizim Emil Faiqoğlu öz imzalı informasiyası ilə oxuculara, o cümlədən, mənə də çatdırıb. Və bilmişəm ki, 44 günlük Böyük və Zəfərli VƏTƏN savaşının Şəhid - ölümsüzlük zirvəsinə yüksəlmiş Elçin Tehran oğlu barəsindədi bu kitab...

Şəhidlərimizlə bağlı çox oxumuşam... özüm də çox yazmışam... və bu, hamımızın mənəvi borcudu! Unutmamaq və Yaşatmaq bizlərin onların ruhu qarşısındakı ən böyük vəzifəsidir. Bunu gözəl anlayıram. Onu da bilirəm ki, hər bir şəhid ayrılıqda bir planetdi - onu kəşf etmək, öyrənib tanıtmaq isə onları yaşatmaqdı!..

Qarşımda olan kitabın məni özündən uzağa buraxmayan səbəblərindən biri, daha doğrusu, birincisi üz qabığındakı şəkildi. Həmin şəkildə Elçin məna dolu, ağıllı gözləri ilə çox, lap çox uzaqlara baxır... Sanki sonsuz bir yolun kələfini çözməyə səsləyir bizi! O baxışdakı məna o qədər sirli və düşündürücüdür ki, onu yalnız barıt qoxusunu duyan, səngər torpağını qəzəbindən xışmalayan və çiyindaşının nəşini sinəsinə sıxıb hönkürənlər daha dəqiq oxuyub anlaya bilər. Bəxtimə Birinci Qarabağ müharibəsini keçmək düşdüyündən ifadə etdiyim duyğuları Elçinin gözlərinə baxdıqca təkrar yaşayıram... Və hətta, mənim inancıma görə (Bu barədə yazılarımda da hər zaman vurğulamışam - Ə.M.) şəhidlərin baxışları heç vaxt bizim üzərimizdən çəkilmir! Əksinə, onlar ruhun gözləri anlamında bizi izləyir... bizi yönəldirlər...

Elçinin doğmalarını da, doğulduğu kəndi də, ocağı da, ailəni də yaxşı tanıyıram... Bu səbəbdən də əməkdar jurnalist Faiq Qismətoğlunun "Dünyanın o üzü" kitabını oxuyanda dayanıb nəfəs dərmədim. Ona görə ki, tanış, doğma mənzərə... sözlər... səslər... Sanki bu kitabdakı mətni mən kağıza köçürürəm... İnanın, dərd mənə doğma olduğundan mən kitabın vərəqlərini çevirdikcə o mətnləri səs kimi, söhbət kimi eşidib dinləyirdim... Ana fəryadının "Elçinə və yanındakılara dualar göndərirdim... dualar" yanğısı, "Evimin çırağı oğul" - deyən ata dəyanəti, "Məni hər kəs sənə bənzədir!" - söyləyən qız övladının hıçqırtısı, "Atam nə vaxt gələcək?" sualından yayınmağa çalışan ömür-gün yoldaşının solğun çöhrəsi... mənə canlı səs kimi hopurdu... Məhz bu səbəbdən də mən Elçin barəsində istər ailə üzvlərinin, istər qohum, dost, əsgər yoldaşları, müəllimləri,.. ümumiyyətlə onu tanıyanların söylədikləri ürəyimdə əbədiyaşarlıq işığı kimi alışır... Bu alışma da məndə böyük bir əminlik inamı yaradır. Yəni bu da Elçin Tehran oğlunun, eləcə də bütün şəhidlərimizin əbədi yaşayacaqlarına olan inamdı!

Faiq Qismətoğlunun "Dünyanın o üzü" adlandırdığı bu kitab dünyanın bu üzündən danışır... Elə danışa danışa da məkanları CƏNNƏT olan şəhidlərin, qazilərin tarixi missiyasını oxuculara, yəni bizə xatırladır. Müəllif vurğulayır ki, "...şəhidlər bizim çiynimizdən ağır bir yükü götürdülər. O yükü ki, 30 ildir çiynimizdə idi, çəkə bilmirdik. O yük tarixə qovuşdu və şəhidlər bir günəş kimi dünyamıza, Azərbaycanımıza işıq saçdılar. O günəşdən biri də Elçin Tehran oğlu Süleymanovdur". Bəli, bu, dəqiq ifadə edilmiş həqiqətdir - Sönməyən günəşdi ŞƏHİDLƏR!

Mən bu kiçik yazımla Elçin üçün ucaldılmış söz abidəsinin dəyərli olduğunu və onun xidmətlərini gələcək nəsillərə çatdıracağına inadığımı da xüsusi qeyd etmək istəyirəm! Ona görə ki, Qəhrəmanlarla bərabər Qəhrəmanlıq da ölmür!

 





22.09.2023    çap et  çap et