Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətləri ilə "ağıllı kənd təsərrüfatı" sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
525.az bu barədə nazirliyə istinadən xəbər verir.
İmzalanma Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, KOTRA, İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı çərçivəsində baş tutub.Tədbirdə Koreya şirkətləri tərəfindən “SmartFarm texnoloji tətbiqinin təqdimatı”, “Cloud sistemi” və digər mövzularda təqdimatlar keçirilib.
Tədbiri giriş sözü ilə açan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, institut olaraq daim beynəlxalq təşkilatlar, elm müəssisələri ilə əməkdaşlıq edilir və beynəlxalq təcrübənin ölkəmizdə heyvandarlığın inkişafı üzrə tətbiq olunmasında əsaslı addımlar atılır.
Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev qeyd edib ki, Göygöl rayonu ölkəmizdə heyvandarlıq sahəsində önə çıxan rayonlardan biridir. Son illərdə artan göstəricilərlə birlikdə, yeni innovasiyaların tətbiqi heyvandarlığın inkişafında daha da mühüm rol tutacaq.
KOTRA-nın Bakı nümayəndəliyinin rəhbəri Kyekvon Co vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə Cənubi Koreya hökumətinin dəstəyi ilə şirkət və müəssisələrin qabaqcıl təcrübələrinin Azərbaycanda tətbiq olunmasında KOTRA olduqca maraqlıdır. Bu gün baş tutan sınaq layihəsi gələcəkdə baş tuta biləcək geniş miqyaslı layihələrin təməlini qoyur.
Qeyd edək ki, cari ilin aprel ayından başlayaraq KOTRA ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər keçirilib.