525.Az

AAK avtoritar yox, kollegial qurumdur - Nizami Cəfərov yazır


 

AAK avtoritar yox, kollegial qurumdur - <b style="color:red"> Nizami Cəfərov yazır</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının son illərdəki fəaliyyəti Azərbaycan elminin müasir tələblərə cavab verəcək bir səviyyəyə yüksəltmək kimi mütərəqqi ideallara xidmət etsə də, bəzi dairələrdə və ya elmətrafı kluarlarda  yerli-yersiz söz-söhbətin meydana çıxması ilə müşayiət olunur ki, bunu bir həddə qədər təbii saymaq lazım gəlir. Hər şeydən əvvəl ona görə ki, elm quruculuğunun kökündən  həll etməli olduğu  intellektual, psixoloji və etik-əxlaqi problemlər yalnız elmi ictimaiyyətin deyil, bu və ya digər dərəcədə bütün cəmiyyətin diqqət mərkəzindədir. Məlum olduğu kimi, ali təhsilin əvvəl bakalavr, sonra isə magistratura səviyyəsini başa vurmuş şəxslərin çox az qismi "böyük elm"lə məşğul olmaq üçün doktoranturaya imtahan verir ki, əslində, bu cür iddiaçıların nə dərəcədə elmə  layiq olduqları ilk növbədə  həmin dövrdə  müəyyənləşdirilməlidir. Doktoranturaya qəbuldan sonra isə üç- dörd il müddətində kifayət qədər vaxt var ki,  həm iddiaçı-dissertant özünü elmi ictimaiyyətə göstərsin, həm də elmi ictimaiyyət onun istedadına, səviyyəsinə bələd olsun.

Doğrudur, dissertasiya müdafiə etmək qərarına gələn hər bir kəs müəyyən "maneələr"dən keçir. Ancaq bu "maneələr", təəssüf ki, bir çox hallarda dissertantı elm adamı olaraq yetişdirmir... Və təsadüfi deyil ki, AAK-dan narazılıqların böyük bir qismi, mahiyyət etibarilə, buradan irəli gəlir. "İşim elmi seminardan uğurla keçib, görkəmli alim-mütəxəssislərin üzvü olduğu müdafiə şurasından da əksəriyyətin səsini almışam, ancaq AAK-ın ekspert şurasında köhnə bazara təzə nırx qoyub, elə suallar verirlər ki, adamın bildiyi də yadından çıxır" deyənlər anlamalıdırlar ki, müdafiə etdikləri  dissertasiya işi onların konkret bir mövzu üzrə deyil, bu və ya digər elm sahəsində mütəxəssis olduqlarını göstərir. Və ona görə də ekspert şurasında "əlavə suallar"ın verilməsi dissertantın potensialını üzə çıxarmaq, seminarlarda, eləcə də müdafiələrdə buraxılmış səhvləri aradan qaldırmaq məqsədini izləyir. Əgər AAK da liberallıq göstərib növbəti (əslində, həlledici!) səhvi edəcəksə, onda belə bir quruma ümumiyyətlə ehtiyac olmazdı.

Mən AAK-ın o "tənqidçilər"i ilə razılaşıram ki, dissertant müdafiə şuralarından elə keçməlidir ki, əlavə yoxlamaya o qədər də ehtiyac olmasın.  Ancaq nə edək ki, mövcud təcrübə hələ AAK-ın ekspert şuralarını tam gücü ilə işləməyə vadar edir.

Elm adamlarının bir-birini tanıması, ünsiyyəti baxımından Azərbaycan Respublikası elə də hüdudsuz məkan deyil. Fəlsəfə doktorluğu müdafiə edən gənc tədqiqatçılar yaxşı tanınmasalar da,  elmlər doktorluğu üzrə iddiaçıların səviyyəsi elə əvvəldən həm müdafiə, həm də ekspert şurasının üzvlərinin, demək olar ki, hamısına məlumdur: müdafiə şuralarında müəyyən həmkarlıq hisslərinin doğurduğu subyektiv "qayğıkeşlik"lə ekspert şuralarında daha çox elmin mənafeyinə xidmət edən obyektiv "sıxışdırma" üz-üzə gəlir. Əgər müdafiə şuraları elmə çox layiqli namizədlərlə yanaşı, hələ yetişməmiş, yaxud heç vaxt yetişməyəcək "namizədlər"i də tövsiyə edirlərsə, onların qarşısını ekspert şuraları (AAK)  almalıdır... Və odur ki,  müdafiə şuralarının ekspert şuralarından daha mötəbər olmaları barədəki geniş yayılmış fikrə ehtiyatla yanaşmaq lazım gəlir.

Əlbəttə, müdafiə şuralarına çox ciddi bir mesajdır ki, şuraya daxil  olan əsərlərin (və dissertantların) elmi  səviyyəsinə ciddi yanaşsın, obyektiv qiymət versin. Əgər həmin əsərlərin (və dissertantların), demək olar ki, hamısı müdafiədən yekdilliklə keçirsə, bu, şübhə doğurmaya bilməz. Və bu cür işlərin böyük bir qisminin ekspert şuralarından (AAK-dan) keçməməsinin səbəbi də, elə bilirəm ki, kiməsə qaranlıq, yaxud mübahisəli görünməməlidir.

Əminliklə deyə bilərəm ki, AAK-da aparılan əsaslı dəyişikliklər (mən "inqilabi" deyib "tənqidçilərimiz"i tamamilə həvəsdən salmaq istəməzdim), əlbəttə, hər nə qədər intellektual, müasir dünyagörüşlü, işgüzar bir şəxs olsa da, yalnız sədr Famil Mustafayevin  xidməti deyil. Həmin dəyişikliklər Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi elm siyasətinin üzvi tərkib hissəsidir ki, burada AAK-ın İdarə Heyətinin, Kollegiyasının, hər bir əməkdaşının zəhməti vardır.

Sədrin fəaliyyətini ayrıca "müzakirə"yə çıxaranlar gərək unutmasınlar ki, Ali Attestasiya Komissiyası avtoritar yox, kollegial qurumdur. Və burada ən kiçik məsələyə də birlikdə baxılıb qərarlar ümumi razılaşma əsasında (və mövcud qanun- qaydalara uyğun olaraq!) qəbul edilir. 

 





25.09.2023    çap et  çap et