525.Az

Yas mərasimlərində ehsan süfrəsi - Aytac Sahəd yazır


 

OLSUNMU, OLMASINMI?

Yas mərasimlərində ehsan süfrəsi - <b style="color:red"> Aytac Sahəd yazır</b>

Şərur rayonunun Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Yəqin ki, bu xəbərdən bir çoxlarınız halisiniz. Kənd sakinlərinin bu qərarı böyük marağa səbəb olmaqla yanaşı, həm də cəmiyyətin böyük hissəsinin təqdirini qazandı. Məsələ ətrafında gedən müzakirələrdə hərə öz yanaşmasını bir cür əsaslandırdı. Kimi xalqın kasıb təbəqəsini düşünərək bu addımı dəstəklədi, kimi də yas mərasimlərinə yalnız yemək üçün gedən adamların ümumiləşdirilmiş obrazına istinad etdi. Əlqərəz, məlum oldu ki, çoxunun bu mövzuda deyəcək sözü var. Belə də ki, düz sözə nə deyəsən? Adamlar etirazlarında haqlıdırlar, fəqət hara qədər, yaxud da nə qədərində?

Bu məsələ ilə bağlı oxuduğum yazıların, eşitdiyim fikirlərin çoxunda, təxminən, belə bir cümlə keçirdi: "İmkan vermirlər, ölü sahibi dərdini çəksin". Məncə, əsas düyün nöqtəsi məhz bu cümlədədir. Gələn-gedən, lap elə acgözlüklə ehsan gəzən adamlar da imkan vermir, ölü yiyəsi dərdi ilə baş-başa qalsın. Bəlkə elə ən yaxşısı budur?

Yaxın adamın itkisi tərifi olmayan bir ağrıdır. Bu, sondur, ölümdən o tərəfi yoxdur axı. Ölümlə barışmaq qızla ayrılmaq deyil ki, üç-beş gün qəmli mahnıya qulaq asıb ağlayasan, keçib gedə. Canından, qanından olan balanı itirmək, səni boya-başa çatdıran ananı, atanı itirmək, bir yastığı bölüşdüyün ömür-gün yoldaşını itirmək... Təsəvvür elə, hər küncündə bir xatirəsi, hər otağında bir əşyası olan ev həmin sakinini birdəfəlik yola salır. O atəşin yanğısı da, tüstüsü də ən çox o evin sakinlərini incidir.

Boşuna demirlər ki, od düşdüyü yeri yandırar. Həmin yanıqlardan qalan yaralar başqa yaralara bənzəmir, başqa yaralar kimi tez sağalmır. Bu dərdlə tək qalmaq sizə asan gəlməsin.

Psixologiyada yasla əlaqədar ruhi vəziyyətin beş dalğası göstərilir: Əvvəlcə şəxs yaxın insanının ölümünü qəbul etmək istəmir. Bu mərhələ inkar-təcrid adlanır. İkinci mərhələdə üsyan edir. Sonra hesablaşma dövrü başlayır. Mərhumla yaşananları xatırlayıb, ona dediyi hər acı sözün haqq-hesabını aparır. Təbii ki, bu mübarizə asan ötüşmür, yaşananlar depressiya ilə özünü göstərir. Nəhayət, sonda gerçəyi qəbul etməkdən başqa çarə qalmır.

Bir də təsəvvür edin ki, bir insan bu mərhələləri təkbaşına keçir. Özü də bizim kimi emosional bir xalqın nümayəndəsi.

Ehsanla bağlı oxuduğum yazıların birində belə bir fikir vardı: "Yas mərasimlərindəki dəyişikliklər təkcə ehsanla qalmamalı, yas mərasimləri daha az insanı əhatə etməlidir. Məsələn, avropalılar kimi ölünü basdır, çıx gəl evinə. Üç-beş başsağlığı, vəssalam. Sakitcə öz dərdini çək".

Maraqlıdır ki, mən buna bənzər fikirləri başqalarından da eşitmişəm. Hamısına da xeyli təəccüblənmişəm. Ümumiyyətlə, xalqın bəyənmədiyi ixtiyari bir adətindən istənilən vaxt imtina edə biləcəyini düşünən adamların yanaşması həmişə mənə qəribə gəlib. Adət-ənənə bir günün içində yaranmır ki, bir günə də sıradan çıxsın. Hər bir adət xalqın psixologiyasından coğrafiyasına qədər bir çox amillərlə bağlı olur. Sən axı soyuqqanlı alman deyilsən, niyə özünü olmadığın kimi aparasan?

Ən əsası, bir çox detalları sorğulayanda görürsən ki, hər şey göründüyü qədər bəsit deyil. Bir çox ritualın tutarlı bir açıqlaması, yaxud da incə bir şərhi mütləq var. Məsələn, adətə görə, yas məclisində olan adamlar istədikləri vaxt məkanı tərk etməz, gözləyərlərmiş ki, içəri kimsə daxil olsun, ondan sonra getsinlər. Məqsəd də bu imiş ki, yası düşən adam iki dəfə qalxıb, əziyyət çəkməsin, yeni gələni qarşılayan zaman köhnələr də sağollaşıb getsinlər. Bu qədər incə məqamları nəzərə alan bir xalqın günlərlə ölü sahibini əziyyətdə qoymaq, ondan ehsan tələb etmək iddiası heç ağlabatan deyil.

Məsələ ilə bağlı müraciət etdiyim mənbələrdə gümanımdan da artığını gördüm. Onlardan bir neçəsini sizinlə bölüşmək istəyirəm.

Etnoqrof-alim Solmaz Məhərrəmova yazır: "Bölgələrdə yas mərasimi ilə bağlı bir sıra adətlər mövcud olub. Hər hansı bir ailədə ölü düşəndə kənd camaatı ev yiyəsinə heç bir çətinlik vermədən bu dərdə şərik olur, köməklərini əsirgəmirdilər. Kəndin kişiləri qəbiristanlığa gedib qəbir qazırdılar. Yas mərasimi təsərrüfat işlərinin qızğın vaxtına təsadüf etdikdə həmin evin əkin sahəsini şumlayır, yaxud otunu biçib taya vurur, məhsulunu yığır, heyvanlarını rahatlayırdılar. Yaslı evin adamları 40 gün ərzində heyvan nobatına getmirdilər. Bütün bu işləri yas yiyəsinin iştirakı olmadan həyata keçirirdilər. Yas evinin yaxın qonşuları və qohumları 3-4 gün ərzində duru xörəklər bişirərək mərhumun ailə üzvlərinə yedizdirirdilər. Kəndin qız-gəlinləri bulaqdan yas evinə səhənglərlə su daşıyır, sac asıb çörək bişirir, evi, həyət-bacanı səliqəyə salırdılar. Bayram günlərində isə hər ailə ayrıca olaraq yaslı evə gəlib sovqat gətirir, evdəkilərə təsəlli verirdilər.

Kəlbəcərlilər bayramda kənd ağsaqqalları ilə yaslı evə gedər, əvvəlcə həmin evdə qazan asdırar, sonra isə başqa evlərdə bayram yeməyi hazırlanardı. Novruz bayramında isə kəndin bütün evləri gözləyərdilər ki, birinci olaraq yaslı evin həyətində ocaq qalansın. Bundan sonra bütün həyətlərdə Novruz tonqalı yandırardılar.

Laçının yaşlı sakinlərinin dediyinə görə, mərhumun öldüyü gün ehsan verilər, qırxında, eləcə də ilində halva və kəsilmiş heyvanın əti evlərə, hətta qonşu kəndlərə də paylanardı. Hər yuxanın içərisinə 250-300 qram miqdarında halva bükülüb xurcuna yığılar, ata yükləyib qonşu kəndlərdə ev-ev ehsan kimi verilərdi.

Füzulidə yas evinə qonşu və qohumların kömbə, halva, 50-60 ədəd soyutma yumurta, təndir çörəyi bişirib aparmaq adəti olub. Aparılan ərzağı da ehsan süfrəsinə düzürdülər".

Bu qeydlərdən göründüyü kimi, yas məclislərində süfrənin açılması ev sahibinin yox, qohum, qonşuların təşəbbüsü olub.

İslam dinində də məsələ ilə bağlı yanaşma birmənalıdır. İslama görə, yas mərasimlərində israfçılığa yol verilməsi bəyənilmir və yas marasimində süfrə açılması şərt kimi qoyulmur. Ümumiyyətlə, ehsan anlayışı İslamda yalnız yeməklə məhdudlaşmır. Mərhuma xatir edilən hər yaxşı əməl bu anlayışa aid edilir.

Bəs digər müsəlman ölkələrində vəziyyət necədir?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnarə Kərimova yazır: "Əksər müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan qaçınılır. Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək bişirilir və qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər arasında ölənin ailəsinə kömək üçün maddi vəsait toplanır.

Türkiyədə şəxs dünyasını dəyişdikdən sonra ona cənazə namazı qılınır, dəfn olunur və vəfat edənin ailəsinə əksər başsağlıqları elə dəfn mərasimi zamanı verilir. Dəfndən sonrakı üç gün ərzində başsağlığı məqsədi ilə vəfat edən şəxsin evinə baş çəkilir. Bu zaman gələn şəxslərə xüsusi yemək süfrəsinin açılması kimi adət mövcud deyildir.

İran İslam Respublikasında yas mərasimləri məsciddə, həm də qabaqcadan elan olunan müəyyən gün və saatda keçirilir. Üç-dörd saat ərzində məsciddə yemək-içməksiz mərasim olur.

Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində mərhumun dəfnindən sonra ətrafda yaşayan insanlar və qohumlar mərhumun ailəsinə düyü, yağ və s. göndərirlər və bu yeməkləri mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər təyin edirlər. Hətta əksər yerlərdə hüzür sahibinə heç bir yemək qayğısına qala bilmədiyi üçün hazır yeməklər də göndərən olur. Suriyada yas mərasimləri zamanı gələn şəxslərə sadəcə qəhvə təklif olunur. Livanda və İraqda məclisə gələn qonaqlara çay, su və halva paylanılır".

Halva demişkən, bəzi mənbələrdə yas yerlərində halva verilməsinin açıqlaması belə göstərilir: "Halva qovrularkən qoxusu ruhları, özü isə diriləri doyurur".

Əlqərəz, nümunələrdən də göründüyü kimi, bu günün ehsan anlayışı ilə əsl ehsanın mahiyyəti tamam fərqlidir. Əslində, bu əməlin əsasında yardımlaşma dayanır. Ümumiyyətlə, çətin günlərdə insanlararası münasibətlər başqa bir çalar alır.

"Göz yaşı borcu" deyə bir anlayış var. Əgər kimsə, kiminsə yasına getdiyi halda qarşı tərəf o kimsənin yasında iştirak etmirsə, bu borc yaranır. İlk baxışdan səmimiyyətin istismarı kimi görünsə də, əslində, bu, insanın çətin günündə təsəlliyə nə qədər möhtac olduğunun göstəricisidir. Yoxsa göz yaşı da pul deyil ki, damcısının da dəyəri ola.

Ehsan məsələsinə gəlincə, mən də ehsan süfrələrinin ləğvini təqdir edənlərdənəm. O zaman düşünə bilərsiniz ki, madam, təqdir edirsən, daha bu boyda yazını niyə yazmısan?

Mənim bu yazı ilə demək istədiyim bir şey var. Biz xalq olaraq özümüzü tənqid edərkən yaxşı cəhətlərimizi də pisin gözünə qatmamalıyıq. İnkar və yenilikçilik cəmiyyəti inkişafa aparan təməl prinsiplərdəndir. İstəsək də, istəməsək də, yeniliklə qədimliyin, atalarla oğulların mübarizəsini daim görəcəyik. Yaşımı və yaşadığım dövrü nəzərə alaraq yeniliyin yanında dayanmışam. Fəqət radikal şəkildə keçmişdən, adət-ənənələrdən imtinanın məntiqli olduğunu sanmıram. Konkret bu mövzuya gəldikdə isə məni narahat edən birinci səbəb insanların fikir bildirərkən yas mərasimlərinin mənasızlığını irəli sürməsi və digər xalqların təcrübəsindən çıxış etməsidir. Ən əsası isə o kəndin etdiyi yenilik deyil. Bunun bir adı var - özümüzə qayıdış. Tarixən, Azərbaycanda mövcud olan ənənələrdən də göründüyü kimi, ehsan məsələsinə yanaşmamız yardımlaşma üzərində qurulub. Əgər yolda bir şey formasını dəyişibsə, mahiyyətin nə günahı? Qısası, belə yenilikləri təqdir etmək üçün keçmişimizi tənqid etməyə ehtiyac yoxdur. Üstəlik, mahiyyətdən bixəbərkən.

 

 





25.09.2023    çap et  çap et