525.Az

Xoşbəxtliyin yüksək riski altında... - Bahəddin Həzi yazır


 

Xoşbəxtliyin yüksək riski altında... - <b style="color:red"> Bahəddin Həzi yazır</b>

Dostumuz, əzizimiz Qənirə xanım Paşayevaya sayğılar və dualarla...

(esse)

 

Dünya, doğrudan da, Viktor Hüqonun dediyi kimi, həssas qəlblər üçün cəhənnəmdirsə, bunun əksi də doğrudur demək. Həssas qəlblər də dünya üçün cənnətdir.

Milyonlarla insan içində birini sevməyə nə var ki! Bu milyonların hər birini ayrılıqda, ya da hamısını birlikdə sev, görüm! Həm də sevmək - geniş ürəyin dayanmadan çəkdiyi böyük zəhmətsə...

Yük demək istəmədim. Hərçənd bir zaman belə bir misram da varmış: "Çiynimdəkindən ağırdır, ürəyimə düşən yük..."

...Günlərin bir günündə ağrılarımın dostlaşdırdığı travmatoloq-cərrahın yanına getdim. Otaqda pasiyenti vardı. Yarıaçıq qapıdan dostum məni görən kimi içəri çağırdı. Pasiyenti Qarabağ savaşının keçmiş döyüşçüsüydü... Həm də mənim ata yurdumdan (burda yanlışım var: döyüşçünün keçmişi olur, ancaq keçmiş döyüşçü olmur; torpaq üçün ölümünə döyüşən hər kəs ölənəcən və elə həmişə döyüşçüdür ki var).

...Həkim müayinəni bitirdi. Masasının arxasına keçib döyüşçüyə resept yazmağa başladı. Eyni zamanda da mənimlə hal-əhval tutdu. Elə bizim yaşlarda olan qazi qardaş pərdənin arxasında geyimini qaydaya salıb, çıxdı. Salamlaşdıq. Həkim başını qaldırıb əvvəl döyüşçüyə, sonra da mənə baxdı, minnətdar bir təbəssümlə: "Tanış ol, igidimizdir" dedi.

Döyüşçü başını yerə dikib dayanmışdı. Birdən gözaltı məni süzə-süzə: "Həkim, az da olsa, çox hesab elə" deyib, masanın üstündəki sənədlərin arasına pul qoydu. Həkim ərkyana və zarafatyana bir amiranəliklə pulu döyüşçüyə qaytardı: "Qardaş, sənin çiynində üç qəlpə olsa da, bu ölkə sənin çiyinlərindədir. Sənin bizə borcun yoxdur, bizim sənə borcumuz var", - dedi. Hər üçümüz kədərlə gülümsədik. Çünki onda hələ həkimin doğulub-böyüdüyü Kəlbəcər də daxil olmaqla hər üçümüzün ata yurdlarımız işğaldaydı.

O əhvalatdan sonra beynimdən bir fikir kemişdi və onu telefonumun qeyd dəftərinə yazmışdım: "Döyüşçünün çiynindəki yükün ağırlığı həkimin ürəyinə düşdü".

Bu yazını yazmağa başlayanda o qeydimi xatırladım. Axtarıb tapdım, oxudum. Oxudum və bulud kimi dolmuşam.

Bəli, dünya öz ürəyində qat-qat ağır yük daşıyan insanların çiyinlərindədir. Çiynində qəlpə daşıyan və məndən çox bu dünyada yaşamağa haqqı olan o döyüşçü, ümidvaram, yaşayır. Ancaq döyüşçünün çiynində daşıdığı yük də başa çox yüklər kimi kəlbəcərli cərrahın ürəyinə düşmüşdü; 53 illik ömrün növbəti səhərinə oyanmadı: infarkt!

O zamandan və hər zaman düşünürəm: həssas ürəkləri qorumaq o ürəklərə sığınıb-sığışıb yaşayanların boynunun borcudur. Sənin üçün döyünən, yeri gələndə sənin üçün döyüşən ürəklərin yükünü bir az da sən çəkəcəksən. O yükü yüngülləşdirməyin yollarını axtaracaqsan.

Axı sən həmişə söykənməyə təmiz ürəklər axtarırsan. Özünə ömür yoldaşı seçənlər də həmişə nə deyir?! Deyir: "Özü qədər ürəyi də gözəl olsun". 

Bax, elə bu günlərdə çoxlu şəhidlərimiz var. Özünün yaraşığı qədər ürəyi də gözəl olan: ürəyinin işığı üzünə düşmüş oğullar! Demək istədiyim: sənin üçün (və hamımızdan ötrü) döyüşən təkcə o iri cüssələr, uca qamətlər, sağlam bədənlər, möhkəm əzələlər deyil axı. Həm də və daha çox təmiz və sevən ürəklərdir.

Ölkədən "beyin axını" haqqında həmişə çox yazırıq, çox danışırıq. "Beyin axını" üzücü bir meyldir. Düşünə bilən hər adamı itirmək çox ağırdır; yerini doldurmaq asan gəlməsin. Həm də bu aralar bizim coğrafiyada, deyəsən, süni intellekt dəbə minəndən, təbii intellekt dibə çökür. Hətta həbsə düşür. Hərçənd təbii intellekt ən qiymətli təbii sərvətimizdir. Döyüş qələbələrindəki süni inttelektə necə ehtiyacımız vardısa, dinc uğurlar üçün də təbii intellekt o qədər dəyərli olacaq. Süni intellekt özü də təbii intelektin məhsuludur, elə deyilmi?! "Ağıllı müharibə" qələbəmizlə bitir, bizə irəlidə ağıllı sülh çox lazım olacaq. Anladığınız kimi, sülh ağlı!

Müharibədə süni intellektin dağıtmaq zorunda qaldıqlarını təbii intellekt qaytarıb yenidən quracaq. Həm də əvvəlkindən də yaxşı. Elə deyilmi?!   

Odur ki, ölkədən gedən ağıllı, talantlı insanlara çox üzülürük. Amma və lakin... Məgər gedən təkcə düşünən beyinlərdirmi?! Ən ağrılısı: bizi, ölkəsini sevən ürəklər də gedir. Dünyanın cənnətini - həssas qəlbləri qoruya bilmirik, bu, göz qabağındadır. Söykəndiyimiz hər divar uçub töküldükcə, biz daha dərinə yıxılırıq, fərqindəyikmi?! Yəqin ki, fərqindəyik.

Doğmaların, yaxınların və hamının dərdlərini "öz çiynində" daşıyan ürəklər həmişə yüksək infarkt, insult... riski ilə döyünür. Və daşıdığı hər yük gözəl ürəklərin gücünü, sağlam ritmini alıb aparır. Obrazlı deyəcəm: bəlkə bir gün xəbər lentlərində oxuyacağıq: "Dünyada ürəklərin gözəllik yarışı keçirildi. Yarışın qalibi üç damarına stend qazandı"...

Ürəyi ölkəsinin ritmi ilə döyünən insanlar - sözün bütün və bütöv mənasında şəxsiyyətlər hər zaman şəxsi hesabların fövqündədirlər. Xırda maraqların çox üstündə və ictimai xoşbəxtliyin yüksək risqi altlında yaşayarlar. Onların fərdi kimlyi kollektiv bioqrafiyanın önəmli bir parçası olur. Belə insanların xoşbəxtliyi həm də kollektiv ağrının inikasıdır. Bəlkə də filosof Yunq elə bu cür insanlar haqda deyib: "Ən xoşbəxt həyatın belə, az da olsa, qaranlıq tərəfi vardır. Bu qaranlıq tərəf olmazsa, xoşbəxtlik kədərlə tarazlanmazsa, "xoşbəxtlik" kəlməsi öz mənasını itirər".

İllah da bu günlərdə qələbələrimizin sevincini itkilərimizin kədəri "tarazlaşdırıb". Əgər filosof düz deyirsə, bizə xoşbəxtliyin əsl dəyərini anladan o dərin və amma qürurlu kədərimizdir. Biz bu gerçəyi dərindən və qürurla anladıq artıq. Bu üzdən yeni itkilərlə sınanmaq bizə ağır gələr. Ancaq həyat!

Dediyim kimi: Vətən uğrunda döyüşüb şəhid olmaq böyük şərəfdir. Ancaq Vətən uğrunda şərəflə yaşamaq da diriykən şəhidlikdir. Hər ikisi də filosofun dediyi xoşbəxtlikdir. Gözəl ürəklərin xoşbəxtliyi!

 

Müəllifdən: Bu esseni əziz dostumuz, məsləkdaşımız, millət vəkili Qənirə xanım Paşayevanın dünya üçün cənnət olan həssas qəlbinə hədiyyə edirəm. Bu, həm də uzun, çox uzun bir duadır.

Qənirə xanım, gözləyirəm ki, tezliklə sağalıb, bu yazını oxuyub, mənə zəng edəcəksiniz və hər zamankı mehribanlıqla: "Çox sağ ol, qardaş!" deyəcəksiniz. O tərifi, ya da təşəkkürü Sizin dilinizdən  eşitməyi çox arzulayıram. Tezliklə sağalın! Sağalın ki, ürəyinizin genişliyinə sığınıb yaşayan dərdlilərə dərman olmaqda davam edəsiniz. Siz bizə hələ çox lazımsınız. Həmişə və həmişəlik lazımsınız!

Bizimyol.info

 





26.09.2023    çap et  çap et