525.Az

Mustafa Aşurovun uğur formulu: tarzənlikdən dirijorluğa


 

Mustafa Aşurovun uğur formulu: tarzənlikdən dirijorluğa<b style="color:red"></b>

Müsahibimiz - gənc musiqiçi Mustafa Aşurov istedadlı tarzən və dirijor kimi musiqi ictimaiyyətinə və sənətsevərlərə yaxşı tanışdır. Musiqi sahəsində mühüm uğurlara imza atmış M.Aşurovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident təqaüdünə layiq görülüb və ona musiqi sənətimizi ali tədbirlərdə təmsil etmək imkanı yaradılıb. Bizimlə söhbətdə M.Aşurov sənətə gəlişi, tar ifaçılığı, musiqi mədəniyyətimizin hazırkı durumu və digər mövzuları əhatə edən suallarımızı cavablandırdı.

 

- Mustafa bəy, istərdim söhbətimizə musiqi ilə tanışlığınızdan başlayaq.

- Mən ilk dəfə musiqi məktəbinə tar ixtisası üzrə getmişəm. Yadıma gələn və gəlməyən bütün dövrlərimdə musiqi ilə bir bağlılığım olduğunu deyirlər. Ailəmdən eşitdiklərinə görə, hələ körpə yaşlarımdan musiqiyə meylim olub. Xüsusən, Cavanşir Quliyevin "Əsgər marşı" əsərini hər dinləyəndə emosiyalarımı saxlaya bilmirmişəm. Təbii ki, o dövrlər mənim elə də yadımda qalmayıb. Məndəki bu musiqi həvəsini görəndən sonra ailəm məni Rostropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbinin "Xalq çalğı alətləri" şöbəsinin tar ixtisasına yazdırdılar. İlk günlərdən məktəb rəhbərliyi tərəfindən məndəki bu istedad görülüb və müəllimlərə tapşırıq verilib ki, məni qısa müddətdə müsabiqələrə hazırlasınlar. Bir neçə aydan sonra artıq konsertlərdə ifa edirdim. İkinci sinifdə ilk dəfə böyük səhnəyə çıxdım, "Kamera və orqan musiqisi zalı"nda Mosartın "Rondo" əsəri ilə çıxış etdim. Sonra isə davamlı olaraq Mədəniyyət Nazirliyinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tədbirlərində çıxış etməyə başladım. Musiqi məktəbində oxuduğum dövrdə məni müsabiqələrə hazırlayan, üzərimdə böyük zəhməti olan virtuoz və novator tar ifaçısı, müəllimim Ayaz İmranovun adını xüsusi qeyd etməliyəm. Bu gün də onun ifalarını izləyir, dinləyir, öyrənir və bəhrələnirəm. 2005-ci ildə, IV sinifdə oxuyanda bir ildə dörd müsabiqədə iştirak etdim və hamısında birinci yerə layiq görüləndən sonra artıq məni beynəlxalq müsabiqəyə göndərdilər. Həmin ilin dekabr ayında Kiyev şəhərində keçirilən Beynəlxalq "Delfi" oyunlarında "Milli musiqi alətləri" nominasiyası üzrə "Qızıl medal"a layiq görüldüm. Çaykovski adına Kiyev Dövlət Musiqi Akademiyasında keçirilən qaliblərin "Qala konserti"ndə T.Quliyevin "Qaytağı" əsərini ifa etdim və hətta orada qəzetlər yazdı ki, əgər qaliblər arasından da birincilik seçilsəydi, şübhəsiz, Azərbaycan qazanardı. Çünki tamaşaçılar məni orada dörd dəfə səhnəyə qaytardılar, ifamı təkrar-təkrar tələb etdilər. Bu müsabiqə mənim yaradıcılığımda çox mühüm yerə malikdir. 2006-cı ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Dünya Gənclərinin Musiqi festivalı"nda da uğurla çıxış etdim. Dünyanın 18 aparıcı dövlətlərinin 1000-ə qədər gənclərinin iştirak etdiyi festivalın finalında çıxış etmək hüququ qazanan yeganə solist ifaçı oldum. Ondan sonra da dövlətlərin səfirlərinin, xarici ölkə başçılarının iştirak etdiyi tədbirlərdə, cənab Prezidentin onlar üçün verdiyi ziyafətlərdə, xarici ölkələrdə baş tutan Azərbaycan mədəniyyəti günlərində, Heydər Əliyev fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən tədbirlərdə ifa etdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyun 2007-ci il tarixli Sərəncamı ilə Prezident Təqaüdünə layiq görüldüm və adım Azərbaycan Respublikası, Gənc istedadların "Qızıl Kitab"ına yazıldı. Ondan öncə Ümummilli lider Heydər Əliyev bir qrup gənci bu təqaüdə layiq görüb və adları "Qızıl Kitab"a yazılıb. Ancaq cənab İlham Əliyevin hakimiyyəti dövründə bu, ilk belə sərəncam idi və maraqlıdır ki, sərəncamdakı ilk ad da mənim adım oldu. Buna görə mən həmişə bunu fəxrlə xatırlayıram ki, cənab Prezident İlham Əliyevin dövründə "Qızıl Kitab"a adı yazılan ilk gənc mənəm.

- Bilirik ki, siz Qazaxda, sazın-söz diyarında doğulmusunuz. Bəs necə bir ailədə dünyaya göz açmısınız?

- Həqiqətən elədir. Atam özü uşaq vaxtı 5 illik tar məktəbini bitirib, ancaq sonradan bu sənəti davam etdirməyib. Uşaq vaxtı musiqiyə maraq göstərəndə mənə bir saz aldılar və atam sazda tar havalarını çalmağı öyrətdi. Artıq mən musiqi məktəbinə imtahan verəndə demək olar ki, tarın birinci sinif materialını sazda ifa etməyi bacarırdım. Ona görə mənə bir az da rahat oldu ki, bir neçə aydan sonra artıq mən tarda sərbəst ifa edirdim. Müsabiqələrdə də ifa edəndə komissiya üzvləri məni çağırıb sorğu-sual edirdilər və Qazaxdan olduğumu biləndə deyirdilər, nə əcəb sazda yox, tarda ifa edirsən? Bu sual məni o qədər maraqlandırdı ki, başladım araşdırmağa və atam dedi ki, əslində, Qazaxın çox məşhur tar ifaçıları var. Məsələn, "Şur" muğamının mahir ifaçısı Zərif Qayıbov, məşhur tarzən Həmid Vəkilov, mənim müəllimim Xalq artisti Malik Mansurov və başqalarını misal göstərə bilərəm. Əgər qonşu olan millətlər də bizim mədəniyyətimizdən istifadə edirlərsə, ola bilməz ki, bir ölkənin içərisində bölgələr bir-birindən bəhrələnməsin. Fikrimcə, Azərbaycanımızın hər bölgəsinin özünəməxsus xüsusiyyətləri və daha çox tanındığı sahələri var, istər incəsənət, istərsə də digər istiqamətlərdə.

- İlkin təhsiliniz tar olsa da, indi sənətinizə dirijor kimi davam edirsiniz. Bu qərarı necə verdiniz?

- Milli Konservatoriyanın bakalavr pilləsini tar ixtisası üzrə bitirmişəm. Sonra magistraturaya sənədlərimi verərkən düşündüm ki, musiqiyə daha geniş pəncərədən baxmaq, bəlkə mənim yaradıcılığıma daha müsbət təsir edər. Bu da bəstəkarlıq və ya dirijorluq ola bilərdi. Yəni "sırf dirijor olmalıyam" planı ilə bu sahəyə gəlməmişəm. Fikirləşmişəm ki, orkestrləşməni bilsəm, musiqini çoxsəsli təsəvvür etməyi bacarsam, aranjımanı bilsəm, bu, mənim fərdi musiqi fəaliyyətimə, tar ifaçılığıma təsir edəcək. Beləcə Milli Konservatoriyada dirijorluq üzrə magistratura təhsili aldım. Burada ixtisas müəllimim Xalq artisti Fəxrəddin Kərimov olub. Eyni zamanda, orkestrləşdirmə müəllimim dahi bəstəkarımız Ramiz Mirişli olub. Əldə etdiyim bütün uğurlarıma görə müəllimlərimə borcluyam.

- Musiqi sizin sənətiniz olmaqdan başqa, sizinçün nədir?

- Musiqidən kənar sahənin adamları bəzən istirahət etmək üçün musiqi dinləyirlər. Amma biz bəzən musiqiyə qulaq asarkən yoruluruq. Hətta avtomobil idarə edərkən musiqi dinləsəm, fikrim yayınır. Çünki onu adi musiqi kimi dinləyə bilmirəm, mütləq təhlil edirəm. Bu gün musiqi yaradıcılığımı fərqli istiqamətlərdə davam etdirirəm. Hətta dünyada çox az sayda dirijorlar var ki, özləri hansısa alətdə ifa edə-edə dirijorluqla məşğul olurlar. Bu da mənim arzum olub ki, bunu Xalq Çalğı Alətləri Orkestrində tətbiq edim və bunu öz obrazım olaraq ortaya qoyum. Bu gün istər Mədəniyyət və İncəsənət Universitetinin Xalq Çalğı Alətləri Orkestrində, istərsə də, Azərbaycan Dövlət Televiziya və Radiosunun Əməkdar kollektivi Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində bəzi əsərlərin ifasında, xüsusən öz orkestrləşmələrimdə özüm tar çala-çala dirijorluq edirəm. Ona görə də əvvəl mən tarla məşğul olandan sonra onu kənara qoyub özümçün istirahət edirdimsə, indi tarı kənara qoyanda orkestrləşdirmə ilə dincəlirəm, ondan yorulanda dirijorluq məşqləri edirəm və sair. Yəni işlər şaxəli olanda daha az yoruluruq.

- Gənc yaşınızda bu qədər uğurlar qazanmış biri olaraq, sizcə, sizin əsas fərqiniz nədir?

- Mən bu diqqəti, dəstəyi görəndə, Prezident təqaüdünə layiq görüləndə heç zaman düşünməmişəm ki, mən buna layiq idim, verdilər. Düşünmüşəm ki, bu, mənə göstərilən bir etimaddır və mən bundan sonra daha çox çalışmalıyam ki, layiq olum. Fikrimcə, özümdəki fərqliliyi axtarmaq hələ tezdir. Amma təbii ki, hər zaman öz üzərimdə çalışıb, yeniliklər etməyə cəhd göstərirəm. Kənardan eşitdiyim xoş sözlər və diqqət də məni sevindirir.

- Tar sizin üçün nəyi ifadə edir?

- Musiqi musiqiçilərin ruhundadır və onların hərəsi bir cür öz içindəki hissləri insanlara ötürürlər. Mənim üçün də tar bir vasitədir ki, içimdəki hissi onunla ifadə edirəm. Hətta orkestrləşməni də tarla edirəm, öncə musiqini tarda çalıb, tarla hiss edib yazıram. Əvvəl tar mənim üçün məşğul olduğum musiqi aləti idisə, indi bütün musiqi alətlərini hiss etdiyim, təsəvvürümdə canlandırdığım ifadə vasitəsidir.

2008-ci ilin may ayının 17-dən 27-dək ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Fransanın Paris (YUNESKO-nun mənzil qərargahında) və Strasburq şəhərlərində, Belçikanın Brüssel şəhərində möhtəşəm konsert salonlarında çox uğurlu keçən konsertlərdə solist və trio üzvü kimi çıxış edirdim. Həmin konsertdə mənim üçün tarixi bir an oldu, dedilər, Mehriban xanım bildirib ki, mən orada tarı ayaq üstə ifa edim. Təbii ki, mən də böyük məmnuniyyətlə o cür ifa etdim. Mənimçün çox böyük şərəfdir ki, belə bir etimad göstərildi və mən həmin səhnədəki ən xoşbəxt gənclərdən biri oldum.

- Tar olmasaydı, hansı aləti seçərdiniz?

- Deyim ki, mütləq şəkildə tar çalmaq istəyim olmayıb. Mən sadəcə musiqiyə getmək istəyirdim. Hansı alət olmasının fərqi yox idi. Sinif yoldaşlarımın da çoxu musiqi ilə məşğul idilər və bu da məni həvəsləndirirdi. Musiqi ilə məşğul olmaq istədiyimi deyəndə saz aldılar ki, bəlkə bir az məşğul olaram, həvəsim bitər. Amma elə olmadı. Növbəti ildə soruşdular ki, sən yenə də musiqiyə getmək istəyirsən, dedim, bəli. Çünki görürdülər, hər gün musiqi ilə məşğulam. Hətta məktəbdə ən yaxşı oxuduğum, ən səliqəli dəftərim musiqi fənnindən idi. Onda atam dedi ki, mən də tarda oxumuşam, sən də tara get, gözəl alətdir, Azərbaycan xalq çalğı alətlərinin şahı hesab olunur. Nə yaxşı ki, bu alət tar olub və ailəmə, atama təşəkkür edirəm ki, məni tara yönləndirib. Sonradan sinifdə hamı mənə "maestro" deyirdi, halbuki onda dirijor deyildim, tara görə belə deyirdilər və qismət elə gətirdi ki, həqiqətən də sonradan dirijor oldum, uşaq vaxtı mənə qoyulan "maestro" adı real oldu.

- Dirijor kimi orkestri idarə edərkən tarı fərqləndirdiyiniz olurmu?

- Xeyr, heç zaman olmur. Mən həm gənclərlə işləyirəm, həm də peşəkarlarla. Hər iki orkestr üçün əsəri orkestrləşdirərkən hansı səsi hansı alətdə eşitmək istəyirəmsə, həmin partiyanı ona da verirəm. Bu, tar da ola bilər, kamança da, qanun da. Məqsəd sonda bütün alətlərlə birgə musiqiyə xidmət etməkdir.

- Müasir Azərbaycan musiqisinin durumu sizi qane edirmi?

- Hər dövrdə olduğu kimi, bu gün də musiqinin bütün sahələrində peşəkarlar da var, qeyri-peşəkarlar da. Mən düşünmürəm ki, peşəkar adlanmaq üçün hamı klassik musiqi ifa etməlidir, yox, klassik musiqidə də qeyri-peşəkarlar var. Hansı sahədə ki, peşəkar yanaşma var, o, Azərbaycan musiqisinə xidmət edir. Dövlətimiz tərəfindən musiqimizə çox böyük qayğı, diqqət göstərilir, festivallar, musiqi günləri, Beynəlxalq Muğam Müsabiqəsi, Qəbələ Musiqi Festivalı, Xarıbülbül Festivalı keçirilir. Bunlar həm musiqimizi inkişaf etdirməyə, həm də musiqimizin çatdığı o səviyyəni qorumağa xidmət edir. Çalışmaq lazımdır ki, peşəkar musiqi qeyri-peşəkara uduzmasın.

Şahanə MÜŞFİQ

 

 

 





26.09.2023    çap et  çap et