525.Az

Ordubadın Tivi və Nəsirvaz kəndlərinin sakinlərinin problemləri dinlənilib


 

Ordubadın Tivi və Nəsirvaz kəndlərinin sakinlərinin problemləri dinlənilib<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun qəsəbə və kəndlərində vətəndaşları narahat edən problemləri yerində öyrənmək, aidiyyəti dövlət qurumları ilə birgə onların həlli yollarını tapmaq məqsədilə Tivi və Nəsirvaz kəndlərinin sakinləri üçün növbəti səyyar vətəndaş qəbulu təşkil olunub. Vətəndaş qəbulunda İcra Hakimiyyəti Başçısının müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Tivi və Nəsirvaz kəndlərinin sakinləri iştirak ediblər.

525.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yaradılan səlahiyyətli nümayəndəlik institutunun yeni idarəetmə modeli kimi regionun sosial-iqtisadi inkişafında müstəsna rol oynadığını vurğulayan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə birlikdə Ordubadın da beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulacağını, muxtar respublika barədə ilk təəssüratın yaranacağı bölgəyə çevriləcəyini qeyd edib. Rəcəb Rəhimli bildirib ki, sentyabrın 19-da ordumuzun apardığı lokal antiterror tədbirləri uğurla nəticələnib. Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyevin də dediyi kimi, dəmir yumruq yerindədir və revanşizm siyasəti yürüdən hər hansı bir təxribat xarakterli proseslərdə o yumruq düşməni 24 saat tamam olmadan məhv edə bilər. İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsinin hər birimiz üçün əziz olduğunu vurğulayıb.

Səyyar vətəndaş qəbulunda Rəcəb Rəhimli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na diqqəti çəkərək qeyd edib ki, proqramda muxtar respublikanın bütün rayonları kimi, Ordubad rayonunun da şəhər, qəsəbə və kəndlərinin inkişafı, orada mövcud olan problemlərin həlli nəzərdə tutulub. Ordubadın inkişafı ilə bağlı fəaliyyət planı, xüsusi layihələr, inkişaf strategiyalarının həyata keçirilməsi, rayonun gələcək inkişaf perspektivləri yolunda mühüm addımlar atılır.

Tivi və Nəsirvaz kəndlərinin sakinləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun əldə etdiyi növbəti zəfərə görə məmnunluqlarını ifadə ediblər. Sonra sakinləri narahat edən məsələlər və onların təklifləri dinlənilib. İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verib, Tivi kənd tam orta məktəbinin kollektivi ilə görüşüb, yaşayış məntəqəsində inşa edilən Şəhidlər abidəsi və “Narzan bulağı”nın tikinti və yenidən bərpa işləri ilə də maraqlanıb, şəhid Ramin Əliyevin məzarını ziyarət edib.

 





26.09.2023    çap et  çap et