525.Az

III Kalbalı xanın ömrünün son illəri və ölümü


 

GÖRKƏMLİ ƏSİLZADƏ-SƏRKƏRDƏNİN BİOQRAFİYASINA DAİR QEYDLƏR 

III Kalbalı xanın ömrünün son illəri və ölümü<b style="color:red"></b>

Musa RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

1918-1920-ci illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının erməni daşnaklarının işğalçı hücumlarından qəhrəmanlıqla müdafiəçisi III Kalbalı xan ömrünün son 11 ilini mühacirətdə keçirmişdi.

Bu cəsur zabitin hünəri haqqında Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, tədqiqatçılardan Ş.Nəzirli, İ.Bağırov, A.Hacıyev, F.Nağdəliyev, E.İsmayılov və digərləri yazmışlar. Amma qəhrəman sərkərdə haqqında, onun hərbi fəaliyyəti ilə açılmamış səhifələr vardır. Ona görə də biz 2002-ci ildən başlayaraq bu cəsur hərbçi haqqında xeyli axtarışlar aparmışıq. Axtarışların nəticəsi olaraq publisistik və elmi məqalələr yazılıb.

Bütün bunlara baxmayaraq, haqqında əfsanələr dolaşan qəhrəman sərkərdənin həyatı və fəaliyyəti haqqında bilmədiklərimiz çoxdur. Xüsusilə onun 1920-ci ildən sonra mühacirətdə yaşadığı və göstərdiyi hərbi fəaliyyəti ilə bağlı yenə də açılmamış səhifələr vardır.

Qəhrəman sərkərdə haqqında ya həqiqəti deməliyik, ya da heç yazmamalıyıq. Çünki Azərbaycanda yaşayan tədqiqatçılar onun haqqında bir-birinə zidd fikirlər yazırlar. Bu yaxınlarda tariximizin, xüsusən Azərbaycan Xalq Cümhutiyyətinin tarixinin fəal, təəssübkeş və zəhmətkeş alim-tədqiqatçılarından olan Ədalət Tahirzadənin sosial mediada gənc tədqiqatçı Dilqəm Əhmədin yeni bir tapıntısını paylaşması isə o baxımdan fərqli bir addım oldu. Bu, Türkiyənin "Bildiriş" qəzetinin vaxtilə (İstanbul, №-55, 20 avqust 1931-ci il, s.3) çap etdiyi nekroloq idi. Qəzet Kalbalı xanın döyüşdə həlak olmasına görə onun ailəsinə başsağlığı verməklə bərabər, həm də onun qəhrəman bir hərbçi olmasından söhbət açıb. Bu haqda bir az sonra.

III Kalbalı xanın uşaqlığı, təhsili və hərbi fəaliyyəti ilə bağlı əvvəlki yazılarımızda təfsilatı ilə yazdığımızdan bəzi məqamları yada salaq. 20 oktyabr 1891-ci ildə Naxçıvanda Cəfərqulu xan Naxçıvanskinin ailəsində doğulan III Kalbalı xan unudulmaz sərkərdə Cəmşid xan Naxçıvanskinin böyük qardaşıdır. 19 sentyabr 1909-cu ildə o, Tiflis kadet korpusunda oxumağa başlayır. 6 avqust 1911-ci ildə oranı 1-ci dərəcəli diplomla bitirir. Çarın saray qvardiyasının Varşavadakı Ulan polkunda kornet kimi hərbi xidmətə başlayır. Ulan polkunda Kalbalı xan Birinci Dünya müharibəsində iştirak edib. Demək olar ki, poruçikdən başlayaraq polkovnik hərbi rütbəsi də daxil olmaqla digər rütbələri də müharibə illərində almışdı. O, 30 iyul 1915-ci ildə poruçik, 5 avqust 1916-cı ildə ştabs-rotmistr hərbi rütbələrini qazanmışdı. Gənc olsa da, bu illərdə aldığı hərbi mükafatlar diqqəti cəlb edir. 1914-cü ildə Müqəddəs Stanislav (3-cü dərəcəli) qılınclarla və bantlı, 1915-ci ildə həmin döyüş ordeninin 2-ci dərəcəsini, 1914-cü ildə 4-cü dərəcəli Müqəddəs Anna ordenini (üzərində) "İgidliyə görə" yazısı olan, 1915-ci ildə isə həmin ordenin 3-cü və 2-ci dərəcələrini qılınclarla və bantla almışdır. 15 avqust 1914-cü ildə göstərdiyi qəhrəmanlığa görə 2 may 1915-ci ildə Georgi silahının kavaleri olur.

1917-ci ildə məlum hadisələrə görə Rusiyadan Naxçıvana qayıdır. Naxçıvanın müdafiəsində qəhrəmanlıq göstərir. Onun qəhrəmanlığı Türkiyə tərəfindən yüksək qimətləndirilir, 1919-cu ildə Türkiyənin Məcidiyyə ordeni ilə təltif olunur. 1918-1920-ci illərdə Kalbalı xan Naxçıvanı qəhrəmancasına müdafiə etmişdi. Kalbalı xan Naxçıvan diyarı ərazisində təşkil olunan Araz Türk Respublikasının hərbi naziri olmuşdu.  Yüksək vəzifə tutmasına baxmayaraq, o, həmişə ön cəbhədə cəsur bir döyüşçü kimi vuruşmuş və düşmənə ağır zərbələr endirmişdi.

1919-cu ildə onun belə döyüş hünərlərindən xəbəri olan Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri ona general-mayor hərbi rütbəsini verir. Birinci Vünya müharibəsində aldığı yaradan başqa, o, Naxçıvanın müdafiəsində də yaralanmışdı. Şahidlərin dediyinə görə, o, Naxçıvanı tərk edib gedərkən də ayağından yaralı imiş. Döyüş zamanı, səngərlərdə 3 dəfə yara almışdı.

1920-ci ilin iyulun 20-dən sonra Naxçıvanda qurulan bolşevik hökumətini qəbul etməmiş və Şahtaxtı yolu ilə İrana mühacirət etmişdi. Sonuncu dəfə o, general İsmayıl xanın mülkünün bağına tərəf olan artırmasında naxçıvanlılarla vidalaşıb. Axırıncı dəfə doğma vətəni Naxçıvanda vida çıxışını edib. Tarix müəllimimiz M.Fərzəliyev (Fərzəlibəyov) onun çıxışını əzbər söyləyirdi. Çünki Kalbalı xan xalqın ürəkdən sevdiyi və inandığı sərkərdə idi.           

Onun İranda harada hərbi xidmətdə olduğu və işlədiyi yerlər haqqında ilk dəfə Kalbalı xanın qohumu Əkbər xan Naxçıvanskinin istintaq işlərində tanış olmuşuq. Orada yazılardan məlum olur ki, Kalbalı xan 1920-ci ildən sonra 11 il Rza şah Pəhləvinin ordusunda xidmət etmişdi. Kalbalı xan əsasən Ərdəbil və Qaradağda olan hərbi birliklərə komandirlik edib. Rza şah Pəhləvinin əmri ilə o, şaha qarşı olan üsyanların qarşısını almağa göndərilirmiş. Onun kiçik qardaşı Cəmşid xan da sovet hökuməti tərəfindən Naxçıvanda qaçaqlara qarşı vuruşmağa göndərilib. Hər iki qardaşın taleyində 1920-31-ci illər çox əziyyətli illər olmuşdu. Onların hər ikisi də yaşadıqları dövlətlərin başçıları tərəfindən təqib olunub. Kalbalı xanı İran şahı Rza Pəhləvi və ətrafı, Cəmşid xanı isə Stalin, Beriya və M.C.Bağırov amansızcasına təqib etmişlər.

Kalbalı xanın ölüm tarixi də müxtəlifdir. Bəzi arxiv sənədlərində 1930-1934, bəzilərində isə 1934-cü il göstərilib. Amma dəqiq tarix İran arxivlərindədir. Çünki o, Ağrıdağ ətrafında gedən döyüşlərdə həlak olub. Onun Makuda yaşayan ana qohumu İsmayıl xan (Maku sərdarının nəvəsi) Makulu Bayat bu sətirlərin müəllifi ilə görüşəndə nəql edirdi ki, onu Maku ilə Ağrı dağın arasında kürd üsyançıları ilə gedən döyüşlərdə arxadan vurmuşdular. Onun dediyinə görə, Kalbalı xanın cənazəsi Maku sərdarının sarayına gətirilmiş və sonra harayasa aparılmışdı. Türkiyədə Dilqəm Əhmədin tapdığı "Bildiriş" qəzeti çox mübahisələrə son qoyur.

İndi gələk mətləb üstünə. Yaxşı olar ki, nekroloqda yazılanları, cüzi ixtisarla təqdim edək:

"Kalbalı xan Naxçıvanlı İranda bir Azəri miralay (polkovnik-red.) şəhid oldu və cənazəsi Təbrizdə mərasimlə qaldırıldı. 2 avqust tarixli Tehran qəzetləri qısa bir xəbərlə "sərhəng Kalbalı xan Naxçıvanlının şəhadətini və Təbrizə gətirələrək mərasimlə dəfn olunduğunu, bu münasibətlə Tehranın hərbçilərə məxsus məsciddə Rza şah Pəhləvi sarayının baş iqtisadçı rəisi ağayı Diba tərəfindən bir yas məclisi tərtib olunduğunu xəbər verdilər.

Milli Azərbaycan Ordusunun qəhrəman zabitlərindən olan Kalbalı xan bolşevik işğalı nəticəsində İrana mühacirət etməyə məcbur olmuş və on bir ildir ki, İran Azərbaycanında, İranın şimali-qərb ordusunda Bahadiranda hərbi xidmətdə imiş. Mərhum Azərbaycan istiqlalına çatdığı illərdə vətəni olan Naxçıvanı erməni hücumlarından qəhrəmancasına müdafiə etməsi Bakı cəbhəsinin istiqlal savaşının uğurla nəticələnməsinə və Milli Azərbaycan Cümhuriyətinin gözəl Naxçıvanın-Nəqşicahanın ana vətənə ilhaqına səbəb olmuş və tanınmış bir qəhrəmandır. Kalbalı xan İranın ən zəif və hərc-mərc zamanında gəlmiş, İran Azərbaycanında yarım şah olan feodalların aradan qaldırılmasında, yeni İran ordusunun təşkilində onun böyük xidmətləri olmuşdur.

Onun ailəsinə dərin hüznlə başsağlığı veririk".

Burada adıçəkilən Diba azərbaycanlı qızı Fərəh xanım Pəhləvinin atası, yaxud əmisidir. Bir vaxtlar Qacar şahlığında xidmət edən Dibalar, sonralar Pəhləvilərin də şahlığında sarayda xidmət etmişlər. Diba familiyasını Təbrizə və Tehrana köçəndən sonra qəbul etmişlər. Fərəh xanımın ata tərəfi, yəni atası Söhrab və babası Mehdi Naxçıvan kəngərlisidir. Naxçıvan şəhərində və Sirab kəndində mülkləri olub.

"Bildiriş" qəzeti Kalbalı xan Naxçıvanskinin ailəsinə başsağlığı verməklə bərabər, yuxarıdakı nekqoloqdan göründüyü kimi, onun igidliyindən və vətən sevgisindən ürəkdolusu söhbət açır. Dəfələrlə yazdığımız kimi, Kalbalı xan Naxçıvanın və Vedinin müdafiəsində böyük hünərlər göstərib. Bu qəzetdə yazılanlar unudulmaz sərkərdənin dəqiq olaraq 1931-ci ilin avqustun əvvəlində döyüş cəbhəsində həlak olduğunu öyrənirik. Həmçinin onun Təbrizdə təntənəli dəfn mərasiminin də şahidi oluruq. Xeyli illərdir ki, böyük sərkərdə Kalbalı xanın harada dəfn olunmasını axtarırdıq. Deməli, o, vətəni Naxçıvanın yaxınlığında Təbrizdə əbədiyyətə qovuşub. Ondan sonra atası Cəfərqulu xan, anası Fəxrəntac xanım, keçən əsrin 70-ci illərində isə polkovnik qardaşı Davud xan da Təbrizdə vəfat ediblər. Yəqin ki, onun yanında dəfn ediliblər.

Təbrizli soydaşlarımıza üzümüzü tuturuq: bu igid, qəhrəman döyüşçünün məzarının tapılmasında sizlərdən kömək gözləyirik.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev III Kalbalı xanın igidliklərindən həmişə ürəkdolusu danışırdı: "1918-1920-ci illərdə Kəngərli nəslinin yetirməsi olan Kalbalı xanın... müdafiə dəstələrinə başçılıq edərək azğın düşmənləri müqəddəs Naxçıvan torpağından qovduğunu xatırlamaq kifayətdir. ("Naxçıvan" qəzeti, 7-12 oktyabr 1993)".

Bir məsələni isə açıqlığı ilə demək lazımdır. İgid sərkərdə Kalbalı xanın adının vətəni Naxçıvanda əbədiləşdirilməsi üçün heç bir iş görülməyib desək, səhv etmərik. Amma III Kalbalı xanın buna çox böyük mənəvi haqqı var.

 





26.09.2023    çap et  çap et