525.Az

Vətən savaşı şəhidlərinə sonsuz ehtiramla...


 

Vətən savaşı şəhidlərinə sonsuz ehtiramla...<b style="color:red"></b>

2020-ci ilə qədər rəngləri ilə könül oxşayan, sərinliyi ilə yaydan çıxmış isti qəlblərə sərinlik bəxş edən, yağışı ilə susuz qalmış torpağın könlünü oxşayan qızıl payızın ilk ayı, üç aylıq yay tətilindən sonra yeni tədris ilinin başlanğıc ayı idi sentyabr. Sentyabr qapının kandarında görünər-görünməz payız mehi ruhumuzu, yeni dərs ilinin təlaşı isə bütün vücudumuzu sarardı...

Üç il öncəyə qədər...

Üç il öncə sentyabr ayı Azərbaycan tarixinə əbədi həkk olunmaq üzrə elə yazıldı ki, bu zamana qədərki bütün öhdəliklərini kölgədə qoydu. 2020-ci ilin sentyabr 27-də başladı xalqımızın taleyi 180 dərəcə dönməyə, məhz o gün təcəlla etdi İlahi ədalət, həmin gün başladı bu millətin azadlıq yolu, qələbə sevinci...

Bəli, üç il öncənin bu günü mənfur düşmənin ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Bu müharibə azğınlaşmış düşmənə "dur!" çağırışından daha çox, illərdir atəşkəs dövründə belə şəhid verməsinə baxmayaraq, səbr edən, sülhə inanan, hər iki tərəfdən qan tökülməməsi üçün var gücü ilə çalışan, amma torpaqlarından da bir an belə olsun vaz keçməyən, danışıqlarla problemin həlli yolunu axtaran bir xalqın daşan səbri, "sümüyə dayanan bıçağı" idi.

Nəhayət, millətimizin illərdir gözlədiyi "İrəli!" əmri Ali Baş Komandanımız tərəfindən səsləndirilmişdi. Vətəni tərəfindən köməyə, Komandanı tərəfindən savaşa səslənən bir xalq daha durardımı ki? Əsla!

Elə ilk gündən ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirməyə başladı. İlk saatlardan acı məğlubiyyətini anlayan düşmən öz hiyləgərliyindən qalmadı, əlbəttə. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyərək təxribatlara əl atdı, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Amma bütün bu təxribatların ən layiqli cavabını igid oğullarımız, qəhrəman ordumuz cəbhədə, düşmənin gözlərinin içinə dik baxaraq verdi.

Müharibə itkisiz olmaz, əlbəttə. Bizim də sentyabrın 27-si başlanan və 44 gün davam edən Vətən müharibəmiz, haqq savaşımız şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına başa gəldi, torpaqlarımız onların sonsuz vətən sevgisi və dönməz iradəsi nəticəsində uzun illik işğaldan azad olundu. Bu müharibədə Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhadətə ucaldı, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşdü, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi.

Ancaq heç bir itki, heç bir məhrumiyyət, heç bir təxribat ordumuzu və xalqımızı fikrindən geri döndərməyi bacarmadı. Bizim bir yolumuz vardı: qələbə! Və 44 gün sonra möhtəşəm Zəfərlə Qarabağımız düşmən tapdağından azad olundu.

Şübhəsiz, bu qələbənin memarları-mübariz, qəhrəman oğul və qızlarımızın şücaəti hər zaman yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsi daim uca tutulur. Məhz bunun bariz nümunəsi kimi, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Artıq üç ildir ki, sentyabrın təkcə 27-ci günü yox, bütün ay olaraq şəhidlərimizin, Vətən müharibəmizin anım ayı kimi keçir.

Maraqlıdır ki, sentyabr ayının savaş mistikası bununla bitmədi. Ötən ilin 12 sentyabrında məğlub düşmən yenidən təxribatlara əl atdı və ordumuz tərəfindən layiqli cavablarla susduruldu. Təəssüf ki, bu təxribatlar da itkisiz ötüşmədi və ordumuz bir daha şəhidlər verdi. Üstündən bir il keçdi, bir neçə gün öncə - 19 sentyabr 2023-cü ildə erməni quldurların mina terroru törədərək polislərimizi və mülki şəxslərimizi şəhid etməsi Qarabağda lokal antiterror tədbirlərini zərurətə çevirdi. 24 saata yaxın davam edən bu tədbirlər sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Nəticədə dövlət suverenliyimiz tam mənada bərpa olundu. Artıq Xankəndi, Xocalı, Ağdərə və daha neçə-neçə torpaqlarımız da üç il öncə azadlığına qovuşan digər torpaqlarımız kimi rahat nəfəs almağa başlayır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən savaşında canından keçən şəhidlərimizi ehtiramla anırıq!

 





27.09.2023    çap et  çap et