525.Az

Naxçıvanşünaslığa layiqli töhfə: "Culfa rayonunun tarixi"


 

Naxçıvanşünaslığa layiqli töhfə: "Culfa rayonunun tarixi"<b style="color:red"></b>

Musa RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Bu yaxınlarda akademik İsmayıl Hacıyevin müəllifi olduğu "Culfa rayonunun tarixi" adlı elmi əsəri işıq üzü görüb. Kitab 3 fəsildən ibarətdir.

I fəsil Culfa rayonunun yaranması, inkişaf tarixi və abidələri haqqındadır. Culfanın çox qədim tarixi var. III minillikdən başlayaraq onun ərazisində arxeoloji, tarix və mədəniyyət abidələri olmuşdur. Müəllif ilk öncə "Culfa" sözünün etimologiyasından söhbət açır.

Eramızın V əsrindən başlayaraq Culfa sözünün müxtəlif variantlarda yazılmasını izah edən tədqiqatçı xeyli müxtəlifdilli sənədlərə əsaslanır.

Müəllif qeyd edir ki, bu şəhərin əsl qədim adı Culadır. Orta əsrlərdə bu qədim yaşayış yeri müxtəlif adlar daşısa da, artıq XVII yüzillikdə "Culfa" formasını almışdır.  Bu sözün ətrafında maraqlı araşdırmalar və müqayisələr aparan tədqiqatçı alim belə bir nəticəyə gəlir: "Coğrafi adların böyük əksəriyyəti etnosla bağlı olduğundan "Culfa" sözü də, "Çul" tayfasının adı ilə əlaqədardır. Çox güman ki, həmin tayfanın Culfada yaşayan nümayəndələri toxuculuqla məşğul olmuşlar". Bu maraqlı tədqiqat əsərində Culfa yaşayış yerinin tarixi mənbələrdə yazılanlardan ardıcıllıqla söhbət açan müəllif qeyd edir ki, Culfa düzündəki qədim yaşayış yerlərində və nekropollarda aparılmış arxolooji qazıntıların nəticələri bu ərazidə e.ə. III minillikdən başlayaraq son orta əsrlərə qədər fasiləsiz həyatın olduğunu təsdiq edir.

Əsərin I fəslində Culfa rayonunun tarixi oçerkindən yazan müəllif qeyd edir ki, tarixin bütün dövrlərində Culfa bölgəsi Naxçıvan inzibati-ərazi bölgüsündə özünəməxsus yer tutub. Culfa bölgəsinə daxil olan yaşayış məskənlərinin xeyli hissəsi Əlincə çayının sahillərində yerləşib. Buna görə də orta əsrlərdən Əlincəçay mahalı adlanıb. Qədim və orta əsrlərdə Azərbaycanın ən möhtəşəm və etibarlı müdafiə istehkamlarından olan Əlincəqalanın və Əlincə çayının adı ilə əlaqəli olaraq bu ərazi xalq arasında indi də Əlincə yaxud Əlincəçay mahalı kimi işlənir.

Tədqiqatçı alim yazır ki, Culfa rayonunun aparıcı ərazisi olan Əlincəçay mahalının tarix və mədəniyyət abidələri, arxeoloji tədqiqatlar nəticəsində əldə edilib, maddi-mədəniyyət nümunələri buranın çox qədim tarixə malik olduğunu təsdiqləyir.

Müəllif bu tarixi oçerkdə e.ə. III minilliyin ortalarından başlayaraq bu bölgədə yaşayışın başlanmasından, əhalinin əkinçilik, maldarlıq və ovçuluqla məşğul olmasından və ərazinin siyasi tarixindən ətraflı söhbət açır. Müxtəlif əsrlərdə bu qədim və zəngin əraziyə olan hücumlardan və yerli əhalinin işğalçılara qarşı qəhrəmanlıqla vuruşmasından tarixi mənbələrə və bu mənbələrdəki faktlara əsaslanaraq araşdırır.

İkinci Rusiya-İran (1826-1828-ci illərdə) müharibəsi 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsindəki şərtlərə görə, Naxçıvan, Culfa və Ordubad əraziləri Rusiyaya birləşdirildi. Rusiya çarı I Nikolayın əmri ilə 21 mart 1828-ci ildə qondarma "Erməni vilayəti" yaradıldı. Bu qondarma vilayətə Naxçıvan və İrəvan xanlıqları daxil edildi. Müəllif yeni yaradılan mahallardan da danışır və qeyd edir ki, "Erməni vilayəti"nin inzibati idarəsinin müşaviri İvan Şopenin rəhbərliyi ilə Quberniya katibi Vladimir Zolotnitski 1831-ci ildə Əlincəçay mahalının kameral təsvirini (əhalinin siyahıya alınması) hazıramışdı. Bütün bunların nəticəsi olaraq İ.Şopen "Erməni vilayətinin Rusiya imperiyası dövrünə kimi tarixi abidələrin vəziyyəti" adlı kitab yazmış və 1852-ci ildə Sankt-Peterburq şəhərində nəşr etdirmişdi. Bu kitabda Naxçıvan və Ordubad şəhərlərinin, 10 mahalın, eləcə də Əlincəçay mahalının kameral təsviri verilib. Tədqiqatçı alim İ.Şopenin yazdığı kitabdakı olan məlumatları "Naxçıvan sancağının müfəssəl dəftəri"ndəki məlumatlarla müqayisə etmiş və müqayisədə hansı mənbədə faktların doğruluğunu ətraflı izah edib.

Müəllif XIX və XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin siyasi tarixindən söhbət açmaqla bərabər, 1918-ci ildə quldur Adranikin Naxçıvana hücumunu da ətraflı təsvir edir.

Əsərdə Naxçıvan bölgəsinin 1918-1920-ci illərdə azərbaycanlıların erməni daşnaklarına qarşı igidliklə vuruşmaları, həmçinin Naxçıvanda sovet hakimiyyətinin qurulması maraqlı tarixi faktlarla incələnib.

Akademik İ.Hacıyev 1925-ci ildən 1995-ci ilədək Naxçıvan bölgəsinin, xüsusilə Culfa rayonunun sosial-iqtisadi və mədəni inkişafında ciddi və əsaslı dəyişlikləri sənədlərə və mənbələrə əsaslanaraq ətraflı araşdırıb. Birinci fəsildə tədqiqatçı Culfa rayonunun tarixindən və mədəniyyət abidələrindən də ətraflı söhbət açır. Müəllif qeyd edir ki, Culfa rayonunun ərazisində qeydə alınan və tədqiq olunan onlarca abidənin Naxçıvan tarixinin yazılmamış səhifələrinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Çünki Culfa rayonunun ərazisində qeydə alınan tarixi-arxeoloji abidələr, Azərbaycan memarlığını özündə yaşadan türbə, məscid və körpülər, minilliklərin yadigarı olan qalalar Naxçıvan tarixinin daşlaşmış səhifələridir. Onlardan Əlincəqala, Qazançı körpüsü, Gülüstan türbəsi, Əlincəçay xanəgahı və bir-birindən qədim mədəniyət abidələridir.

Culfa rayonu ərazisində qədim və orta əsrlər dövrlərinə aid əzəmətli qalalar - Əlincəqala, Qazançıqala, Berdiqala və başqaları vardır.  Tədqiqatçı bu məşhur və əzəmətli qalalar haqqında, həmçinin Qırxlarqala, İlandağ qalası, Gülüstanqala, Gülüstan türbəsi, Əmirxan türbəsi, Əlincəçay xanəgahı, Kırna türbəsi haqqında ətraflı məlumat verməklə bərabər, aparılmış arxeoloji tədqiqatlardan da söhbət açır.

Müəllif Culfa rayonunda əhəmiyyətli abidələrdən Ziyaülmülk körpüsü, Qazançı körpüsü, Ləkətağ körpüsü və "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi və karvansaraylar haqqında da bəhs edərək göstərir ki, Naxçıvan Muxtar Respublikasında Culfa bölgəsinin əlverişli coğrafi mövqeyi Əlincəçay ətrafının iqtisdi və mədəni inkişafına zəmin yaradıb, bu ərazidə tarix və mədəniyyət abidələrinin yaradılması mümkün olub.

Əsərin ikinci fəslində Culfa rayonunun sosial-iqtisadi inkişafından danışılır. Rayonun kənd təsərrüfatından, sənayenin inkişafından, tikinti-quruculuq işlərindən, nəqliyyat və rabitə sahəsindəki inkişafdan, Naxçıvanın Şərqə açılan qapısı - Culfa gömrükxanasından da bəhs olunur. Culfa gömrükxanasının tarixindən maraqla söhbət açan müəllif qeyd edir ki, muxtar respublikamızın iqtisadi və milli təhlükəsizliyinin qorunmasında, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizədə, ticarət və tranzitin artmasında, Naxçıvan Muxtar Respublikasının əsas ərazi vahidi arasında yük və sərnişin dövriyyəsinin həyata keçirilməsində Culfa gömrük sərhəd buraxılış məntəqəsinin xüsusi rolu vardır.

"Culfa rayonunun sosial inkişafı"ndan maraqla söhbət açan tədqiqatçı belə nəticəyə gəlir ki, sosial siyasətin konkret tədbirlərinin əsas hissəsi dövlət səviyyəsində işlənib hazırlanır və həyata keçirilir.

Əsərin III fəsli "Culfa rayonunun mədəni inkişafı" adlanır. Burada rayonda təhsilin inkişafından, mədəni-maarif müəssisələrindən, səhiyyədən və turizmin inkişafından, həmçinin rayonun ədəbi mühitindən və onun yetirmələrindən söhbət açılır.

Beləliklə, akademik İsmayıl Hacıyevin yenicə çapdan çıxan "Culfa rayonunun tarixi" monoqrafiyası qədim və müasir tariximizin öyrənilməsi üçün maraqlı bir tədqiqat əsəri kimi dəyərləndirilə bilər.

Əsərin yazılmasında müəllif Azərbaycan və rus dillərində olan elmi ədəbiyyatdan və çoxlu sayda arxiv materiallarından istifadə edib. Əlavə olaraq kitaba daxil edilən fotoşəkillər oxucunu xəyalən Culfa rayonuna aparıb çıxarır.

Akademik İsmayıl Hacıyevin böyük zəhmət və maraqla ərsəyə gətirdiyi kitab Azərbaycan tarixinin unikal bir səhifəsi olan Naxçıvanşünaslığa layiqli töhfədir.

 

 

 





27.09.2023    çap et  çap et