525.Az

Bakıda Beynəlxalq Oğuz Türkcəsi Konfransı


 

Bakıda Beynəlxalq Oğuz Türkcəsi Konfransı<b style="color:red"></b>

Sentyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Beynəlxalq Oğuz Türkcəsi Konfransının açılış mərasimi olub.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı və "Türk şəhidliyi" abidəsini ziyarət ediblər.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən, ölkələrimiz arasında qədim tarixə və zəngin köklərə malik dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Akademik diqqətə çatdırıb ki, Beynəlxalq Oğuz Türkcəsi Konfransında Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasından görkəmli alim və şairlər iştirak edirlər.

Türkiyənin hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğunu, haqq mübarizəsinə bütün səviyyələrdə dəstək verdiyini deyən İsa Həbibbəyli konfransın olduqca əlamətdar dövrə təsadüf etdiyini söyləyib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələnmiş lokal antiterror tədbirləri ölkəmizlə yanaşı, Türk dünyasında da sevinclə qarşılanıb.

İsa Həbibbəyli diqqətə çatdırıb ki, bu gün ilk dəfədir Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu türk dili bayramını qardaş Azərbaycan xalqı ilə bir yerdə qeyd edir: "Bugünkü konfrans və mükafatlandırma mərasimi həm də böyük bir başlanğıcdır. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı indiki dövrdə də müstəqil türk dövlətlərinin strategiyasını müəyyən edir. Onun ən böyük nümunəsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətləridir. Bu gün Türk Dövlətləri Təşkilatının yaradılması, eyni zamanda, qardaşlığımızın, birliyimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək".

Konfransda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı və digər çıxış edənlər Azərbaycan-Türkiyə, eləcə də Türk dövlətləri arasında elmi, mədəni əlaqələrin genişlənməsində və inkişafında konfransın əhəmiyyətini qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıblar.

Konfrans çərçivəsində Türk dünyasının ədəbiyyat (şeir) müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub. Akademik İsa Həbibbəyli Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən hər il ədəbiyyatın müxtəlif sahələri üzrə müsabiqənin keçirildiyini söyləyib. Qeyd edib ki, builki müsabiqə şeir üzrə təşkil edilib. Azərbaycandan bu mükafata Xalq şairi Sabir Rüstəmxanlı layiq görülüb.

Sonra şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafata Özbəkistandan Uluğbek Hamdamov, Qazaxıstandan Galım Jaylıbay, Qırğızıstandan Aida Egemberdiyeva və Şimali Kipr Türk Cümhuriyyətindən Oktay Öksüzoğlu layiq görülüb.

Tədbir öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli son illərdə türk dövlətlərinin inkişafı istiqamətində dövlətlər səviyyəsində əhəmiyyətli tədbirlərin görüldüyünü, Türk dünyasının dünyada öz mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb. AMEA rəhbəri qeyd edib ki, Azərbaycanın bu günlərdə həyata keçirdiyi antiterror tədbirləri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi, İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün siyasi danışıqların aparılması və s. kimi tədbirlər türk xalqlarının həmrəyliyinin, türkün qüdrətinin bariz nümunəsidir.

Akademik İsa Həbibbəyli yeni dönəmin gətirdiyi reallıqların alimlərimiz qarşısında da yeni vəzifələr qoyduğunu qeyd edərək müasir dövrdə milli-mənəvi dəyərləri qorumaq və inkişaf etdirmək, eləcə də  müstəqil dövlətçilik təfəkkürünü möhkəmləndirməyin önəminə toxunub.

AMEA prezidenti türk xalqlarının ortaq problemlərinin həllinə həsr olunmuş bugünkü tədbirin təşkilində göstərdiyi dəstəyə görə Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örsə təşəkkürünü bildirib. O, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən hər il ədəbiyyatın müxtəlif sahələri üzrə müsabiqənin keçirildiyini deyərək builki şeir üzrə təşkil edilmiş müsabiqənin qaliblərinin bugünkü konfrans çərçivəsində mükafatlandırılması mərasiminin keçirildiyini də diqqətə çatdırıb.

Daha sonra Türk Dil Qurumunun başqanı, professor Osman Mert çıxış edərək türkdilli dövlətlər arasında bir çox sahələrdə, o cümlədən, elm, mədəniyyət, incəsənət sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini, birgə layihələrin icra olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Türk Dil Qurumu bu istiqamətdə həyata keçirilən işlərə, görülən tədbirlərə hər zaman dəstək verir.

Tədbirdə akademik Nizami Cəfərov "Türk dilləri ailəsində Oğuz türkcəsinin yeri və mövqeyi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə "Türk dilləri" anlayışından, türk xalqları üçün vahid dil ideyasından, ədəbi dil məsələlərindən, o cümlədən, Oğuz dillərinin türk dilləri içərisindəki müqayisəli tarixi yerinin (sistem-struktur, antroposentrik, dil nə nitq baxış-bucaqları baxımından) müəyyən edilməsindən, bəhs edilib. Bildirilib ki, müasir türk dilləri qədim tarixi olan lüğət tərkibinə, inkişaf etmiş qrammatik quruluşuna, zəngin ünsiyyət ənənələrinə malik bir kök dilin varisləri kimi yaranmış, təşəkkül etmiş və müasir dövrdə böyük inkişaf potensialına malik dil ailələrindən biridir.

Nizami Cəfərov bildirib ki, qədim türk ədəbi dilinin istər tarixi, istərsə də coğrafi koordinatlarının az-çox dəqiq müəyyən edilməsi üçün ilk növbədə, qədim türk dili anlayışının özünün mənasını aydınlaşdırmaq lazım gəlir. O, Altay nəzəriyyəsinə əsaslanaraq qeyd edib ki, türk dili Altay dilinin diferensiasiyası nəticəsində meydana çıxmış üç dildən (türk, monqol və tunqus-mancur) biridir. Məruzəçi türk dilinin daha geniş yayılması, sosial nüfuzu, ifadə imkanlarının zənginliyi ilə hər zaman fərqləndiyini qeyd edib. Bildirib ki, dilin mövcudluğunun əsas şərtinin davamlı diferensiasiya prosesi olduğunu nəzərə alsaq, türk dili Altay dilinin məlum dialektlərə diferensiasiyasının sona yaxınlaşması türk dilinin ayrı-ayrı dialektlərə diferensiasiyasının başlanması arasında qərar tutmuşdur.

Məruzəçinin sözlərinə görə, qədim türk ədəbi dili oğuz koynesi üzərində təşəkkül tapsa da, digər türk tayfa dillərinin (dialektlərinin) xüsusiyyətlərini də özündə ehtiva etdiyinə görə ümumtürk xarakteri daşıyır.

"Hər bir türk dili ədəbi yazılı mənbələrdən meydana çıxır", - deyən Nizami Cəfərov türkologiyada türk dillərinin pasportlaşdırılması işlərinin görülməsinin zəruriliyinə toxunub.

Tədbirdə, həmçinin professor Gülden Sağol Yüksekkayanın "Oğuz" və "Oğul"un Kökən Birliyi", professor Nadir Məmmədlinin "Azərbaycanda Oğuz türkcəsinin tədqiqi ənənələri və qarşıda duran vəzifələr" və professor Ahmet Karadoğanın "XI-XIII yüzillikdə Səlcuqlu coğrafiyası türkcəsinin durumu" adlı məruzələri dinlənilib, müzakirələr aparılıb.

 

 





28.09.2023    çap et  çap et