525.Az

Şahmat daşları: qədim tarix və maraqlı simvolika - Yunis Xəlilov yazır


 

Şahmat daşları: qədim tarix və maraqlı simvolika - <b style="color:red"> Yunis Xəlilov yazır</b>

Şahmat təkcə intellektin, strategiyanın yaşanıldığı bir dünya, yaxud rəqabət aparılan vasitə deyil, həm də qədim dövrdən bəri var olmuş mədəniyyətlərin tarixi köklərinin əksidir. Qeyd edək ki, şahmat tarixində Müqəddəs Genadionun fiqurları kimi də tanınan Mozarab şahmat daşları 10-cu əsrin əvvəllərinə qədər ən qədim şahmat daşları hesab edilirdi. Onlar dörd kiçik parça fil sümüyündən hazırlanmış və İspaniyanın Leon şəhərindəki Mozarabik monastırında qorunub saxlanılıb.

Bəzi mülahizələrə görə, Avropanın ən qədim şahmat daşları fil sümüyündən hazırlanmış italyan şahmat fiqurlarıdır. Təxminən eramızın 980-ci ilinə aid edilən həmin daşlar İtaliyanın Venafro şəhərində tapılıb və hazırda Napoli arxeoloji muzeyində nümayiş etdirilir. Parçalar 1932-ci ildə Roma dövrünə aid məzarlıqda aşkar edilmişdi. Maraqlıdır ki, bu gün belə ərəb formalı həmin şahmat daşlarının Roma dövrünə aid bir məzarlığa necə gəlib çıxması heç cür  izah oluna bilmir.

İndi 67-si Britaniya Muzeyində, 11-i isə Edinburqdakı Milli Antik Əşyalar Muzeyində saxlanılan Lyuis şahmat daşları da maraqlı, orijinal nümunələrdir. Fiqurlar dörd müxtəlif şahmat dəstinə aiddir. Lyuis parçaları 1831-ci ilin martında Şotlandiyanın Xarici Hebrid adalarında Lyuis adasının qərb sahilindəki yeraltı bir otaqda inəyini axtaran Calum nan Sprot adlı yerli kəndli tapmış, sonralar daşları Britaniya Muzeyinə satmışdı. Ehtimala görə, parçalar 1150-ci ildə skandinavlar tərəfindən morj dişindən hazırlanıb. Onun İslandiya mənşəli olduğu düşünülür.

Tarix elmləri namizədi İsaak Linder keçmiş SSRİ-də dərc olunan "Şaxmatnoe obozrenie-64" ("Şahmat icmalı-64") jurnalının 1991-ci il noyabr nömrəsində çap edilmiş "Adəm də şahmat oynayardımı?" başlıqlı yazısında 1972-ci ildə Özbəkistan torpaqlarındakı "Dəlvərzin Təpə" adlı arxeolojik məkanda tapılan oyun daşlarının önəmindən bəhs etmişdi.

Bir qədər sonra, daha dəqiq desək, 1977-ci ildə tarixçi Yuri Buryakovun rəhbərliyi altında Əfrasiyab (Səmərqənd) kəndində miladdan sonra 760-cı ilə aid edilən 7 şahmat daşı tapılıb.

Rusiyanın müxtəlif bölgələrində - türk mədəniyyətinə aid yerlərdə də şahmat dəstlərinə rast gəlinib. Bəzi rus müəllifləri bu daşların və şahmatın Xəzər Volqa boyundan gətirildiyini irəli sürürlər. Halbuki həmin bölgələrdə tapılan daşlar Əfrasiyab daşları ilə bənzərlik təşkil etməkdədir.

Qeyd edək ki, ilk şahmat taxtası və daşlarının dizaynerlərindan biri 1790-cı ildə Con Kalvert olub. Onun tərtibatında şah və vəzir fiqurlarının dəlikli tacları vardı. Şahmat daşlarının başqa dizayn modelləri (Lund, Merrifield, Barleycorn, Selenius ve St George) də məlumdur. İngilis şahmat ustası Hovard Stauntonun 1849-cu ildə dizayn etdiyi materialı taxtadan olan şahmat daşları isə hazırda şahmat yarışlarında istifadə olunan ən son model hesab edilir.

İndi isə şahmat daşlarının qısa tarixi və onların simvolik anlamları barədə məlumat vermək istərdim.

Beynəlxalq şahmat arenasında adı Şah kimi qəbul olunmuş fiqurun həyatdakı prototipi hökmdardır, dövlət başçısıdır. Ən əsas odur, rəqib onu ələ keçirirsə, oyunda məğlub oluruq. Oyunun qaydalarına görə, fəda edilməyən yeganə fiqurdur, mütləq qorunmalıdır. Şahmat tarixində bu günədək onun oyundakı gedişi heç vaxt dəyişməyib. O, şahmat taxtasında hər istiqamətə yalnız bir addım irəliləyə bilir. Oyundakı bu yavaş hərəkətinə görə onu psixoloji baxımdan təmkinin simvolu hesab edə bilərik.  Anatomiya elminin gözü ilə baxsaq, şah fiquru insan orqanlarından başla müqayisə oluna bilər. Siyasi nöqteyi-nəzərdən isə o, hakimiyyətin rəmzi sayılır.

Təxminən, 1500 il bundan əvvəl şahmatın ən qədim forması olan hind oyunu çaturanqada gedişi yalnız öz durduğu xananın çarpazında bitişik olan dörd xana ilə məhdudlaşdığı üçün Vəzir oyunun ən zəif fiquru sayılırdı. Bu fiqurun Hindistandakı adı bizim şahmat leksikonumuzda işlədilən "Vəzir" termininin qarşılığı olan "Mantri" idi. Oyun İranda oynanılmağa başlanılan vaxtlarda adı "müdrik adam" mənasını verən "Firzan" olmuşdur. Bizdəki adı isə ərəbcə "vzr" kökündən olan, "vazir", "vəzir" kimi tələffüz edilən sözdən götürülüb. Bu sözün mənası "ağırlıq", "öz ürəyinə yük gətirən", "vəzifə daşıyan" deməkdir. Ərəblərin vasitəsilə İspaniyaya gedib çıxan oyunda bu fiqurun adı ispan dilində "xanım" anlamını daşıyan "Dama" oldu. Sonralar Avropa mədəniyyətinə uyğun adı kral olan şaha təbii olaraq bir həyat yoldaşı ehtiyac duyulduğundan bu fiqur bir sıra qərb ölkələrində öz dillərində "kraliça" mənasını verən terminlərlə adlandırılmışdı. Bu mənada o, şahın həyat yoldaşını xarakterizə edir. Deməli, şah kişidir, onun ən yaxınında olan isə arvadıdır. Müşahidə etsək, görərik ki, şahmatda cütlüyə önəm verilir. İki top, iki fil, iki at, səkkiz piyada. Bu cür yanaşsaq, şah da tək deyil, qadını ilə bərabərdir. Amma bu bərabər səviyyə eyni zamanda paradoksal sayıla bilər. Çünki oyunda ən dəyərli (şah) ən güclüyə (vəzir) bərabər hesab edilmir. Göründüyü kimi, bu bərabərlikdə eyni zamanda bərabərsizlik də vardır. Şahmatda ən dəyərli olan ən güclü, ən güclü olan isə ən dəyərli deyil. Maraqlıdır, hər halda...

Qərb ölkələrində Vəzirin Kraliça adlandırılmasının önəmli səbəblərindən biri də şərq mədəniyyətində daima "müdrik adam" və ya "məsləhətçi" xüsusiyyəti ilə mövcud olan vəzirlik postunu tam olaraq qarşılayacaq bir anlayışın qərb dünyasında olmamasıdır.

1470-ci illərdə Vəzirin gedişlərinə onun ən güclü fiqur halına salınması məqsədilə dəyişikliklər edilib, o, top və filin birləşdirilmiş gücü ilə təchiz olunub. Təsadüfi deyil ki, həmin dövrdən başlayaraq italyanlar bu yeni xüsusiyyətləri ilə vəzir fiqurunu "çox şiddətli", hətta "qəzəbli", "qudurmuş" mənalarını daşıyan "furioso" termini ilə adlandırmağa başlayıblar.

Bizim şahmat leksikonumuzdakı Vəzir ən güclü fiqurdur (nominal dəyəri 9 baldır). Atdan başqa bütün fiqurların və piyadanın gedişini yerinə yetirə bildiyinə görə hərtərəfliliyin simvolu sayıla bilər. Hərtərəfliliyin mütləq deyil, nisbi anlayış olması vəzirin atın gedişini edə bilməsində təzahür tapır.

Beynəlxalq şahmat arenasında bu fiqurun adı "queen" ("şahzadə", "kraliça") olaraq qəbul olunsa da, o, indi də şərq ölkələrində vəzir anlamını daşıyan terminlərlə ifadə olunmaqdadır.

Top - Vəzirin ən güclü fiqur halına gəldiyi XV əsrə qədər olan dövrdə top şahmat taxtası üzərində ən güclü fiqur hesab edilirdi. Bu fiqur o qədər əhəmiyyətli idi ki, bir oyunçu rəqibin topuna hücum edərkən eynilə bu gün şaha hücum olunarkən "şah" deyərək rəqibi xəbərdarlıq etdiyimiz kimi, o dövrdə də "top" deyərək rəqibi xəbərdar etmək lazım idi. Bu fiqur ayrı-ayrı ölkələrdə fərqli cür adlandırılmışdır. Onun Hin-distandakı ilk adı atların daşıdığı iki təkərli "döyüş arabaları" anlamını daşıyan "Ratha" olmuşdur. Bu fiqur bir müddət Avropada ərəbcə olan "Rukh" adını daşımış və italyan dilində "qala" mənasını verən "rocco" adı ilə adlandırılmışdır. Sonralar Avropanın bir sıra ölkələri bu fiquru öz dillərində "qala" anlamını daşıyan sözlərlə ifadə etmişdir. Məsələn, fransızlar "tour" terminini işlətmişlər. Digər ölkələrdə isə italyanların təsiri ilə bu fiqur "Rocco" sözünün səs və ya anlam baxımından oxşarı olan terminlərlə ifadə olunmuşdur. İngilislərin verdiyi "Rook" adını buna misal çəkmək olar. Türkcədəki "Kale" adı həm italyan dilindəki "rocco" sözü, həm də oyunda istifadə edilən həmin fiqurun ənənəvi forması ilə bağlıdır. Hazırda vəzirdən sonra ən güclü fiqur hesab edilir. Şahmat taxtasında üfiqi və şaquli istiqamətlərdə bir və ya daha çox xana irəliləyə bilir.

Əslində beynəlxalq şahmat arenasında qəbul olunmuş "rook" ("qala") adı düzgündür. Qala möhkəmliyin, dayanıqlılığın rəmzi sayılır. Bizim şahmat leksikonumuzda işlədilən Top ən güclü və uzaq vuran döyüş silahlarından biridir. Buna görə onu möhkəmliyin, uzaqgörənliyin rəmzi hesab edə bilərik. Oyundakı nominal dəyəri 5 baldır.

Fil - Hindistandakı orijinal adı da fil olan və ərəblərin əl-fil dediyi bu fiqur ilk vaxtlar bugünkündən çox zəif olub hərəkətləri çarpaz istiqamətdə, lakin indikindən fərqli olaraq başqa fiqurların üzərindən sıçrayıb iki xana irəliləmə imkanı ilə məhdud idi.

Avropalılar həyatları boyunca heç vaxt fil görmədikləri üçün təbii olaraq bu heyvana öz krallıq məqamlarında vəzifə verməkdə çətinlik çəkmişdilər. İtalyanlar ona "bayraqdar" anlamına gələn "alfiere" demiş, almanlar "qaçışçı" mənasını daşıyan "laufer" adını uyğun görmüşlər. Fransızlar isə Hindistanda istehsal olunmuş şahmat fiquru olan fillərin sadələşdirilmiş təsvirini sarayın şapqalı təlxəyinə bənzətdikləri üçün ad olaraq bu anlama uyğun gələn "fou" sözünə üstünlük vermişlər. İngilislərə gəlincə, onlar bu fiqurun üst hissəsini keşiş tacına oxşatdıqlarına görə ona "keşiş", "yepiskop" mənalarını verən "bishop" adını vermişlər.

Şahmat arenasında əsasən filin atla eyni gücə malik olması fikri qəbul olunsa da, əslində oyun zamanı qapalı vəziyyətlərdə at, açıq vəziyyətlərdə fil daha üstün sayılır. XV əsrin sonunadək fil "fiqurların üzərindən sıçramaq" gücünü itirmiş, öz rənginə uyğun xanalar üzrə diaqonal istiqamətdə həm irəli, həm də geri hərəkətetmə imkanına sahib olmuşdur.

Bizim şahmat leksikonumuzda işlədilən "fil" ən nəhəng savaş silahıdır. Onu təmsil etdiyi heyvana görə vahimə və qorxunun rəmzi, ezoterik anlamına görə isə əkslikləri xarakterizə edən ziddiyyətlərdən doğan birliyin simvolu saya bilərik. Beynəlxalq şahmat arenasında bu fiqurun adı "bishop" ("keşiş", "yepiskop") kimi qəbul olunmuşdur. Bu mənada dinin idarəçilikdəki yerinə işarə oluna bilər. Ezoterik məlumatların işığında baxsaq, fərqli rəngli "keşiş"lər "ağ" və "qara", yəni "xeyir" və "şər" qüvvələrə də işarə ola bilər. Oyundakı nominal dəyəri 3 baldır.

At - Təxminən 1500 ildən bəridir ki, görünüşü və gedişi dəyişikliyə uğramayan bu fiqur Hindistanda, İranda, ərəb dünyasında və bir sıra Avropa dövlətlərində "at" mənasını daşıyan adlara malik olmub. Məsə-lən, hindlilər at fiquruna "qxora", yaxud "asp", farslar "fərəs", taciklər "əsp", azərbaycanlılar "fərəs", "əsb" və "at" demişlər. Lakin bəzi Avropa ölkələrində, məsələn, İngiltərə və Fransada at onu minən şəxsin adına uyğun olaraq "cəngavər" mənasını verən "knight" termini ilə ifadə olunub.

Ən qəribə fiqur sayılan atın şahmat taxtası üzərindəki hərəkəti "L" hərfinə bənzəyir.

Bizim şahmat leksikonumuzda işlədilən "at" sağı-solu bəlli olmayan, həm hücum, həm də müdafiədə işə yarayan savaş vasitəsidir.

Beynəlxalq şahmat arenasında bu fiqurun adı "knight" ("cəngavər") kimi qəbul olunmuşdur. Bu mənada, şərhə ehtiyac yoxdur. Müharibə cəngavərlərin savaş meydanıdır. Cəngavər qoruyuculuğun, mühafizənin simvolu sayıla bilər. Oyundakı nominal dəyəri 3 baldır.

Şahmat terminologiyasında vəzir və top ağır, fil və at yüngül fiqurlar adlandırılırlar. Analoji bölgü həyatda özünü belə göstərə bilər: nüfuzlu, xarizmatik, ağırbaşlı insanlar və bunun əksi...

Piyada şahmat taxtasındakı ən zəif daşdır. Hindistandakı ilk adı "padati" olmuşdu. Bu söz latınca "ayaq" mənasını verən "pedis" sözü ilə eyni kökdən gəlir. Şahmatda özlərindən daha güc-lülər üçün yolları açır, maneələri aradan qaldırır və ordularının zəfər çalması üçün özlərini qurban verməkdən belə çəkinmirlər.

Tarix boyu gedişi bir xana irəli getmək olmuşdur. Geriyə getmək imkanı olmayan piyada çarpaz istiqamətlərin hər ikisinə hücum etmək imkanına malikdir.

Zamanla iki fərqli xüsusiyyət də qazanıb. Bunlardan birincisi, hərəkət etməmişsə, öz yerindən iki xana irəliləyə bilmək. İkincisi, rəqibə doğru irəliləyə bilsə, ən son səkkizinci xanaya çatdıqda şahdan başqa istənilən fiqura çevrilə bilmək. Həyatda eyni ilə bir tırtılın kəpənəyə çevrilə bilməsi kimi piyada da çevrilə bilmə keçirəcəyi anın xəyalı ilə yaşayır.

Piyadanı hər aspektdən yanaşaraq izah edə bilərik. Müharibədə əsgərləri xarakterizə edir. Digər prizmadan yanaşsaq, çoxluğu, kütləni təmsil edə bilər. Onu zəifliyin simvolu kimi qiymətləndirənlər də vardır.

Beynəlxalq şahmat arenasında "pawn" ("piyada") adı qəbul olunmuşdur. Oyundakı nominal dəyəri 1 baldır.

Beləliklə, şahmat daşlarının tarixinə qısa yolçuluq və onların simvolik anlamları onu deməyə əsas verir ki, şahmat oyunu qədim sivilizasiyaların harmonik vəhdətini ehtiva etməklə bir sıra keçmiş mədəniyyətlərin izlərini yaşadır.

 

 





28.09.2023    çap et  çap et