525.Az

"Bir böyük - uşaqdır hələ..." - Aygün Yaşar yazır


 

GÜNÜMÜZÜN UŞAQ ŞEİRLƏRİNİ YARADANLAR SIRASINDA RÜSTƏM MUĞANLI DA VAR

"Bir böyük - uşaqdır hələ..." - <b style="color:red"> Aygün Yaşar yazır</b>

Uşaq ədəbiyyatı nümunələri yazmaq digər oxucu qrupları üçün yazmaqdan daha artıq məsuliyyət, daha çox ciddiyyət tələb edir. Yetkin insanlar nə qədər təsirli bədii əsərdən heyrətlənsələr, həyəcanlansalar da, eyni zamanda fərqində olurlar ki, bu, ən yaxşı halda sadəcə bir bədii əsərdir, kiminsə təxəyyül məhsuludur. Amma uşaqlar oxuduqları, dinlədikləri bədii mətnlərdə, izlədikləri cizgi filmi, teatr, filmlərdəki olayları həyatın özü qədər gerçək qəbul edirlər. Buna əsaslanaraq körpə təxəyyüllərində belə gerçəkləri yaşamış olurlar. Onlar inanırlar ki, həqiqətən Cırtdan Divin ayağına dəyirman daşını elə onun özunə bağlatdırıb və çayda boğub. İnanırlar ki, canavar Şəngülümü, Şüngülümü yedikdən sonra anaları iti buynuzları ilə canavarın qarnını yarıb onları xilas edib. Onlar oyuncaqların taxta, kauçuk, rezin, parça, yun topası yox, canlı olduğuna inanırlar. Göz əvəzi tikilmiş düymələrdə oyuncaq dostlarının sevincini, kədərini, arzularını "görə, duya" bilirlər. Əks halda hər gün milyonlarla oyuncaq satılmazdı, alınmazdı, oyuncaq fabrikləri çalışmazdı, cizgi filmlərinə, uşaq kitablarına milyonlarla vəsait ayrılmazdı. Bizim ölkədə bu sahə zəif durumda olsa da, uşaqlarımız başqa ölkələrin məhsulları ilə bu mənəvi tələbatlarını ödəyirlər. Fəsadlarını yaşasaq da, bunun təsirini dilimizə, milli dəyərlərimizə, milli təfəkkürümüzə yadlaşma, ögeyləşmə proseslərində görsək də, bu, belədir. Nə qədər ki, öz uşaqlarımıza öz milli cizgi filmlərimizi, milli uşaq oyunlarımızı, ana dilimizdə uşaq kitablarımızı yaratmayacağıq, doğma dilimizi, milli dəyərlərimizi lazımınca qoruya bilməyəcəyik.

Elə bu düşüncələrlə də şair Rüstəm Muğanlının uşaqlardan bəhs edən və ya onlara həsr olunan şeirlərini xüsusi maraqla, məmnuniyyətlə oxudum. "Ata və oğul", "O" və eləcə də bu yaxınlarda nəşr olunan "Bir ürək dolusu sevgi" adlı üç şeir kitabının müəllifi olan şairin yaradıcılığında müxtəlif mövzularda şeirlər yer alır. Onun "Yüz bir uşaq tanıyıram" adlı şeiri fərqli məna yükü ilə diqqəti cəlb edir:

Yüz bir uşaq gördüm,

Amma,

Yüzü sevimli,

                    biri yox.

 

Zənnimcə, şair bu misralarda "Yüzü sevimli, biri yox" dedikdə, ailəsi, ətraf mühiti tərəfindən biganəlik göstərilən, hətta tərk edilən uşaqları nəzərdə tutur. Növbəti misralar da həmin uşaqlar barədədir:

 

Yüz bir uşaq tanıyıram,

Yüzünün yaşı az,

                          biri çox.

 

Həyatın çətinlikləri ilə azacıq yaşında üzləşərək uşaqlığını itirən, ruhən böyükləşən, hətta qocalan (!) uşaqlar yoxdurmu? Münaqişəli, natamam ailə içində ömrünün ən məsum illəri acı xatirələrə çevrilən, bir anda bir əsr yaşamış adama dönən uşaqlar azdırmı?!

 

Yüz uşaq böyük olmayıb,

Bir böyük - uşaqdır hələ.

 

Bəzən əksinə də olur: insanın yaşı artır, hətta 50-yə, 60-a çatır, amma o, uşaq qalır hələ də. Burada iki mənaya işarə oluna bilər: insan ya kamilləşmir, uşaq kimi çox gerçəklərdən, həyat reallıqlarından xəbərsiz qalır, idraki inkişafında, ruhən təkmilləşməsində zəiflik özünü göstərir, ya da böyüməklə həyata baxışı mənfi yöndə dəyişmir, uşaq kimi saf, məsum qalır.

Nə qədər böyük olsaq da, sevimli insanların yanında uşaqlaşırıq çox zaman. İsti ana qucağına sığına bildiyimiz, "qızım", "oğlum" kəlməsini ata səsində eşitdiyimiz, doğma böyüklərimizin qayğıkeşliyini duyduğumuz anda neçə yaşda olduğumuzun önəmi qalmır: özümüzü yenə də 7-8 yaşlı uşaqlar kimi hiss edirik. Yaşca bizdən böyüklərimizin sevgisi, qayğısı bax belə bir möcüzəli çevrilmə edə bilir ruhumuzda...

Fikrimcə, bu şeir daha çox böyüklərin oxuması üçündür. Axı insan hər yaşda tərbiyələnməyə ehtiyacı olan varlıqdır. Çünki insan duyğuları elə kainatın özü kimi bir yerdə dayanmır, dəyişir, şəkildən-şəkilə düşür. Bu mənada poeziya, ümumiyyətlə, ədəbiyyat elə ilk funksiyasını - ədəbləndirmək, mərifətləndirmək, tərbiyələndirmək missiyasını istənilən yaş həddi olan oxucu üçün yerinə yetirəndə dəyərli, lazımlı olur.

Bu gün bütün dünyada uşaq evlərinə diqqət artırılmalıdır. Bu mənada, hər birimiz o uşaqların qarşısında insanlıq borcu daşıyırıq. R.Muğanlı da, düşünürəm ki, "Əminə ilə Zərifə" şeirində oxucu diqqətini uşaq evlərindəki uşaqlara cəlb edərək öz mənəvi borcundan çıxmağa çalışıb:

 

Zərifə atasıyla,

Getdi uşaq evinə.

Yeni rəfiqə tapdı -

Balacaboy Əminə.

Dönəndən sonra evə,

Əminəni düşündü.

Axı atası yoxdur,

Kim əzizləyir indi?...

 

"Tənbəl Musa" birbaşa məktəbli uşaqlara yönəlik tərbiyəedici şeirdirsə, "Tofiqin köməyi" həm zəhmətkeşliyə rəğbət yaratmaq baxımından, həm də ailə daxilində valideyn-övlad münasibətlərinə örnək bir mənzərənin təsviridir. "Yazdan əvvəl gələn quş"da zamansız iş görməkdən yarana biləcək çətinliklərə işarə vurulursa, "Yuva" və "Sərçə yuvası" insanda mərhəmət, xeyirxahlıq duyğuları yaratmağa, uşaqlara təbiəti qorumaq zehniyyəti aşılanmasına xidmət edir. "Uşaq və Nənə", "Fəxri ad" və digər şeirləri də R.Muğanlının bu sahədəki yaradıcılığının önəmini göstərən nümunələrdir.  

 





28.09.2023    çap et  çap et