525.Az

Unudulmaz mahnıların yaddan çıxmaq təhlükəsi - Allahverdi Eminov yazır


 

Unudulmaz mahnıların yaddan çıxmaq təhlükəsi - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

Ötən əsrin 50-ci illərində, müharibədən sonra dahi Üzeyir bəyin yetirmələri - gənc bəstəkarlar yaradıcılıq meydanında öz yerlərini tutdular. Qara Qarayev, Cövdət Hacıyev, Səid Rüstəmov, Rauf Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Fikrət Əmirov, Tofiq Quliyev və başqaları musiqi sahəsində bir məktəb yaratdılar, opera, balet, simfonik və digər janrlarda əsərlər yazdılar. Lakin onlardan sonra, bir neçə bəstəkar istisna olmaqla, böyük boşluq yarandı... Klassiklər "klassik" əsərlərlə yanaşı, mahnı janrını da unutmadılar, Səid Rüstəmov, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Elza İbrahimova hələ də təravətini itirməyən mahnılar bəstələdilər. S.Rüstəmov "əmək mahnıları"na görə o zamanın ən nüfuzlu Stalin mükafatına layiq görüldü. "Klassiklər"dən öyrənən, onların ardınca gələn gənclər gözəl mahnılara imza atdılar, hərçənd onlara "həvəskar bəstəkar" yarlığını yapışdırdılar! Təəssüflü deyilmi? Yazılan və sevilərək oxunan mahnının müəllifi həvəskar olarmı?

Xatırlayıram ötən əsrin ən dəbdə oxunan mahnılarını, bunları bəstələyənlərin əksəri ali musiqi təhsili almayan, amma yüksək musiqi qabiliyyətinə malik olanlardı. Məsələn, Hacıbaba Həsənov, Qulu Əsgərov, İbrahim Topçubaşov, Ələkbər Tağıyev, Qafar Namazəliyev, Əlibaba Məmmədov və digərləri. Lakin onlar "həvəskar bəstəkar" adını daşıdıqları halda mahnıları peşəkar müğənnilər tərəfindən oxunsa da, imzalarını göstərmək "unudulurdu". Yadımdadır, mətbuat bu ədalətsizlik barədə yazırdısa da, əhəmiyyət verilmirdi, səbəbi o idi ki, hansısa bürokratik əngəli aşa bilmirdilər. Təəssüf ki, belə haqsızlıqlar baş verir, "tilsim" qırılmırdı. Qeyd etməmək olmaz ki, "həvəskarları" Bəstəkarlar İttifaqına qəbul etmirdilər, halbuki İttifaqda bəstəkar kimi təmsil olunanlardan bəziləri bir mahnı da yazmamışdılar.

İstər yaşlı, istər bugünkü gənc nəsil Hacıbaba Həsənovun, Ələkbər Tağıyevin, Qulu Əsgərovun, İbrahim Topçubaşovun, Habil Əliyevin bəstələdikləri unikal mahnıları yaxşı xatırlayırlar, nə az-nə çox, 70 il var ki, bu mahnılar repertuardan düşmür, oxunur, sevilir. Mən Hacıbaba Həsənovu yaxşı xatırlayıram. Pedaqoji İnstitutda təhsil aldığım vaxt (1959-1964) Hacıbaba müəllim orada dərs deyirdi, baş müəllim kimi fəaliyyət göstərirdi, daha doğrusu, musiqidən dərs aparırdı və bu illərdə onun mahnıları Şövkət Ələkbərovanın, Əbülfət Əliyevin, Gülağa Məmmədovun və başqalarının repertuarında səslənirdi. "Ellər gözləyir", "Eşqimin növrağı", "Unuda bilmirəm", "Tar çalan oğlan", "Yağma yağış" və sair mahnılarını unutmaq olarmı? Bu mahnıların sözlərini Novruz Gəncəli, Bəxtiyar Va-habzadə, Nəbi Xəzri, Qasım Qasımzadə kimi şairlər yazmışdı. Paradoks sual çıxır: Necə olur ki, mahnıların sözlərini peşəkar şairlər yazır, mahnıları isə "həvəskar" bəstələyir?

Eləcə də Qulu Əsgərovun "Dolanaram başına", "Əziz dost", "Sevgilim", "Ayrılıq" mahnılarının sözlərini Əliağa Kürçaylı, Rəsul Həmzətov, Ağacavad Əlizadə və başqaları qələmə almışlar. Ələkbər Tağıyevin "Bakı gecələri", "Qonşu qız", "Sən mənimlə get" və sair bəstələri bu gün də repertuardan düşmür. Bu adların sırasına İbrahim Topçubaşovu da əlavə edərdim. Həkim-bəstəkarın "Quba", "Qubalı qız", "Mən həmişə səninləyəm" və digər bəstələrini unutmaq qeyri-mümkündür. Xalq artisti Flora Kərimovanın ifasında, onillərdir, fonotekamızın yaddaşında səslənir bu mahnılar.

Daha bir sual da məni düşündürür: "Həvəskar" deyilən, amma peşəkarcasına bəstələnən bu mahnıların müəllifləri artıq həyatda yoxdur, amma onların yu-bileyləri Bəstəkarlar İttifaqı tərəfindən nə üçün qeyd edilmir? Hacıbaba Həsənovun, Ələkbər Tağıyevin, Qulu Əsgərovun, İbrahim Topçubaşovun musiqi sahəsində xidmətləri azmıdır? Necə olur mahnı sözlərinin müəllifi olan şairlər, yazıçılar Yazıçılar Birliyi tərəfindən yada salınır, yubileyləri qeyd olunur, amma onun qonşuluğunda yerləşən Bəstəkarlar İttifaqı bu məsəldə unutqanlıq edir?! Axı, onlar da musiqi bəstələmişlər, musiqi ocaqlarında dərs demişlər, musiqini təbliğ etmişlər! Bu, mədəniyyətimizə xidmət deyilmi? Mənə elə gəlir, Bəstəkarlar İttifaqının sədri, şöhrətli bəstəkarımız Firəngiz Əlizadə bu barədə düşünəcəkdir. Bunu da qeyd edim ki, professor Vidadi Xəlilov Hacıbaba Həsənov haqqında "525-ci qəzet"də, Allahverdi Eminov Qulu Əsgərov barədə "Qobustan" dərgisində geniş məqalələr yazmışlar.

Bəs bu gün vəziyyət nə yerdədir, yaşı əllini, altmışı keçən o mahnıların ifa taleyi necədir? Suala qənaətbəxş cavab verməkdə çətinlik çəkirəm. Onların əksəri unudulmaqdadır, "şou" aləminin qurbanı olaraq kölgədə qalıb, istedad məhsulu olmayan "nəğmələr"sə zövqsüz müğənnilərə satılaraq efiri, ekranları zəbt edir. Hər bir musiqi rəhbəri, veriliş müəllifi səsi mikrofondan asılı "oxuyanlar"a geniş meydan vermişlər. Beləliklə, hətta S.Ələsgərovun, S.Rüstəmovun, Fikrət Əmirovun, R.Mustafayevin, A.Rzayevanın, Ş.Axundovanın və digər görkəmli bəstəkarların mahnıları çağdaş gənc nəslə çatdırılmır. Bununla musiqimiz hara gedir? Ona görə də təxminən iyirmi ildən artıqdır, ümid əsasən Eldar Mansurova qalıb. Amma bu, qətiyyən yetərli deyil. Çox təəssüf ki, belə davam etsə, həm yaxın keçmişin gözəl mahnıları, həm də onların bəstəkarları yaddaşlardan silinə bilər. 

 

 





28.09.2023    çap et  çap et