525.Az

Ədəbi qaynaqlara aid yeni və dəyərli araşdırma


 

Ədəbi qaynaqlara aid yeni və dəyərli araşdırma <b style="color:red"></b>

Ədəbiyyatımızın qədim tarixi, zəngin qaynaqları, çoxəsrlik maraqlı ədəbi ənənələri vardır. Bu prizmadan məsələyə yanaşdıqda az öyrənilmiş Şərq islam təsəvvüf ədəbiyyatı və onun qaynaqları diqqəti çəkir. Təsəvvüf ədəbiyyatının banilərindən,  Şərq ədəbiyyatının dahilərindən olan Şeyx Fəridəddin Əttar yaradıcılığı şairin dövründən günümüzədək islam-Şərq ədəbiyyatına, o cümlədən, bizim ədəbiyyatımıza da güclü təsir göstərib, tanınmış Azərbaycan şairləri Əttarın əsərlərinə və obrazlarına sevə-sevə müraciət ediblər. Lakin təəssüf hissilə qeyd edək ki, sovet dövründə təsəvvüf ədəbiyyatının araşdırılmasına qadağalar qoyulduğu üçün Şeyx Fəridəddin Əttar yaradıcılığı da Azərbaycanda çox az tədqiq edilib, Əttar şəxsiyyətini və yaradıcılığını hərtərəfli əhatə edən əsərlər yazılmayıb. Bu baxımdan Nəzakət Fətəli qızı Məmmədlinin "Şeyx Fəriddədin Əttar və Azərbaycan ədəbiyyatı" (Bakı, Ecoprint, 2022, 380 s.) monoqrafiyası olduqca vacib və aktual bir mövzuya həsr olunub. Belə ki, böyük sufi şair və mütəfəkkir, təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi Şeyx Fəriddədin Əttar (1119-1230) islami Şərq ədəbiyyatının tarixində, bu ədəbiyyatın inkişafında mühüm rol oynayıb, bu qüdrətli söz sənətkarının çoxşaxəli yaradıcılığı intibah dövrü klassik didaktik ədəbiyyatımızın yüksəlməsinə güclü təsir göstərib. Şərəfli bir ömür yolu keçmiş, 114 il yaşamış bu müdrik şəxsiyyət zəngin ədəbi irs qoyub gedib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şeyx İbrahim Gülşəni, Seyid Yəhya Şirvani, Şeyx Səfiəddin Ərdəbili, Seyid Mirhəmzə Nigari, Hüseyn Cavid  və başqa klassiklərimiz Əttarın əsərlərindən faydalanıb, öz əsərlərində Əttar beytlərindən nümunələr gətirib, ona nəzirələr yazıblar. Eyni zamanda onu da qeyd edək ki, Əttar yaradıcılığı Azərbaycan tərcümə ədəbiyyatının inkişafına diqqətəlayiq təsir göstərib. Onun "Təzkirətül-övliya", "Məntiqüt-teyr", "Əsrarnamə", "Pəndnamə" və sair əsərlərinin Azərbaycan türkcəsinə  çoxsaylı tərcümələri mövcuddur. Bir çoxu əlyazması halında olan bu tərcümələr istər ədəbiyyat, istərsə də dil tarixi baxımından olduqca dəyərli mənbələrdir. Bu əsərlərin aşkara çıxarılması, tədqiqi, nəşr edilərək ədəbiyyatımıza qazandırılması olduqca önəmli məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Əttarın bu əsərlərinin bir çoxunun əlyazma nüsxələri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun zəngin xəzinəsində öz tədqiqatçılarını gözləyir. Bu institutun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli 20 ildən artıqdır ki, bu xəzinədəki həmin materiallar əsasında, yorulmadan, gecəni gündüzə qataraq Əttarın həyat və yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə tam və kompleks bir araşdırma aparıb, nəticədə dəyərli bir monoqrafiya meydana çıxıb. Nəzakət Məmmədlinin dəyərli  tədqiqat işi olan "Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" monoqrafiyası giriş, 4 fəsil-18 bölmə, nəticə və istifadə olunmuş mənbələrin siyahısından ibarətdir.

Birinci fəsil "Şeyx Fəridəddin Əttarın dövrü, həyatı, şəxsiyyəti, yaradıcılığının ədəbi qaynaqları və təsir dairəsi" adlanır. Bu fəsil "Əttarın dövrü və həyatı", "Sənai və Əttar", "Əttar və Mövlana" adlı 3 bölmədən ibarətdir. Burada Əttarın yaşadığı, yazıb-yaratdığı dövr haqqında müfəssəl məlumat verilir, onun yaradıcılığında Mahmud Qəznəli və səlcuq hökmdarı Sultan Səncərin müsbət bədii obrazlarının əks olunması qeyd edilir. Bu fəsildə Əttar yaradıcılığı ilə Sənai Qəznəvi və Mövlana Cəlaləddin Rumi yaradıcılığı müqayisəli şəkildə faktlar əsasında təhlil süzgəcindən keçirilir.

İkinci fəsil "Şeyx Fəridəddin Əttarın əsərləri"nə həsr olunub, burada böyük filosof sənətkarın 22 əsəri yazılma tarixinə görə xronoloji ardıcıllıqla ətraflı şəkildə ilk dəfə kompleks şəkildə araşdırılıb. Burada müəllif tam doğru qeyd edir ki, "Fəridəddin Əttarın "Təzkirətül-övliya" əsəri  Haqdan gələn saysız bəla və möhnətləri əziz bir nemət kimi qəbul edən.., qəlbləri daim ilahi həsrətlə çırpınan fövqəladə insanların, həqiqi aşiqlərin (peyğəmbər və imamların) həyatından nümunələrdir". Daha sonra qüdrətli təsəvvüf şairinin şah əsəri sayılan, ən çox oxunan, məşhur olan və sevilən "Məntiqüt-teyr" məsnəvisinin irfani və poetik xüsusiyyətləri təhlil olunur. Bu,  tanrıdan feyz alaraq yazılmış, ilahi həqiqətləri sistemli, məntiqi şəkildə açıqlayan yüksək poetik dəyərlərə malik bir əsərdir. Ona görə də Əttarın davamçıları bu mövzuya müraciət edərkən əsərin ilk qaynaqlarından deyil, bilavasitə Əttar yaradıcılığından bəhrələniblər, divan ədəbiyyatımızda bu əsərin rəmz və məcazlar sistemindən geniş istifadə olunub, ayrı-ayrı obrazlarına müraciət edilib.

"Əttar və Azərbaycan klassikləri" monoqrafiyada üçüncü fəsildir yeddi bölmədə təqdim edilir: "Xaqani və Əttar yaradıcılığında bəzi müştərək məqamlar", "Nizami və Əttar yaradıcılığında müştərək obraz və rəmzlər", "Şeyx Fəridəddin Əttar və Seyid Yəhya Şirvani", "Nəsimi və Əttar yaradıcılığında irfani və poetik paralellər", "Əttar və Şeyx Səfiəddin Ərdəbili", "Əttar və Füzuli yaradıcılığında "cünunluq" anlayışı", "Əttar və Mövlana ənənələri Seyyid Nigari yaradıcılığında". Burada tədqiqatçı alimin klassiklərimizin divanlarına və ayrı-ayrı əsərlərinə nə qədər dərindən bələd olduğunu, bu ədəbi xəzinəni ən incə detallarına qədər araşdırdığını görürük.

Monoqrafiyada Əttar və Azərbaycan ədəbiyyatı probleminə çox geniş - təxminən, 100 səhifə - yer ayrılması təsadüfi deyil. F.Əttar Xaqani Şirvani, Nizami Gəncəvi ədəbi irsindən bəhrələndiyi kimi, böyük təsəvvüf şairinin ədəbi yaradıcılığı Nəsimi, Füzuli, Mirhəmzə Nigari, Hüseyn Cavid kimi böyük sənətkarlar üçün də ilham qaynağı olub, bir sıra əsərləri orta əsrlərdə Azərbaycan dilinə tərcümə edilib, oxucular tərəfindən böyük maraqla, sevilə-sevilə mütaliə olunub, mənəvi qida mənbəyinə çevrilib.

Tədqiqatçının XIX əsrin böyük sufi şairi və mütəfəkkiri Mir Həmzə Seyid Nigari və Əttar arasında müəyyən etdiyi maraqlı paralellər, bu paralellərlə bağlı apardığı araşdırmalar da Nigarinin Əttara nə qədər sevgi və hörmətlə yanaşdığını, onun yaradıcılığından bəhrələndiyini faktlarla göstərir.

Sonuncu - dördüncü fəsildə "Əttar əsərlərinin türkcə tərcümə və şərhləri" araşdırılıb. Burada beş istiqamətdə - beş bölmədə tədqiqat aparılıb: "Şeyx Fəridəddin Əttarın "Təzkirətül-övliya" əsərinin tərcümələri", "Məntiqüt-teyr" tərcümələri", "Əsrarnamə" tərcümələri", "Əttarın "Pəndnamə" əsərinin türkcə tərcümələri". Kitabın bu fəsli ilə tanış olarkən, Əttarın "Təzkirətül-övliya", "Əsrarnamə", "Pəndnamə" əsərlərinin nə qədər fərqli tərcüməçilər tərəfindən dilimizə çevrildiyini görüb heyrət etməmək mümkün deyil. Bu tərcümələr Əttar irsinə olan böyük maraq və sevginin göstəricisidir. Monoqrafiyanın bu fəslində indiyə qədər bizə məlum olmayan bir çox tərcümə əsərləri barədə qiymətli bilgilər alırıq. Təqdirəlayiq haldır ki, müəllif bu əsərləri orijinalları ilə müqayisə edərək fərqli və bənzər cəhətləri aşkara çıxarır. Fikrimizcə, monoqrafiyanın bu bölməsi tərcümə ədəbiyatımızın öyrənilməsi üçün dəyərli olduğu kimi, bir sıra dil faktlarının müəyyənləşdirilməsi baxımından dil tariximiz üçün də çox dəyərlidir.

Təsəvvüf ədəbiyyatının banilərindən sayılan Sənai-Əttar-Mövlana üçlüyünə də alimin sələf-xələflik kontekstindən yanaşması və Əttarı ən bariz sələfi və xələfinin fonunda təqdim etməsi, fikrimizcə, tamamilə doğrudur.

İndiyə qədər Əttarın dövrü, şəxsiyyəti, həyat və yaradıcılığı, sələfləri və xələfləri barədə Azərbaycanda geniş tədqiqat aparılmadığı üçün alimin bu sahədə verdiyi bilgilər yeni və aktualdır. Sevindirici haldır ki, N.Məmmədli Əttarşünaslıqda formalaşmış, daşlaşmış fikirlərə də bəzən tənqidi yanaşır, orta əsr mənbələrinə, ilkin qaynaqlara əsasən öz fərdi yanaşmasını və mövqeyini bildirir.

Fikrimizcə, monoqrafiyanın strukturu doğru müəyyənləşdirilib, ortaya qoyulan problemlər düzgün seçilib və tədqiqat prosesində hərtərəfli əhatə edilib.

Monoqrafiya elmi yeniliklərin zənginliyi ilə diqqəti çəkir. İlk dəfə bu monoqrafiyada Əttarın Xaqani və Nizami yaradıcılığından bəhrələndiyi, Seyyid Yəhya Şirvaninin "Şərhi-əsrari-məratibi-qülub", "Mə lə buddə batiniyyə",  "Qisseyi-Mənsur" və digər məsnəvilərlərində Əttar yaradıcılığından təsirlənməsi, hətta onun əsərlərindən nümunələr gətirməsi göstərilir, Füzulinin "Leyli və Məcnun"unda Məcnunun Əttarın "Məntiqüt-Teyr" əsərində olduğu kimi, sufi yolunun tələb, eşq, tovhid, heyrət istiğna, fəna-bəqa məqamlarını keçdiyi haqqında dəyərli məlumatlar verilir. Füzulinin "Həft cam" əsərinin də Əttardakı mənəvi yolçuluğun məqamları ilə paralel şəkildə araşdırılması təqdirəlayiqdir. Əttarın "Bər aməd" rədifli qəzəlinə hürufiliyin banisi Fəzlullah Nəiminin və böyük ideallar şairi Nəsiminin nəzirə yazması, bu qəzəllərin müqayisəli təhlil edilməsi də monoqrafiyanın elmi yeniliklərindəndir.

Monoqrafiya aydın, səlis elmi üslubda yazılıb. Müəllifin istər farsdilli, istərsə də türkdilli əsərlərlərlə peşəkarlıqla işləməsi, onları incəliklərinə qədər tədqiq etməsi onun öz sahəsini yaxşı bilən, təsəvvüf ədəbiyyatının dərinliklərinə bələd bir mütəxəssis olduğunu göstərir.

İnanırıq ki, Nəzakət Məmmədlinin  "Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" monoqrafiyası qədim tarixi və ənənələri olan zəngin Azərbaycan ədəbiyyatımızın qaynaqlarını öyrənmək baxımından bu sahədə qələmə alınmış ilk kompleks əsər kimi  şərqşünaslarımız, ədəbiyyatşünaslarımız tərəfindən, bu sahənin elm adamları tərəfindən maraqla qarşılanacaq.

 





29.09.2023    çap et  çap et