525.Az

Sağlığında klassikləşən fenomen sənətkar - Qəzənfər Paşayev yazır


 

Sağlığında klassikləşən fenomen sənətkar - <b style="color:red"> Qəzənfər Paşayev yazır</b>

Onun oxumağından və səsinin şirinliyindən heç vaxt doymadım. Məlahətli, şirin və gur səsi hər vaxt kaman kimi qəlbimi titrətdi. İllər öncə yazdığım "Yoxluğunun və səsinin xiffətini çəkdiyim sənətkar" adlı məqaləmdə göstərdiyim kimi: "Onun səsi sirri-xudadır".

Sanki qeybdən gələn bu möcüzə səs mənə indi də sirri-xuda olaraq qalır. Aşığın təkrarolunmaz, məlahətli, şirin səsi qızıl səs idi. "Şirvan bülbülü" adlandırılan Aşıq Şakir Hacıyev görkəmli aşıq olduğu kimi, görkəmli xanəndə də ola bilərdi. Lakin o, başqa yolla getdi. Akademik Ziyad Səmədzadənin qeyd etdiyi kimi, o, saz havalarını və muğamı məharətlə sintez edərək fərqli ifa tərzi yaratmağa nail oldu. Bununla da aşıq sənətinə yeni nəfəs gətirdi.

Yaradan Aşıq Şakirə əvəzolunmaz səslə bərabər, tükənməz enerji də bəxş etmişdi. Aşıq Şakirin apardığı toylarda olmuş görkəmli şəxslər yazırlar ki, Şakir heç vaxt mikrofondan istifadə etməzdi, 500-600 nəfər tutan mağarda toyu mikrofonsuz aparardı.

Şakirin səsi imkan verirdi ki, rahatlıqla zil, bəm, orta pərdələrdə hər aşığa qismət olmayan şirin, məlahətli səslə oxusun. Onun bənzərsiz ifaları və zəngulələri başqa aləm idi. O, aşıq sənətinin zirvəsində qərar tutan, misilsiz səs diapazonuna malik fenomen sənətkar idi.

Təəssüf ki, bu böyük sənətkar yaradıcılığının çiçəkləndiyi dövrdə, 57 yaşında dünyasını dəyişdi. Aşıq Şakir ölümü ilə təkcə şirvanlıların deyil, bütün Azərbaycan xalqının qəlbini göynətdi. Təsəllini onda tapırıq ki, Aşıq Şakir məktəb yaradan qüdrətli sənətkar kimi, bizə hər biri bitmiş əsərə bənzər, toylar yaraşığı "Boylana-boylana", "Səhər-səhər", "Kəndimiz", "Bala Nərgiz", "Maral", "Gəldi-qayıtdı", "Telli sazım", "Döymə Kərəmi", "Kolxozun", "Nə bağ bildi, nə də bağban", "Şakir gözəlləməsi", "Şirvan şikəstəsi" kimi bir-birindən gözəl, heyranedici mahnılar qoyub gedib.

Aşıq Şakirin mahnıları indi də aşıqların və müğənnilərin dillər əzbəridir. Gənc müğənni Mirələm Mirələmov aşığın "Nə bağ bildi, nə də bağban" aşıq havasını məlahətli səslə oxuyur. Aşıq Şakirin şah əsəri "Şirvan şikəstəsi"ni Aşıq Vüqar, Aşıq Əli, Şakirin nəvəsi Aşıq Babək, müğənnilərdən Nazpəri Dostəliyeva, Abgül Mirzəliyev, Mirələm Mirələmov mikrofonla oxuduqlarına baxmayaraq, zilə qalxanda Şakirin  səsinin şirinliyini və məlahətini ala bilmirlər.

Aşıq Şakirin gur səsinə az-çox yaxın oxuyan şəyirdi Əvəzxan Xankişiyev və Aşıq Əli Tapdıqoğludur. Yeridir deyim ki, Aşıq Şakirin səsi, avazı, rəqsi də bənzərsiz idi. O, "Şakir gözəlləməsi"ni oxuyanda adamın sümükləri də oynayırdı. Oynaq ritm sözlərə, sözlər ritmə yaraşırdı:

 

Xub yaraşar nazlı yara,

Ağ üstündən geysə xara.

Əsli göyçək olanlara

Al da birdi, şal da birdi.

 

Heç vaxt yadımdan çıxmaz, 1955-ci ildə kəndimiz cərgəli formalı kəndə çevrildi. Küçələr salındı, kəndə işıq, evlərə radio və telefon xətti çəkildi. Kənddə "Radio qovşağı" yaradıldı. Filmlər göstərilməyə, konsertlər verilməyə başladı. Əvvəllər gecələr zülmətə qərq olan kəndimiz şəhər kimi çıraqban oldu. O qədər yeniliklər baş verdi ki, nəyisə seçib yadda saxlamaq çətin idi. Yadımda iki hadisə qalıb. Birincisi, gündəlik proqramda göstərilirdi ki, axşam saat 10-da (qışın oğlan çağı idi) Aşıq Şəmşirin konserti olacaq. Onun adını birinci dəfə idi eşidirdik. O vaxt Aşıq Şəmşir hələ Səməd Vurğunla görüşməmişdi. O qədər də məşhur deyildi.

İkinci isə Aşıq Şakirlə bağlı idi. O vaxt kənd zəhmətkeşlərinin xahişi ilə tərtib olunan günorta konserti olardı. Elə gün olmazdı ki, Aşıq Şakirin ifasında bir-iki mahnı verilməsin. Kənddə hamı Aşıq Şakirdən danışırdı. Radioda Aşıq Şakirin ifasında ilk eşitdiyim "Boylana-boylana" mahnısının dadı indi də damağımdan getməyib. Sonralar öyrəndim ki, Şakir Hacıyev aşıqlığa cəmisi 6-7 il əvvəl, 1947-ci ildə başlayıbmış.

Hər dəfə Qarabağ müharibəsi zamanı Xudayar Yusifzadənin oxuduğu "Vətən yaxşıdır" mahnısı səslənəndə gözlərim önünə Aşıq Şakir gəlir. Dörd il İkinci Dünya müharibəsində iştirak edən gənc Şakir, şübhəsiz, "Şirvan şikəstəsi" ilə əsgərləri qəmləndirib, oynaq havaları ilə əyləndirib. Əsgərlikdən qayıdan kimi aşıqlığa başlayıb, qeyri-adi istedadı sayəsində tezliklə məşhurlaşıb.

Aşıq Şakir yeganə aşıqdır ki, Azərbaycan Ali Sovetinə deputat seçilib. Ali Sovetin deputatlıq vəsiqəsini və döş nişanını Şakirə aşıq sənətinin vurğunu Səməd Vurğun təqdim edib.

Aşıq Şakir bütün aşıq mühitini və aşıq yaradıcılığını izləyir və ondan bəhrələnirdi. Şakirin "Gəldi-qayıtdı" havasının sözləri Aşıq Hüseyn Bozalqanlıya, "Boylana-boylana" mahnısının sözləri isə Aşıq Hüseyn Cavana məxsusdur.

Aşıq Şakiri ilk dəfə 1957-ci ildə Bakının Dağlıq parkında görmüşdüm. O vaxtlar parklarda, xüsusən də kinoteatrlarda filmləri göstərməzdən əvvəl 15-20 dəqiqə müğənnilər oxuyardılar. Şakirin oxumağını əvvəllər az-çox eşitmişdim. Dağlıq parkda məzəli bir mahnı oxudu. Əslində, bu, bir səhnəcik idi. Aşıq rusca, gürcücə, özbəkcə, ermənicə, ləzgicə mahnı oxudu. Parkda yığışanların gülməkdən gözlərindən yaş gəlirdi. Sən demə, Şakir məclisi ələ almaq üçün bu məzəli səhnəciyi göstərirmiş. Məclisi ələ aldıqdan sonra sevimli mahnılarını oxumağa başladı. Hər havadan sonra sürəkli alqışlar kəsilmək bilmirdi. Az sonra meydança tamaşaçılarla doldu. Şakir cavan idi, oxumaqdan yorulmurdu.

O vaxtdan Aşıq Şakirin səsinin və sənətinin vurğunu olmuşam.

Şakirin vəfatından 50 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün də səsinin və yoxluğunun xiffətini çəkirəm.

Bir dəfə maşında gedərkən Tovuzdan

olan Aşıq Xanlar Məhərrəmovun yaradıcılığına həsr olunmuş verilişi dinləyən və sonradan verilişlə bağlı fikirlərini mənimlə bölüşən akademik Vasim Məmmədəliyevin aşıq sənətinə dair heyrətamiz bələdliklə mülahizələr yürütməsi məni heyran etdi. "Vasim müəllim, bizim mayamız sazla-sözlə tutulub, sizinki isə tarla, muğamatla. Sizdə aşıq sənətinə belə məhəbbət hardandır?" - deyə soruşdum. Vasim müəllim: "Aşıq Şakirdəndir - dedi, - Bakı toyları Zülfü Adıgözəlov, Yaqub Məmmədov və Aşıq Şakirsiz keçməzdi. Aşıq Şakirin qəlbləri titrədən muğam oxumağı da vardı. Hər dəfə Şakirin "Şirvan şikəstəsi"ni eşidəndə kövrəlirəm, gözlərim yaşarır".

Əlli ilə yaxındır, aşıq sənəti ilə bağlı tədqiqatlar aparıram. Aşıq Mikayıl Azaflının həyat və yaradıcılığından bəhs edən 760 səhifəlik "Qoca Azaflıyam" adlı kitab nəşr etdirmişəm. Aşıq Aydın Çobanoğlunun həyat və yaradıcılığını əhatə edən 448 səhifəlik "Ömrün etməyəcək vəfa dedilər" adlı kitab buraxmışam. Başda Dədə Ələsgər olmaqla, görkəmli sənətkarlara məqalələr həsr etmişəm. Demək olar ki, əksər aşıqlardan bəhs edən tədqiqatlarla tanışam. Odur ki, tam səmimiyyət və ciddiyyətlə deyirəm, Aşıq Şakirin həyat və yaradıcılığına həsr olunan əsərlər qədər heç bir çağdaş və klassikləşmiş aşığa əsərlər həsr olunmayıb.

Professor Seyfəddin Qəniyev və Yaqut Bahadurqızı Aşıq Şakirə layiq monoqrafiyalar yazıblar. Səriştəli və peşəkar jurnalist Tofiq Abdullayevin "Aşıq Şakiri ürəklərdə axtarın" adlı, 588 səhifəlik əsəri isə sənətkara ucaldılmış abidədir. Müəllif uzun illər üzərində işləyərək aşıq yaradıcılığı ilə məşğul olan qələm sahiblərinə nümunə və örnək olmaq baxımından qiymətli bir əsər ortaya qoyub.

Bu yaxınlarda Folklor İnstitutunun "Aşıq sənəti" binasında Aşıq Şakirin anadan olmasının 100 illiyi və Tofiq Abdullayevin kitabının təqdimatına həsr olunmuş yığıncaq keçirildi. Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun rəhbərliyi ilə keçirilən məclisdə Aşıq Ağamurad Şirvanlı, Aşıq Şakirin nəvəsi, Aşıq Babək və başqaları böyük məhəbbətlə ustadın mahnılarını ifa etdilər. O ki qaldı Tofiq müəllimin kitabının təqdimatına, yığıncaqda Aşıq Şakiri şəxsən tanıyan, apardığı toylarda iştirak edən mötəbər şəxslər, ağsaqqallar, o cümlədən, mən çıxış edərək göstərdik ki, Tofiq Abdullayevin kitabı tarixdə qalan kitabdır, Aşıq Şakirə layiq töhfədir. Kitabda 165 görkəmli bəstəkarın, xanəndənin, müğənninin, alimin və başqa qələm sahiblərinin məqalələri toplanıb.

Şakiri tanıyan və sənətinə valeh olan bu qədər ziyalıya müraciət edərək məqalə yazmağı xahiş etmək, məqalələri toplayıb müəlliflərin şəkilləri ilə kitaba daxil etmək çox böyük vaxt və zəhmət tələb edən bir işdir. Aşıq Şakirin səsini, sənətini və ifalarını çox sevən ziyalıların şəkillərini toplayıb "Aşıq Şakirə pərəstiş etmiş məşhurlar" bölümündə ayrıca verməsi müəllifin Şakir sənətinə vurğunluğundan irəli gəlir. Burada Bülbül, Zülfü Adıgözəlov, Mirzə İbrahimov, Əliağa Vahid, Süleyman Rüstəm, Nazim Hikmət, Məmməd Rahim, Tofiq Bayram, Mirmehdi Seyidzadə, Əzizə Cəfərzadə, Hacıbaba Hüseynov, Cəmşid Əmirov, Sadıq Hüseynov, Aşıq Ədalət Nəsibov, Hacı Mail, Əliabbas Qədirov, Azad Talışoğlu, Əlibala Hacızadə, Məmmədbağır Bağırzadə və xalq tərəfindən sevilən başqa ziyalılar daxildir. Elə buradaca deyək ki, Aşıq Şakirin saysız-hesabsız pərəstişkarları bütün ölkəni əhatə edir. Onun toy apardığı şəhər, rayon və kəndlərin coğrafiyası çox geniş olub. Buraya Bakı, Abşeron kəndləri, Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Ucar, Hacıqabul, Salyan, Əlibayramlı (indiki Şirvan), Gəncə, Şəki, Quba kimi şəhər, rayon və kəndlər daxildirlər.

Elə aşıqlar var ki, bir kəndə toya bir dəfə dəvət olunur. Camaat bəyənmədiyinə görə bir daha o kəndə toya çağırılmır. Lakin elə olub ki, Aşıq Şakir bir kəndə 5-10 dəfə toya dəvət edilib. Aşıq Ağamurad Şirvanlı yazır ki, Aşıq Şakir onun doğma kəndi Mirzəngəlidə 1975-ci ildə dörd nəfərin toyunu edib. Aşıq onların adlarını da, toy olan tarixi də göstərib.

Professor Sifariz Səbzəliyev qeyd edir ki, bizim Ağsu rayonunun Qaraqoyunlu kəndində Aşıq Şakir 11 toy aparıb. Əməkdar müəllim Səbzəliyev evlənənlərin adlarını, toyların olduğu tarixi də göstərib. Elə bu faktın özü Aşıq Şakirin yaddaşlarda və könüllərdə yaşadığından xəbər verir.

Aşıq Şakirə həsr edilmiş bir çox məqalələrdə onun toy məclislərində olmuş məşhurlar yazırlar ki, o, 500-600 adam tutan mağarda toyu mikrofonsuz aparardı. Doğrusu, bu, mənə, bəlkə başqalarına da bir az mübaliğəli görünürdü. Lakin Aşıq Şakirin şəyirdi Əvəzxan Xankişiyevin məqaləsi bütün şübhələri aradan götürür. Əvəzxan yazır: "Aşıq Şakirin çox gözəl, dolu səsi vardı. Bu səs mikrofon-filan tanıyan səs deyildi. O, ömrü boyu mikrofon görmədi, mikrofon nə olduğu ilə maraqlanmadı. Mənim bir mikrofonum vardı. Şakirlə toylara gedəndə həmin mikrofonu özümlə götürərdim. Axı, Şakirin səsindən sonra mənim səsim, mənim oxumağım camaata necə çatardı? Bir dəfə rəhmətlik mikrofonumu görüb maraqlandı. Mən mikrofondan 15-20 santimetr aralı durmuşdum, o isə azı bir metr. Mənim səsim çətinliklə çatırdı. Şakirin səsi isə az qala mikrofonu dağıdacaqdı. Çox gur səsi vardı. Toydan sonra mikrofona diqqətlə baxdı və yarızarafat-yarıciddi başını bulayaraq dedi: "Ayə, Əvəzxan, ayə, biz indiyəcən əməlli-başlı zülm çəkmişik ki".

Mərhum qələm dostumuz İntiqam Mehdizadənin məqaləsində maraqlı fakta rast gəlirik. O göstərir ki, Aşıq Şakirin apardığı toylarda vaxt həddi, ölçüsü yox idi. Adətən axşam saat 10-11-ə qədər məclisi xanəndə aparardı. Məclisdə zurna-balaban səslənərdi, rəqs havaları çalınardı. Axşam saat 10-11 olanda Aşıq Şakir gələrdi mağara və toyxanada şahlıq edərdi.

Təəssüf ki, məqalədə Aşıq Şakirin nə qədər oxuduğu bilinmir.

Bunu biz Vətən Kərimovun yazısından görürük. O yazır: "Yadımdadır, Aşıq Şakir toy məclisində səhərə qədər oxuyardı".

Fəxrəddin Veysəllinin yazısında isə Aşıq Şakirin məclisi gecə aparmağına işarə var: "Məlumdur ki, aşıqlar dastanı axşam düşəndən sonra danışarlar. Aşıq Şakirin apardığı məclislərdən doymaq olmurdu. Başladığı dastanın müəyyən bir hissəsini deyəndən sonra, keçirdi onun gözəlləməsinə. Rəqslə həmin hissəni başa çatdırardı. Özü də ayaq barmaqlarının üstündə dayanaraq çevik hərəkət edirdi. Sonra da səsini həddən artıq ucaldıb oxuduğu mahnının yeni hissəsinə keçirdi. Bu da məclis əhlinin hədsiz marağına səbəb olurdu".

Beləliklə, məlum olur ki, o, XX əsrin ikinci yarısında dastançılıq ənənələrini yaşadan azsaylı aşıqlardan biri olub. Aşıq Şakirin repertuarı zəngin və rəngarəng olduğundan sənətini Azərbaycanın əksər bölgələrində, Bakı və Bakı kəndlərində sevirdilər.

Tofiq Abdullayevin "Aşıq Şakiri ürəklərdə axtarın" adlı çox maraqlı kitabında yer alan məqalələrdən seçib verdiyimiz hissələr də deyilənləri təsdiqləyir.

Əminəm ki, şakirsevərlər görkəmli şəxsiyyətlərin səxavətlə yazdıqları məqalələrindən seçib təqdim etdiyimiz, Şakir sənətinə verilən qiymətli fikirləri böyük maraq və məmnunluqla oxuyacaqlar.

Vasif Adıgözəlov: "Atam Aşıq Şakirin vurğunu idi. Onun səsindən ötrü olürdü. Hər dəfə Şakirin mahnılarını eşidəndə deyərdi: "Adə, nə şirin oxuyur. Bu nə gözəl oxuyur".

Aşıq Şakirin o qədər gözəl, məlahətli səsi vardı ki, mən onu dinləməkdən doymurdum".

Bülbülün həyat yoldaşı Adilə xanım: "Bülbül Aşıq Şakirin sənətinə pərəstiş edirdi. Şakirin səsini, avazını çox bəyənirdi".

Aşıq Şakirin balabançısı Araz Şıxəliyev: "Əliağa Vahid Aşıq Şakirin vurğunu idi. Bakı kəndlərində Şakirin apardığı əksər toylara gedirdi...

...Şakirin "Şirvan şikəstəsi" Xan əmini kövrəltdi".

Oktay Rəcəbov: "Səsdəki məlahət, şirinlik, boğaz xırdalıqları, sözlərin aydın və rəvan tələffüzü, eləcə də zil, bəm, orta səs imkanları - bunların hamısı Aşıq Şakirə xas idi. Aşıq Şakirin gözəl zəngulələri vardı. Səsin səsdən fərqi var. Səs var ki, güclüdür, amma şirinliyi yoxdur. Səs də var ki, nisbətən zəifdir, amma şirindir, məlahətldir. Aşıq Şakirdə isə səs həm güclü idi, həm də şirin və məlahətli. Odur ki, bu səs, bu ifa dinləyiciləri valeh edirdi".

Təvəkkül Səlimov: "Musiqidən, xüsusən də aşıq musiqisindən başı çıxan hər kəs bilir ki, Şakir aşıq sənətində bir epoxa idi".

Şəfiqə Axundova: "Aşıq Şakirin ifa etdiyi mahnıların hamısı bir-birindən gözəl, heyranedici idi. Şakirdə gözəl, məlahətli səs vardı".

Əlibaba Məmmədov: "Mən Aşıq Şakirin sənətinə, sözün əsl mənasında aşiq idim".

Habil Əliyev: "Musiqi aləmində iki səs xoşuma gəlib. Biri Xan Şuşinskinin, biri də Aşıq Şakirin. Aşıq Şakir xanların məclisinə layiq sənətkar idi. Şakirin sənəti yarımçıq qaldı. Bir onu bilirəm ki, xalq Aşıq Şakirdən doymadı".

Arif Babayev: "Aşıq Şakir oxuyanda adam ona qulaq asmaqdan doymurdu, yorulmurdu. Mən onun sənətini çox sevirdim. Aşıq Şakiri xalq sevirdi. O, öz sənəti ilə xalqın qəlbinə hopmuşdu".

Alim Qasımov: "Bir sənətkar kimi mənim qidalandığım ilk mənbə Aşıq Şakir olub. Aşıq Şakirin səsi Allah vergisi idi. O, elə bir sənət qoyub gedib ki, dünya durduqca duracaq".

Aşıq Ədalət: "Mən Aşıq Şakirin böyük sənəti qarşısında səcdə qılıram. O, XX əsrə öz sənətilə gözəl naxış vurdu".

Aydın Kazımzadə: "Elə aşıq var ki, müəyyən bir bölgədə, bəlkə də məhdud bir çərçivədə tanınır. Aşıq Şakir isə Azərbaycanın bütün bölgələrində, rayonlarında, Bakıda, Abşeronda eyni dərəcədə tanınan və sevilən sənətkar idi".

Ağaxan Abdullayev: "Aşıq Şakir kimi sənətkarlar həyatda tək-tək olur. Abşeron kəndlərində onun sənətinə vurğun idilər. Şakirin oxuduğu toylar uzun illərdir yaddaşlarda qalıb. O oxuyanda adam donub qalır. Pərvərdigarə, necə şirinlik, necə gözəllik olarmış səsdə. 500-600 adam tutan toyxananı Şakirin gur, şaqraq səsi necə də doldururdu. Mən bunların şahidi olmuşam. Mən Aşıq Şakir sənətinin vurğunuyam".

Kamil Cəlilov: "Mən Aşıq Şakiri lap cavan yaşlarımdan görmüşəm. O, bizim Buzovna kəndində çox toylarda olub. Elə o vaxtdan vurulmuşdum onun "Şirvan şikəstəsi"nə. "Şirvan şikəstəsi"nə o qədər valeh olmuşdum ki, onu qaboyda da səsləndirmək istədim və başladım çalmağa. Çaldım, amma çox çətin oldu. Nəticə uğurlu oldu. Camaat mənim çaldığımı bəyəndi. Qaboyda çaldığım "Şirvan şikəstəsi"ni lentə yazdırdım və diskin üstündə belə bir cümlə yazdırdım: "Mən bu ifamı Aşıq Şakir Hacıyevə həsr edirəm".

İlqar Fəhmi: "Aşıq Şakirin sənəti, ifaları həmişə böyük hörmətlə qarşılanıb. Çünki o, fitri istedad sahibi idi. Aşıq Şakirin adı bu gün də dillərdən düşmür".

Oktay Şamil: "Aşıq Şakirin sənəti o qədər güclü idi ki, hətta Şirvan aşıq məktəbinin sayılıb-seçilən simaları Pənah Pənahov, Məmmədağa Babayev də Şakirin cazibəsindən qopub ayrıla bilmirdi. Aşıq Pənah Şakirin "Boylana-boylana"sına nəzirə kimi "Dolana-dolana" mahnısını, Məmmədağa isə "Nə bağ bildi, nə də bağban" havacatında "Beş də birdi, üç də birdi" aşıq havasını lentə aldırdı".

Məhərrəm Qasımlı: "Aşıq Şakirin təkcə gözəl ifaçılığı, aşıqlıq istedadı bir məktəb deyildi, onun insanlığı da, ürəyi də, duyğuları da bir məktəb olaraq qalmaqdadır".

Rasim Balayev: "Aşıq Şakirin Filarmoniyada konserti olduğu gün burada insan sıxlığını, üzlərdəki sevinci, fərəhi görəndə insanların Şakirə olan məhəbbətini, marağını bir daha yaxından hiss etdim. Düşündüm ki, doğrudan da əsl sənət, əsl istedad bax, bu cür cəlbedici olur, sevilir".

Elxan Məmmədli: "Aşıq Şakirin böyüklüyü ondadır ki, o, oxuyanda ən qeyri-adi istedada malik olan sənətkarları belə unudursan, yalnız Aşıq Şakirin sənət dünyasına qərq olursan, bir növ ətrafdan təcrid olursan".

İslam Rzayev: "Aşıq Şakir sənətinin pərəstişkarlarından biri də mənəm. Bir gün eşitdim ki, Filarmoniyada Aşıq Şakirin konserti var. Sevincək getdim. Şakir oxuduğu mahnını sona yetirər-yetirməz zal ayağa durdu. Onu da deyim ki, konsertdə hər aşığa, hər xanəndəyə ayağa durmurlar. Şakir bir saatdan çox idi ki, oxuyurdu, alqışların bu yerində Şakir səhnə arxasına keçdi. Beş dəqiqə ləngidi. Beş dəqiqə idi ki, zalda fasiləsiz əl çalırdılar. Şakir təkrar-təkrar səhnəyə qayıtmalı oldu. Şakir gördü ki, tamaşaçılar yenə də əl çəkmirlər, yorulsa da, təzədən çıxdı səhnəyə. Bayaqdan bəri kəsilməyən alqışlara cavab vermək xatirinə bir neçə ağız oxudu və xüsusi hörmətlə, ehtiramla təkrar-təkrar baş əyib getdi. Alqış sədaları yenə də kəsilmək bilmirdi. Bu məqamda aparıcı səhnəyə çıxıb yalvarıcı səslə dedi: "Ay camaat, siz Allah, insafınız olsun, yeddinci dəfədir çağırırsınız, axı, o da yorulub".

Aşıq Şakir belə sevilən sənətkar idi və onun konsertləri həmişə belə gur keçirdi".

Xalq rəssamı Altay Hacıyev: "Vaxtilə biz Bakının mərkəzində - Pyotr Montin küçəsində yaşayırdıq. Bizim yaşadığımız məhəllədə tez-tez toy olardı. Çadırlar qurulardı. Mən Aşıq Şakiri ilk dəfə yaşadığımız Montin küçəsində toy aparan görmüşəm. Aşıq Şakirin sənəti də şəxsiyyəti də çox cəlbedici idi".

Canəli Əkbərov: "Aşıq Şakir heç vaxt unudulmayan, gözəl səsi, təkrarolunmaz havaları ilə sənətin zirvəsində dayanan sənətkarlardan idi. Qartal dağa, dağ da qartala yaraşdığı kimi, Şakir də öz sənətinə, sənəti də Şakirə, eləcə yaraşırdı".

Tahir Cəfərli: "Aşıq Şakir bizim Baskal kəndində çox toylar aparıb. Babam Məşədi Fazil və atam Əliəşrəflə dostluq edirdi. Babam görəmli türk şairi Nazim Hikmətlə də dost idi. Moskvaya gedəndə Nazim Hikmətlə "Bakı" restoranına gedirdilər. Həmin gün yenə də "Bakı" restoranında idilər. Gözlənilmədən aparıcı səhnəyə çıxaraq dedi: "Bu gün qonaqlarımız "VDXN-ya (Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri) çıxış etməyə gələn Şirvan aşıqlarıdır.

Xoş təsadüf nəticəsində babam Aşıq Şakiri Nazim Hikmətlə tanış edir. Şakir Nazim Hikmətlə tanışlığa çox şad olur və xoş əhval-ruhiyyə ilə "Bala Nərgiz" mahnısını oxumağa başlayır. Mahnı Nazim Hikmətin çox xoşuna gəlir. Nə ləzzətli şərqidir - deyir. Babam deyir: "Nərgiz də, Tahir də, Zöhrə də mənim nəvələrimdir. Aşıq Şakir bu nəğməni onlara həsr edib".

Şeyx Əbdül Mahmudbəyov: "Ozan-aşıq sənətimizdə, şifahi, folklor aşıq yaradıcılığında aşıq Şakir fenomeni əzəli və əbədi bir klassik irsimizdir".

Aşıq Əhliman Şirvanlı: "Aşıq Şakir birinci dəfə bizim kəndə toya gələndə ayağının altında qurban kəsildi. Sonralar da belə oldu. Mən onda 3-cü sinifdə oxuyurdum. Toyxananın ucu-bucağı görünmürdü. Mağardan bir az aralıda təxminən 300-ə qədər at boylanmışdı. Aşıq Şakirin tamaşasına ətraf kənlərdən xeyli adam axışıb gəlmişdi. Şakir toyxanaya girəndə hamı ayağa qalxdı".

Nizaməddin Şəmsizadə: "Aşıq Şakir aşıq sənətinin Şirvannaməsidir. Yadımdadır, atam və anam həmişə Aşıq Şakirin vallarını oxudub xüsusi maraqla qulaq asardılar. Hələ mən orta məktəbdə oxuduğum vaxtlarda kiçik bacı-qardaşlarıma anam bəzən layla əvəzinə Aşıq Şakirin vallarını oxudardı. Mən Aşıq Şakirin sənətini uşaqlıqdan sevmişəm. Aşığın gözəl səsi qəlbimə hakim kəsilib".

Tələt Qasımov: "Mən çox aşıqlar görmüşəm, amma deyərdim ki, Aşıq Şakir bir dənə idi. Mən inanmıram ki, zəmanə bir də belə bir aşıq yetirə".

Ofelya Sənani: "Xalqın dilində "Ölməz sənətkar" ifadəsi var. Mən qəti əminliklə deyə bilərəm ki, Aşıq Şakir ustad sənətkar olaraq bu "ölməzlər"dən biridir".

Professor Məhəbbət Mirzəliyeva: "Şamaxının Məlhəm kəndində Aşıq Şakir çox toy aparıb. Onun apardığı toylar bugünkü toy anlamında deyil, rəqsin, musiqinin, şaqraq gur səsin bir yerdə yaratdığı möhtəşəm bir konsert proqramı idi".

Aşıq Şakirin nəvəsi Qətibə Mahmudova: "Babam çox az bir ömür sürüb. Ürəyində nə qədər deyilməmiş, yazılmamış qoşmalar, dastanlar yaşayırdı. Ancaq ölüm də qoy sevinməsin. Aramızdan getməsindən illər keçsə də, Aşıq Şakir bu gün də hər bir azərbaycanlının qəlbindədir".

Tofiq Abdulleyevin "Aşıq Şakiri ürəklərdə axtarın" kitabında yer alan müxtəlif sənət sahiblərinin, görkəmli şəxsiyyətlərin Aşıq Şakirə həsr etdikləri məqalələrin ən dəyərlilərindən seçib oxuculara təqdim etdiyimiz bu parçalarda Aşıq Şakirin həyatı, sənəti, şəxsiyyəti ilə bərabər, keçən əsrin 50-70-ci illərində baş verən real həyat hadisələri, adət-ənənələrimiz, insanların həyat tərzi, musiqimiz, aşıq sənəti, muğamlarımız və sairə ilə bağlı zəngin material toplanıb.

Bu, o illərə güzgü tutduğundan xüsusi əhəmiyyət kəsb edir. Kitab cəmisi beş yüz ədəd tirajla çap olunduğundan, şakirsevərlərin çoxunun bu abidə kitabı əldə etmək imkanı olmadığından məşhurların Aşıq Şakiri yaddaşlarda yaşadan kəlamlarını oxuculara təqdim etməkdən məmnunluq duyuram.

 





29.09.2023    çap et  çap et