|
|
|
|
1975-ci ilin martın 24-də onu dünyaya gətirəndə anası düşünməzdi ki, qucağına aldığı məsum körpəsi həyatdan getmək üçün tələsəcək. Göylər ona yerdən daha cazibəli olacaq. Amma fani dünyanı vaxtsız tərk edəcək bu qızcığazın gedişinə xalqının ağlayacağı, türk dünyasının itkisi kimi anılacağı da ananın eyninə gəlməzdi...
***
Kim idi Qənirə Paşayeva?.. Biz onu jurnalist kimi tanımışdıq, ixtisası həkim olsa da. ANS-in efirində gördüyümüz, özünəxas səs tembri və axıcı nitqi ilə seçilən bu cəsarətli xanım, hətta müharibə ocaqlarına da getməkdən çəkinməzdi. Efirdən hamımızın evində qonaq olmuşdu... Hamı tanıyırdı onu... Etdiyi yaxşılıqlarla əlindən tutduqlarının da, bu yaxşılıqlardan qiyabi xəbəri olanların da doğmasına çevrilmişdi. Özünün dediyi kimi, “Qəlbini verdiyi sevgiliyə ögey olsa da, xalqına olan sevgisi qarşılıqsız qalmadı. Doğması oldu şəhidin, qazinin, atasızların, anasızların, ağarmış birçəklərin, bozarmış saqqalların, məsum körpə baxışların... Qənirəsi oldu hamının...
***
İllər ötdü həmin xanım millətinin vəkili oldu. Qarabağ dərdinin carçısı, türkü sevən ən böyük türk qadınlarından, türklüyün sevdalısı oldu. Darda olanlara ümid yeri, gözləri ağlayanların göz yaşlarını silən oldu. Amma bu dəfə o, hamının gözlərini yaşla doldurdu. Hamının ah çəkərək “heyifff... vaxtsız oldu gedişin”, “adam kimi adam”, “dişi qurd”, “el qızı”... daha neçə-neçə nidası oldu Qənirə xanım.
***
Bacaran hər kəs onunla vidalaşmağa gəldi. Gələ bilməyənlərin qəlbi pərvazlandı onun son məzilinin yanına. Hərə bir cür vidalaşdı onunla... Kimisi ürəyində, kimisi gözündən süzülən kədərlə, kimisi əlində güllə, kimisi şeirlə, kimisi xatirələrin danışmaqla, kimisə də toparlaya bilmədiyi duyğularını yazmağa çalışmaqla...
***
“Mən ana olmadım, ana” - desə də, gedişi ilə bir çoxlarını yetim qoydu. Nəvazişlə başlarını oxşadığı uşaqlar, mərhəmətlə sarıldığı qocaları yetim qoydu. Hətta anasını yetim qoydu getdi... Bəlkə də getdi ki, qoruyucu mələk olsun, Vətənini, xalqını, Boz qurdun, türkün ruhunu göylərdən qorusun! Amma getdi... Vaxtsız getdi... Sözsüz getdi... Yaddaşlara, qəlblərə həkk olaraq getdi...
Leyla Bayramova