525.Az

Heç vaxt inanmayacağım vida - Şahanə Müşfiq yazır


 

Heç vaxt inanmayacağım vida - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Son illərdə sizin adınızla tez-tez keçirdim kompüterin arxasına: yazdığınız kitabları redaktə etmək, göndərdiyiniz mətnlərə baxmaq, sizə elektron məktub göndərmək, müəllifi olduğunuz kitablar haqqında məqalə, ya da keçirdiyiniz saysız-hesabsız tədbirlər haqqında qəzetə xəbər yazmaq üçün... Amma heç vaxt, heç vaxt ağlıma gəlməzdi ki, bir gün adınıza ayrıca içi dolu olan fayl açılmış kompüterin arxasına göz yaşlarımla sizə vida yazısı yazmaq üçün keçəcəyəm. İçim doludur "kaşlarla", "bəlkələrlə"... Heyhat, indi heç biri köməyə çatmır, daha siz bu dünyada yoxsunuz! Eləmi?!

lll

Həyatıma "Qənirə Paşayeva" adı nə vaxt, necə daxil olub bilmirəm, amma bir vaxt ANS Televiziyasının ən tanınmış müxbirlərindən olan Qənirə Paşayevanın İraq-Amerika müharibəsində İraqa gedib oradan saatbaşı çatdırdığı xəbərlər məni necə təsirləndirmişdisə, içimdə bu gənc xanıma heyranlıqla bərabər, gördüyü işə müdhiş sayğı və sevginin necə yarandığını yaxşı bilirəm. O gündən sonra "böyüyəndə kim olacaqsan?" sualına "Qənirə Paşayeva kimi jurnalist olacağam" deyirdim. Bu, təkcə bir uşağın arzusu, istəyi deyildi, körpə ağlı ilə özünə bir nəfəri kumir, onun kimi olmağı isə həyat amalı etmək idi...

Sonra televiziyada hər Qənirə Paşayevanın səsi gələndə, harda olsam da, qaçıb televizorun önünü kəsdirər, heyranlıqla dinlərdim. Hətta əgər mən eşitməmişəmsə, evdəkilər "sənin Qənirən danışır" deyə çağırardılar məni...

Mənim Qənirəm idi o artıq...

Jurnalistliyinə heyran olduğum xanım sonra cəmiyyət üçün daha çox yararlı ola biləcəyi bir məqama gəldi: millətinin vəkili seçildi. O gündən də bu adı bir vəzifə kimi yox, borc, öhdəlik, yaşam səbəbi kimi daşıdı. İkinci dəfə heyran oldum ona! Əzminə, yorulmazlığına, Vətən və xalq sevgisinə!

Sonra özümə verdiyim sözə əməl etdim, jurnalistika sahəsində çalışmağa başladım və bəlkə Tanrının lütfü, bəlkə illərlə kainata göndərdiyim mesajlarımın xoş cavabı idi ki, elə bu sahədəki ilk illərimdən uşaqlıq kumirimlə, idealımla - Qənirə Paşayeva ilə tanış olmaq, çox az zamanda isə gözəl münasibət yaratmaq şansını əldə etdim. Düzü, bu şansı da özü verdi mənə, səmimiyyəti, mehribanlığı, gənclərə inamı ilə...

Artıq uşaqlığım kimi yaradıcılığımda da, şəxsi həyatımda da bir Qənirə Paşayeva imzası var ki, mənimlə əbədiyyətə qədər bərabər olacaq, şübhəsiz...

Bu il isə onunla çox ciddi, məsuliyyətli işlər üzərində çalışırdıq. Ən qısa zamanda sevənlərini, bütün Türk dünyasını sevindirəcəkdi. Amma ömür vəfa etmədi. "Xocalını alaq, həmin gün Allah canımı alsın" deyən böyük insan ən böyük dərdi olan Xocalının, Xankəndinin azadlığı günlərində aramızdan ayrıldı. Bəlkə o torpaqları elə çox sevirdi ki, hamımızdan öncə mələk olub qanadlandı oralara sarı?!

Nə zamansa gedişinizə inanarammı, öyrəşərəmmi, bilmirəm, amma heç bir zaman kimsə məni "Qənirə Paşayeva daha yoxdur" sözünə inandıra bilməz! Çünki Qənirə xanım gənc yaşında böyük işlərə imza atmış, saysız-hesabsız yaxşılıqlara vəsilə olmuş, toxunduğu həyatlarla əbədiyyəti qazanmış şəxsiyyətdir. Və daha yaxından tanıdıqca anladım ki, nəinki mən, heç kimsə Qənirə Paşayeva kimi ola bilməz, olmayacaq.

Bu gün haqqında keçmiş zamanda danışmaq nə qədər ağır, nə qədər çətin olsa da, tək təsəllimiz özündən sonrası üçün qoyub getdiyi xoş, işıqlı xatirələr, ölçüsüz insan sevgisidir. Özünün də dediyi kimi: "Hamımız bilmirik 10 gün sonra nə olacaq. 10 gün sonra bəlkə də hər hansı birimiz bu həyatda olmayacağıq. Bəlkə bir il sonra... Biz bu dünyadan gedəndə nə aparacağıq? Hər şeyi burada qoyub gedəcəyik. Ən sevdiklərimiz belə bizi torpağa tapşırıb geri dönəcək. Onlar da bizi tərk edəcək. Bizdə nə qalacaq? Bir şey - bir il, iki il, üç il sonra kimsə xatırlayanda, deyəcək, adam kimi adam idi. Allahın mənə nə qədər ömür verdiyini bilmirəm. Bəlkə 50 yaşa çatmadım. Sufilərin bu düşüncəsini qəbul etmiş insanam: mənim üçün bu gün və bu an var. Mən onun dəyərini bilərək yaşamaq istəyirəm. Çünki bilmədiyim şey mənim deyil".

Çox sevdiyiniz, əməlinizdə, şeirlərinizdə, yazılarınızda, söhbətlərinizdə bir an belə olsun unutmadığınız Rəbbinizlə görüşünüz mübarək, Qənirə xanım! Yaxşı ki, ömrümə adınız yazıldı!

 

 





02.10.2023    çap et  çap et