525.Az

Xislət - Sevda Sultanova yazır


 

Xislət - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Son günlər ermənilərin Qarabağı könüllü şəkildə tərk etmələrilə bağlı müxtəlif kontentləri internet resurslarında davamlı izləməyə çalışıram. Onların arasında ən çox diqqətimi çəkən AzTV-nin reportyoru Rövşən İlyasovun hazırladığı son dərəcə səliqəli və savadlı reportajları olub. O, köç edən ermənilərə yaxınlaşaraq təmkinlə, peşə etikası çərçivəsində suallar ünvanlayır. Erməni sürücü suallara cavab verəndə "Stepanakert" dedikcə, müxbir mədəni, amma intonasiyasında seziləcək qədər qətiyyət və diktəylə hər dəfə onun yanlışlığını düzəldərək, şəhərin tarixi adının "Xankəndi" olduğunu xatırladır. Bənzər situasiyaları sonradan müxtəlif kontentlərdə də gördüm.

Müsahibə verən, yaxud da üzünü kameradan yayındırıb gizləyən ermənilərin böyük əksəriyyəti pərt görünürdü və üz-göz ifadələrində onların nəsə bir utanc hissi keçirdikləri sezilirdi. Sanki hamı eyni cümlələri əzbərləmişdi: "Biz azərbaycanlılarla həmişə mehriban yaşamışıq, yaxşı qonşularımız, dostlarımız vardı. Bu ərazilər Azərbaycan topraqlarıdır və s".

Jurnalistlərin "niyə gedirsiz" sualına cavablardan onların bir qisminin Ermənistan, bir qisminin Rusiya vətəndaşı olduğu aydınlaşır. Digər qismi isə sadəcə şərh vermədən, kameraya (bizə) dik baxmağa cəsarət etmədən "sadəcə getmək istəyirəm" deyirdi. Bu kadrları izlədikcə istər-istəməz yutubda 1988-ci ildə keçirilən İrəvan mitinqilərini axtarışa verirəm. Böyük faciələrə səbəb olan, hadisələrin başlandığı o illərə qayıdıram. Minlərlə sıravi erməni əllərində "Qarabağ Ermənistanın ayrılmaz hissəsidir", "Qarabağ Azərbaycan hakimiyyətindən azad olmalıdır" yazılı plakatlar, nifrət nitqləriylə çıxışlar edir, üzləri qəzəb, kin püskürür. Çox yəqin ki, həmin izdihamın içərisində indi bizə dostluq, mehriban şəraitdə yaşadığını deyən ermənilər də yox deyil. Ötən illər ərzində baş verənləri pazl kimi yığsaq və ümumi mənzərəyə baxsaq, onların səmimiyyətinə inana bilmirsən. Azərbaycana qarşı törədilmiş cinayətlərə, müharibənin başlanmasına erməni hərbçiləri ilə yanaşı, sıravi ermənilər də susmaqları, göz yummaqları ilə şərik olublar. Ən pisi odur ki, Ermənistanın Qarabağla bağlı işğalçı siyasətinə qarşı etirazını qaldırmış, erməni cəmiyyətindən qovulmuş hüquq müdafiəçisi Georqi Vanyan kimi adamlar onların arasında yox dərəcəsindədir.

Yadıma Vanyanın uzun illər öncə  Qarabağda yaşayan ermənilər arasında apardığı "Azərbaycanlılarla yaşayarsızmı" sorğusu düşür. Əksər ermənilər birmənalı şəkildə yaşamaq istəmədiklərini deyirlər. Yalnız ortayaşlı bir erməni emosional şəkildə, "Axı azərbaycanlılardan pislik görməmişəm, niyə onları özümə düşmən bilməliyəm? Sovet vaxtı bir ağdamlı mənə çətin günümdə yardım etmişdi" deyir. Qarabağ işğalda olduğu dönəmdə adını bilmədiyim o erməninin  etirafını daha səmimi səslənir.

Ara-sıra qarşıma belə videolar da çıxır: Ermənistan vətəndaşları arasında "Bakıya gəlmək istərdinizmi" tipli soğrularda respondentlərin çoxu təhlükəsizlik baxımdan tərəddüd etsə də, Bakını görmək istədiklərini bildirirlər. Bakıda keçirilən analoji sorğuda isə azərbaycanlıların 99 faizi sülhü, barışığı istisna etməsələr də, Ermənistana getmək arzusunda olmadıqlarını deyirlər. Çünki Ermənistanın Azərbaycanı təhrik elədiyi bu müharibədə dəhşətli faciələr yaşayan bir azərbaycanlının belə reaksiyası təbiidir, həmin yerlərə getmək mənəvi baxımdan ona çətindir...

Sosial şəbəkələrdə bəzi azərbaycanalılar Xankəndidən, Ağdərədən ermənilərin tamamilə çıxıb getməsini doğru saymadıqlarını yazaraq illər öncəki qonşuluq, dostluq təcrübələrini xatırladırlar. Mənim uşaqlığım sovet dönəmində keçib. Çoxmillətli məhəllədə böyümüşəm. Erməni qonşularımızın biz azərbaycanlılardan daha yaxşı, rahat yaşadığının şahidi olmuşam. Və faktdır ki, müxtəlif millətlərin yaşadığı ölkəmizdə indiyədək başqa milləti qısnama tendensiyası baş verməyib...

İllər uzunu qarşı tərəfin iddialarından zərər çəkmiş Azərbaycan dövləti yenə ermənilərə sülh əlini uzadır, azad seçim imkanı verir, təhlükəsiz şəraitdə, getmək istəyənləri mehribanlıqla yola salır, hər cür ərzaqla təmin edir. Hətta bəzi ermənilər artıq Azərbaycana vətəndaşlıq almaq üçün müraciət də ediblər. Daha nə olmalıdır ki?! Bu yerdə bloger, siyasi şərhçi Əli Novruzovun teleqram kanalında yaydığı mətnindən bu parçanı yazımda yerləşdirməyi zəruri sayıram:

"Nə münaqişəni, nə də müharibəni biz başlamışıq, amma Ermənistanda və işğal olunan ərazilərdə etnik təmizləmələr fonunda Bakıda və sair yerlərdə ermənilərin qalması da mümkün deyildi. Yəni ermənilər oyun qaydalarını belə müəyyən etdi, biz də bu qaydalarla oynamağa məcbur olduq. İndi də ermənilər Qarabağdan çıxıb getmək istəyirlər, yəni hələ 80-90-larda özləri qoyduqları oyun qaydalarını yenə də dəyişmək istəmirlər.

Mənim sualım budur: indi Azərbaycan oyun qaydalarını təkbaşına necə dəyişə bilər? Məsələn, gedib Laçın postunda ermənilərə yalvaraq ki, nə olar, çıxıb getməyin Azərbaycandan, siz bizimlə birgə yaşamaq istəmirsiniz, amma biz sizinlə birgə yaşamaq istəyirik? Sualım əslində ciddidir, Azərbaycan nə etməlidir belə bir vəziyyətdə?

Mən xalqımızın ürəyinin böyüklüyündən nagüman deyiləm, amma yenə də, insanlarımızdan hədsiz böyük fədakarlıq tələb etmirikmi? Bu da ritorik deyil, ciddi sualdır.

Cənubi Qafqaz bəlkə də, Baltikyanı ola bilərdi, amma bunun üçün ermənilər də gərək özlərini estonlar kimi aparardılar. Dediyim kimi, münaqişəni və müharibəni biz başlamamışıq. Ermənilər eston olmaq istəməyən yerdə biz də heç cür litvalı ola bilməzdik. Regionumuzun kədərli gerçəkliyi bax bundan ibarətdir".

Qarşıma çıxan videolardan digəri bir neçə ay əvvəl politoloq Artur Xaçikyanın erməni kanalına verdiyi müsahibədə idi. O, Qarabağın geri alınmasına İrəvanda sıravi ermənilərin laqeyd yanaşmasından gileylənirdi: "Özlərini elə aparırlar ki, sanki bunlar hardasa başqa planetdə, kinoda baş verir". Çünki açıq etiraf etməsələr də, bu həqiqəti həmişə dərk ediblər ki, Qarabağ onların doğma torpağı deyil. Biz isə ən ümidsiz anlarımızda belə Qarabağdan imtina etməmişik, əlimizi üzməmişik, evlərimizi yandırıb çıxmamışıq. Çünki gec, ya tez dönəcəyimizə inanmışıq. Bu kontekstdə yutubda yayılan videolara diqqət edirəm; oğlunu müharibədə itirmiş erməni analardan biri ölkəsinin məsul şəxslərinə üsyan edir: "Niyə bizim övladlarımızı ölümə yolladınız? Axı bilirdiz ki, ora - Azərbaycan bizim torpağımız deyil". Xankədində doğulduğunu deyən erməni müxbirimizin "niyə gedirsiz" sualını belə cavablandırır: "Artıq bizim orada işimiz yoxdur. Qarabağ məsələsi bizim üçün həmişəlik bağlandı"...

Bir neçə dəfə demişəm, yenə təkrar edirəm: İkinci Qarabağ savaşınadək Ermənistan istehsalı olan, Qarabağdan bəhs edən filmlərə baxa bilmirdim. Peşəkarlıq nöqteyi-nəzərdən bu, doğru olmasa da, mənim üçün mənəvi cəhətdən çox çətin idi. Yalnız torpaqlamız azad olunandan sonra bir neçə film izlədim. Onlar haqda geniş yazmışam deyə, sadəcə, vacib qeydlərlə kifayətlənəcəyəm.

Qraç Keşişyanın 2013-cü ildə çəkdiyi, ermənilərin dövlət və hərbi xadim kimi qəbul etdiyi, Zəngəzurda, Göyçədə və digər ərazilərdə azərbaycanlıların kütləvi qətlini törədən Qaregin Njde haqda çəkdiyi filmin bütün konsepsiyası türkləri yer üzündən təmizləməyin zərurəti üzərində qurulub.

Ermənistan istehsalı olan "Əgər hamı" (2012, rejissor Nataliya Belyauskene) və "Xətt" (2016, rejissor Mqer Mkrtçyan) bədii filmlərində Qarabağın birmənalı şəkildə Ermənistana aid olması mesajı verilir, ermənilər mübariz, mərhəmətli, yüksək yumor hissinə malik xalq kimi tərənnüm olunur, azərbaycanlılar isə zavallı, qəddar göstərilərək aşağılanır. Üstəlik, Ermənistanın guya Azərbaycan tərəfindən müharibəyə zorən təhrik edilmiş tərəf kimi göstərilməsinə cəhd göstərilir. Amma 30 il məğlub tərəf olmağımıza rəğmən, Qarabağ müharibəsi haqda çəkdiyimiz  filmlərimizin heç birində erməni xalqına kin, nifrət, anormal millətçilik təbliğ olunmayıb. Bu gün də sülh əlini uzadan məhz Azərbaycan tərəfidir. Əlbəttə ki, bizim gələcəkdə ermənilərlə diplomatik, iqtisadi, normal insani  münasibətlərimiz də qurulacaq. İllər öncəki güvən qalmasa da...

Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə tarixində yeni bir səhifə açır. Lakin ötən illərin acı təcrübəsini xatırlayıb bir fikri yaddaşımızda həmişə diri tutmalı, tariximizi, faciələrimizi, itkilərimizi unutmamalıyıq!..

 





02.10.2023    çap et  çap et