525.Az

Şəhid Səbuhi Əliyevin əziz xatirəsinə


 

Şəhid Səbuhi Əliyevin əziz xatirəsinə<b style="color:red"></b>

Qarabağ münaqişəsi başlayanda sən hələ dünyaya gəlməmişdin. Hardan  biləydin ki, bu münaqişə uzunmüddətli müharibəyə çevriləcək və sən böyüdükcə o da böyüyəcək... 

Böyüdün, məktəbə getdin, hər gün işğal olunmuş torpaqların adı çəkiləndə, şəhid olmuş oğulları gördükcə sənin o kiçik qəlbində mənfur düşmənə qarşı nifrət daha da artırdı. Birinci Qarabağ Müharibəsində iştirak edən, qızğın döyüşlərin birində ağır yaralanan və hər iki qolunu itirən əmin Zakirə baxanda qəlbində hansı hislər baş qaldırırdı, onu bir sən bilirdin, bir də rəbbin....

Məktəbdə dostlarına həmişə: "mən hərbçi olub, əmimin və şəhidləirimizin qisasını alacağam", - deyirdin. Beləcə illər ötdü, hərbi xidmətə yola düşdün. Anan səni bu geyimdə daha çox sevirdi, fəxr edirdi.

Xidmətini başa vurduqdan sonra könüllü olaraq MAXE sıralarına qəbul olundun. Bu sənin çoxdankı arzun idi.

2020-ci il 27 sentyabrda Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük müharibə başladı. 44 günlük döyüş yolun haralardan keçmədi?… Fizuli, Cəbrayı, Xocavənd, Şuşa...

Evdə qoyub getdiyin ailən və ən çox vətənpərvər ruhda yetişdirdiyin övladların sənin yolunu səbirsizliklə gözləyirdi. Hər gün qələbə sorağını eşitdikcə, onlar çox sevinirdilər, çünki, bu qələbədə qəhrəman  atalarının - sənin də payın var idi.

Mənfur düşmən ordumuzun irəliləməyini həzm edə bilmirdi. Rayonlarımızın işğaldan azad olduğunu görən düşmən xarici havadarlarına arxalanaraq, hər cür hiyləyə əl atsa da biabırçı məğlubiyyətlə üzləşdi. 8 Noyabrda Müzəffər Ordumuz Şuşaya daxil oldu. Düşmən artıq təslim oldu və kapitulyasiya aktını imzaladı. Xalqımız bu tarixi qələbəyə çox sevinirdi. Bütün qəsəbəmiz, Qəhrəman silahdaşlarının və sənin - igid Səbuhinin göstərdiyi cəsarətdən, qəhrəmanlıqlarından danışırdı. 

Əsgər dostlarınla söhbətində: "mənim arzum şəhid olmazdan öncə Şuşanı görməkdir", - demişdin. 

Əzizimiz Səbuhi, sən müqəddəs arzuna çatdın - Şuşanın azad edilməsində iştirak etdin. Qələbəmizdən sonra "Cəsur Döyüşçü" kimi canından çox sevdiyin Qubaya, böyüyüb başa çatdığın Zərdabi qəsəbəsinə qayıtdın və yaxınlarına qovuşdun. 

Sən Zəfər Gününü alnıaçıq, üzüağ bir qəhrəman kimi qeyd etdin. Həmişə qürurla qazi əmin Zakirə: "Əmi, mən sənin qisasını almışam, amma səbr et, bu son deyil, sona qədər getməliyik, görüləsi işlər var”, - deyirdin.

Qarabağda terrorçu qruplaşmaların azğın fəaliyyətlərinə cavab olaraq 2023-cü il 19 sentyabrda Ali Baş Komandanın əmri ilə antiterror əməliyyatına başlanıldı. Müzəffər Ordumuz düşmənə güclü zərbələr vurur, düşmən isə "ağ bayraq" qaldırıb təslim olduğunu bildirir. Lakin,sən bu döyüşdə şəhidlik zirvəsinə yüksəldin. Vətəni hamıdan - oğlun Uğurdan, qızın Xatirədən və hələ dünyaya gəlməyən (bir neçə gündən sonra gələcək olan) əkiz qızlarından daha çox sevdin.
40 yaşında dünyadan köçən ananın dünyasına sən də 30 yaşında qovuşdun. Artıq bir neçə gündür anana qovuşmusan, axı anan səndən, sən də anandan doymamışdın. Axı anan sənin üçün elçi getməmişdi, sənin toyunda qol açıb oynamamışdı, evində nəvə görməmişdi. Sən az yaşınla dünyanın yükünü daşıyırdın, xəstə atana sirdaş, qardaşın Sahilə arxa, dayaq idin. Şəhadətindən  6 gün sonra əkiz qızların dünyaya gəldi. Sən onların da adını qoymuş, onlara paltar da alıb göndərmişdin. O paltar onlara atalarından yadigar qalan ilk və sonuncu hədiyyə oldu.

Əzizimiz Səbuhi, sən ölməzliyə qovuşdun. Hamımız səninlə fəxr edirik. Şəhidlər Tanrının seçilmiş bəndələridir, sən sağlığında da bir övlad kimi, ata kimi, qardaş kimi çox işlərdə seçilmiş, hörmət qazanmışdın. Mehribanlığın, xeyirxahlığın, gülərüzlə insanlara yanaşmağın dillərə dastan olmuşdu…

Ruhun şad olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Taleh ƏLİYEV

 





02.10.2023    çap et  çap et