Elxan Şahinoğlu, politoloq:
- Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi və ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsi dünyanın müxtəlif ölkələrində erməni lobbisini "hərəkətə" gətirib, antiazərbaycan və antitürkiyə fəaliyyətlərini gücləndiriblər. Erməni radikallar sentyabrın 29-da ABŞ-ın Cənubi Kaliforniya Universitetində Türkiyənin İctimai Diplomatiyası mövzusunda keçirilən konfransın iştirakçılarına hücum ediblər. Bu, başlanğıcdır. Tədbir iştirakçıları şifahi və fiziki təzyiqlərə məruz qalıblar. Oxşar xəbərlər Livandan gəlib, orda yenə Azərbaycan səfirliyinə hücum etmək istəyiblər.
Qarabağda 1980-cı illərin sonlarında separatizmin vüsət almasında ABŞ və Fransadakı erməni diasporunun rolu danılmazdır. Erməni separatçıları silah almaq üçün gərəkli maliyyəni məhz erməni diasporundan əldə edirdilər. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun xanımı Raisa Qorbaçovaya Fransada bahalı hədiyyələr verən də erməni diasporunun nümayəndələri idi. Hədiyyələr havayı verilmirdi, məqsədləri o idi ki, Raisa əri Mixaili inandırsın ki, "Qarabağ Ermənistana birləşdirilməlidir". Erməni diasporu növbəti mərhələdə ASALA terror təşkilatının üzvlərini Ermənistan üzərindən Qarabağa yollamağın maliyyəsini təşkil edirdi. Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra ASALA-nın yenidən peyda olacağını istisna etmirəm, bəlkə də çirkin niyyətlərini həyata keçirmək üçün "yeni planlar" üzərində işləyirlər. Qarabağ məsələsini həll etdik, ancaq Türkiyə ilə birgə erməni ideologiyası və erməni terrorizmi ilə mübarizəmiz davam edəcək.
Sahib Aliyev, millət vəkili:
- Son iki gündə sosial şəbəkədə ən çox hallandırılan məsələlərdən biri Qarabağdan Ermənistana gedənlərin sayının şişirdilməsi, olduğundan azı 4 dəfə çox göstərilməsidir. Dostlar, hayların bu ağ yalanlarında da, qərbdəkilərin onlara təqdim edilən həmən saxta statistikaya özlərini inanırlarmış kimi göstərmələrində də təəccüblü heç nə yoxdur.
Bu, o toplumdur ki, öncə guya 1 milyon təmsilçilərinin "soyqırım"a uğradığını bildirib aradan neçə il keçdikdən sonra saylarını 1,5 milyona qaldıranda, onları öz sivilizasiyalarından sayanlardan kimsə soruşmadı ki, axı o dünyadakılar arta bilməz, bu yarım milyon haradan çıxdı. Bilirsiniz niyə, çünki az-çox obyektiv görünməyə çalışan tarixçiləri Filipp Ekozyantsın da dəfələrlə dediyi kimi, sözügedən toplumu saxtakarlıq xəstəliyinə yoluxdurmaqla öz geosiyasi alətinə çevirən elə onlardır. Yeni saxta statistika da geosiyasi alver predmetinə çevirmək üçün ilk növbədə məhz qərbdəkilərə - Fransasına, Birləşmiş Ştatlarına və sairinə lazımdır.
Qulu Məhərrəmli, professor:
- Erməni təbliğatı uydurma "qədim tarix və alilik" kimi miflərlə zəhərlənmiş xalqının faciəsindən şou yaratmaq və yalanlar uydurmaqda davam edir. Qarabağdan köçənlərin sayının şişirdilməsi göz qabağında olan yalan və saxtakarlıqdır...
Qərb mediası bu sayın 100 minə çatdığını deyir. Bu statistikanı kimin apardığı, yalanları kimin uydurduğu bilinmir.
Belə getsə, həyasız erməni mediası Qarabağ köçkünlərinin sayını 1 milyona çatdıracaq.
Aydın Quliyev, jurnalist:
- Qarabağdan gedən ermənilər nə qaçqın, nə də məcburi köçkünlərdi, bəs kimdilər?..
Ermənistan mediası Qarabağdan gedənlərin sayını 100 minə çıxardı, hələ artıra-artıra gedirlər.Təbii ki, bu rəqəmlər reallığı əks etdirmir. 100 il əvvəl Osmanlıda 1,5 milyon erməninin "genosid edildiyini" uyduran daşnakların əlində Qarabağdan "100 min qaçqın və ya məcburi köçkün erməni" nağılı uydurmaq nə çətin məsələdir ki...
Bəli, əsas say deyil, odur ki, həmin ermənilər gah "qaçqın", gah da "məcburi köçkün" adlandırılır. Halbuki bunların heç biri doğru deyil.
Əvvəla, onları Azərbaycandan getməyə heç kim məcbur etmədiyi üçün onların barəsində qaçqın və ya məcburi köçkün ifadəsi qətiyyən yerinə düşmür.
2. Onlar heç bir halda qaçqın adlandırıla bilməz, çünki artıq çoxdan Ermənistan vətəndaşlığını qəbul ediblər və pasportlarını da alıb qoyublar ciblərinə.
3. Onlar məcburi köçkün də adlandırıla bilməzlər, çünki Azərbaycanın torpaqlarından başqa ölkənin ərazisinə gediblər.
Bəs Qarabağdan gedən ermənilər status etibarilə kimlərdi?
Məncə, onlar siyasi mənada separatizm oyununun qurbanlarıdır, hüquqi mənada isə legitim vətəndaşlığı olmayan şəxslərdir...
Elnur Allahverdiyev, millət vəkili:
- Bir neçə gündür Azərbaycan mediası və teleqram kanallarda 1992-ci ildə Qarabağda itkin düşmüş Natiq Qasımov barədə yazılar dərc olunur. Xalqımızın bu igid və mərd oğlu gənc olmasına baxmayaraq, Ağdamın Pirlər kəndi yaxınlığında 5 gün ərzində çoxsaylı erməni terrorçularına müqavimət göstərib. Qədim alban məbədindəki mövqeyimizi ələ keçirmək istəyən terrorçular xeyli sayda itki veriblər. Natiq elə rəşadətlə döyüşürmüş ki, ermənilər məbəddə onun tək olmadığından qorxaraq yaxın gələ bilmirmişlər. N.Qasımovu erməni separatçıları özlərinə məxsus biclik və hiyləgərlik hesabına təslim olmağa məcbur ediblər. Onun yanına Xocalıdan əsir düşmüş soydaşımızı göndəriblər ki, ya təslim olsunlar (Natiqin tək olduğunu bilmirdilər), ya da əsirlərin hamısını öldürəcəklər. Natiq bundan sonra ermənilərin əlinə keçməmək üçün saxladığı iki gülləni göyə ataraq təslim olmaq qərarına gəlib. Onun taleyi naməlum olaraq qalır.
Natiq 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Ailəsi ilə birgə Mingəçevir şəhərinə köçüb. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, "Kosmos" kinoteatrında kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. "Qarabağ şahinləri" batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib.
Natiqin ermənilər tərəfindən sorğu-sual edildiyi məlumdur. Belə ki, onun döyüşməsi, təslim olması və sorğulanması rusiyalı jurnalist Konstantin Smirnov və italiyalı hərbi fotomüxbir Enriko Sarzininin gözləri qarşısında baş verib. Fotolarda indi Qarabağda gizlənən Xocalı cəlladlarından biri olmuş Vitali Balasanyan görünür. Onun həbs edilib dindirilməsi Natiqin aqibəti barədə yeni məlumatların əldə edilməsinə şərait yaradar.
Britaniyanın "Broken Pot Media" şirkəti Natiq barədə "Oğul" sənədli filmini çəkib. Film İtaliya, Azərbaycan, Rusiya və Britaniyada Natiq barədə xatirələri olan şəxslərin dedikləri əsasında, rejissor və ssenarist Karan Sinqxin zəhməti hesabına ərsəyə gəlib. Fikrimcə, bu qəhrəmanlıq səlnaməsi tək sənədli deyil, həm də bədii film vasitəsilə canlandırılmalıdır. Təbliğati mübarizə baxımından bu, olduqca təsirli addım ola bilər. Fikrət Qocanın "Bayraq tutan oğlullar" və Alim Fərzəliyevin "Qeyrət qalası" poemalarını Natiqə həsr edilib.
Qarabağda bugünkü qələbəmiz Natiq kimi oğullarımızın sayəsində mümkün olub. Həm Birinci, həm də İkinci Qarabağ savaşlarında yüzlərlə belə cəsur, cəngavər balalarımız döyüşüb, həyatlarını qurban ediblər. Allah şəhidlərimizə rəhmət etsin!
Natiqi isə... Əzizləri hələ də gözləyir. Hər birimiz gözləyirik...
Vahid Qazi, publisist:
- Qarabağda tarixən 3 əsas yol olub: Ağdam-Şuşa, Tərtər-Kəlbəcər, Füzuli-Ağdam. Hər üç yol ermənilərin məskunlaşdığı qəsəbə-şəhərlərdən keçib: Əsgəran, Xankəndi, Ağdərə, Xocavənd. Bu yollara nəzarət külli Qarabağa nəzarət etmək deməkdir. Neçə gündü çəkilən videolardan görünən o idi ki, Ağdərə, Xocavənd azad edilib, demək, ordumuz o yolları da açıb.
Bir qalırdı Şuşa yolu. O da daha üfüqlərin o üzündə deyil, əl çatacaq qədər yaxındır. Bu sabahkı videolarda əsgərimizi, polisimizi Əsgəranın, Xankəndinin boşalmış küçələrində gördüm. Yuxu deyildi gördüklərim...
Məbədə aparan yol kimidir Şuşa yolu, uşaqlığın ən xoşbəxt xatirələrini yaşadan o dolama yol. Yolları açıq olsun bu yolları açanların.
Tanrı xalqımızı, dövlətimizi, ordumuzu qorusun!
Ələsgər Əhmədoğlu, hüquqşünas:
- Almaniyanın "Focus" jurnalının bugünkü yazısı maraqlıdır. Azərbaycanla Ermənistan arasında, habelə son antiterror tədbirlərindən sonrakı vəziyyəti qiymətləndirən yazı, sonda "Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistanın bərbad vəziyyətini yaxşılaşdırmaq üçün yeganə şansdır" deyir və belə bir suala cavab axtarır:
Qərb nə etməlidir, yaxud nə edə bilər?
"Mövcud vəziyyəti nəzərə alsaq, yalnız bir şey faydalıdır: ermənilərə onların acınacaqlı vəziyyətinə görə əsas məsuliyyətin onlarda olduğunu başa salmaq və Ermənistanla Türkiyə arasında yaxınlaşmanı təşviq etmək".