525.Az

Xalq ruhunun və milli yaddaşın tərcümanı


 

Xalq ruhunun və milli yaddaşın tərcümanı <b style="color:red"></b>

Klassiklər də uca dağlara bənzəyir. Uca dağlar uzaqdan daha əzəmətli görünür. XX əsr Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi olan Xalq yazıçısı İlyas Əfəndiyev də uca dağlar kimidir. Tarix bizi ondan uzaqlaşdırdıqca biz İlyas Əfəndiyev böyüklüyünü daha yaxşı dərk edirik. O, heç bir ideologiyaya boyun əyməyən, həmişə milli ruhu tərənnüm edən qüdrətli sənətkar idi. "Uzaq və yaxın dünənimizə, milli-mənəvi mənliyimizə mən heç vaxt direktivlərin, proqramların, ayrı-ayrı dövlət rəhbərlərinin iradəsinin və istəyinin tələbi ilə yanaşmamışam" - deyən sənətkar heç bir zaman Kommunist Partiyasının üzvü olmadı və bu partiyanın üzvü olmamaqdan da qürur duydu. İlyas Əfəndiyev özünəməxsus cəsarətlə bədii əsərlərində azadlığımızı, milli müstəqilliyimizi, xalq həyatını azərbaycançılıq və türkçülük məfkurəsi ilə təcəssüm etdirərək ədəbiyyatımızın klassikinə çevrildi. Bənzərsiz yazıçı taleyi yaşamış dünya miqyaslı sənətkar 82 illik ömrünün 60 ilini ədəbiyyatımızın və mədəniyyətimizin tərəqqisinə həsr etdi.

İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan nəsr tarixinin ən parlaq, ən uğurlu səhifələrindən biridir. Onun "Kənddən məktublar", "Yun şal", "Qırçı və qırmızı çiçək", "Apardı sellər Saranı", "Yusif və Esfir", "Yaylaq qonşumuz", "Üçatılan", "Geriyə baxma, qoca", "Körpüsalanlar", "Söyüdlü arx", "Sarıköynəklə Valehin nağılı" və sair əsərləri milli ədəbiyyatımızın yeni bir mərhələsidir. Onun yaradıcılığında müasirlik geniş fəlsəfi məna daşıyır. Müasirlik öncə onun əsərlərinin ideya məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir. Sənətkarın inamına görə, ədəbiyyatda müasirlik müasir həyatı düzgün, istedadlı duyub istedadlı əks etdirmək deməkdir. Yazıçının əsərlərində toxunduğu mənəviyyat problemləri özəl bədii-esfetik dəyərinə, dərin fikir genişliyinə, ictimai-sosial mahiyyətinə görə bu gün də düşündürücüdür, aktualdır, milli düşüncə və əxlaq tərzinin formalaşmasında çox dəyərli əhəmiyyət kəsb edir. Sənətkarın nəsr əsərlərində qəhrəmanın mədəni tipologiyası öz fərdi xarakterinə və səciyyəvi xüsusiyyətlərinə görə fərqlənir. Yazıçının müsbət qəhrəmanları işıqlı fikirlər, saf duyğular, nəcib əməl və ideallar daşıyıcıları kimi mübarizə meydanına girəndə heç bir maneə və çətinlik onları yolundan döndərə bilmir.

İlyas Əfəndiyevin yaradıcılığında millilik başlıca keyfiyyətdir. Bu millilik, özünəməxsusluq hər hansı məhdudluq və məhəlləçilikdən uzaqdır, onun sənətinin ən gözəl cəhətləri daxili-mənəvi hüdudları aşaraq ümumbəşəri ədəbi sərvət xəzinəsinə qovuşa biləcək geniş  mahiyyətli və məzmunludur.

İlyas Əfəndiyev öz dram əsərləri ilə milli dramaturgiyamızın yeni böyük və zəngin mərhələsinin yaranmasında, inkişafında özünəməxsus rol oynamış ustad dramaturqdur. O, dərin psixoloji tapıntılarla zəngin olan dramları ilə teatr sənətimizdə yeni bir mərhələ açdı və "İlyas Əfəndiyev teatrı" yaratdı. Bu teatr əsasında yeni rejissor və aktyor nəsli formalaşdı. Dramaturq kimi o, "İntizar", "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Bağlardan gələn səs", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Ağıllılar və dəlilər", "Odlu səhradan gəlmiş şeytan", "Bizə inan", "On manatlıq lüstr", "Hökmdar və qızı" pyeslərini yazdı. İlyas Əfəndiyevin 22 pyesindən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və çağdaş teatrımızın inkişafına güclü təsir göstərib. Yarım əsrdən artıq bir dövrdə milli teatrı öz çiyinlərində saxlamış qüdrətli qələm sahibinin dram əsərləri bu gün də səhnədə öz estetik təravətini, aktuallığını və müasirliyini qoruyub saxlayır. Səciyyəvidir ki, rejissorlarımız daim dramaturqun əsərlərinə müraciət edir və maraqlı tamaşalar hazırlayırlar. Dram əsərlərinin bir çoxu isə xarici ölkələrin teatrlarında tamaşaya qoyulub və böyük müvəffəqiyyət qazanıb.

İlyas Əfəndiyevin tarixi dramlarında aparıcı xətt azadlıq və qəhrəmanlıq motivləridir. Müasir türk mətbuatı dramaturqu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırmışdı. Onun keçən əsrin 70-90-cı illərində qələmə aldığı "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Ağıllılar və dəlilər", "Hökmdar və qızı" tarixi dramları keçmişə yeni təfəkkürlə yanaşma, xalqımızın azadlığı və müstəqilliyi uğrunda mübarizə ilə bağlıdır. Dramaturqun tarixi dramları öncə tarixə bədii baxışın yeniliyi ilə diqqəti cəlb edir. Sovetlər dönəmində yazıçı istər nəsr, istər də dram əsərlərində milli istiqlalımızı, müstəqilliyimizi, mühacirət və repressiya mövzularını böyük cəsarətlə ədəbiyyata gətirmişdi. Bu əsərlərdə istiqlaliyyət, milli birlik, torpaq, vətən məhəbbətinin şahidi oluruq. Bununla yanaşı, iki mövzu - Qarabağ və Cənubi Azərbaycan mövzuları da bu tarixi dramların əsas ideya xəttini təşkil edir.

Dramaturq "Xurşidbanu Natəvan" pyesində görkəmli şairənin həyatı fonunda XIX əsrdə Rusiya imperiyasının və İranın Azərbaycanda yeritdiyi siyasəti bədii şəkildə əks etdirib. Əsərin əsas ideyasını Azərbaycanın azadlığı, müstəqilliyi və milli birliyi təşkil edir. Pyesin sonunda Natəvanın dilindən deyilən aşağıdakı sözlər əsərin əsas ideyasının dolğun əksidir: "Bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir". Müdrik sənətkar hələ 1981-ci ildə yazdığı bu pyesdə Azərbaycanın azadlığı və müstəqilliyi məsələsini ön plana çəkmiş, belə bir günün yaxınlaşdığını uzaqgörənliklə hiss və ifadə etmişdi. Əsərdə xan qızı Natəvan şimallı-cənublu  Azərbaycanın taleyi və dərdi ilə yaşayır. İmperiyaların süngüsü ilə ikiyə bölünmüş vətəni bütöv görmək istəyir.

İlyas Əfəndiyevin 1986-cı ildə qələmə aldığı "Şeyx Xiyabani" tarixi dramı da Azərbaycan xalqının azadlığı və milli birliyi probleminə həsr olunmuş əsərdir. Xiyabaninin pyesdə səslənən monoloqları milli qeyrət, mübarizə ruhu, bütöv Azərbaycan sevgisi ilə doludur. O, yenilməz və cəsur azadlıq mücahididir. Qürurla deyir: "Ey qüdrətli Azərbaycan xalqı! Ey azadlıq vuruşlarının cəsur mücahidi! Bu alqışlar verdiyin qurbanların səsidir. Qoy bu qüdrətli səslər sənin ürəyində ildırımlar saçan daha güclü bir tufan qoparsın! Mənim əzablar, sitəmlər çəkmiş böyük xalqım! And olsun sənin şərəfinə! Heç bir hədə-qorxu, heç bir xain zərbə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir! Biz şəhid olacağıq, lakin bu yoldan dönməyəcəyik!" Xiyabaninin bu sözləri müasir gəncləri Qarabağ torpaqlarını işğal edən erməni faşistlərinə qarşı döyüşlərə səfərbər edən çağırış kimi səslənir. İlyas Əfəndiyevin əsərlərinin ruhu ilə tərbiyələnən nəsillər 44 günlük Vətən müh aribəsində böyük fədakarlıq göstərərək torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən nüharibəsi müzəffər ordumuzun şöhrətini, şəhidlik zirvəsinə ucalan igidlərimizin mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.

İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığında onun ədəbi-tənqidi görüşləri, xüsusilə dramaturgiyaya, mədəniyyətimizə, kinoya, musiqimizə, təsviri sənətimizə, mənəviyyatımıza və ayrı-ayrı yazıçıların və sənət adamlarının yaradıcılığına həsr etdiyi məqalələri aktuallığı və məna tutumu ilə seçilərək dövrün ədəbi prosesinə və ədəbi düşüncəsinə qüvvətli təsir göstərmişdir. Xalq yazıçısı, professor Elçin İlyas Əfəndiyevin ədəbi-tənqidi görüşlərindən bəhs edərək yazır: "Bu məqalələrin elmi-nəzəri səviyyəsi bədii-estetik maraqları güdmək ehtirası, mövzu genişliyi, təhlil obyekti seçilən əsərlərin janr müxtəlifliyi bu fikri söyləməyə əsas verir və bu mənada İlyas Əfəndiyev 20-ci əsrdə bizim yazıçı-tənqidçi müştərəkliyini qələmində üzvi şəkildə birləşdirən sənətkarlarımızdan biridir".

Ədibin məqalələri və esseləri arasında Səməd Vurğuna, Rəsul Rzaya, Cəfər Cabbarlıya, Abdulla Şaiqə, Mir Cəlala, Süleyman Rüstəmə, Əli Vəliyevə, Əliağa Kürçaylıya və digər yazıçılarımıza həsr etdiyi yazılar müasirliyi, aktuallığı, obyektiv elmi təhlilləri ilə diqqəti cəlb edir.

İlyas Əfəndiyev milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, xalqımızın folklor ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Yazıçıya görə, mənəvi mədəniyyətin yüksəkliyi insan üçün vacib şərtdir. Bu baxımdan qüdrətli qələm sahibinin zaman məhdudluğu tanımayan zəngin bədii irsi milli ruhumuzun tərcümanına çevrilib. Mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına yazıçı böyük qiymət verən ədib yazırdı: "Mən milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmirəm. Bizim milli namusumuz hər bir dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub".

Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcıllığında azadlığımızı, milli istiqlalımızı və suverenliyimizi həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu: "Füzuli şəhəri, Füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən də erməni işağlaçılarının. Deməli, Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir". "Vətən, torpaq müqəddəsdir. Torpaq bizlərə əmanətdir. Onu gözümüz kimi qorumalıyıq" - deyən sənətkar torpaqlarımızın azad olunacağına, Azərbaycanın xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyirdi. 

Ruhun şad olsun, İlyas müəllim, anadan olduğun Füzuli şəhəri erməni işğalından azad edilib! Füzuli rayon sakinlərinin doğma yurdlarına qayıdışı başlayıb! Ev-eşiyinə qayıdan doğma yurddaşlarımızın hamısının üzündə sevinc və fərəh hiss olunur. Azərbaycan Prezidentinin uğurlu, məqsədyönlü siyasəti nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda sürətli yenidənqurma, bərpa işləri aparılır. O gün olsun, azad olunmuş Füzulimizdə növbəti yubiley və anım tədbirləri də sizin - ustad yazıçının bir vaxt dərs dediyi məktəbdə keçirilsin və həmin məktəbə Xalq yazıçısı İlyas Əfəndiyevin adı verilsin. Oktyabrın 3-də əbədiyaşar sənətkarımız İlyas Əfəndiyevin dünyasını dəyişdiyi gündən 27 il keçir. Görkəmli sənətkar ötən müddətdə həm ruhən, həm də mənən bir gün də olsun öz oxucularından, tamaşaçılarından ayrı düşməyib, həmişə bizimlə olub. 

 





03.10.2023    çap et  çap et