|
|
|
|
Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Ukrayna və Moldova istisna olmaqla, Birlik ölkələrinin bütün liderlərinin Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasında iştirakını gözlədiyini açıqlayıb.
525.az xəbər verir ki, MDB dövlət başçıları Şurasının Qırğızıstanın paytaxtında keçiriləcək iclası oktyabrın 13-nə planlaşdırılıb.
Onun sözlərinə görə, dövlət başçılarının iclasından bir gün əvvəl MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası olacaq.
"Əksər ölkələr iştirakını təsdiqləyiblər. Ukrayna və Moldovanın iştirakına gəlincə, onlar Dövlət Başçıları Şurasının iclasında, Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunmayacaqlar. Baxmayaraq ki, de-yure MDB üzvü olaraq qalırlar, onlar iştirak etməkdən çəkinirlər”, - deyə Lebedev bildirib.
Qarabağ ətrafında yaranmış vəziyyət fonunda Bişkek sammitində Ermənistan və Azərbaycanın iştirakı planları ilə bağlı sualı cavablandıran Lebedev qeyd edib ki, Birlik İcraiyyə Komitəsinin Ukrayna və Moldovadan başqa heç bir dövlətin iclasda iştirakdan imtina etməsi barədə məlumata malik deyil.
"Qalanlarına gəlincə, kiminsə iştirakdan imtina etməsi ilə bağlı heç bir məlumatımız yoxdur. Ən azı, indi əldə etdiyimiz məlumat onu deməyə əsas verir. Ümid edirik ki, Ukrayna və Moldova istisna olmaqla, əksər dövlətlər bu tədbirdə təmsil olunacaqlar”, - deyə MDB baş katibi əlavə edib (APA).