525.Az

Təzim - Təvəkgül Boysunar yazır


 

Təzim - <b style="color:red"> Təvəkgül Boysunar yazır</b>

Şeytan məni necə aldatdısa, Koroğlu metrosunun çıxışında bir manatlıq "poz-qazan" aldım. Amma bu bəs deyilmiş kimi, növbəti dəfə axmaqlıq edib poz-qazan kartını elə orda - aldığım yerdəcə pozmağa başladım, halbuki ağlı başında olan istənilən adam o  küləkli gündə o tufanın qabağında bircə dəqiqə də dayanmazdı. Çünki külək elə əsirdi ki, adamlar metrodan çıxandan sonra piramidanın yanından keçib dayanacağa tərəf zülm-zillətlə, əyilə-əyilə, qaça-qaça irəliləyirdilər.

Kartı yavaş-yavaş pozmağa başlayanda isə elə bildim ki, bu tozlu küləklər, xoşbəxtlik küləyinə çevrilib həyatıma əsməyə başlayır. Çünki pozduğum ilk iki rəqəm 25000 idi və əgər növbəti rəqəmlər arasından cəmi bircə dəfə də bu rəqəm çıxsaydı, mən durduğum yerdəcə düz 25000 manat qazanacaqdım. Elə həyəcanlanmışdım ki, ürəyim döyünməyə başladı. Növbəti üç rəqəmin heç biri 25000 olmadı. Axırıncı rəqəmə gələndə qərara aldım ki, şifrəni sondan pozmağa başlayım. Elə də etdim və dırnaqlarım şifrənin o zərli tozunu kartın üstünə yavaş-yavaş yaydıqca son iki rəqəmin 00 olduğunu gördüm. Bu o demək idi ki, udmaq şansım daha da çoxalır. İmanım yarımçıq olsa da, həmin an şifrənin qalanını pozmazdan əvvəl, bir anlıq fasilə verib başımı göyə qaldırdım və yüngülvari, qısa bir dua elədim. Ancaq göyün üzü o qədər qarmaqarışıq, o qədər qara-qura buludla dolu idi ki, peyğəmbər də olsaydım, bu havada çətin ki, hansısa duam Allaha çatardı.

Nəhayət, başımı aşağı salıb rəqəmi pozmaq istəyəndə birdən necə oldusa, külək poz-qazan kartını əlimdən alıb uçurtdu. Elə bildim ki, kimsə 25000 manatımı oğurlayıb qaçır, ona görə də var gücümlə yerimdən götürülüb mən də kartın arxasınca qaçdım. Ancaq küləyin dəstəyiylə havalanan kart məndən daha sürətli idi. Çünki mən sadəcə qaçırdım, o isə uçurdu.

Bir neçə saniyədən sonra kart yerə düşdü və külək onu daş döşəmənin üstündə sürüməyə başladı. Birdən fikir verdim ki, adamlar küləkli havada tələssələr də, imkan tapıb diqqətlə mənə baxırlar. Amma bu, məni narahat etmədi və mən, nəhayət, əlimi atıb kartı yerdən götürməyə çalışdım. Həmin an külək daha da sürətləndi və kartı yekəqarın bir kişinin ayaqlarına tərəf sürüdü. Bir neçə addım qabağa qaçıb həmin yekəqarın kişinin qarşısında aşağı əyildim və əlimi karta atmaq istəyəndə külək bu dəfə də sürətlənib kartı daha irəliyə - bir qızın ayaqlarına tərəf sürüdü.

Qız dizdən yuxarı bir ətək geyinmişdi və  pünhan sirrini külək əyan etməsin deyə var gücü ilə ətəyinin ətəyindən yapışmışdı. Qabağa qaçıb qızın ayaqları qarşısında aşağı əyildim və əlimi karta uzatdım. Onun ayaqları gözəl idi və həmin an 25000 manatın eşqi ağlımı əlimdən tamam almamışdı deyə, qızın hamar və ağ dərisi, biçimli və gözəl ayaqları bir anlıq mənə o qədər əsrarəngiz görsəndi ki, az qaldı, əllərimi karta yox, qızın ayaqlarına tərəf aparım. Amma xoşbəxtlikdən külək bu dəfə də kartı sürüyüb başqa bir yekəqarın kişinin ayaqları altına atdı və mən özümə gəlib qızın ayaqlarından uzaqlaşdım.

Küləyin məni dalbadal bir neçə dəfə məğlub etdiyi və sındırdığı bu qaçdı-qovdu oyunu "Əli və Nino" mağazasının qarşısınacan davam elədi. Mağazanın qarşısında bir nəfər mənə kömək etmək məqsədiylə ayağını kartın üstünə qoydu və mən kartı götürmək üçün son dəfə aşağı əyildim. Adama təşəkkür eləyəndən sonra şifrəni pozdum və bəxtimi lənətləyə-lənətləyə təzədən küləyin qarşısında taksi dayanacağına tərəf irəliləyərkən yalnız bir şeylə təsəlli tapdım ki, onsuz da indi çox adam puldan yana eynən mənim kimi əyilə-əyilə yaşayırlar və mən ən azından bir az əvvəl dalbadal bir neçə kərə əyilərkən, yalnız bədənimlə əyilmişdim və ruhumu şax tutmaq imkanım hələ də itməmişdi.

24 may, 2022

 





03.10.2023    çap et  çap et