525.Az

Azərbaycan tibbində bir ilk


 

Azərbaycan tibbində bir ilk<b style="color:red"></b>

Bu günlərdə “Qədim Qala” Nəşriyyatı ilə “Yeni Klinika”nın direktoru Barat Yusubov arasında yeni layihə imzalanıb. Layihə tibb sahəsində dünyaca məhşur əsərlərin ana dilimizə tərcüməsi ilə bağlıdır.

525.az xəbər verir ki, ilk mərhələdə nəşr ediləcək Tinsli Rendolf Harrisonun “Harrisonun daxili xəstəliklər toplusu” (“Harrison's Principles of Internal Medicine”) kitabı dünyanın ən etibarlı klinik tibbi vəsaitləri arasında ön sıralardadır və indiyədək 16 dilə tərcümə edilib.
İlk dəfə 1950-ci ildə iki cilddə çap olunan əsərin yenilənmiş 21-ci nəşri 2022-ci ildə işıq özü görüb. Əsər uzun müddətdir, dünyanın bir sıra aparıcı universitetlərində dərslik kimi istifadə edilir və tibb işçilərinin masaüstü kitabına çevrilib. Azərbaycan dilinə tərcümə ediləcək 21-ci nəşr oxucuları tibb sahəsindəki ən son yeniliklər və nailiyyətlərlə də tanış edəcək.

Təqribən dörd milyon sözdən ibarət olan əsər həkimlərdən və uyğun mütəxəssislərdən ibarət geniş elmi heyət tərəfindən tərcümə ediləcək. Nəşr olunduqdan sonra tibb tələbələrinin ixtiyarına veriləcək.

Barat Yusubovun şəxsi təşəbbüsü və maddi dəstəyi hesabına reallaşacaq bu layihə heç bir kommersiya məqsədi olmadan, sırf Azərbaycan səhiyyəsinə xidmət etmək məqsədi daşıyır.

Xatırladaq ki, 2018-ci ildə təsis edilmiş Nefroloqlar Cəmiyyətinin, 2022-ci ildə yaradılmış Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təsis olunması da Barat Yusubovun adı ilə bağlıdır.

İnanırıq ki, T.R.Harrisonun “Harrisonun daxili xəstəliklər toplusu” əsərinin və digər tibbi vəsaitlərin ana dilimizə tərcümə və nəşri Azərbaycan dilində olan tibbi ədəbiyyata ciddi töhfə verəcək.

 





04.10.2023    çap et  çap et