525.Az

Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin Azərbaycana investisiyalarının həcmi açıqlanıb


 

Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin Azərbaycana investisiyalarının həcmi açıqlanıb<b style="color:red"></b>

"Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dollarından çox investisiya qoyub".

525.az Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY” tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumunda onlayn formatda çıxışı zamanı deyib.

P.Şahbazov öz növbəsində Azərbaycanın ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatına 3,2 milyard ABŞ dolları sərmayə yatırdığını diqqətə çatdırıb: “Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 45,8 % artaraq 9 milyard ABŞ dollarından çox olub. Bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ötən il 17 % təşkil edib”.

Çıxışda ŞƏT ölkələri ilə ənənəvi və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq əlaqələrindən bəhs edilib. Çinlə 2 QVt gücündə "yaşıl enerji" layihələrinin həyata keçirilməsi, Pakistana “SOCAR Trading” vasitəsilə LNG tədarükü, Azərbaycanla Özbəkistanın energetika sahəsində əməkdaşlığının dərinləşdirilməsi, həmçinin SOCAR-la “Uzbekneftqaz”ın hər iki ölkədə neft-qaz layihələrində iştirakı ilə bağlı müvafiq sənədlərin, eləcə də energetika nazirlikləri arasında 2023-2025-ci illər üzrə Yol Xəritəsinin imzalanması, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə nəql olunması nümunələr kimi qeyd olunub.

“BTC sisteminə bu ilin aprel-sentyabr aylarında təxminən 609 min ton Qazaxıstan nefti nəql olunub. Bunun 493 min tonu Ceyhan limanından dünya bazarına göndərilib. İlin sonunadək bu həcm 1,1 milyon tona çatdırılacaq”, - deyə nazir əlavə edib.

P.Şahbazov Şanxay Əməkdaşlıq Təşkilatı çətiri altında qlobal enerji istehsalı və istehlakı strukturunda təsirli mövqeyi olan ölkələrin, zəngin neft - qaz yataqları, "yaşıl enerji" potensialı, mühüm qlobal enerji-nəqliyyat dəhlizləri, ixrac infrastrukturlarının mövcudluğunu enerji sektorunda çoxtərəfli formatda əməkdaşlıq üçün böyük imkanlar kimi dəyərləndirib. Bu potensialın reallaşdırılması baxımından ŞƏT-in enerji strategiyasının hazırlanması ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsünün strateji əhəmiyyətindən bəhs edib.

Energetika naziri təşkilatın dialoq tərəfdaşı olan ölkəmizin qurumla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycanın hazırkı geosiyasi mövqeyi və regionda daimi təhlükəsizlik, sabitlik və inkişaf mühitinin təmin olunması ilə bağlı uğurlu siyasəti təşkilatla yeni statusda əməkdaşlığa imkan yaradır: “Bu günlərdə dünya bir daha Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-in də əsas prioritetlərindən olan terrorizm, ekstremizm və separatizmə qarşı mübarizədə qətiyyətliliyinə və prinsipiallığına şahidlik etdi. Azərbaycanın suverenliyinin bərpa edilməsilə regionda böyük inkişaf prosesinin qarşısını alan maneələri aradan qaldıran və sülhü təmin edən yeni bir dövrə qədəm qoyuldu. Regionun enerji, nəqliyyat və logistika potensialından istifadə üzrə geniş əməkdaşlıq imkanları yarandı.”

Qeyd edək ki, ŞƏT-in 1-ci Enerji Forumu qlobal çağırışlar nəzərə alınmaqla təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafı üzrə strateji yanaşmalara həsr olunub. 

 





04.10.2023    çap et  çap et