525.Az

Vətəndən pay olmaz


 

Vətəndən pay olmaz<b style="color:red"></b>

Üç il əvvəl sentyabrın sonundan 44 günlük bir ömür yaşadıq. Yaşından, kimliyindən asılı olmayaraq, hamımız yaşadıq. Və nə yaxşı ki yaşadıq, çünki alnımızdan qara bir ləkə silindi, önə əyilən başımız dikəldi. Bu 44 günə çatmaq üçün uzaq bir yol gəldik - sərasər 30 qış, 30 bahar adladıq. 30 il yığılan intiqamın acısı Vətən oğullarının gözünü necə tutmuşdusa, gecə-günsüz dayanmadan düşmənə elə dağ çəkdilər ki, cəmi 44 gündən sonra düşmən təslimə imza atdı...

Və artıq üç ildir, bu 44 günün hər gününün hər anını təkrar yaşamaq acılarla dolu olsa da, qürur və sevincimiz onunla yanaşı addımlayır. Bu yolda canını fəda edən şəhidlərimizin xatirəsi isə daima bizim üçün ən uca məqam olaraq qalacaq.

44 gündə üç min nəfərə yaxın şəhid verdik. Bu, müharibənin yazılmamış qanunudur - bu kabusun arxasında qan da var, itki də var, şəhidlik də. Şəhidlər isə Allahın ən sevimli bəndələridir. Elə ona görədir ki, bir millət zamanın müxtəlif dövründə Vətən uğrunda şəhid olanlar bizim qürur mənbəyimizdir. Onlar haqqında nə qədər yazılsa da, nə qədər anılsa da, bitən deyil.

İki gün əvvəl Heydər Əliyev adına Hərbi İnstitutda şəhid mayor Elşad Həsənovun anım günü keçirildi. Həmin gündə Quba rayon 6 saylı məktəbin direktor müavini, müharibə başlanandan şəhid ailələrinin yanında olan, onlarla birlikdə ağrı-acı yaşayan, ictimai fəaliyyətdə həmişə fərqlənən pedaqoq Camafər Əliyevanın "Murovun Elşad zirvəsi" adlı kitabının təqdimatı da baş tutdu. Bədii redaktoru olduğum, xatirələr əsasında yazılmış kitabda müəllif bir ana, bir müəllim, bir azərbaycanlı kimi hisslərini ifadə edə bilib.

Bəs Elşad Həsənov kim idi?              

Göyçə mahalının Babacan kəndində anadan olan Elşad Həsənov 7 yaşında ikən 1988-ci ildə ailəsilə  birlikdə doğma yurd-yuvasından  qovularaq Sumqayıtda məskunlaşan bir evin ilk övladı idi. Bu kiçik yaşlı uşağın qəlbindəki kin-küdurət, düşmənə nifrət özü ilə bərabər böyüməyə başlayıb və sonunda anlayıb ki, intiqamını hərbçi olmaqla ala bilər. Əvvəl C.Naxçıvanski adına Hərbi Liseyi, daha sonra Heydər Əliyev adına Hərbi İnstitutu "Motoatıcı qoşunların taktiki komandanlığı" ixtisası üzrə bitirib və hərbçi həyatına başlayıb. Alnına yazılan  39 illik ömür payının 18 ilini müharibə şəraitində yaşayan, ölkənin Gədəbəy, Naxçıvan, Şəmkir bölgələrində şərəfli bir zabit kimi Vətəninə xidmət edib.

12 iyul 2020-ci ildə baş verən Tovuz hadisələrində iştirak edib. Həmin ilin sentyabr ayının 27-də başlayan əks-hücum əməliyyatı zamanı müharibə zolağının çox çətin istiqaməti olan Murovdağ yüksəkliyi yolunda döyüşlər gedib. 2800 metr yüksəkliyi və keçilməsi olduqca sərt, çətin qayalıq ərazidə Elşad öz heyətilə birlikdə bir neçə yüksəkliyi ələ keçirib. Sentyabrın 30-da qolundan və çiynindən qəlpə yarası alsa da, döyüş yoldaşlarının israrına rəğmən, postunu tərk etməyib. İki gün son oktyabrın 2-də  səhərə yaxın Elşad heyətilə birlikdə "Canavar sol postu" deyilən yerə çataraq mövqelərində yerləşib. Saat 11-12 arası keçirilən əməliyyat zamanı düşmənin ağır artilleriyasının atəşi nəticəsində aldığı qəlpələrdən mayor Elşad Həsənov şəhid olub. Həmişə amansızlığı ilə seçilən düşmən onun nəşini Kəlbəcər ərazisində basdırıb. Və yalnız 68 gündən sonra cənazəsi tapılan Elşad dekabrın 16-da II Fəxri xiyabanda dəfn edilib.

Elşaddan arxada iki övlad və bir cavan gəlin qalıb. Onun bütün istək və arzularını yaşatmaq, həyata keçirmək istəyən çox kiçik bir ailə. İlk övladı Aysun atasının arzusu ilə rəssamlığın ardınca getdi. Bu il ali məktəbə qəbul olan 16 şəhid övladından biri kimi indi "Xəzər" Universitetinin tələbəsidir. Elşad qızını nə birinci sinfə yola sala bilmişdi, nə də onu tələbə kimi görə bildi. 2020-ci ilin sentyabr ayının 15-də oğlu Səidi birinci sinfə aparanda isə heç kəs bilmirdi ki, bu, onun ailəsilə son görüşüdür...

39 illik bir həyat tarixçəsi nə qədər kiçik olsa da, bu illər özündə dünyaya sığmayan bir ömür yaşada bilib. Elşad Həsənov özündən sonra övladlarına ləyaqətli ata adı, Vətəninə şərəfli zabit adı qoya bildi.

Tamilla M-zadə

 





04.10.2023    çap et  çap et