UEFA bu mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısını hazırlayıb.
525.az xəbər verir ki, bu barədə Avropa Liqasının sosial şəbəkə hesablarında paylaşım edilib. Siyahı tərtib edilərkən komandaların yerli çempionatdakı və Avropa Liqasındakı son 5 oyunu nəzərə alınıb.
10 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçisi "Qarabağ" da var. Keçirdiyi son 5 matçda 4 qələbə qazanan və 1 dəfə məğlub olan Ağdam klubu 5-cidir.
"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqiblərindən "Bayer" sıralamada liderdir (4 qələbə, 1 heç-heçə). H qrupunun digər iştirakçılarından Norveç "Molde"si isə 10-cu sıradadır (3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət).